Tokayevin gözlənilməz jestləri - TƏHLİL
Qazaxıstan prezidentinin Donbas və Luqanskla bağlı səsləndirdiyi fikirlər, qondarma respublikaları tanımayacaqlarını bildirməsi rəğbətlə qarşılanıb. Bu açıqlamalar göstərir ki, Qazaxıstan müstəqil xarici siyasət həyata keçirmək niyyətindədir.
Sankt-Peterburq iqtisadi forumu başa çatsa da, tədbir ətrafında gərgin diskussiya və analizlər davam edir. Daha çox da Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin forumda səsləndirdiyi sensasiyalı açıqlamalar diqqət mərkəzində qalmaqdadır. Onun Donbas və Luqanskla bağlı səsləndirdiyi fikirlər, qondarma qurumları tanımadığını bildirməsi xüsusi ilə maraq doğurub. Forumun özü də tənqid və müzakirələrdən kənarda qalmır. Çin və bir sıra xırda dövlətlərdən başqa heç kimin qatılmadığı forumun əhəmiyyətsizliyi önə çəkilir. Bir sözlə, tam əminliklə deyə bilərik ki, forum Rusiyanın nəinki dünyadakı, hətta postsovet məkanındakı mövqelərinin də laxladığını bir daha təsdiqləmiş olub. Qazaxıstan prezidentindən başqa heç bir liderin ora gəlməməsi, Rusiyanın hələ də rəsmi olaraq terror təşkilatı hesab etdiyi “Taliban”ın və separatçıların ümidinə qalması, ən azından sözügedən tədbirin iflası sayıla bilər. Ukraynada başlatdığı müharibə səbəbindən iqtisadi sanksiyalarla üz-üzə qalan Kreml bu kimi tədbirlərlə gündəmi dəyişməyə çalışır. Rusiyaya qarşı altı sanksiya paketi tətbiq edilib, ölkəyə investisiya yatıran yoxdur, əksinə, iri şirkətlər buranı tərk edir. Amma Moskva minlərlə insanın ölümünə səbəb olan müharibəni dayandırmaq haqqında düşünmür. Hətta bu azmış kimi, imperiya təfəkkürlü politoloqları və media orqanları vasitəsilə postsovet məkanına daxil olan ölkələri təhdid etməyə davam edir.
Qazaxıstan liderinin parlaq və nəzərəçarpan hərəkətləri
Ümumiyyətlə, forumda Qazaxıstan prezidentinin səsləndirdiyi fikirlər və ondan irəli gələn mesajları aşağıdakı kimi xarakterizə etmək olar. Birincisi, qazax lider bəyan etdi ki, ölkə qondarma qurumların müstəqilliyini tanımır. İkincisi, Tokayev Rusiyada ölkəsinin daxili işlərinə qarışmağa imkan verənlərə qarşı iradlarını açıq şəkildə ifadə etdi. Qazaxıstan prezidenti qeyd edib ki, bir sıra rusiyalı deputatlar, jurnalistlər və mədəniyyət xadimləri Qazaxıstanla bağlı müxtəlif bəyanatlar verir, onun təbirincə, dağıdıcı qüvvələrin “dəyirmanına su tökürlər”. Burada, əlbəttə ki, söhbət bir müddət əvvəl Qazaxıstan hakimiyyətini 9 May paradının keçirilməməsi ilə əlaqədar “nankorluqda” və “xəyanətdə” ittiham edən Tiqran Keosayandan gedir. Bu açıqlamalardan sonra Qazaxıstan Xarici İşlər Nazirliyi Keosayan üçün ölkəyə giriş qadağası elan edib. Üçüncüsü, bəllidir ki, Tokayev Rusiyanın Aleksandr Nevski ordenini qəbul etməkdən imtina etdi. O, bu şərəfə görə Rusiya hakimiyyətinə təşəkkür edib, lakin mükafatı qəbul etməyib.
Qazaxıstan liderinin bu parlaq və nəzərəçarpan hərəkətləri nədən xəbər verir? Çox güman ki, prezident öz xalqına nümayiş etdirir ki, hətta Sankt-Peterburqda belə mövqeyini açıq şəkildə bəyan etməkdən çəkinmir. Yəni vurğulayır ki, Rusiya ilə münasibətlərin dostluq xarakteri daşımasına baxmayaraq, Qazaxıstan bütün məsələlər və problemlər üzrə öz müstəqil xarici siyasətini həyata keçirəcək. Təbii ki, bu, bütün beynəlxalq ictimaiyyətə, ilk növbədə Qərbə açıq siqnaldır ki, Qazaxıstan Kremlin Ukraynaya qarşı apardığı ədalətsiz müharibəni dəstəkləmir.
“Qazaxıstan cəbhəsi” açıla bilərmi?
Bir faktı da qeyd edək ki, Qazaxıstan rəhbərinin Rusiya prezidentinin iştirakı ilə keçirilmiş bir tədbirdə "LXR" və "DXR"-i heç vaxt tanımayacağını bildirməsindən sonra ekspertlər dərhal “Qazaxıstan cəbhəsi” haqda danışmağa başlayıb. Ukrayna və Qərb mediası bunu böyük bir Mərkəzi Asiya respublikasının Rusiyaya meydan oxuması kimi qələmə verib. Onların qənaətincə, Tokayevin bu cür davranışının müxtəlif motivləri ola bilər. Ukraynanın “Segodnya” nəşri əvvəlcə Tokayevin çıxışına toxunur. Prezident bildirib ki, "millətlərin öz müqəddəratını təyin etmək hüququ bütün dünyada reallaşarsa, o zaman hazırda BMT-nin üzvü olan 193 dövlətin əvəzinə, Yer kürəsində 500, yaxud 600-dən çox dövlət peyda olacaq. Təbii ki, bu, xaos yaradacaq. Bu səbəbdən biz nə Tayvanı tanımırıq, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı. Bu prinsip həm də bizim fikrimizcə, Luqansk və Donetskdəki kvazi-dövlət ərazilərinə də şamil olunacaq”.
Moskvanın cavabı necə olacaq?
Təbii ki, Moskva da bütün bunları diqqətdən kənarda qoymayacaq. Yəqin ki, indi müxtəlif təxribatlar, qeyri-dost hərəkətlər gözləmək lazımdır. Bəzi mənbələr qeyd edir ki, hələ ki, ciddi və konkret heç nə ifadə olunmayıb, lakin bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə tapşırıq verilib. Yaxın gələcəkdə Qazaxıstanın şimal ərazilərinə dair məsələ qaldırıla bilər. Üstəlik, Rusiya ərazisində olan Qazaxıstan vətəndaşlarına, eləcə də qazax investorlara təzyiqlər ola bilər.
Rusiyanın artıq Qara dəniz sahilindəki Novorossiysk limanından Qazaxıstan neftinin daşınmasını dayandırdığı bildirilsə də, sonradan bu məlumat təkzib edilib. Bir sıra KİV-in yazdığına görə, Qazaxıstan hakimiyyəti Rusiyanın hərəkətlərinə cavab olaraq Rusiyaya tranzitlə gətirilən 1700 vaqon kömürü öz ərazisində bloklayıb və bunu Avropa İttifaqının tətbiq etdiyi anti-Rusiya sanksiyalarına əməl etməklə izah edib.
Rusiya və Qazaxıstan sövdələşib?
Beləliklə, Rusiya ilə Qazaxıstan arasında gərginlik artır. Hər halda belə bir təəssürat yaranır. Ancaq vəziyyət ilk baxışdan göründüyündən tamamilə fərqli ola bilər. “Novaya Qazeta”nın xüsusi müxbiri Vyaçeslav Polovinko hesab edir ki, Tokayevin bəyanatları və Qazaxıstanın hərəkətləri yalnız Nur-Sultan və Moskva arasında qarşıdurma illüziyası yaradan şirma ola bilər. "Qazaxıstan və Rusiyanın kənd təsərrüfatı, təhsil və digər sahələrdə çoxlu sayda birgə proqramları var. Qazaxıstanda Rusiya vətəndaşları sanksiyalardan yayınaraq mal ala bilərlər. Rusiya ilə bu cür əməkdaşlıq həm Qazaxıstan sakinlərinin, həm də Qərbin narazılığına səbəb olur. Yanvarın əvvəlində KTMT sülhməramlı kontingentinin ölkə ərazisində peyda olmasından bəri Qazaxıstan prezidenti daim ölkəni Moskvanın mərhəmətinə “təslim” etməkdə və onun maraqlarının ötürücüsü olmaqda ittiham olunur”, - Polovinko deyir. Jurnalistin sözlərinə görə, Tokayev təcili olaraq öz imicinin artan toksikliyindən qurtulmalı idi. Bunu isə ya Avrasiya İttifaqından və eyni KTMT-dən çıxmaq kimi kəskin addımlarla, ya da kəskin, lakin dəqiq çıxışlarla etmək olardı. Qazaxıstan prezidenti də ikinci variantı seçdi.
Azər NURİYEV