• şənbə, 28 Noyabr, 06:34
  • Baku Bakı 7°C

"Teatr insanın vicdanına toxunmaq sənətidir" - MÜSAHİBƏ

28.11.26 01:49 56
"Teatr insanın vicdanına toxunmaq sənətidir" - MÜSAHİBƏ

Əlisahib Cəlili: “Sənətdə paytaxt və bölgə anlayışları arasında sərhəd qoymağın tərəfdarı deyiləm. Çünki istedadın da, yaradıcılığın da konkret coğrafiyası yoxdur”.

Gənc və istedadlı rejissor Əlisahib Cəlili sənətə öz baxışı, yaradıcılıq axtarışları və səhnəyə gətirdiyi fərqli yanaşma ilə seçilən rejissorlardandır. Onunla fəaliyyət göstərdiyi Mingəçevir Dram Teatrında görüşdük. Hazırda Yusif Səmədoğlunun “Qətl günü” romanının motivləri əsasında “Ölümünüz xeyir” tamaşasını hazırlayır. Tamaşanın adı kimi mövzusu da ağırdır. Çünki söhbət ölümdən yox, ölümsüz qalan xeyirdən gedir...  

- Sizi tanımayanlar üçün kimdir Əli Sahib Cəlilov?  

- Əlisahib Cəlilov teatrı sadəcə peşə deyil, düşüncə və həyat tərzi hesab edən bir insandır. Özünü hələ də axtaran, öyrənən, səhvlərindən nəticə çıxaran gənc rejissordur. Mənim üçün teatr yalnız tamaşa hazırlamaq deyil. Teatr insanın vicdanına toxunmaq, onu düşündürmək, bəzən narahat etmək, bəzən də öz həqiqətləri ilə üz-üzə qoymaq sənətidir. 

“Mənim üçün teatr düşüncə və yaradıcılıq azadlığıdır”

- Bakıda qalıb karyera qurmaq varkən, niyə məhz Mingəçevir? Bu risk idi, yoxsa sevda?  

- Mənim üçün əsas məsələ ilk gün hansı hissləri keçirməyim deyil, buradan ayrılarkən səhnədə hansı yaradıcı iz qoyacağımdır. Mingəçevir Dövlət Dram Teatrına Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində gəlmişəm. Bu, fərqli yaradıcı mühitlə tanış olmaq, aktyorlarla qarşılıqlı təcrübə mübadiləsi aparmaq və yeni səhnə axtarışlarına çıxmaq baxımından maraqlı təcrübədir. Ümumiyyətlə, sənətdə paytaxt və bölgə anlayışları arasında sərhəd qoymağın tərəfdarı deyiləm. Çünki istedadın da, yaradıcılığın da konkret coğrafiyası yoxdur. Risk idi, yoxsa sevdaya gəlincə isə, düşünürəm ki, sənətdə sevgi olmayan yerdə riskin mənası yoxdur. Mənim üçün teatr bir məkan deyil. Düşüncə və yaradıcılıq azadlığıdır. Hazırda Yusif Səmədoğlunun “Qətl günü” romanının motivləri əsasında “Ölümünüz xeyir” tamaşasını hazırlayıram. Tamaşa magik realizm və fəlsəfi qrotesk elementləri üzərində qurulub. Əsas mövzumuz insanın mənəvi ölümü, vicdanın susması, qorxu və itaət məsələləridir. Biz səhnədə bir suala cavab axtarırıq: insan fiziki olaraq yaşayırsa, bu, onun həqiqətən diri olduğu anlamına gəlirmi? İstəyirəm ki, bu tamaşa yalnız izlənilməsin, həm də tamaşaçını düşündürsün.  Yaddaşında müəyyən iz buraxsın.

“Tamaşaçı teatra yalnız alqışlamaq üçün gəlməməlidir”

- Deyirlər teatr ölüb. Siz necə fikirləşirsiz, teatr ölüb, yoxsa biz tamaşaçını itirmişik? 

- Teatr ölsəydi, bu gün onun ölüb-ölmədiyini müzakirə etməzdik. Sadəcə, bəzən teatr zamanla ayaqlaşmaqda çətinlik çəkir. Biz tamaşaçını itirdiyimizi deyirik, amma özümüzə bir sual vermirik: tamaşaçını itirmişik, yoxsa onu cəlb edə biləcək teatrı yarada bilmirik? Məncə, tamaşaçını teatra qaytarmaq üçün ilk növbədə teatrın özü dəyişməlidir. Bu, klassikadan imtina etmək, yaxud səhnəni ucuz əyləncə məkanına çevirmək demək deyil. Əksinə, teatr öz bədii səviyyəsini qorumaqla müasir insanın düşüncəsinə, problemlərinə və mənəvi dünyasına toxunmağı bacarmalıdır. İnsanları telefondan zorla ayırmaq mümkün deyil. Amma elə bir tamaşa qoymaq olar ki, insan iki saat ərzində telefonuna baxmağı unutsun. Tamaşaçı teatra yalnız alqışlamaq üçün gəlməməlidir. O, bəzən narahat olmalı, düşünməli, özünü sorğulamalıdır. Teatr ölməyib. Sadəcə, bəzən biz onun yaşadığını sübut etmək üçün cəsarətli ola bilmirik.   

- Tamaşaçını itiməyin günahı kimdədir? 

-    Əvvəlcə bir həqiqəti qəbul etməliyik: Azərbaycan cəmiyyəti ümumilikdə teatra kütləvi şəkildə üz tutan cəmiyyət deyil. Xalqımızın əksər nümayəndələri musiqiyə, toya, şifahi söz sənətinə, məclis mədəniyyətinə daha çox bağlıdır. Teatr isə müntəzəm tamaşaçı vərdişi, estetik maraq, düşünmək və sənətlə davamlı ünsiyyət tələb edir. Bu vərdişin formalaşması üçün isə təkcə teatrın mövcudluğu kifayət etmir, ailədən, məktəbdən başlayan sənət tərbiyəsi lazımdır. Məktəb uşağa teatr sevgisi aşılamalı, televiziya sənətə maraq yaratmalı, teatr isə tamaşaçıya yeni düşüncə və estetik təcrübə təqdim etməlidir. Təəssüf ki, bu üç istiqamət arasında arzuladığımız bağlılıq həmişə qurulmur. 

“Əyalət təfəkkürlü teatr anlayışını qəbul etmirəm”

- Bəzi gənc aktyorlar və rejissorlar əyalət teatrına getməkdən boyun qaçırırlar. Çünki ev, maaş problemi var... Belə bir durumda aktyoru Mingəçevir teatrında saxlayan nədir?  

- Əlbəttə, sosial və maddi məsələlər yaradıcı insanın seçimlərinə təsir göstərir. Bunu inkar etmək olmaz. Aktyorun və rejissorun normal yaşayış şəraitinə malik olması yaradıcılıq prosesinin də keyfiyyətinə təsir edir. Amma bu, təkcə Mingəçevir teatrına aid məsələ deyil. Ümumilikdə region teatrlarının inkişafı üçün həm sosial təminat, həm də  yaradıcılıq imkanları vacibdir...

- Bakıdan sonra region teatrında rejissorluq etmək fəaliyyətinizə və bədii azadlığınıza necə təsir edir? 

- Mənim üçün əyalət teatrı anlayışı var, amma əyalət təfəkkürlü teatr anlayışını qəbul etmirəm. Çünki sənətin coğrafiyası ola bilər, düşüncəsinin isə sərhədi olmamalıdır. Bakı ilə region teatrları arasında müəyyən imkan və şərait fərqlərinin olması təbiidir. Amma rejissor olaraq yaradıcılığımı məkanın imkanlarına deyil, sənətin imkanlarına əsaslandırmağa çalışıram. 

- Bölgələrdə teatra gələn tamaşaçı ilə Bakı tamaşaçısı arasında hansı mental və estetik fərqləri hiss edirsiniz? 

- Mən tamaşaçını Bakı və bölgə tamaşaçısı olaraq kəskin şəkildə ayırmağın tərəfdarı deyiləm. Çünki insanın sənəti qavramaq qabiliyyətini onun yaşadığı coğrafiya müəyyən etmir. Amma müəyyən mental və estetik fərqlərin olduğunu da inkar etmək olmaz. Bakı tamaşaçısını müxtəlif teatr üslubları və eksperimental səhnə formaları ilə qarşılamaq imkanları daha genişdir. Bölgələrdə isə tamaşaçı çox zaman daha aydın hadisəyə, səmimi aktyor oyununa və emosional təsirə üstünlük verir. Əsas məsələ rejissorun öz fikrini hansı səhnə dili ilə çatdırmasıdır. Bir həqiqəti də qəbul etməliyik: biz cəmiyyət olaraq hələ teatrı gündəlik mənəvi ehtiyac səviyyəsinə qaldıra bilməmişik. Teatra getmək bir çox insan üçün həyat tərzinə çevrilməyib. Bunun səbəbini yalnız tamaşaçıda axtarmaq düzgün deyil. Teatr özü də tamaşaçı ilə münasibətlərini yenidən düşünməli, onu təəccübləndirməyi, düşündürməyi və yenidən teatra qaytarmağı bacarmalıdır. 

“Böyük dramaturgiyaya məsuliyyətsiz yanaşmaq istəmirəm”

- Səhnələşdirmək istədiyiniz elə əsər var ki, hələ ki, ona toxunmağa cəsarət etmirsiniz, və ya doğru zamanı gözləyirsiniz?

- Əlbəttə, hər rejissorun yaradıcı yaddaşında səhnəyə gətimək istədiyi əsərlər var. Amma düşünürəm ki, bəzi əsərlərə yalnız istək kifayət etmir. Onların öz zamanı, yaradıcı mühiti və hazırlıq mərhələsi olmalıdır. Mən əsərdən qorxmaq anlayışını qəbul etmirəm. Sadəcə, böyük dramaturgiyaya məsuliyyətsiz yanaşmaq istəmirəm. 

Nisə Rafiqqızı 

 

banner

Oxşar Xəbərlər