• şənbə, 19 Sentyabr, 06:40
  • Baku Bakı 23°C

“Mənim üçün əsas olan elmdə iz qoymaqdır” - MÜSAHİBƏ

19.09.26 02:57 26
“Mənim üçün əsas olan elmdə iz qoymaqdır” - MÜSAHİBƏ

Professor Abdulla Sofiyev: “Reytinqlər dəyişə bilər, istinadların sayı zaman keçdikcə arta və ya azala bilər, lakin elmə qazandırılan orijinal fikir, metod və ya nəticə qalıcıdır. Bununla yanaşı, yetişdirdiyiniz tələbələrin və gənc tədqiqatçıların uğurlu olduğunu görmək də xüsusi xoşbəxtlikdir”.

Dünyanın ən nüfuzlu alimlərinin yeni reytinqində azərbaycanlı alimin də adı yer alıb. Research.com platformasının 2025/2026-cı il üzrə hazırladığı “Best Scientists in the World” siyahısında professor Abdulla Sofiyev mexanika və aerokosmik mühəndislik (“Mechanical and Aerospace Engineering”) sahəsində Azərbaycandan reytinqə düşən alimlər arasında birinci yerdə qərarlaşıb. İstanbul Ticarət Universitetinin professoru A.Sofiyevin mexanika və aerokosmik mühəndislik istiqamətində göstəriciləri kifayət qədər ciddi elmi nəticə kimi qiymətləndirilir. Alim özü isə bu nəticəni yalnız şəxsi uğur kimi deyil, uzun illərə dayanan elmi əməyin, güclü təhsil bazasının, ardıcıl çalışmaların, müxtəlif ölkələrdə əldə etdiyi elmi təcrübələrin və güclü beynəlxalq əməkdaşlıqların təbii nəticəsi kimi görür.

“Çox çalışsan, yaxşı alim ola bilərsən…”

- Professor, “Research.com”un dünyanın ən nüfuzlu alimlərini əhatə edən reytinqində azərbaycanlı alimlər arasında ilk pillədə yer almağınız münasibətilə sizi təbrik edirik! Bu nəticə sizin üçün nə ifadə edir? 

- Əvvəla, səmimi təbrikiniz üçün çox təşəkkür edirəm! Bu, mənim üçün böyük şərəfdir. Elmi fəaliyyətim əsasən tətbiqi riyaziyyat, nəzəri və tətbiqi mexanika, kompozit və nanokompozit konstruksiyaların stabilliyi və vibrasiya problemləri üzərində cəmlənir. İllər ərzində eyni elmi istiqamətdə ardıcıl şəkildə çalışmaq, beynəlxalq nəşrlərdə dərc edilmək və bu işlərə dünya miqyasında istinadların edilməsi bu nəticənin əsasını təşkil edib.

Mənim üçün ən dəyərli olan tədqiqatlarımızın digər tədqiqatçılar tərəfindən istifadə edilməsi və elmin inkişafına töhfə verməsidir. Dünyanın müxtəlif ölkələrindən bir çox gənc həmkarım işlərimi yaxından izləyib, inkişaf etdirdiyim analitik həlləri kompüter dəstəkli üsullarla genişləndirərək yeni nəticələr əldə ediblər. Mən yüksək istinad saylarını yalnız rəqəmsal uğur kimi deyil, tədqiqatların elmi ictimaiyyət tərəfindən istifadə edildiyinin, inkişaf etdirildiyinin və yeni araşdırmalara ilham verdiyinin göstəricisi kimi qiymətləndirirəm.

İstedad və səylər

- Alim olmaq xəyalınız necə başladı? Bugünkü elmi istiqamətinizin formalaşmasında hansı dövrlər və hansı insanlar həlledici rol oynayıb?

- Universitetin ilk illərində bütün fənlərimdən əla qiymətlər aldıqdan sonra gələcəkdə yaxşı bir alim olmağı ciddi şəkildə xəyal etməyə başladım. Riyazi analiz müəllimim professor Malik Cəbrayılov məndəki bu qabiliyyəti görərək, “çox çalışsan, gələcəkdə yaxşı alim ola bilərsən”- deyə məni həvəsləndirdi. Təhsilim riyaziyyat əsaslı olsa da, doktorantura təhsilimdə (aspiranturada) tale məni görkəmli mexanik-alim, professor Vaqif Hacıyevlə qarşılaşdırdı. Beləliklə, doktorantura təhsilimi sırf riyaziyyat üzrə deyil, mexanika sahəsində davam etdirdim. Bu, elmi həyatımda ən mühüm istiqamət dəyişikliklərindən biri idi. Mexanika üzrə bazam hələ istədiyim səviyyədə deyildi. Zamana ehtiyacım var idi və hərbi xidmət işimə yaradı.
Həmin dövrün şərtlərinə görə doktoranturaya başlamazdan əvvəl hərbi xidmət keçmək məcburi idi. Hərbi xidmət zamanı gecə növbələrindən qalan vaxtlarda mexanika öyrənərək bu çatışmazlıqlarımı aradan qaldırmağa çalışdım. Bu gün geriyə baxanda görürəm ki, elmi həyatımın təməlində yalnız istedad deyil, çatışmayan sahəni dərk edib onu çox çalışaraq tamamlamaq səyi də mühüm yer tutur. Mən hər şeydə birinci idim. Hər zaman oxumağım, öyrənməyim mənə uğur qazandırdı. 

- Bəs valideynlərinizin qazandığınız uğurlarda nə qədər dəstəyi vardı?

- Elmi inkişaf heç vaxt təkbaşına gedilən proses deyil. Qarşımızı açan, güvən verən və çətin zamanlarda yanımızda olan insanların töhfəsi son dərəcə dəyərlidir. Xüsusilə doktorantura təhsilim zamanı mərhum anam və atamın göstərdikləri böyük fədakarlığı ayrıca vurğulamaq istərdim. Hələ bakalavr tələbəsi olduğum vaxt məhdud imkanlarına baxmayaraq, atam cib xərcliyimdən əlavə riyaziyyat kitabları almağım üçün ayrıca pul göndərirdi. Həmin illərdə bu, mənim üçün yalnız maddi dəstək deyildi, eyni zamanda oxumağa, öyrənməyə və elmə yönəlməyim baxımından verilmiş çox güclü təşviq idi. Anamın və atamın maddi və mənəvi dəstəyi, səbrləri və mənə olan inamları elmi yolçuluğumun ən güclü dayaqlarından biri oldu. Bu gün geriyə baxanda əldə etdiyim uğurlarda onların əməyinin və fədakarlığının çox böyük payı olduğunu daha yaxşı görürəm.

Almaniyada Karlsrue Universitetində müxtəlif dövrlərdə əldə etdiyim təcrübələrin də mənim üçün mühüm yeri var. Türkiyəyə gəldikdən sonrakı ilk illərim isə düşüncə dünyam baxımından ayrıca əhəmiyyət daşıyır. Artıq 30 ildən çoxdur ki, Türkiyədə çalışıram. Bu illər ərzində mənə dəstək olanlara hörmət və sayğı ilə yanaşdım, amma heç kimin qulu olmadım. 

Elmə uzunmüddətli və ardıcıl dövlət siyasəti kimi yanaşılmalıdır 

- Türkiyədə elmi fəaliyyətlə məşğul olmağınız sizə Azərbaycan və Türkiyənin elmi mühitlərini müqayisə etmək imkanı verir. Bu iki ölkənin elm sistemi arasında hansı əsas fərqləri görürsünüz? 

- Türkiyədə universitetlərin sayının, tədqiqat infrastrukturunun, layihə dəstəklərinin və beynəlxalq nəşr təcrübəsinin daha geniş miqyasda inkişaf etdiyini deyə bilərəm. Xüsusilə TÜBİTAK kimi qurumların layihə mədəniyyətinin formalaşmasında, gənc tədqiqatçıların dəstəklənməsində və universitet-sənaye əməkdaşlığının inkişafında mühüm rolu var.

Azərbaycanda isə çox güclü elmi ənənə, yaxşı yetişmiş tədqiqatçılar və xüsusilə riyaziyyat, mexanika, fizika, kimya və mühəndislik sahələrində ciddi potensial var. Məncə, əsas məsələ bu potensialın daha sistemli şəkildə dəstəklənməsi və beynəlxalq elm dünyası ilə daha güclü şəkildə inteqrasiya edilməsidir.

Azərbaycanın dünya elm arenasındakı mövqeyini gücləndirmək üçün rəqabətə əsaslanan tədqiqat fondlarının artırılması, gənc alimlərin uzunmüddətli şəkildə dəstəklənməsi, güclü tədqiqat qruplarının və mərkəzlərinin yaradılması, beynəlxalq birgə layihələrin təşviq edilməsi və uğurlu alimlərin ölkədəki universitetlərlə daha fəal şəkildə əlaqələndirilməsi lazımdır. Bundan əlavə, qiymətləndirmə sistemlərində yalnız nəşrlərin sayına deyil, tədqiqatın keyfiyyətinə, beynəlxalq təsirinə, istinad səviyyəsinə, patentə və texnologiyaya çevrilmə potensialına da əhəmiyyət verilməlidir.

Mən Azərbaycanın insan resursları baxımından bu sıçrayışı həyata keçirə biləcək potensiala malik olduğuna inanıram. Əsas məsələ elmə uzunmüddətli və ardıcıl dövlət siyasəti kimi yanaşılmasıdır.

“Xaricə beyin köçü”, yoxsa “xaricdən elmi bilik axını”?

- Azərbaycanlı alimlərin xaricdə çalışması sizcə, “beyin axını” kimi qiymətləndirilməlidir, yoxsa əksinə, ölkənin elmi potensialının dünyaya çıxışı kimi?

- Məncə, azərbaycanlı alimlərin xaricdə çalışmasını yalnız “beyin köçü” ilə izah etmək olmaz. Bunun tarixi səbəblərini də nəzərə almaq lazımdır. Sovet İttifaqının dağılmasından sonra Azərbaycandan güclü alim miqrasiyası baş verdi. Həmin dövrdə bir çox tədqiqatçı elmi fəaliyyətini davam etdirmək üçün lazımi iş mühitini, laboratoriyanı və akademik imkanları inkişaf etmiş ölkələrdə axtarmağa məcbur oldu.

Bütün çətinliklərə baxmayaraq, bu alimlərin böyük əksəriyyəti getdikləri ölkələrdə ayaqda qalmağı və uğur qazanmağı bacardı. Hətta onların bir qismi çalışdıqları universitet və tədqiqat mərkəzlərində elmi baxımdan aparıcı, bir növ lokomotiv rolunu oynayan tədqiqatçılara çevrildilər. Bu, Azərbaycanın malik olduğu insan resurslarının gücünü də göstərir.
Lakin bu köçün ölkə elminə zərər vurduğunu da qəbul etmək lazımdır. Elmdə nəsillər arasında formalaşmış ənənəvi əlaqə əhəmiyyətli dərəcədə qırıldı. Ölkədə qalan bir çox alim üçün müəyyən dövrdə prioritet elmi fəaliyyət deyil, həyat mübarizəsi oldu. Beynəlxalq elmi mühitdən və elmin mətbəxindən uzaqlaşmaq da təbii olaraq tədqiqat fəaliyyətinin zəifləməsinə səbəb oldu. Bu gün belə həmin dövrün bəzi təsirlərini hiss edirik.

Son illərdə isə Azərbaycanda elmin yenidən gücləndirilməsi, orijinal tədqiqatların ortaya çıxarılması və beynəlxalq inteqrasiyanın artırılması istiqamətində mühüm islahatlar və yeni axtarışlar görürük. Xüsusilə xaricdə çalışan azərbaycanlı alimlərin ölkə ilə birgə layihələr, nəşrlər, tələbə yetişdirilməsi və elmi məsləhətçilik vasitəsilə daha fəal əməkdaşlıq qurması müsbət tendensiyadır. Bu səbəbdən bu gün məsələyə yalnız “xaricə beyin köçü” kimi deyil, eyni zamanda “xaricdən Azərbaycana elmi bilik, təcrübə və əməkdaşlıq axını” kimi də baxmaq lazımdır. Əgər bu əlaqə düzgün qurularsa, bundan ən böyük faydanı gənc tədqiqatçılar görəcək. 

“Gənc alimlərə səbirli olmalarını tövsiyə edərdim” 

- Gənc bir azərbaycanlı tələbə sizə “alim olmaq istəyirəm, haradan başlayım?” deyə müraciət etsəydi, ona ilk növbədə nə tövsiyə edərdiniz?

- Ona ilk olaraq möhkəm təməl yaratmasını tövsiyə edərdim. İxtisas sahəsinin əsas bilikləri möhkəm olmadan davamlı elmi uğur əldə etmək çətindir. Bununla yanaşı, yaxşı səviyyədə ingilis dili öyrənmək, beynəlxalq ədəbiyyatı müntəzəm izləmək, proqramlaşdırmaya və müasir hesablama üsullarına yiyələnmək bu gün artıq seçim deyil, zərurətdir.

İkincisi, yaxşı elmi məsləhətçi və düzgün tədqiqat mühiti tapmasını tövsiyə edərdim. Gənc tədqiqatçının ilk illərində kiminlə çalışdığı, hansı elmi mədəniyyət daxilində yetişdiyi və hansı problemlərə yönəldiyi gələcəkdəki elmi kimliyini böyük ölçüdə müəyyənləşdirir.

Digər mühüm məqam budur: elm düzxətli inkişaf etmir. Müəyyən dövrlərdə müxtəlif sahələrdə formalaşan bilik toplusu bir neçə il sonra elmin yeni istiqamətlərini və prioritetlərini müəyyən edə bilər. Xüsusilə fənlərarası tədqiqatlar bəzən bir elm sahəsinin inkişaf istiqamətini tamamilə dəyişə bilər. Gənc tədqiqatçı yalnız bu gün populyar olan mövzulara deyil, sabah hansı problemlərə yönələcəyinə də baxa bilməlidir.

Buna nail olmağın yollarından biri nüfuzlu beynəlxalq konfranslarda iştirak etmək və ya ən azı bu konfranslarda təqdim olunan işləri yaxından izləməkdir. Çünki elmi məqalələr dərc edildikdə çox vaxt tədqiqatın müəyyən mərhələsi tamamlanmış olur; konfranslarda isə yeni ideyaların hansı istiqamətə getdiyini daha erkən görmək mümkündür.

Eyni şəkildə, müəyyən elmi yetkinliyə çatdıqdan sonra beynəlxalq jurnallarda rəyçi kimi fəaliyyət göstərmək də son dərəcə dəyərlidir. 

Sonda isə onlara səbirli olmalarını tövsiyə edərdim. Elmdə məqsəd yeni bir şey söyləmək və öz elmi xəttini formalaşdıra bilmək olmalıdır. Dünyadakı inkişafı izləyən və elmin mətbəxindən uzaqlaşmayan gənc tədqiqatçının beynəlxalq səviyyədə uğur qazanmaq şansı çox yüksəkdir.

- Sizcə, alim üçün ən böyük mükafat nədir: yüksək reytinq, çoxsaylı istinadlar, yeni elmi kəşf, yoxsa yetişdirdiyi tələbələrin uğuru?

- Məncə, bir alim üçün ən böyük mükafat həqiqətən yeni və qalıcı elmi nəticə ortaya qoya bilməkdir. Çünki reytinqlər dəyişə bilər, istinadların sayı zaman keçdikcə arta və ya azala bilər, lakin elmə qazandırılan orijinal fikir, metod və ya nəticə qalıcıdır. Bununla yanaşı, yetişdirdiyiniz tələbələrin və gənc tədqiqatçıların uğurlu olduğunu görmək də xüsusi xoşbəxtlikdir. Yüksək reytinqlər və çoxsaylı istinadlar, əlbəttə ki, aparılan tədqiqatların beynəlxalq səviyyədə qarşılıq tapdığını göstərir və insanı motivasiya edir. Lakin mənim üçün əsas olan elmdə iz qoymaq və özümdən sonra da davam edəcək bir elmi məktəb və tədqiqat mədəniyyəti yarada bilməkdir.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər