çərşənbə, 05 Oktyabr, 19:16

Baku Bakı 23°C

Statistikaya inanaq, yoxsa gözümüzlə gördüyümüzə? 

icon 1532 icon 06 avqust 2022 | 03:30 Statistikaya inanaq, yoxsa gözümüzlə gördüyümüzə? 

Nəqliyyat ekspertləri deyirlər ki, avtobus istifadəçilərinin sayının artması, taksidən istifadə edənlərin sayının isə azalması səbəbsiz deyil. Pandemiyadan sonra həm bölgələrə avtobus marşrutları bərpa olunub, həm də işğaldan azad olunan rayonlara yeni marşrutlar açılıb. Bu da statistikaya təsir edir.  

“Ölkədə avtobus istifadəçilərinin sayı kəskin artıb”.  Bu məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb. Statistikada taksidən istifadə edənlərin sayında kəskin azalmaların olduğu vurğulanıb.

Müşahidələrimizə görə isə taksi istifadəçilərinin sayı günü-gündən artır. Taksi ilə gedişlərin ucuz olması bu nəqliyyat vasitəsinə marağı artırıb. Üstəlik, yeni-yeni taksi şirkətlərinin yaranması, sürücülərin sayının artması da bu sahəyə tələbat olduğunu göstərir. 

Avtobuslara qoyulan qadağa...

Xüsusilə, pandemiyanın ilk vaxtlarında avtobuslara qoyulan qadağa, uzun müddət, həftəsonu ictimai nəqliyyatın olmaması taksilərdən istifadəni artırdı. Bir müddət sonra avtobuslar gündəlik fəaliyyətini bərpa etsə də, insanlar yenidən taksilərə üstünlük verdilər. Ona görə də açıqlanan son statistika insanları düşündürür. 

Nə baş verdi?

Rəqəmlərə gəldikdə, komitənin məlumatına əsasən, bu ilin yanvar-may aylarında Azərbaycanda avtobuslarla 510 905,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 25,2 faiz çoxdur. Minik taksilərindən isə 29 471,1 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 21,4 faiz azdır. Ötən il isə taksilərdən 86 944 sərnişin istifadə edib.

Bəs minik taksilərindən istifadə edənlərin sayı nə üçün 86 944 nəfərdən 29 471 nəfərə qədər enib? Səbəb nədir? Yaxud nə baş verib ki, avtobusdan istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb?

Artımın səbəbi nədir?

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, artımın səbəbi bölgələrə artan avtobus səfərləridir. Mütəxəssisin sözlərinə görə, bu rəqəm gün keçdikcə daha da artacaq: “Bu ilin yanvar ayından etibarən Azərbaycanda şəhərlərarası daşınmada istifadə olunan avtobusların sayı artırılıb. Novruz tətillərində də Bakıdan bölgələrə və bölgələrdən geri qayıdan nəqliyyat vasitələrinin sayı artırılmışdı. Bu dövrdə təkcə 50 mindən çox vətəndaşımızın daşınması həyata keçirilib. Hazırda Gəncə və Sumqayıtı istisna etməklə, bölgələrə səyahət üçün dəmiryollarının işləməməsi, əlbəttə ki, avtobuslara tələbatı daha da artırıb. Hələ buraya işğaldan azad olunan bölgələrimizə təşkil olunan avtobus səfərlərinin sayını da əlavə etsək, bu rəqəm gözlənilən idi. Gələn ilin statistikası bundan da artıq olacaq. Çünki bu, artan templə davam edir”.

“Taksidən istifadənin azalması gözlənilən idi”

Ekspert vurğulayır ki, taksidən istifadənin azalması da gözlənilən idi: “Taksidən istifadənin azalması ümumi Azərbaycan statistikasına görə, uyğun ola bilər. Yuxarıda sadaladığım səbəblərlə yanaşı, qeyd etmək lazımdır ki, vətəndaşlarımız fərdi avtomobillərdən də daha çox istifadə edirlər”.

İctimai nəqliyyatın lüks növü

Nəqliyyat eksperti Elməddin Muradlı da bildirir ki, taksidən istifadə nə qədər çox olsa da, avtobusu üstələyə bilməz: “Mümkün deyil ki, taksidən istifadə edənlərin sayı avtobusdan çox olsun. Çünki taksi ictimai nəqliyyatın lüks növüdür. Xüsusilə, pandemiyadan sonra taksidən istifadə etmək geniş vüsət aldı. Çünki bu nəqliyyat növündə qiymətlər ucuz, virusdan qorunmaq daha etibarlı və rahatdır. Bu amillər taksiyə marağın olmasına təsir göstərir. Amma təkcə Bakıda ictimai nəqliyyat gün ərzində 2 milyon civarında sərnişin daşıyır. Taksidə bu qədər sərnişinin hərəkəti mümkün deyil. Taksiyə olan maraqla ictimai nəqliyyata olan marağı eyniləşdirə bilmərik. Çünki taksidən istifadə çox olsa da, tutumuna görə, ictimai nəqliyyatı keçə bilməz”. 

“İctimai nəqliyyat bərbad vəziyyətdədir”

Ekspert vurğulayır ki, taksiyə tələbatın çox olmasının bir səbəbi də ictimai nəqliyyatın vəziyyətinin bərbad olmasıdır: “Düzdür, taksidən istifadə edən sərnişinlərin sayı gün keçdikcə artır. Çünki avtobuslar özü özlüyündə bərbad vəziyyətdədir. Xüsusilə, “pik” saatlarda aləm bir-birinə dəyir. Bəzi insanlar havasızlıqdan, üfunət iyindən şikayət edirlər. Bakı Nəqliyyat Agentliyi 2200 avtobusun olduğunu desə də, realda xətlərə 1800 avtobus çıxmır. “Bakubus”ın  300-400 avtobusu günlük xətdən kənardadır. Digər daşıyıcı şirkətlər də yanacağın qiyməti bahalaşdıqdan sonra gediş haqqı artımı baş tutmadığı üçün gedişlərə mümkün qədər qənaət etməyə çalışırlar. Ona görə də getdikcə taksiyə olan tələbat artır. Amma yenə də avtobusun sərnişin daşıma yükü daha çoxdur”.

Aygün ƏZİZ