• şənbə, 14 Iyun, 20:38
  • Baku Bakı 28°C

“Xoşbəxt günlərimin xatirəsi mənə yetərlidir...” - DOĞMALAR

14.06.25 03:41 153
“Xoşbəxt günlərimin xatirəsi mənə yetərlidir...” - DOĞMALAR

Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova: “Teatrın bütün divarları, əşyalar, oturacaqlar dəyişsə belə, mənə onu xatırladır. Hər an elə bilirəm ki, pərdə arxasından Hacı çıxacaq. Mənim bütün xatirələrim onunla bağlıdır. Bu xatirələr heç vaxt silinmir”.

Unudulmaz sənətkar kimi yaddaşlara əbədi həkk olunmaq hər aktyora nəsib olan xoşbəxtlik deyil. Görkəmli aktyor Hacıbaba Bağırov bunu bacarmışdı. O, adını teatr və kino tariximizə öz istedad və zəhmətinin qüdrəti ilə yazdırmışdı.
Aktyorun doğum günü (12 iyun) ərəfəsində “Kaspi”nin “Doğmalar”ında həyat yoldaşı Arzu Bağırova ilə  söhbətləşdik.

“İş, teatr onun üçün birinci idi”

- Hacıbaba Bağırovla son müsahibəm Musiqili Komediya Teatrında - onun direktor və bədii rəhbər olduğu vaxta təsadüf etmişdi. Marağımı boğa bilməyib haqqınızda soruşdum. Xoşbəxt görünürdü... 

- (Sözümü kəsir-T.M.) Görünmürdü, xoşbəxt idi...

- Bu sözləri indiki kimi yadımdadır: “Hər gün pəncərədə dayanıb məni yola salır, maşına minməyincə pəncərədən çəkilmir...” Xatırlayırsınız o anları?

- Xatırlayıram... Hər səhər dururdu, yeməyini yeyirdi, yola salırdım. Onda biz ikiotaqlı evdə yaşayırdıq. Balaca bir eyvanımız vardı, mətbəxə qatmışdıq. Sürücü düz blokun qabağında onu gözləyirdi. Hər dəfə maşına minəndə başını qaldırır, əl edirdi. Mən də əl etdikdən sonra yola düşürdü. Baxmayaraq ki, bir saat sonra biz yenə görüşürdük. O, müdir olduğuna görə hər gün işə tez gedirdi. Mən də sıravi işçi olduğuma görə gündüz 11-də gedirdim. Bir gün də hava çox yağışlı və soyuq idi. Onu yola saldım və çarpayıya uzandım. Bir də gördüm zəng edir: “Mən burdayam, gedim ya qalım?” Eyvana yaxınlaşdım, gördüm yuxarı baxır. Hər gün eyni proses idi... 

Teatr bizim ikinci evimiz idi. Hacı bazar günləri də işə gedirdi, çünki tamaşalar olurdu. Hətta həftənin birinci günləri - teatrın istirahət günü də gedirdi. O, çox dəqiq adam idi. Tamaşa başlamamışdan hər aktyor saat 5-də öz qrim otağında olurdu. Hacı da bu adəti pozmurdu. Lap ikinci hissədə oynasa belə, aktyorlardan qabaq qrim otağına gedib tamaşaya hazırlaşırdı. “Mən nümunə olmalıyam”, - deyirdi. İş, teatr onun üçün birinci yerdə idi.

“Mən heç kimin ailəsini dağıtmamışam”

- Yadınızdadırmı, o vaxt sizinlə evlənəndə söz-söhbətlər səngimirdi. Sizin evlilik hekayəniz hamıya maraqlı idi. Onda sosial şəbəkələr bu qədər yayğın deyildi, amma ciddi mediada belə yazılırdı. Şəxsi həyata baş qoşmaq kimi çıxmasını istəməzdim, amma bəlkə illər keçəndən sonra danışasınız. Bu hekayə nədən başladı?

- Biz kütlədən həmişə uzaq durmuşuq. Bu gün bloqerler, tik-tokerlər və başqaları tanınmaq istəyirlər. Hacının buna ehtiyacı yox idi. Biz hər şeydən uzaq qalırdıq. Bu gün də eləyəm. Reklamdan, tanınmaqdan uzağam. Bu, nə mənə, nə də övladıma lazımdır. Hacının həyatında çox az dostu vardı. Mənim də ətrafım geniş deyildi. Bu gün də elədir - ətrafımda anamdır, övladımdır... Heç kimlə maraqlanmıram. Hər insan həyatı bir dəfə yaşayır. Ətrafına zərər verməmək şərti ilə öz həyatıdır, necə istəyir elə yaşasın. Hacı ailə qurmağını heç kimdən gizlətmirdi, efirdə də çıxıb danışırdı. Yaş fərqimizin olduğunu deyirdi. Mənim üçün də kimsənin fikri önəmli deyildi. Önəmli olsaydı, ən azı özümdən 37 yaş böyük insanla ailə qurmazdım. Mən əsas öz xoşbəxtliyimi düşündüm. Fikirləşdim ki, özümə uyğun bir insan seçmişəm. Onunla bir yerdə olmaq çox xoş idi. Bir qadın xoşbəxtliyi üçün nə lazım idisə, mən onu Hacıda tapdım. Seçimimi düz etdim. Mən heç kimin ailəsini dağıtmamışam. Biz evlənəndə Hacı artıq üç il idi ki, rəsmi boşanmışdı. Öncə mənim üçün önəmli olan dini nikah idi, bunu etdik. Dünyaya halal övlad gətirmək önəmli idi. Amma insanların söz-söhbətindən uzaq olmaq üçün biz rəsmi nikah da bağladıq. Yoxsa bu rəsmiyyət mənim həyatımda heç nəyi dəyişmirdi. Bəziləri “rəsmi nikaha getdi ki, rəsmi xanımı olsun”, - deyə bilərdi. Əgər söhbət bizə dövlət başçısı tərəfindən hədiyyə edilən ikiotaqlı mənzildən gedirdisə, sonradan bizə üçotaqlı mənzil də hədiyyə edildi. Biz heç rəsmən evli olmadığımız zaman Hacı ikiotaqlı mənzili mənə hədiyyə etmişdi. Bilirsiniz ki, ev hədiyyə olanda bölünən əmlak sayılmır. Bu gün mən Hacıdan sonra 20 ildir ki, yalnızam. Övladım və anamla yaşayıram. Elə isə sual edirəm: bir qadının problemləri, evinin yükü, övladının təhsili kimisə maraqlandırır? Bu gün mən yalnız qızım Şöləyə baxıb özümü xoşbəxt sayıram. Anamın sağlığı, yanımda olması da xoşbəxtliyimdir. Amma bir qadın xoşbəxtliyi... Mən yeddi il bir qadın kimi xoşbəxt oldum, bu gün o xoşbəxtlikdən çox uzağam. Özümü övladımın problemlərinə, təhsilinə həsr etmişəm. Hər günümə şükür edirəm! Yaşadığım xoşbəxt günlərimin xatirəsi mənə yetərlidir. 

“Mən Hacının insanlığını sevdim” 

- Hacı bir aktyor kimi çox məşhur idi. Olsun ki, “Şirbalanın sərgüzəşti” kimi “sərgüzəştləri” də olmamış deyildi. Ad çəkməyəcəyəm, sənət dostlarından biri mənə onun haqqında belə demişdi: “Hacıbaba həyatda iki şeyin pərəstişkarı idi – yaxşı geyimin və evlənməyin. Hər gözəlin bir eybi olur, tez-tez evlənmək də onun eybi idi”. Bu fikirlərin fərqində idiniz?

- Hacı məndən sonra belə bir şey etsəydi, mənim üçün problem olardı. Mən bürc olaraq oxatanam və çox qısqancam. Hacı heç bir nöqsan buraxmamağa çalışırdı. Biz 24 saat bir yerdə idik. O, heç mobil telefonuna özü cavab vermirdi. Qısqanmağa bir səbəb yox idi. Yaşadığımız müddətdə mənsiz oynadığı tamaşası da yox idi. Mənsiz heç qrim otağına da getmirdi. Xasiyyətimi bilirdi. Mən çox qısqanc olmuşam. Nə gizlədim, məndən çəkinirdi. İşdə təbii ki, işçilərlə danışmalı idi. Düşünürəm ki, hər kişi bir xanımdan çəkinməlidir. Bu, ən azı bir hörmətdir. Bu hörmət olmasa, ailə ayaq üstdə durmaz. Mən həmişə deyirəm ki, ailə xoşbəxtliyi, sevgi təkcə pulla deyil. Bir baxın, ən çox boşanmalar imkanlı insanların arasındadır. Hacı imkanlı olmayıb. Biz onunla ailə quranda altı ay kirayədə yaşamışıq. Hacı hər dəfə evindən çıxanda yalnız pal-paltarını götürüb. O zaman Hacı sadəcə Xalq artisti idi, “Şöhrət” ordeni vardı. Bunlar da vərəsə olmur ki, mənə qalsın. Mən Hacının insanlığını sevdim. O, bir qadını necə ələ almağı bacarırdı. Bəlkə də bu, yaşla və ya həyat təcrübəsi ilə bağlı idi. Hacı çox erkən yaşlarında tanınmışdı. 28 yaşında “Ulduz”da oynamışdı. Şan-şöhrəti çox tez qazanmışdı. Ona görə xanımların damarını tutmağı bacarırdı. Mən onunla çox rahat idim, amma ayağımı bastalamamaq şərti ilə... Yalandan deyim ki, hər şeyə göz yumurdum, yox. Çox hökmlü xanımam. Əgər gənc bir xanım olaraq həyatımı ona bağlamışdımsa, o da bir kişi kimi ona dəyər verməli idi. Hacı özünə qarşı da çox diqqətli idi. O, geyiminə olduqca çox pul xərcləyirdi. Heç vaxt bununla bağlı ona “yox” demirdim. Fikirləşirdim: bir gün Hacı həyatda olmayanda özümə bağışlaya bilməzdim ki, o nəyisə istəyib, mən ona “yox” demişəm. İstədiyi həyatı ona bacardığım qədər yaşatmışam. O da məni ovcunun içində saxlayıb.

- Kənardan müdaxilələr çox olurdu?

- Ailəmizdə heç bir problem, söz-söhbət olmayıb. Kənardan müdaxilə çox böyük maneədir. Ancaq iki insan bir-biri üçün yaşayanda bu, onlara mane olmur. Hacı heç vaxt həyatımıza heç kimi buraxmayıb. Evimizin qapısından keçən insanlar çox az olub. Hacı incəsənət adamlarının evində olmasını sevmirdi. Və ya qohum-əqrəba çox gəlib getsin, həyatımıza müdaxilə etsin... Bu xasiyyətini də çox bəyənirdim. 

- Bəlkə bəxtiniz onda gətirib ki, Hacının “mülayim”, belə deyim, sizi əzizləyə biləcəyi vaxtına düşmüşünüz?

- Yəqin (gülür – T.M.). Həmişə deyirdim ki, sənin görüb doymuş vaxtına düşmüşəm. O, ancaq ailə, rahatlıq istəyirdi. Həftədə bir dəfə restoranda yemək günümüz vardı. Qalan günlər dörd divarın arasından çıxmırdı. İş və ev...

“Dünyasını dəyişməmişdən bir gün əvvəl dedi ki...” 

- Hacının vəfatından sonra həyatdan necə baş çıxardınız? Azyaşlı uşaqla sizə çətin olmadımı? 

- Qızım iki yaş üç aylıq idi. Hər şey o qədər birdən, gözlənilməz oldu ki... Hacı altı ay əvvəl bütün analizlərdən keçmişdi. Ona demişdilər ki, analizlərin cavabı gənc bir oğlanın analizləri kimidir. Nə Hacı buna hazırlıqlı idi, nə də mən... Hacı ən azından məni, övladını düşünəcəkdi. O, ailəyə çox bağlı idi. Amma öncədən heç nəyi düşünə bilmədi. Zaman olmadı. Dünyasını dəyişməmişdən bir gün əvvəl dedi ki, “Arzu, sənin məni istədiyini bilirdim, amma bu qədər istədiyini bilmirdim. Sənə söz verirəm: buradan çıxandan sonra sənin bu borcundan çıxmağa çalışacağam”. Amma qismət belə gətirdi... Mən həyatda mülkə, var-dövlətlə dəyər vermirəm. Qiymətli olan həyat yoldaşımın mənə verdiyi dəyər  idi. Hacının mənə olan sevgisinə, diqqətinə xəyanət etmədim. Onun ölümündən sonra da buna xəyanət kimi baxıram. Mən Hacının adına layiq həyat sürməyə çalışdım. Nə etdimsə, övladım üçün etdim. Təbii ki, çox çətin idi. Problemlər çox idi. Uşağa təhsil vermək də maddiyyat tələb edir. Düşünürəm ki, bir valideynin övladına verə biləcəyi ən böyük varislik onun təhsilidir. Qızımın təhsili üçün özümdən hər şeyi kəsdim. Qızım Ankarada Hacettepe Universitetinin siyasi bilimlər və idarəetmə fakültəsində oxuyur. Altı dil bilir. Rəssamdır. İki dəfə sərgisi keçirilib. Bu gün qızıma görə çox rahatam.

- Qızınızın aktrisa olmağa heç həvəsi olmadı?

- Yox... Düşündü  ki, çətindir. Hacı onu uşaqlıqdan həkim görmək istəyirdi. Düzdür, qəbulu qazandıq. Hacettepe Universiteti ona həm tibbi, həm hüquqşünaslığı, həm də siyasi bilimlər fakültəsini təklif etdi. Bu, hər abituriyentə olunmayan təkliflərdir. Mən tibbi istəmədim, amma doğrusu, bu gün çox peşmanam. Siyasi bilimlər və idarəetmə ixtisası da yaxşıdır. Əsas odur ki, Bakıya qayıdandan sonra iş tapılsın.

Nostalji hisslər

- Hacıbaba Bağırov “Muskomediya”nın gur-gur gurlayan vaxtlarında - teatra insan axını, kassada bilet növbələri, alqışların gur olan vaxtında rəhbərlik edirdi. Özü də səhnədə idi. Amma bu gün, məsələn mən “Bankir adaxlı”dan aldığım zövqü indi ala bilmirəm...

- Bilirsinizmi, bu, nədən irəli gəlir? Biz sovet dövrünün uşaqlarıyıq. O zaman Nəsibə xanım, Hacıbaba, Səyavuş Aslan, Yaşar Nuri kimi aktyorlar vardı səhnədə. Daha çox nostalji hissləriniz olduğu üçün belədir. Amma mən “Leyli və Məcnun”a tamaşa etdim. Böyük zövq aldım. Teatrda olduğum üçün bütün tamaşalardan xəbərdaram. Teatr salonu yenə də tamaşaçılarla dolu olur. Təzə müdiriyyət təyin olunub, yəqin ki, bundan sonra da maraqlı tamaşalar olar. 

- İndi heç deyənlər varmı: Hacının vaxtında “Teatrın qızıl dövrü” idi?

- Deyənlər çoxdur. Mən intriqaları sevmirəm, amma Hacının dövrünü unutmayanlar çoxdur. Bir insan ki, yaxşılığı unutmur. 

- Hacıbaba Bağırovun yaratdığı “Tənqid-Təbliğ” Teatrının taleyi necə oldu? 

- Bu, Hacının özünün açdığı teatr idi. Hacı “Muskomediya”ya müdir təyin olunandan sonra o teatr fəaliyyət göstərmirdi. Hacıdan sonra o teatrın fəaliyyət göstərməsinə nə səlahiyyətim, nə gücüm çatardı. Bir şəxsi teatrı idarə etmək, maliyyələşdirmək çətin bir prosesdir.

Bilənlər də var, itirənlər də...

- Mənə son müsahibəsində “Bacardığım qədər hamıya yaxşılıq eləməyə çalışıram. Kim ağız açır, qəlbini qırmıram, alınmayanda da alınmır...” demişdi. Həmin adamlar Hacının vəfatından sonra heç ailəsi ilə maraqlandılarmı?

- Teatrın hansı aktyorunu dinləsəniz, Hacı hər kəs üçün nə isə edib. Bilənlər də var, itirənlər də... Bir çevrə var ki, indiyə qədər əlaqəmiz var. Teatrda mənə isti münasibət yenə də qalır. Hacıya hər zaman rəhmət oxuyurlar. Teatrın keçmiş direktoru Əliqismət Lalayevdən hər zaman dəstək və diqqət görmüşəm. Övladımın hər bir problemi ilə maraqlanıb. O, müdir olduğu zaman teatra daxil olanda Hacının yoxluğunu hiss etməmişəm. Eyni münasibətlə qarşılanıb yola salınmışam. Yenə deyirəm, hər şey maddiyyatla ölçülmür. Bir balaca diqqət insanın həyatında çox şeyləri dəyişə bilir.

- İndi teatra daxil olanda hansı hissləri keçirirsiniz?

- Teatrın bütün divarları, əşyalar, oturacaqlar dəyişsə belə, mənə onu xatırladır. Hər an elə bilirəm ki, pərdə arxasından Hacı çıxacaq. Mənim bütün xatirələrim onunla bağlıdır. Bu xatirələr heç vaxt silinmir. Hacı çox parfüm işlədirdi. Ətrinin iyi özündən sonra iki saat dəhlizdən çəkilmirdi. Aktyorlar bu qoxudan onun gəldiyini bilirdilər. Həyatda çox ciddi və ağır adam idi. Sözün əsl mənasında “şəxsiyyət” deyə bilərəm. Köhnə kişilərdən idi. Mən bu xüsusiyyətlərinə dəyər verib onunla ailə qurdum. Bu, təkcə Hacıya aid deyil, dünyanın bütün komikləri həyatda çox ciddi insanlar olub. Və çoxunun da son həyat yoldaşları özlərindən çox gənc olub. Bu da yəqin onların taleyi imiş...

Davam edən ənənə

- İyunun 12-də Hacıbaba Bağırovun anadan olduğu gündür. Doğum və xatirə günlərini necə qeyd edirsiniz? 

- Hacının ölümündən sonra 17-18 ildir ki, bu ənənə davam edir: evdə yığışırıq. Hamı bilir ki, qapım açıqdır. Ad günü və xatirə günü yığışıb qəbri üstünə gedirik. 12 iyun - doğum günü və 4 oktyabr - xatirə günü bizim səhərimiz halva çalmaqla başlayır. Bir stəkan çay içib ruhunu yad edirik. Hacı xoşbəxt ailə başçısı idi. Elə bir gün yoxdur ki, mən ona rəhmət oxumayım...

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər