• bazar ertəsi, 16 dekabr, 14:36
  • Baku Bakı 9°C

Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - UĞUR

14.12.24 04:21 405
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - UĞUR

Rahil Əhmədova: “Koreyada Azərbaycan vətəndaşlığımı qoruyub saxlamaq mənim üçün yalnız hüquqi bir status deyil, eyni zamanda içimdəki kimlik və mənlik hissinin bir təzahürüdür. Hər dəfə pasportuma baxanda, bu, mənim kim olduğumu və haradan gəldiyimi xatırladır”.

Asiya ölkələrinə olan marağı onu Cənubi Koreyaya qədər aparıb. O, bu ölkədə tək təhsil almaqla kifayətlənməyib. Azərbaycanı tanıtmaq üçün təmənnasız fəaliyyət göstərib. Hətta Seul Universitetinin Pedaqoji Kolleci tərəfindən təşkil edilən müəllimlər üçün mədəni müxtəliflik üzrə ixtisasartırma kursunu bitirib və Seul şəhərinin bütün ibtidai, orta və ali məktəblərində mədəni müxtəliflik və Azərbaycan mədəniyyəti ilə bağlı təhsil verir. O, bir tərəfdən Koreyada yaşayan xaricilərin və çoxmədəniyyətli ailələrin səsini eşitdirir, digər tərəfdən isə Azərbaycan mədəniyyətini, dilini və dəyərlərini yaşadaraq yeni nəsillərə ötürməyə çalışır.

Müsahibimiz Koreyadakı Azərbaycan icmasının fəal üzvü, Seul şəhərinin fəxri vətəndaşı Rahil Əhmədovadır. O, artıq 10 ildən çoxdur ki, Koreyada multikultural cəmiyyət haqqında dərs deyir, həmçinin Seul meriyasının xarici ölkələr üzrə təlimatçısıdır.

Qubadlıda anadan olub. Məcburi köçkün kimi Bakıya gəlib və orta məktəbi burada bitirib. Daha sonra Azərbaycan Dillər Universitetinin (ADU) koreya-ingilis dili tərcümə fakültəsində təhsilini davam etdirib. Bir il sonra - 2008-ci ildə Koreya Dövlət Təqaüd Proqramı vasitəsilə Cənubi Koreyaya yollanıb. Keimyung Universitetinin bakalavr, Kyunpuk Milli Universitetinin isə magistratura pilləsini bitirib. Həmyerlimiz Cənubi Koreyada multikulturalizm və əcnəbi sakinlərin inteqrasiyasına dəstək sahəsində göstərdiyi xidmətlərə görə 2023-cü ildə Seul şəhərinin fəxri vətəndaşı adına, eləcə də Koreya Gender Bərabərliyi və Ailə Nazirliyinin mükafatına layiq görülüb. 

“Xaricilər və çoxmillətli ailələrə kömək etmək istəyirdim”

- Rahil xanım, bu il Cənubi Koreyadakı fəaliyyətinizin 16 ili tamam olacaq. 16 il öncəyə qayıtsaq, bu ölkəyə marağınız necə yarandı?

- Uşaqlıqdan Asiya ölkələri ilə maraqlanırdım. ADU-da tərcümə fakültəsində Koreya dili bölümü yeni açılmışdı. O fakültəni seçəndə ətrafımdakılar təəccüblənmişdilər. Təsəvvür edin, Koreya deyəndə Çin və Yaponiya ilə qarışdırılan bir dövrdən bəhs edirik. Həmin vaxt dost-tanış deyirdi ki, Koreya dilini öyrənib iş tapa bilməyəcəksən. Mən isə ixtisasımı sevir, təhsil aldıqca karyeramla bağlı daha çox planlar qururdum. Koreya Dövlət Təqaüd Proqramına müraciət etdim və təhsilimə burada davam etdim. Əslində, magistraturanı bitirib, iş təcrübəsi qazandıqdan sonra Azərbaycana qayıtmağı planlayırdım. Amma işləyərkən həyat yoldaşımla tanış oldum və ailə qurub bu ölkədə yaşadıq.

- İş təcrübəsi qazanmaq üçün başladığınız fəaliyyət sizi Seul şəhərinin fəxri vətəndaşı, Koreya Gender Bərabərliyi və Ailə Nazirliyinin xüsusi mükafatına qədər aparıb...

- Bəli. Bu ad 10 il ərzində Koreya Respublikası nazirliklərinin nəzdində multikulturalizmlə bağlı siyasətlərin təklif edilməsi, multikultural problemlər haqqında məlumatlılığın artırılması və ölkədə əcnəbi sakinlərin sabit məskunlaşmasına dəstək vermək kimi sahələrdə göstərdiyim xidmətlərimə görə verilib. Koreya uzun illər təkmillətli ölkə olub və daim öz millətlərini qorumağa çalışıblar. Mən də burada yaşayan çoxmillətli ailələr və xaricilərin rifahını yaxşılaşdırmaq üçün çalışırdım. Çünki ətrafımdakı xaricilər və çoxmədəniyyətli ailələrin çətinliklərini yaxından izləyir, onlara kömək etmək istəyirdim. Hazırda Koreyada təkmillətli ölkə ənənəsi getdikcə, dəyişir. Artıq dövlət çoxmillətliliyi siyasət kimi irəli sürməyə başlayıb. Bu istiqamətdə nazirliklərin tərkibində komitələr fəaliyyət göstərir. Mən də Gender Bərabərliyi və Ailə Nazirliyində Çoxmillətli ailələr komitəsinin üzvüyəm. Komitə vasitəsilə Cənubi Koreyada yaşayan xaricilər və xaricilərlə ailə quran koreyalılar, onların uşaqları ilə bağlı layihələr irəli sürürük. Onların səsinin eşidilməsi çox vacibdir. Mən də cənubi koreyalı ilə evliyəm, bizim də övladımız bu kateqoriyaya daxildir. Cənubi Koreyada yaşayan xaricilərin hamısı yaxşı yerlərdə işləmir, hətta vizasız yaşayanlar çoxdur. Bu, getdikcə dövlətə problemlər yaratmağa başlayır. Nazirliyin üzvü olaraq çalışırıq ki, orada diqqətdən kənarda qalan xaricilərin yaşayışını düzəldək. Artıq dörd ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm və dəyişiklikləri müşahidə edirik. 

“Özümüzü tanıtmasaq, heç kim bizi tanımayacaq”

- Cənubi Koreya nə üçün ənənəsini dəyişməyə və çoxmillətli ailələri təbliğ etməyə başlayıb?

- Çünki burada uşaq doğumu çox aşağı səviyyədədir və yaşlıların sayı həddindən artıq çoxdur. Əgər belə davam edərsə, Cənubi Koreya bir neçə il ərzində ciddi təhlükə ilə üz-üzə qalacaq. Mən dərslərimdə öz ölkəmizi misal gətirirəm. Biz tolerant ölkəyik, başqasının dilinə, dininə və irqinə görə onlara qarşı ayrı-seçkilik etmirik. Bu, bizim konstitusiyamızda da yer alır. Maarifləndirməni ölkəmizin simasında etməyə çalışıram. Bunu eşidən koreyalı müəllimlər də öz tələbələrinə danışırlar. Məlumat zəncir kimi paylaşılır və açıq fikirli cəmiyyət ortaya çıxır. Bu, Cənubi Koreya hökumətinin hazırda yürütdüyü siyasətdir. Bunun sayəsində Cənubi Koreya həm çoxmillətli ölkəyə çevriləcək, həm də əhalisinin sayı azalmayacaq. Bu sahədə gördüyüm işlər Cənubi Koreya hökuməti tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, media vasitəsilə bu bilgiləri yaymağa çalışıram. 

- Siz həm də Cənubi Koreya Ədliyyə Nazirliyində Koreyaya adaptasiya olmağa çalışan digər xaricilərin mentoru kimi fəaliyyət göstərirsiniz. Bu fəaliyyətinizdə məqsədiniz nədir?

- Bu rol mənə onların qarşılaşdığı çətinlikləri daha yaxşı anlamaq və onlara uyğun dəstək göstərmək imkanı yaradır. Öz təcrübələrimdən istifadə edərək, onlara həm Cənubi Koreya cəmiyyətinə inteqrasiya yollarını göstərir, həm də öz mədəniyyətlərini unutmadan bu ölkədə uğur qazanmağın mümkün olduğunu izah etməyə çalışıram. Mentorluq fəaliyyətimdə əsas məqsədim xaricilərin həyatlarını asanlaşdırmaq və Koreyada özlərini evlərindəki kimi hiss etmələrinə töhfə verməkdir. Mühazirələrimdə və tədbirlərdə tez-tez verdiyim mesaj budur ki, hər birimiz öz mədəniyyətimizin daşıyıcısıyıq. Əgər yaşadığımız cəmiyyətdə özümüzü tanıtmasaq, heç kim bizi tanımayacaq. Koreyada yaşamaq çətin olsa da, öz köklərimizi unutmamaq və yerli cəmiyyətə inteqrasiya olmaq həm hüququmuz, həm də vəzifəmizdir. Bu mesajlar adaptasiya olmaqda çətinlik çəkən çoxmədəniyyətli ailələr üçün motivasiya rolunu oynayır. Onlara göstərməyə çalışıram ki, hər bir insan öz mədəniyyətini yaşatmaqla həm özünə, həm də cəmiyyətə dəyər qatır.

“İndi Azərbaycan deyəndə heç kim təəccüblənmir”

- Bu fəaliyyətlərinizlə yanaşı, Cənubi Koreya prezidenti və xanımı ilə reklam filminə də çəkilmisiniz.

- Bəli, Gender Bərabərliyi və Ailə Nazirliyindən bizə zəng edib Prezident Sarayına dəvət etdilər. Oraya daxil olmaq, Prezident və xanımı ilə reklam filminə çəkilmək mənim üçün yuxu kimi idi. Uşaqların içində ən balacası qızım Arin idi. Prezidentin xanımı qızımı qucağına aldı. Prezident Sarayında çəkilən dörd dəqiqəlik bayram təbriki videosunda Prezident Yoon Suk Yeol və birinci xanım Kim Keon Hee ilə birlikdə iştirak etdik. 

- Rahil xanım, özünüz də qeyd etdiniz ki, koreyalılara təlim keçərkən ölkəmizi misal gətirirsiniz. Təlimlərinizdə ailə dəyərlərimizdən danışır, hətta Cırtdanın nağılını belə Cənubi Koreya radiosunda təqdim edirsiniz. Geri dönüşləri necə alırsınız?

- Cənubi Koreyanın dövlət televiziyası və radiosuna tez-tez dəvət alıram. Hətta bir dəfə Azərbaycana həsr olunan verilişdə 40 dəqiqə ərzində ölkəmizin qədim tarixi, coğrafiyası, zəngin mədəni irsi və Qarabağ müharibəsi barədə məlumat vermişdim. Əslən Azərbaycanın Qarabağ bölgəsindən olduğumu, erməni işğalı nəticəsində dörd yaşında olarkən doğma vətənimdə məcburi köçkünə çevrildiyimi, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı danışmışdım. “Bayatılar” mahnımızı ilk dəfə Cənubi Koreya radiosunda səsləndirdik. Koreyalılar çox sevdilər və yenidən eşitmək istədilər. Bununla yanaşı, 2-3 həftədən bir nağılımızı danışmaq üçün məni dövlət kanalı olan KBS radiosuna dəvət edirlər. Nağıllarımızı Koreya dilinə tərcümə edib danışıram. 2008-ci ildə Cənubi Koreyaya ilk dəfə gələndə ölkəmizi tanıyan demək olar ki, yox idi. Bu, mənə pis təsir edirdi. Düşündüm ki, buradayam və ölkəmizi düzgün şəkildə tanıtmaq borcumdur. Əlbəttə, o vaxt indiki kimi imkanlarım yox idi, tələbə idim. Amma qəzetlərə yazılar verir, Azərbaycandan gəldiyimi xüsusi vurğulayırdım. Cənubi Koreyada ölkəm üçün təmənnasız gördüyüm işlər həddindən artıq çoxdur. Məsələn, universitetlərdə hər dəfə mühazirə keçəndə ilk 5-10 dəqiqə mütləq Azərbaycan haqqında danışır, sonra öz mövzuma keçirdim. İndi Azərbaycan deyəndə heç kim təəccüblənmir.

- Koreyalıları ölkəmizlə bağlı daha çox nə təəccübləndirir?

- Məktəblərdə Azərbaycan mədəni irsi ilə bağlı keçdiyim mühazirələr böyük maraq doğurur. Tələbələrlə Azərbaycan xalçalarının incə naxışlarından tutmuş muğamın fəlsəfi dərinliklərinə qədər bir çox mövzu haqqında danışırıq. Bir dəfə tələbələrdən biri dərsdən sonra məndən muğam dinləmək üçün tövsiyələr istəmişdi. Digər bir tədbirdə isə tələbələr Azərbaycan xalçalarının tarixi və onların UNESCO tərəfindən qorunması ilə bağlı suallar vermişdilər. Bu cür marağın gələcəkdə iki ölkə arasında mədəni əlaqələrin daha da güclənməsinə töhfə verəcəyinə inanıram. Mühazirələrim tək Azərbaycan mədəniyyəti ilə bağlı deyil. Tələbələrə Azərbaycanın qədim İpək Yolu üzərində yerləşdiyini, Şərq və Qərb arasında körpü rolunu oynadığını izah edirəm. Bu, tələbələrin Azərbaycanın beynəlxalq ticarət və mədəni mübadilə baxımından nə qədər strateji əhəmiyyətə malik olduğunu daha yaxşı anlamalarına kömək edir. Bir dəfə dərs vaxtı tələbələrdən biri Şəki haqqında sual verdi və bu rayondakı abidələri görmək istədiklərini bildirdi. Din mövzusuna toxunarkən, Azərbaycanın multikultural və tolerant cəmiyyət quruluşundan danışmağa xüsusi diqqət yetirirəm. Mühazirələrimdə İslamın Azərbaycandakı rolu, eləcə də xristianlıq və yəhudi icmalarının tarixindən bəhs edirəm. Onlar Azərbaycanın həm qədim məscidləri, həm də kilsələri və sinaqoqları ilə zəngin bir ölkə olduğunu öyrənəndə, bu mədəni müxtəliflikdən təsirlənirlər. Azərbaycanın dini və tarixi irsi ilə bağlı bu cür müzakirələr koreyalı tələbələrdə həm təəccüb, həm də rəğbət oyadır. Onlar Azərbaycanı yalnız tarixi baxımdan deyil, həm də mədəni və dini tolerantlıq nümunəsi kimi tanımağa başlayırlar. 

“Azərbaycanımla olan ən dərin bağım və ən böyük qürurum...”

- Adətən, xarici ölkədə yaşayanlar öz dilini unutmaqdan, övladının dili bilməməsindən narahatlıq keçirirlər. Sizdə necədir, qızınız Azərbaycan dilində danışır?

- Övladım Koreya cəmiyyətində yaşadığı üçün bu dilin təsirinə daha çox məruz qalır. Amma mən onunla hər gün Azərbaycan dilində danışır, nağıllarımızı öz dilimizdə öyrədirəm. Azərbaycan dilini yaşatmaq, övladıma da ana dilimi öyrətmək ən böyük missiyamdır. Hətta özüm də hər gün Azərbaycan televiziyalarına, radiolarına qulaq asıram ki, ana dilimizi unutmayım. Övladımın Azərbaycan dilini öyrənməsi və yaşatması mənim üçün ən vacib məsələlərdən biridir. İnanıram ki, bir insan öz köklərini qoruduğu müddətcə, harada yaşamasından asılı olmayaraq, kimliyini unutmur. Qızımın azərbaycanlı olduğunu dərk etməsi, mədəniyyətimizi və dilimizi sevməsi üçün hər gün əlimdən gələni edirəm. Axı dilimizi qorumaq, mədəniyyətimizi yaşatmaq gələcək nəsillərimizə ötürəcəyimiz ən böyük mirasdır. 

- 16 ildir Cənubi Koreyada yaşamağınıza baxmayaraq, vətəndaşlıq üçün müraciət etmirsiniz. Bunun xüsusi bir səbəbi varmı?

- Bəli, hazırda Cənubi Koreyada daimi yaşayış vizası ilə yaşayıram. Koreyalılar tez-tez mənə bu sualı verirlər. Azərbaycanla Cənubi Koreya arasında ikili vətəndaşlıq hazırda mümkün deyil. Mən isə öz vətənimin vətəndaşlığından imtina etməyi heç vaxt düşünə bilmərəm. 30 il öz torpaqlarından didərgin düşmüş, məcburi köçkün kimi yaşamağa məcbur olmuş insan kimi vətənim mənim üçün nə qədər böyük dəyər kəsb etdiyini hər zaman hiss etmişəm. Vətən yalnız bir coğrafiya deyil, həm də insanın kimliyini, mənliyini və gələcəyini təyin edən müqəddəs yerdir. Ona görə də Azərbaycan vətəndaşlığımı qoruyub saxlamaq mənim üçün yalnız hüquqi bir status deyil, eyni zamanda içimdəki kimlik və mənlik hissinin təzahürüdür. Hər dəfə pasportuma baxanda, bu, mənim kim olduğumu və haradan gəldiyimi xatırladır. Bu, mənim Azərbaycanımla olan ən dərin bağım və ən böyük qürurumdur. Cənubi Koreyada yaşamaq mənim üçün bir fürsət və xoşbəxtlikdir. Amma Azərbaycan vətəndaşı olaraq qalmaq həm bir borc, həm də böyük şərəfdir.

Aygün Əziz

banner

Oxşar Xəbərlər