çərşənbə, 05 Oktyabr, 18:29

Baku Bakı 23°C

Tikanlı kolların üstündə yetişən böyürtkən meyvələri

icon 125 icon 15 avqust 2022 | 12:30 Tikanlı kolların üstündə yetişən böyürtkən meyvələri

Yayın axırlarında yetişən böyürtkən təbiətin bəxş etdiyi ən dadlı-tamlı və faydalı giləmeyvələrdən biridir. Tikanlı kolların üstündə yetişən şirin meyvələrdən həm məişətdə, həm də xalq təbabətində istifadə olunur.

AZƏRTAC tibbi saytlara istinadla onun faydalı xüsusiyyətləri haqqında məlumat verir.

Yazda böyürtkənin təzə çıxan zoğlarının özünəməxsus dadı olur. Böyrək ağrısı zamanı böyürtkən kökünü dəmləyib içmək çox faydalıdır. Tərəvəz şorabası hazırlayarkan turşuluq yaradan tam yetişməmiş qırmızı böyürtkən dənələri də əlavə olunur. Qurdlamamaq üçün zoğal axtası və lavaşını duz qatılmış böyürtkən suyuna çəkirlər. Böyürtkəndən abqora da hazırlanır, duru yeməklərin qəbulu zamanı istifadə olunur. Bundan başqa, böyürtkəndən mürəbbə bişirir, kompot və kisel hazırlayırlar.

Böyürtkən şirəsindən xalq təbabətində zərif işlətmə dərmanı kimi də istifadə olunur. Yabanı halda bitən böyürtkəndə şəkər, üzvi turşular, C vitamini miqdarca daha çoxdur. Böyürtkənin yetişməmiş meyvələri və şirəsi şəkər xəstəliyinə tutulanlar üçün çox faydalı sayılır. Böyürtkən mürəbbəsindən soyuqdəymə zamanı tərlədici vasitə kimi istifadə edilir. Böyürtkən qan azlığının, avitaminoz xəstəliyinin qarşısını almağa kömək edir, ürək zəifliyini gücləndirir, xroniki mədə xəstəliklərini azaldır.