• şənbə, 20 Aprel, 07:14
  • Baku Bakı 14°C

Tbilisi-Minsk gərginliyi pik həddə - TƏHLİL

08.10.22 00:00 1259
Tbilisi-Minsk gərginliyi pik həddə - TƏHLİL

Belarus prezidenti Aleksandr Lukaşenkonun işğal altında olan Abxaziyaya səfəri Gürcüstanda ciddi etirazlara səbəb olub. Səfərin Soçidə Putinlə görüşdən dərhal sonra reallaşması belə qənaət yaradır ki, Minsk bu addımı Moskvanın təzyiqləri ilə atıb.

Postsovet məkanına daxil olan ölkələr arasında gərginlik, münaqişəli vəziyyətlər artmaqdadır. Ukrayna və Rusiya arasında müharibə, Ermənistanın təxribatları, Mərkəzi Asiyada Tacikistan və Qırğızıstan arasında qanlı toqquşmalar səngiməmiş daha iki ölkə arasında gərginlik start götürüb. Bu dəfə gərginlik heç kimin proqnoz belə edə bilmədiyi Belarus və Gürcüstan arasında yaşanır. Vəziyyət o həddə çatıb ki, artıq iki ölkə arasında diplomatik münasibətlərin kəsiləcəyindən danışılır. Səbəb də odur ki, Belarus prezidenti Aleksandr Lukaşenko gözlənilmədən Gürcüstanın işğal altında olan Abxaziya bölgəsinə səfər edib. Rusiya ilə Ukrayna arasında müharibənin getdiyi bir ərəfədə belə bir addımın atılması heç cür anlaşılan deyil. Gürcüstan Rusiya-Ukrayna gərginliyində bitərəf qalmağa üstünlük verib. Hətta ölkə daxilində Ukrayna sevgisinə, vətəndaşların və müxalifətin etirazlarına baxmayaraq, rəsmi Tbilisi Kiyevə dəstək verməyib. Belə bir durumda Rusiyanın strateji müttəfiqi olan, qeyri-standart hərəkətləri ilə yadda qalan Lukaşenko qəfildən Gürcüstanın işğal altında olan torpaqlarına gedir. Bəs görəsən Lukaşenkonu bu addımı atmağa nə vadar edib? Bu, Kremlin tapşırığıdır, yoxsa Lukaşenkonun özfəaliyyəti? Birinci versiya daha inandırıcı görünür. Kreml bununla bir növ Tbilisiyə mesaj verir ki, Ukraynanın işğal olunan əraziləri ilə bağlı atdığı addımı burada da reallaşdıra bilər. Yəni, Abxaziya və Cənubi Osetiya da Rusiyaya birləşdirilə bilər. Rusiya bir növ Tbilisiyə mesaj göndərir ki, ehtiyatlı olun, sizi də bu tale gözləyə bilər. Bütün bunlara Tbilisinin reaksiyası da gözlənildiyi kimi sərt olub.

Tbilisidə Lukaşenko və Putinin portretləri yandırılıb

Gürcüstan tərəfi dərhal Lukaşenkonu beynəlxalq normaları və dövlət sərhədini pozmaqda ittiham edib. Belarusun Tbilisidəki səfirliyi yaxınlığında “Abxaziya - Gürcüstan” şüarı altında izdihamlı aksiya da keçirilib. Aksiyada Belarus liderinin ünvanına yazılası mümkün olmayan təhqirlər yağdırılıb, habelə Aleksandr Lukaşenko və Vladimir Putinin portretləri yandırılıb. Belarus səfiri Anatoli Lis izahat üçün Gürcüstan XİN-ə çağırılıb. XİN-in rəsmi bəyanatında etiraz ifadə edilir və bu cür hərəkətlərin iki ölkə arasında uzunmüddətli yaxşı münasibətlərə mənfi təsir edəcəyi bildirilir.

Lukaşenko Putinlə görüşdən sonra Abxaziyaya gedib?

Yeri gəlmişkən, Lukaşenkonun Abxaziyaya Soçidə Putinlə görüşdən sonra ayaq basması belə qənaət yaradıb ki, Minsk bu addımı Moskvanın təzyiqləri ilə atıb. İddialara görə, Rusiya Belarusdan Abxaziyanın "müstəqilliyini" tanımağı, hərbi səfərbərlik elan etməsini və Ukraynaya qarşı müharibəyə qoşulmasını tələb edir. A.Lukaşenko isə belə görünür ki, bu tələblərdən birinə - Abxaziyanın "müstəqilliyini" tanımağa hazırlaşır. Əgər belə bir addım atılsa, bu, Gürcüstanla Belarus arasında diplomatik münasibətlərin kəsilməsinə səbəb olacaq. Eyni zamanda, belə bir addım Belarusun əlavə sanksiyalara məruz qalmasına gətirib çıxaracaq. Rusiya ilə ittifaq dövlətində birləşən Belarusun da manevr imkanları tükənməkdədir. Moskva Minskdən əməli fəaliyyət tələb edir.

Rusiya Belarusun Abxaziyanı tanımasını istəyir? 

Rusiya mediasında yayılan xəbərlərə görə, Putin Lukaşenko ilə hələ Soçidə olarkən Abxaziyanın Minsk tərəfindən tanınması məsələsini müzakirə edib. Lakin Kremlin sözçüsü Dmitri Peskov bunu təkzib edib. O qeyd edib ki, tərəflər arasında heç Krımın Rusiya ərazisi kimi tanınması barədə də söhbət getməyib. Rusiya mediası yazır ki, Lukaşenkonun Abxaziya lideri Aslan Bjaniya ilə söhbətinin mövzusu gizli saxlanılır. Yalnız Lukaşenkonun “gecə gec saatlara qədər böyük qardaşımız Vladimir Putinlə Abxaziyadakı vəziyyəti müzakirə etdik” sözləri bol-bol tirajlanır. Öz növbəsində, Aslan Bjaniya məmnuniyyətlə xatırladıb ki, 1996-cı ildə MDB dövlət başçılarının görüşündə Abxaziyaya qarşı iqtisadi blokadanın tətbiqi ilə razılaşmayan məhz Belarus prezidenti olub. 

Gürcü müxalifətindən sərt tələb - səfir geri çağırılmalıdır

Gürcüstan müxalifəti hesab edir ki, hökumət səfiri məsləhətləşmələr üçün Minskdən geri çağırılmalı, Belarus isə diplomatik nota almalıdır. Onlar hesab edirlər ki, Belarusun Gürcüstanın işğal olunmuş ərazilərinin müstəqilliyini tanıması ilə bağlı təhlükə var, ona görə də ondan Gürcüstanın ərazi bütövlüyünü təsdiq etməyi tələb etmək lazımdır.

Lukaşenkonun Abxaziyaya səfərini şərh edən konfliktoloq Paata Zakareişvili Belarusun Tbilisinin nəzarətindən çıxmış muxtariyyətin müstəqilliyini tanıya biləcəyinin əlamətlərini gördüyünü deyib.

Ceymstaun Fondunun prezidenti Qlen Hovard isə hesab edir ki, Lukaşenkonun səfəri Putinin Belarus rəhbərinə təzyiqi ilə bağlı olub. “O, Soçidə iki gün Putinlə görüşdü və gecələdi. Lukaşenko Putindən böyük iqtisadi lütflər axtarır və bunun müqabilində nə verdiyini bilməliyik. Nəzərə almaq lazımdır ki, Lukaşenko müttəfiq olsa da, müharibədə iştirak etməkdən çəkinir. Son səfər Putinin Lukaşenkodan istifadə etməklə atdığı PR addımıdır, başqa heç nə. Bu, Gürcüstana Cənubi Qafqazda kimin ağa olduğunu xatırlatmaq üçün nəzərdə tutulub və Lukaşenko da Kremlin təbliğatının alətinə çevrilib. Bunun Gürcüstanı qorxutmaq və qəzəbləndirmək cəhdindən başqa heç bir strateji dəyəri yoxdur. Putin Ukraynada döyüş meydanında uduzur və müharibənin gedişindən narazı olan rus sağçı bloggerlərin tənqidlərini azaltmaq üçün Gürcüstanda PR-a ehtiyacı var idi”, - deyə Qlen Hovard bildirib.

Azər NURİYEV

 

banner

Oxşar Xəbərlər