• çərşənbə, 25 Dekabr, 17:33
  • Baku Bakı 10°C

Sifarişli təxribat - TƏHLİL

17.09.22 01:30 1860
Sifarişli təxribat - TƏHLİL

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar heç də təsadüfi xarakter daşımır. Nikol Paşinyan hökuməti yenə də müəyyən xarici dairələrin sifarişlərini yerinə yetirərək regiondakı gərginliyi artırır, sülh prosesinə ciddi zərbə vurur. 

Son vaxtlar Ermənistanın Azərbaycanla sərhəd boyu hərbi hərəkətliliyi ilə bağlı məlumatlar yayılırdı. Sentyabrın 12-də isə gecə saatlarında Ermənistanın diversiya-təxribat qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirməsinin qarşısı alınıb. Bundan sonra Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Azərbaycan Ordusunun gördüyü adekvat tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası, sursat anbarları və dayaq nöqtələri məhv edilib, sıradan çıxarılıb.

Ermənistanın genişmiqyaslı təxribatının qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin 77 hərbçisi şəhid olub. Qarşı tərəfin itkilərinin bundan bir neçə dəfə çox olduğu bildirilir. Baş nazir Nikol Paşinyan 135 əsgər itirdiklərini etiraf edib, Azərbaycan tərəfi isə əlində 100-ə yaxın erməni əsgərinin cəsədinin olduğunu açıqlayıb. Bütün bunları nəzərə aldıqda erməni tərəfinin itkilərinin minimum 200-ü keçdiyi qənaətinə gəlmək olar. Hərbi ekspert Ədalət Vəliyev Ermənistanın itkilərinin 400 nəfərə yaxınlaşdığını açıqlayıb.  

Maraqlıdır ki, 44 günlük müharibə nəticəsində məğlub olan Ermənistanın bu təxribatı törətməsinin arxasında nə dayanır?

“Bu böyük planın tərkib hissəsidir”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Natiq Miri bildirdi ki, bu hərbi təxribat nəticəsində Ermənistanın sərhəddə nəyisə dəyişəcəyi ehtimalı sıfıra bərabər idi: “Çünki ən azından, bu ölkənin müdafiə naziri və hökumət başçısı Ermənistan ordusunun hərbi “qüdrəti”ni bilməmiş deyildilər. Demək ki, onlar bu hərbi təxribatı törətməklə dünya güclərinin sifarişini yerinə yetirib və məqsəd  Azərbaycanı çətin duruma salmaq olub. Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə getməməsi də bilavasitə xoruzun quyruğunu göstərən amillərdən oldu. Eyni zamanda, təxribatlar başlayandan atəşkəs təmin olunana qədər ard-arda baş verən hadisələr göstərdi ki, bu, spontan olaraq başlayan olay deyil və böyük bir planın tərkib hissəsidir. Çünki atəşkəs pozulandan, xüsusilə hərbi əməliyyatlar başlayandan sonra dərhal Ermənistan mediasında çox ciddi dezinformasiyalar yayıldı. Bunun ardınca bəyanatlar Ermənistana havadarlıq edən dövlətlər tərəfindən səsləndirilməyə başladı. Ermənistanda yayılan dezinformasiyalar eyni ilə həmin dövlətlər tərəfindən yoxlanılmadan dilə gətirildi. Bu da o deməkdir ki, bu hadisələr əvvəlcədən düşünülüb. Ermənistan mediası mülki obyektlərə zərbələr vurulması və mülki şəxslərin yaralanması ilə bağlı yalan məlumat yayır. Necə ola bilər ki, ABŞ dövlət katibi Blinken eyni ifadələri işlədir? Fransa dərhal hərəkətə keçərək BMT-nin Təhlükəsizlik Şurasına müraciət edir”.

“Papikyanın Pentaqonda nə işi var idi?”

Politoloq vurğuladı ki, Ermənistanın müdafiə naziri Suren Papikyan təxribatdan əvvəl bir həftə ABŞ-da olub və Pentaqonda görüşlər keçirib: “Papikyanın bir həftə Pentaqonda nə işi var idi? Demək ki, böyük bir təxribatın “səhnələşdirilməsi” planı cızılırmış. Ardınca da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker regiona gəlir və təxribat törədilib başa çatana qədər Ermənistandan çıxmır. Necə ola bilər ki, ABŞ-ın rəsmi nümayəndəsi İrəvanda olarkən bu cür böyük hərbi təxribat baş verir? Belə bir cəsarəti Ermənistan dövləti özündə tapa bilərmi? Bu, qətiyyən inandırıcı deyil. Bu faktlar göstərir ki, bütün prosesi başladan və idarə edən ABŞ-ın Ermənistandakı nümayəndəsi olub. Amma Ermənistanın etmək istədiyi nəticə etibarı ilə özünün əleyhinə çevrildi. Növbəti dəfə ordusu darmadağın olundu, böyük texniki itkilərlə üzləşdi. Azərbaycan üçün təhlükə törədən bütün hərbi obyektləri dağıdıldı ki, onları da uzun müddət bərpa etmək mümkün olmayacaq. Nəhayət, sərhəddəki strateji əhəmiyyət daşıyan yüksəkliklər Azərbaycan ordusunun nəzarətinə keçdi”.

“Azərbaycanın əlində videogörüntü və qeydlər var”

N.Miri qeyd etdi ki, indiki şəraitdə Azərbaycana heç bir məhdudiyyət qoyula bilməz: “Çünki Azərbaycan beynəlxalq hüquqda təsbit edilən özünümüdafiə hüququndan istifadə edib. Ermənistan diversiya-təxribat qruplarının Azərbaycan sərhədini keçib logistik və təchizat yollarını minalaması ilə bağlı videogörüntü və qeydlər var. Həmçinin, bu təxribatçı qrup üzvlərinin əsir alınması ilə bağlı görüntülər yayılıb. Bu baxımdan KTMT-nin ekspert qrupunun Ermənistana gəlməsi və araşdırmaların aparılması o qədər böyük çətinlik yaratmayacaq. Əgər kim gerçəyi görmək istəyirsə, həmin görüntülər Azərbaycanda var. Bir sözlə, bu təxribatın adı və soyadı bəllidir. Baxmayaraq ki, beynəlxalq ictimai rəyi aldatmaq üçün ABŞ dövlət katibi guya Rusiyanın Ukraynadan diqqəti yayındırması məqsədilə belə bir addım atdığını iddia etdi”.

 

“Sülhyaratma prosesinə əngəl yaratdılar”

Politoloq Qabil Hüseynli bildirdi ki, ermənilər bu təxribatı törətməklə dünyanın diqqətini yenidən özlərinə çəkməyi planlayıblar: “Yenidən “əzablar, məşəqqətlər görmüş erməni xalqı” obrazını yaratmağa çalışacaqlar. Həm də bu addımı atmaqla erməni cəmiyyətini Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra düşdüyü ağır psixoloji vəziyyətdən çıxaracaqlarını düşünüblər. Amma buna da nail ola bilmədilər. Əslində isə onlar bu təxribatı törətməklə sülh prosesinə ciddi əngəl törətdilər. Müəyyən siyasi dairələr erməniləri qızışdırıb, bu cür addımlar atmağa təhrik edirlər. Nəticə isə göz qabağındadır”.

Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər