• bazar, 24 Noyabr, 01:54
  • Baku Bakı 13°C

“Son qəpiyimi də sənə xərcləmişəm” tənəsi

10.04.24 01:21 3437
“Son qəpiyimi də sənə xərcləmişəm” tənəsi

Bəzi uşaqlar buraxılış və blok imtahanlarının stressinin öhdəsindən gələ bilmirlər. Hər il bununla əlaqədar həyəcanlı xəbərlər alırıq. İllər keçir, amma durum düzəlmir... 

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. 

“Keçdimsə, mövcud olmaq hüququm var, yoxsa...”

Bu günlərdə 11-ci siniflər üçün buraxılış imtahanından az bal toplayan paytaxt məktəblisinin evdən qaçması hadisəsi ilə yadda qaldı. 11-ci sinif şagirdi evi tərk edərkən məktub yazaraq imtahandan az bal topladığını səbəb kimi göstərib. 

Medianın və sosial platformaların gündəminə çevrilən hadisədə valideyni də, məktəbi də qınayanlar oldu. “Son qəpiyimi də sənə xərcləmişəm”, - deyən valideynin gözləntisi ilə “məktəbimizin “planka”sını aşağı salmamalıyıq” tələbi yeniyetmələrin həyatında emosional təzyiq yaradır. Bu baxımdan, uşaqlar üçün imtahan sözün əsl mənasında ölüm-dirim məsələsinə çevrilir: “Əgər keçdimsə, mövcud olmaq hüququm var, yoxsa, yox...”

Təəssüf ki, yeniyetmələri emosional hərəkətlərdən qorumaq həmişə mümkün olmur. Təcrübələr də göstərir ki, böyüklər dəhşətli bir addım atmağa qərar verməyə hazır olan bir yeniyetmənin əhval-ruhiyyəsindəki dəyişikliyi həmişə hiss etməyi bacarmırlar...

“Uşaqları vaxtında düzgün hazırlamırıq”

Yazıçı-pedaqoq Reyhan Yusifqızı hesab edir ki, bu məsələdə cəmiyyətin də, valideynin də, məktəbin də üzərinə eyni məsuliyyət düşür: “Uşaqların tərbiyəsinə düzgün yanaşmırıq. Biz həmişə onların yanında olmayacağıq. Sabah onlar onsuz da problemlərlə üzləşəndə onu tək həll etməli olacaqlar. Biz onları bu situasiyaya hazırlamırıq. Ətraflarında çəhrayı bir ortam yaradırıq: mənfi şeyləri onlara demirik ki, pis olarlar, qorxulu kitabları oxumuruq ki, birdən ürəklərində fikir edərlər. Uşaqları qucaqlayıb bir qəfəsə salırıq və onları bütün pis xəbərlərdən, mənfi emosiyalardan qoruyuruq. Uşaq da elə bilir ki, həyat da nağıllardakı kimidir, sonu həmişə yaxşı bitir, ədalət, xeyir qalib gəlir. Birdən görəndə ki, həyat heç də nağıllardakı kimi deyil, özünü itirir, düzgün qərar qəbul edə, özünü qoruya bilmir”.

Valideynin uşaqdan imtahan gözləntisi

"Ümidli Gələcək Sosial Təşəbbüslər" İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumovanın fikrincə, məsələyə yanaşmada daha çox uşağa köklənməməli, “böyüklər nə etməlidir ki, uşaq yaxşı olsun?” sualını qoymalıyıq: “Uşaq məktub yazıb və evdən gedib. Bu məktubun yazılması, uşağın evdən getmə fikri nədən formalaşır? Niyə rahat evinə gəlib deyə bilmir ki, mən bu gün 80 bal yığdım, 200 bal yığa bilmədim... Çünki biz bala köklənirik. Valideynlik borcu yüksək səviyyədə qalır, amma valideynlik qayğısı aşağı səviyyədə olur”. QHT sədrinin fikrincə, problemin yaranmasına tək valideyn deyil, təhsil mühiti, imtahan sistemi də təsir göstərir:

“Valideyn uşaqdan imtahan gözləntisini yığışdırmalıdır. Uşağın təhsili olmalıdır, amma ondan bal gözlənməməlidir. Uşağın böyüdüyü mühiti, aldığı tərbiyə prosesini və ətrafdan aldığı təsirləri qiymətləndirməliyik. Burada təkcə valideyn iştirakçılığı deyil, təhsil ocağının iştirakçılığının da rolu var. 15-16 yaşlı imtahandan qorxmayan və sözünü deyə bilən gənc böyütmək istəyiriksə, onu uşaqlıqdan emosional vəziyyətə hazır, güclü yetişdirməliyik. Təəssüf ki, bunu da hər valideyn bacarmır. Təhsil ocağında işləyən müəllim də o yanaşmanı göstərə bilmir”. K.Aşumova hesab edir ki, belə hadisələrin yaranmasına bir yox, bir neçə səbəbin təsiri var: “Onu da nəzərə almalıyıq ki, hər uşağın repetitora getmək imkanı yoxdur. Məktəblərdə verilən təhsilin səviyyəsini də nəzərə almaq lazımdır. Həmçinin artıq uşağın tərbiyə prosesinə təkcə valideyn deyil, texnologiyalar da müdaxilə edir. Çünki uşaqlar mobil cihazlardan, sosial platformalardan istifadə edirlər”.

“Mən səndən ötrü bu qədər pul xərcləyirəm” 

“Nə qədər ki, valideyn və məktəb uşağa əşya kimi yanaşacaq, sovet ideologiyasının insanı kimi baxacaq, bu kimi hadisələr baş verəcək”, - deyə narahatlığını ifadə edən psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oqtayqızı hesab edir ki, bu gün təhsilin verdiyi imkanlar gözləntilərlə üst-üstə düşmür: “Uşaqlar bütün gün əziyyət çəkirlər - hazırlıqlara gedirlər. Müəllimin uşaqdan güclü gözləntisi var: mən səndən bu qədər bal gözləyirəm, sən belə olmalısan. Uşaq müəllimin gözləntisini doğrultmayacağını düşünür: “Məndən gözlənti üst səviyyədədir, amma bunu verə bilməyəcəm”. Çünki uşaqlar öz potensiallarını daha yaxşı görürlər. Təəssüf  ki, məsələyə nə müəllimlər uşaqların potensialı tərəfdən yanaşa bilir, nə də valideynlər. Valideyn pul xərclədiyini düşünür: “Mən səndən ötrü bu qədər pul xərcləyirəm. Gecə-gündüz çalışıram, yeyib-içmirəm, toya getmirəm, əyin-baş almıram. Xərcləyirəm ki, sən adam olasan”. Uşaqlar özlərinin “adam olmaq” prinsipini bir kənara qoyub, günahkarlıq hissi ilə imtahanın nəticəsini gözləyirlər. Həmçinin bu məsələdə valideynin təkcə davamlı olaraq psixoloji basqısı deyil, “babana, qonşuya, qohuma nə deyəcəyik?” - kimi ətrafı düşünmə basqısı da var. Bu kimi psixoloji basqılar uşaqlarda özgüvən hissini aşağı salır. Nəticədə günahkarlıq hissi yaranır”. 

Psixoloqun fikrincə, valideyn birmənalı anlamalıdır ki, indiki nəsil tamam başqadır: “Təhsil sistemində ciddi dəyişiklik olmalıdır. Valideynlə müəllimin heç bir bağı yoxdur. Uşaqların da məktəblə mənəvi bağı qalmayıb. Onlar daha çox repetitor yanına gedirlər. Hər bir uşağın biliyindən savayı bacarıqları da önə çəkilməlidir. Onların peşə və sosial bacarıqlarını üzə çıxarmaq çox vacibdir. Bunlar düzəlmədikcə bu problem qalacaq...”

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər