• çərşənbə, 24 Aprel, 13:27
  • Baku Bakı 27°C

Susuzluğu aradan qaldırır, öd ağrılarını azaldır, qan təzyiqini tənzimləyir

05.07.22 09:15 281
Susuzluğu aradan qaldırır, öd ağrılarını azaldır, qan təzyiqini tənzimləyir

Yay aylarında havaların istiləşməsi ilə əlaqədar insan bədənində temperatur yüksək olduğundan maye qəbuluna daha çox ehtiyac duyulur. Təbii ki, su ilə bərabər, yediyimiz qidaların da maye qəbulunda təsiri böyükdür. Mövsümün ən sevilən bostan bitkilərindən olan qarpızın bu cəhətdən faydalı xüsusiyyətləri çoxdur. Qarpız 90 faizdən çox sudan ibarət olduğundan, sərinlədici təsirə malikdir. Tərkibi karbohidrat, mineral duz və vitaminlərlə zəngindir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının dosenti Hüseyn İdrisov bildirib.

O, qarpızın bədənə soyuqluq və rütubət verdiyini deyib: “Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür. Sidikqovucu xassəyə malikdir və susuzluğu aradan qaldırır. Qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içmək bəlğəmi kəsir. Qarpız, eyni zamanda, həzmə yaxşı kömək edir, qanı durulaşdırır. Qarpız tumu böyrək daşını salır. Onun qabığından şəkər və ya bal ilə bişirilmiş mürəbbəsi sinə ağrısı, mədə və həzm zəifliyini aradan qaldırır”.

Mütəxəssis qarpız alarkən alıcıları diqqətli olmağa çağırıb. “Qarpızın yetişməyini müəyyən etmək üçün bunları bilmək lazımdır: saplağın yanındakı bığcıq quru olmalı, meyvənin sorta məxsus naxışı tam aydın və parlaq olmalı, barmaqla vurarkən “küp” səsi verməlidir”, - deyə o bildirib.

Ümumiyyətlə mütəxəssislər havaların isti keçdiyi aylarda bostan bitkiləri ilə yanaşı, tərkibində suyun çox olduğu meyvə və tərəvəzlərlə qidalanmağı tövsiyə edirlər.

banner

Oxşar Xəbərlər