şənbə, 02 Iyul, 00:33

Baku Bakı 22°C

Tarixi-strateji uğur - ŞƏRH

icon 407 icon 16 aprel 2022 | 09:00 Tarixi-strateji uğur - ŞƏRH

“Brüsseldə keçirilən üçtərəfli görüşdə Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etməsinə dair Prezidentin verdiyi məlumata gəlincə, bu, olduqca mühüm hadisədir. Sözügedən fakt regionda sülhlə bağlı proseslərin başlanğıcı kimi də qiymətləndirilə bilər”. 

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın əsas məqsədi işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa işlərinə başlamaq, həmçinin beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi. Ötən 18 ayın təhlili onu göstərir ki, ölkəmiz hər iki istiqamət üzrə böyük nəticələr əldə edib. 

Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısının vurğuladığı kimi, müharibədən dərhal sonra aparılan düzgün siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələr, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr konkret nəticələrə gətirib çıxarıb. Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədə olub. Qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul edib. Bütün bunları müsbət hal kimi qiymətləndirən Prezident İlham Əliyev Brüsseldə aparılan danışıqların detallarına da diqqət çəkib. O, rəsmi Bakının təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini vurğulayıb. Bildirib ki, bununla da Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir: “Yəni əgər Ermənistan bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki, həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın”.

İki ölkə həll etməlidir

Ölkə başçısı İlham Əliyev Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 30 il müddətində ilk dəfə bu günlərdə baş tutan telefon söhbətini də müsbət dəyərləndirib: “Nazirlər arasında yaxın tarixdə, bəlkə də, son 30 il ərzində birinci dəfə telefon söhbəti olub. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq”.

Böyük qayıdış, ərazilərin yenidən bərpası

Mövzuya dair fikirlərini “Kaspi” qəzetinə bölüşən millət vəkili Hikmət Babaoğlu bildirib ki, aprel müşavirəsi 2022-ci ilin üç ayının yekunlarına həsr olunmaqla yanaşı, həm də postmüharibə dövrünün hesabatı olub. Deputatın qənaətincə, böyük qayıdış, ərazilərimizin bərpası və regionumuzda sülhün bərqərar olması məsələləri beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə xeyli dərəcədə əlaqədardır: “Azərbaycan Prezidenti İlham Əliyev, əslində, son üç ay da daxil olmaqla postmüharibə dövrünün reallıqlarını həm ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, həm də xarici siyasət və regional münasibətlər kontekstində kompleks olaraq təqdim etdi. Üzərində durduğu məsələlər isə ayrı-ayrı bloklardan ibarət idi. İlk növbədə görürük ki, Prezident, əvvəla, beynəlxalq məsələlərə nəzər salaraq ərazilərimizin bərpası və böyük qayıdış kontekstində əsas məsələlərdən biri kimi Azərbaycanın yaratdığı yeni reallığın  dünya tərəfindən qəbul edilməsi məsələsini aktuallaşdırdı. Bu, özlüyündə olduqca mühüm məsələdir. Çünki böyük qayıdış, ərazilərimizin yenidən bərpası və regionumuzda sülhün bərqərar olması məsələsi həm də beynəlxalq aləmin baş verən proseslərə münasibəti ilə xeyli dərəcədə əlaqədardır. Ona görə də Prezident İlham Əliyev ilk növbədə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin davranışlarına diqqət çəkərək, onun Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. BMT-Azərbaycan münasibətlərinə xüsusilə Şuşada təşkil edilən birgə tədbirə ermənilərin reaksiyasını isterik adlandırdı. Beynəlxalq təşkilatların postmüharibə reallığını qəbul etmələri kontekstində daha sonra Qoşulmama Hərəkatının, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının münasibətini müsbət xarakterizə etdi”.

Regionda sülhlə bağlı proseslərin başlanğıcı

Millət vəkili vurğulayıb ki, bütün bunlar Azərbaycan xarici siyasətinin müharibə dövründə olduğu kimi, postmüharibə dövründə də strateji uğuru kimi qiymətləndirilməlidir: “Eyni zamanda bu, şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzu və gücü sayəsində artıq yeni reallığın dünya tərəfindən qəbul edilməsi hadisəsidir. Bu, mühüm tarixi-strateji uğurdur. Beynəlxalq məsələlərə toxunan Prezident İlham Əliyev bir məsələni də xüsusi vurğuladı ki, ATƏT-in Minsk Qrupu de-fakto etibarsızıdr, qeyri-funksionaldır. Yəni fəaliyyət göstərdiyi 28 il müddətində sıfır nəticə göstərdiyi kimi, bu gün də faktiki olaraq fəaliyyətsizdir. Çünki onun fəaliyyətinin predmeti artıq yoxdur. Ona görə də Prezident İlham Əliyev ATƏT-ə maraqlı çağırış edərək bildirdi ki, bu təşkilat ictimai diplomatiyanı canlandıraraq regionda etimad mühitinin yaradılması ilə məşğul ola bilər. Yəni vətəndaş cəmiyyəti institutları, media və sair vasitə ilə bu istiqamətdə müəyyən işlər görmək mümkündür. Avropa İttifaqının moderatorluğu ilə aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşdə Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etməsinə dair Prezidentin verdiyi məlumata gəlincə, bu, olduqca mühüm hadisədir. Sözügedən fakt regionda sülhlə bağlı proseslərin başlanğıcı kimi də qiymətləndirilə bilər”.

Rufik İSMAYILOV