“Bu, mənim üçün çox qürurverici bir hiss idi” - UĞUR

Tağı Məmmədov: “Cənab Prezidentə mənimlə bağlı məlumat verildiyini görəndə, bir anlıq ürəyim sürətlə döyünməyə başladı, əllərim əsdi”.
“Televizorun qarşısında cənab Prezidentə mənimlə bağlı məlumat verildiyini görəndə, bir anlıq ürəyim sürətlə döyünməyə başladı, əllərim əsdi. Bu mənim üçün tamamilə gözlənilməz idi. Dərhal jurnalist Liu Xin xanıma yazaraq təşəkkür etdim və “məndən bəhs etmisiniz” dedim. O da cavabında “xoş oldu” yazdı. Bu an mənim üçün o qədər dəyərli və yaddaqalan oldu ki, ömrüm boyu unutmayacağam”.
Prezident İlham Əliyev aprelin 25-də Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Bu müsahibə zamanı jurnalist Liu Xin daha əvvəl tanış olduğu azərbaycanlı tələbə Tağı Məmmədovdan bəhs edib. Təsəvvür edin, uzaq Çində bir televiziya ekranında Prezident İlham Əliyev müsahibə verir, Azərbaycanın Çin ilə əlaqələri müzakirə olunur və müsahibənin sonunda sizdən bəhs edilir. Bu qürurverici anı yaşayan tələbə Tağı Məmmədov hisslərini, Çindəki fəaliyyətini, hadisənin pərdəarxasını “Kaspi” ilə bölüşür.
Tağı Qubada anadan olub. Orta məktəbi bitirdikdən sonra Xəzər Universitetində marketinq ixtisası üzrə təhsil alır. Daha sonra təhsilini magistr pilləsi üzrə Çində Pekin Texnologiya İnstitutunda biznesin idarə edilməsi fakültəsində davam etdirir. Hazırda isə sözügedən ölkədə Jiangsu Universitetində idarəetmə üzrə doktorantura təhsili alır.
“Çin dilinə çox az maraq var idi”
Onu Çinə aparan, bu ölkədə tarixi anı yaşamasına səbəb olan məqam isə Çin dilini öyrənmək istəyi olub: “Xəzər Universitetində təhsil aldığım dövrdə tələbələrə xarici dil seçimi təklif olunurdu. Seçdiyimiz dildə bir il təhsil almalı idik. Seçimlər arasında alman, ingilis, rus, Çin və bir neçə başqa dil var idi. Mən isə qərara gəldim ki, Çin dilini seçəcəyəm. Çünki bu dil mənə çox maraqlı gəlirdi. Çin mədəniyyəti ilə ilk tanışlığım da elə bu şəkildə başladı. Xatırlayıram ki, sinifdə cəmi 6-7 nəfər idik. Digər dillərə isə minimum 40, maksimum 100 tələbə yazılmışdı. Çin dili o zaman daha az tələbə tərəfindən seçilirdi. Əslində, Çin dilini seçərkən mənim də bu ölkə haqqında geniş məlumatım yox idi. Yeddi il əvvəl mənə desəydilər ki, Çin dilini öyrənəcək və Çində yaşayacaqsan, inanmazdım. Mən də bir çox gənc kimi Avropa və ABŞ-yə üz tutmağı xəyal edirdim. Amma hər zaman fərqli yolları sınaqdan keçirməyi sevmişəm. Dil seçimində də gördüm ki, əksər tələbələr eyni dilləri - ingilis, fransız, alman dillərini seçirlər. Çin dilinə isə çox az maraq var idi. Bu da mənim üçün maraqlı gəldi və seçdim. Üstəlik, dərsləri Konfutsi İnstitutunun müəllimləri - yəni çinlilər aparırdı. Bu, məni daha da cəlb etdi. Öz-özümə dedim ki, maraqlı təcrübə olar, bir il oxuyaram, sonra yoluma davam edərəm. Amma heç vaxt ağlıma gəlməzdi ki, məhz bu dil mənim həyatımın və karyeramın əsas istiqamətinə çevriləcək”.
“Çin mənim uğur hekayəmdir”
Tağı dil öyrənməklə kifayətlənməyib, Çinə yay məktəbinə də yollanıb: “Dil öyrənməyə başladıqdan sonra 2019-cu ildə “Bir kəmər, bir yol” layihəsi ilə yay məktəbi üçün Çinə getdim. Bu layihə Konfutsi İnstitutu tərəfindən həyata keçirilirdi. İnstitut Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərirdi. Konfutsi İnstitutunun müəllimlərindən biri bizə bu layihədə iştirakla bağlı təklif etdi. Dövlət tərəfindən təşkil olunan proqram olduğu üçün maraqlandım və müraciət etdim. O dövrdə Çinlə maraqlanan azərbaycanlı gənclərin sayı az idi. Xatırlayıram ki, yay məktəbinə sadəcə 15 azərbaycanlı tələbə seçilmişdi. Bu da qəbul şansımı artırırdı. Həmin il Xəzər Universitetindən biz üç nəfər tələbə olaraq layihəyə qatıldıq. Elə Çinlə ilk real tanışlığım da həmin səfərlə başladı. Orada çox böyük inkişaf və perspektivlər gördüm. Hiss etdim ki, mən burada həm karyeram, həm də şəxsi inkişafım baxımından daha böyük uğurlar əldə edə bilərəm. Yay məktəbi başa çatandan sonra Azərbaycana qayıtdım və Xəzər Universitetindən məzun oldum. Elə həmin ərəfədə də Çində magistratura təhsili almaq üçün müraciət etdim və Pekinə yollandım. Çinlə yaxından tanış olduqca anladım ki, bu ölkə mənim üçün sadəcə bir təhsil yeri deyil, həm də inkişaf və uğur platformasıdır. İndi qəti əminliklə deyə bilərəm ki, Çin mənim uğur hekayəmdir”.
“Liu xanımla əlaqə saxladım və ona təşəkkür etdim”
Bu hekayədə ən böyük motivasiyası isə bütün ölkədə müzakirə olunan o müsahibədə haqqında danışılmasıdır. Müsahibəni izlədiyi anı belə bölüşür: “Bir neçə ay əvvəl cənab Prezidentdən müsahibə alan jurnalist Liu Xin məni Çində qış iqtisadiyyatı ilə bağlı efirə müsahibəyə dəvət etmişdi. Orada tanışlığımız yaranmışdı. Müsahibədən öncə Azərbaycan haqqında məlumat verdiyim zaman dedi ki, tanıdığı ilk azərbaycanlıyam. Daha sonra Prezident İlham Əliyevin Liu Xinə verdiyi müsahibəni onun sosial şəbəkə hesabında gördüm. Liu Xin paylaşımında müsahibənin yayımlanacağı saatı da qeyd etmişdi. Bu müsahibə mənə çox maraqlı idi və televizoru açıb izləməyə başladım. Çünki müsahibədə Azərbaycan-Çin dostluğundan danışılırdı və mənim tanıdığım jurnalist ölkə lideri ilə söhbət edirdi. Müsahibənin artıq 20 dəqiqəsi keçmişdi. Birdən Liu Xin mənə tanış səslənən “Əslində, mən Çinə “Bir kəmər, bir yol” vasitəsilə yay düşərgəsinə gələn və burada qalan gənc insan tanıyıram. O, fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil alır, özü üçün yeni gələcək qurur” ifadəsini işlətdi və dərhal anladım ki, məndən danışır. Duyğulandım. Müsahibədən sonra Liu xanımla əlaqə saxladım və ona təşəkkür etdim. O da mənə təsdiqlədi ki, Prezidentə məndən bəhs edib. Bu, mənim üçün inanılmaz və çox qürurverici bir hiss idi. Düşünürəm ki, dünya, doğrudan da, çox balacadır. Çində ölkə başçısının verdiyi bir müsahibədə adımın çəkilməsi mənim üçün unudulmaz bir an oldu”.
“Videonu çəkib valideynlərimə göndərdim”
Tağının ailəsi üçün də bütün ölkədə oğlundan danışılması sürpriz olub: “Ailəm əvvəlcə bu barədə məlumatlı deyildi. Sadəcə bildirmişdim ki, cənab Prezidentlə müsahibə edən jurnalist mənimlə də müsahibə aparıb. O müsahibəni sosial şəbəkələrdə paylaşmışdım, çünki Liu Xin Çində tanınan və uğurlu jurnalistdir. Valideynlərim müsahibəyə baxmamışdılar, çünki ingilis dilində idi və Çin televiziyasında yayımlanırdı. Videonu çəkib valideynlərimə göndərdim və dedim ki, məndən bəhs edirlər. Onlar çox qürurlandılar. Bu hadisə ortaya çıxandan sonra valideynlərimə çoxlu təbriklər gəldi. Hər kəs zəng edib təbrik edirdi. Bu, valideynlərim və iki bacım üçün çox sevindirici və qürurverici bir an idi”.
“Çində ağız dadımıza uyğun yeməklər var”
Həmsöhbətimiz deyir ki, Çində özünü Azərbaycanda olduğu kimi güvəndə hiss edir: “Təbii ki, ilk dəfə yeməklər və fərqli mədəniyyət mənim üçün çox təəccüblü idi. Azərbaycan və Çin mətbəxi arasında böyük fərqlər var. Amma bir müddət sonra başa düşdüm ki, Çin mətbəxi də olduqca zəngindir və burada ağız dadımıza uyğun yeməklər tapmaq mümkündür. Özümə uyğun yeməkləri tapdım və adaptasiya oldum. Məni təəccübləndirən ikinci məqam isə insanların enerjisi oldu. Yaşından asılı olmayaraq, buradakı insanlar çox aktivdirlər. Məsələn, küçədə 70 yaşlı bir xanımı görürsünüz, amma o, velosiped sürür və çox gümrah görünür. Ümumiyyətlə, insanlar çox pozitivdir, bir-birinin üzünə gülümsəyir, küçələr sakit və təhlükəsizdir. Burada elektriklə işləyən nəqliyyat vasitələrinin sayı çox olduğuna görə küçələrdə motor səsləri demək olar ki, eşidilmir. Bu, şəhər atmosferinə sakitlik və rahatlıq qatır. Ən önəmlisi isə, təhlükəsizlikdir. İstənilən saatda küçəyə çıxmaq mümkündür. Özümü burada öz ölkəmdə olduğum kimi güvəndə hiss edirəm”.
“Məqsədim Azərbaycan və Çin arasında bir körpü yaratmaqdır”
Gələcək planlarından danışan həmsöhbətimiz bildirir ki, təhsilini bitirdikdən sonra Azərbaycan və Çin arasında dostluq əlaqələrinin inkişafı, investisiya münasibətlərinin qurulması sahəsində tədqiqatlar aparmaq niyyətindədir: “Düşünürəm ki, Azərbaycan və Çin dostluğu günü-gündən möhkəmlənir. Cənab Prezidentin son səfəri bunu bir daha sübut etdi. Çin-Azərbaycan münasibətləri artıq sabit və möhkəm bir bazaya əsaslanır. Gənclər üçün bu ölkədə çox sayda imkanlar mövcuddur. Xüsusilə, bu sahədə ixtisaslaşmış kadrların sayının az olduğunu nəzərə alsaq, gələcəkdə bu istiqamətdə fəaliyyət göstərmək istəyənlər üçün böyük potensial var. Əsas məqsədim Azərbaycan və Çin arasında bir körpü yaratmaqdır. Həm Azərbaycan mədəniyyətini Çində tanıtmaq, həm də Çin mədəniyyətini Azərbaycana tanıtmaq istəyirəm”.
Əgər Çində yaşamaq istəyirsənsə...
Tağı Məmmədov sonda vurğuladı ki, Çində yaşamaq və təhsil almaq istəyirsənsə, əvvəlcə bu ölkəni sevməlisən: “Gedim, sadəcə pul qazanım” düşüncəsi ilə gələnlər üçün bu, asan olmur. Mətbəxi və mədəniyyəti bizimkilərdən çox fərqlidir. Fərqli mədəniyyətlərlə qarşılaşmağa hazır olmayan biri üçün bu, çətin təcrübə ola bilər. Amma əgər bu ölkəyə və onun mədəniyyətinə maraqla yanaşırsansa, burada çox şey qazanmaq mümkündür. Çin həm fərqli, həm də özünəməxsus gözəllikləri olan bir ölkədir. Burada təhsil alan bir çox dostum var. Bəziləri burada qalmağı seçdi, bəziləri isə məzuniyyət gününü səbirsizliklə gözlədi. Burada yaşamaq və uyğunlaşmaq mümkündür - əsas odur ki, niyyətin və marağın güclü olsun”.
Aygün ƏZİZ
