• cümə, 26 Aprel, 23:09
  • Baku Bakı 22°C

Siqaret tüstüsünün yaratdığı təhlükə

25.05.22 11:45 410
Siqaret tüstüsünün yaratdığı təhlükə

Siqaret çəkilməsi nəticəsində yaranan xəstəliklər dünyada xəstəliklərin inkişafının risk faktoruna görə dördüncü pillədədir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, hər on nəfərdən biri siqaretin səbəb olduğu xəstəliklərdən vəfat edir.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin meneceri Nərmin Azadovanın dediyinə görə, Mərkəz cəmiyyəti siqaret bəlasından qurtarmaq üçün mütəmadi olaraq maarifləndirmə işləri aparır: “Ölkəmizdə tütünün satışı və istehlakı kifayət qədərdir. Ən təhlükəlisi də odur ki, son vaxtlar lazımi mübarizə tədbirləri həyata keçirilsə də, məktəblilər və yeniyetmələr arasında tütündən istifadə halı daha çox artmaqdadır. Mərkəzdə yaradılan “Qaynar xətt”ə həftənin beş günü istənilən hər kəs müraciət edərək psixoloji dəstək və lazımi tövsiyələr ala bilərlər”.

Onun verdiyi məlumata görə, 2018-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən mobil tətbiq yaradılıb. Hər kəs həmin tətbiqi yükləyə və bununla da qənaət olunan vaxtı, pulu, tütünün zərərlərini və ondan imtina yollarını aydın şəkildə öyrənə bilər”.

İnkarolunmaz faktdır ki, siqaret çəkən öz sağlamlığı ilə yanaşı, ətrafdakılara da zərər vurur. Müsahibimiz bu barədə danışarkən bildirib ki, dünyada 8 milyon nəfər tütünün səbəb olduğu xəstəliklər nəticəsində həyatını itirir və bunun bir milyonu passiv tütün çəkənlərdir. Bu da o deməkdir ki, tütündən istifadə edənlər təkcə öz sağlamlığını deyil, ətrafdakıların da sağlamlığını təhlükəyə atmış olurlar. Siqaretin zərərli təsiri onu çəkənlərə nə qədərdisə, ətrafda olanlara ondan da artıqdır.

Təbii ki, siqaretdən ən tez və real qurtuluş yolu hər kəsin öz iradəsidir. Heç bir psixoloji dəstək, heç bir dərman vasitəsi insan iradəsi qədər güclü deyil. Ona görə də siqaret çəkən hər kəs öz iradəsini ortaya qoyaraq bu zərərli vərdişdən imtina etməli, nə özünün, nə də ətrafında olanların sağlamlığını təhlükə ilə üzbəüz qoymamalıdır.

banner

Oxşar Xəbərlər