• bazar, 08 Sentyabr, 03:31
  • Baku Bakı 18°C

Sülhü yox, silahlanmanı seçdilər

20.07.24 00:28 1934
Sülhü yox, silahlanmanı seçdilər

Fransa Makronun timsalında Ermənistanı silahlandırmağa davam edəcəyini açıqlayır. İrəvan rəhbərliyi isə Londonda Bakı ilə ikitərəfli danışıqlardan imtina edir. Bununla da növbəti dəfə bölgədə sülhün əldə olunması imkanlarını yox etməyə çalışır.

Londonda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində Azərbaycanı birbaşa maraqlandıran bəzi mühüm açıqlamalar və bəyanatlar səsləndirildi. Bunlardan biri Ermənistan rəhbərliyinin iki ölkənin liderləri arasında Böyük Britaniyanın təşkilatçılığı ilə öncə üçtərəfli, daha sonra ikitərəfli görüşdən imtina etməsidir. Digəri isə bəlkə də elə birinci imtinanın səbəbkarı olan Fransa prezidenti Emmanuel Makronun növbəti təxribat xarakterli bəyanatıdır.   

Makron yenə aranı qarışdırır

Qeyd edək ki, Makron Ermənistanın silahlandırılması və bu addımların sülh prosesinə təhdid yaratması ilə bağlı məsələyə münasibət bildirərkən Parisin təxribata hesablanan pozucu fəaliyyətinə haqq qazandırıb. O, Parisin İrəvanı silahlandırmaqda davam edəcəyinə eyham vurub. Hətta müharibəni birinci başlamaqla bağlı Azərbaycanı da ittiham edib.  

Fransa prezidentinin məlum bəyanatına Bakının rəsmi reaksiyası özünü çox gözlətməyib. Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bildirilir ki, Makronun məlum bəyanatı Fransanın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir. "Fransa tərəfinə xatırladırıq ki, Azərbaycanın suveren ərazilərində Ermənistanın 30 il davam edən işğalına son qoymaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə ölkəmizin beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi. Azərbaycanın istənilən səyi, o cümlədən hərbi potensialının gücləndirilməsi ədalətli məqsədə yönəlib və yönəlməkdədir. Lakin, bunu işğalçı dövlət olan Ermənistana münasibətdə söyləmək olmaz".

Parisin səyləri heç bir nəticə verməyəcək

Bəyanatda o da vurğulanır ki, 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanın Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim edilməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir.

"Onu da xatırlatmaq istərdik ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verməyən, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymağın qarşısını alan məhz Fransa kimi dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə təcavüzünü ört-basdır edən siyasəti olub. Qeyd olunanları nəzərə alaraq bir daha bildiririk ki, Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri heç bir nəticə verməyəcək", - bəyanatda vurğulanıb.

İrəvan ikitərəfli görüşdən niyə qaçdı?

Qeyd edək ki, Makronun sözügedən bəyanatları fonunda Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdən imtina etməsi də diqqət çəkir. Bəzi məlumatlara görə, erməni baş nazirin imtina qərarının arxasında da Makron dayanır. Belə ki, İrəvan görüşün əvvəlində Britaniya baş naziri ilə yanaşı, Fransa prezidentinin də iştirakını istəyib. Lakin Azərbaycan bu istəyi rədd edib. Bu iddialar erməni KİV-də yer alıb. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Report”a açıqlamasında bildirib ki, Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu: "Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk.

Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyildir və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirmək, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk".

F.Abbasoğlu

banner

Oxşar Xəbərlər