• bazar ertəsi, 16 sentyabr, 22:56
  • Baku Bakı 25°C

Problemlər içində boğulan Avropa

31.08.24 02:09 1414
Problemlər içində boğulan Avropa

Avropa ciddi kataklizmlərlə üzləşib və qurum daxilində sülh deyil, müharibə və sabitsizlik meyilləri artıb. Mənəvi geriləmə və nihilizm səbəbindən Qərbdə mövcud sosial-siyasi sistem effektiv rolunu itirməyə başlayıb.

Avropa sürətlə problemlərə doğru sürüklənir. Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsinin ardınca başlayan proses güclənməkdədir. Ölkələr müstəqilliyə can atır, ümumi problemləri öz problemi kimi qəbul etməkdən qaçırlar. Artıq vəziyyətin təhlükəli həddə olmasını liderlər də etiraf edirlər. Məsələn, Fransa prezidenti Emmanuel Makron bildirib ki, əgər Avropanı Çin, yaxud ABŞ ilə müqayisə etsək, o zaman vəziyyətin elə də yaxşı olmadığını görərik: “Biz biznes modelimizi dəyişməliyik. Biznes modelimiz Rusiyadan ucuz enerji resursları, Çinə əla ixrac bazarı və Mərkəzi Avropada ABŞ-nin geosiyasi çətiri altında istehsalın təşkili üzərində qurulub. Amma Avropa modelinin bu sütunları öz fəaliyyətini dayandırır”. 

Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel də analoji fikir səsləndirib. O, “Avropanın "ölə" biləcəyi ilə bağlı xəbərdarlıqların artdığını vurğulayıb.

Ciddi kataklizmlərlə üz-üzə

Dünyaca məşhur “Al Mayadeen” nəşri də Aİ-nin gələcəyi ilə bağlı bədbin proqnoz dərc edib. Bildirilir ki, liderlərin qitənin bu günü və sabahı ilə bağlı səsləndirdikləri fikirlər təhlükənin ciddiliyindən xəbər verir: “İqtisadi və siyasi çətinliklərlə yanaşı, ən ciddi problemlər sırasında irqi ayrı-seçkilik və mərkəzdənqaçma meyillərinin artması da qeyd olunmalıdır. Avropa dövlətlərinin cəm olduğu Aİ daxilində irqi-ayrı-seçkiliyin sivilizasiya və ənənəvi dəyərlərin üzərində triumfu müşahidə olunur”. 

Bəli, Avropa ciddi kataklizmlərlə üzləşib və qurum daxilində sülh deyil, müharibə və sabitsizlik meyilləri artıb. Mənəvi geriləmə və nihilizm (hər şeyin inkarı) səbəbindən Qərbdə mövcud sosial-siyasi sistem effektiv rolunu itirməyə başlayıb. Aparıcı media orqanının gəldiyi qənaət bundan ibarətdir ki, bütün bunlar ciddi nəticələrə gətirib çıxaracaq. Yeni dünya düzəni və qüvvələr balansı, xüsusi ilə Ukraynada mövcud münaqişə fonunda pozulmaq üzrədir. Nihilizm nəinki siyasətdə, iqtisadiyyatda da hiss olunmaqdadır. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bumeranq kimi Avropa iqtisadiyyatına da zərbə vurub. Daha çox miqrantlarla bağlı problemlər özünün pik həddinə çatıb. İttifaqa daxil olan ölkələr arasında bir çox məsələlərlə bağlı fikir ayrılıqları da mövcuddur. Artıq bir çox ölkələr müstəqil qərar qəbul etmək, Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan çıxmağa səsləyən bəyanatlar səsləndirirlər. Fransa Aİ daxilində Almaniya ilə ciddi fikir ayrılıqları yaşayır. Bir çoxları bu qənaətdədirlər ki, hadisələrin gedişi ölkələrin təşkilatdan uzaqlaşmasına səbəb olacaq. Ortada Böyük Britaniya nümunəsi də var. 

İrqi ayrı-seçkilik pik həddə 

Qeyd etdiyimiz kimi, ən ciddi problem Avropada irqi ayrı-seçkilik hallarının artmasıdır. Aİ-nin Afrika mənşəli insanların hüquqları üzrə agentliyinin apardığı sorğunun nəticələrinə görə, Avropada irqçilik güclənməkdədir. “The Guardian” xəbər verir ki, 13 ölkədən (Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Lüksemburq, Polşa, Portuqaliya, İspaniya və İsveç) 6 752 afrikaəsilli insanın iştirak etdiyi sorğuda iştirakçıların 45 faizi irqi ayrı-seçkiliklə üzləşdiyini deyib. 2016-cı ildə bu rəqəm 39 faiz olub. Həyatın müxtəlif sahələrində, o cümlədən məktəblərdə, əmək bazarında, mənzil və səhiyyədə bu ayrı-seçkilik daha yüksəkdir. Ən qorxulu vəziyyət ifrat sağçı partiyaların nüfuzunun artdığı Avstriya və Almaniyada qeydə alınıb. Avstriya və Almaniyada respondentlərin dörddə üçü (72% və 76%) son beş ildə ayrı-seçkiliyə məruz qaldığını bildirib. Qeyd olunur ki, “Almaniya üçün Alternativ” 2017-ci il federal seçkilərindən sonra ölkədə üçüncü ən böyük partiyaya və əsas müxalifətə çevrilib. 2021-ci ildə nəticələri bir qədər zəif olsa da, təşkilatın təsiri artmaqda davam edir. 

Hərbi xərcləri artırmaq məcburiyyətindədirlər 

İqtisadi böhran da ittifaq daxilində çatlar yaradır. Belə ki, son illərdə qlobal iqtisadi şoklar Avropanın həssaslığını artırıb. İqlim dəyişiklikləri, pandemiya, Ukrayna müharibəsi Aİ-nin idxal olunan enerjidən asılılığını artırıb. Yüksələn qiymətlər isə insanlara xüsusilə ağır zərbə vurub. Qurum özü-özünə aradan qalxmayacaq bir sıra çətin iqtisadi problemlərlə üzləşib. Birincisi, qonşu regionlardakı təhlükəsizlik riskləri və ABŞ-nin Avropanı müdafiə etmək öhdəliyinin davamlılığına dair artan şübhələr Aİ-ni öz imkanlarını gücləndirməyə məcbur edir. Bu, həm də ümumi müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artması deməkdir.

ABŞ və Çin Avropanı çox geridə qoyur

Problemlər bununla da yekunlaşmır. Qitədə işsizlik orta hesabla 6,5%-ə yaxın olub. Bir sıra sahələrdə - süni intellektdən yarımkeçiricilərə və kvant hesablamalarına qədər - ABŞ və hətta Çin Avropanı çox geridə qoyur. Aİ innovasiya mərkəzi olmaq yolunda başqa maneələrlə də üzləşir. Bunlardan biri zəruri infrastrukturun, xüsusilə də süni intellekt modellərinin hazırlanması üçün lazım olan böyük hesablama gücünün olmamasıdır. Başqa bir maneə innovasiyaları dəstəkləyən mövcud vençur kapitalının və özəl kapital investisiyalarının olmamasıdır.
Beləliklə, Avropanı qarşıdakı dövrdə çox çətin sınaqlar gözləyir. Aİ daxilindəki birliyin nə dərəcədə qorunacağı qitənin üzləşdiyi problemlərin həllinə nə dərəcədə nail olacağından asılıdır.  

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər