“Uduzanda da, udanda da atam alnımdan öpərdi” - PEŞƏKAR

Ülkər Umudova: “Mən deyəndə ki, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə qəbul olmaq istəyirəm, heç kim inanmırdı. Hətta bir müəllimim məni hazırlaşdırmaqdan imtina etdi. Amma qəbul oldum. Vunderkind deyildim, sadəcə o vaxt anladım ki, beynim çox yaxşı işləyir. Şahmatdan əvvəl bu cür deyildi. Deməli, şahmat beynimi ciddi şəkildə inkişaf etdirmişdi”.
Uduzmaqdan qorxmayıb. Çünki qələbə qazananda da, uduzanda da atasının dəstəyini hiss edib. Deyir ki, atam qalib gələndə “afərin”, uduzanda isə “heç nə olmaz, gələn dəfə udarsan”, - deyirdi. Bu yanaşma onu işinə daha çox bağlanmağa, çalışmağa sövq edib. Elə bunun nəticəsidir ki, bu gün adını Azərbaycan şahmat tarixinə yazdıra bilib. Müsahibimiz şahmat üzrə beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi, keçmiş şahmatçı, Azərbaycanda yeganə FPL mütəxəssisi (şəffaf oyun təmin edilməsi üzrə) və FIDE-nin Qadın Komissiyasının üzvü Ülkər Umudovadır.
“Uşağa “cəhd et, bacararsan” demək lazımdır”
- Ülkər xanım, müsahibələrinizdən birində uşaqlıqda şahmatı sevmədiyinizi demisiniz. Bəs, bu sevgi necə yarandı?
- Bəli, şahmatla bağlı verilişlərə baxır, amma heç vaxt şahmatla məşğul ola biləcəyimi düşünmürdüm. Çünki bir dəfə oyunu öyrənmək qərarına gəldim. Veriliş bitənə qədər bütün gedişləri izləyir, əzbərləməyə çalışırdım. Amma heç nə başa düşmədim. Bunu bacara bilməyəcəyimə özümü inandırdım. Bir müddət sonra, təxminən 11-12 yaşımda, bacılarımı şahmat məktəbinə yazdırdıq və mən böyük olduğum üçün onları dərsə aparıb, gətirirdim. Bacılarımın dərslərinə nəzarət edərkən mən də şahmata maraq göstərməyə və öyrənməyə başladım. Onların dərslərini dinləyir, tapşırıqlarını edirdim. Hətta bacılarımın ilk dəfə yarışa qatılacaqları vaxt müəllim atama dedi ki, Ülkər də getsin. Atam təəccübləndi və dedi ki, axı, Ülkər şahmat oynamır. Müəllim isə, “o artıq şahmatı bilir”, - dedi və mən də bacılarımla yarışlara qatıldım.
- Şahmat ilk baxışda çox uşağa mümkünsüz görünür. Bu təcrübəni yaşayan və sonra bu sahədə seçilən biri kimi sizcə, bu mərhələni necə adlamaq olar?
- Əgər bir az maraq və səbir varsa, mərhələ-mərhələ bu çətinliklər aradan qalxır. Şahmatda ilk addımlar çox həlledicidir. Əgər bu mərhələdə düzgün istiqamətləndirmə və motivasiya olarsa, uşaq davam etmək istəyir. Məncə, uşağa “bacarmazsan” yox, “cəhd et, bacararsan” demək lazımdır. İstək, mühit və dəstək bir araya gələndə hər şey mümkündür.
“Şahmatda dayandınsa, geriləyirsən”
- Şahmata bacılarınızdan gec başlamısınız. Ümumiyyətlə, gec yaşda başlamanın mənfi tərəfi nədir?
- Ən pis tərəfi seçim məcburiyyətində qalmaqdır. Bir neçə il sonra ali təhsil, yoxsa şahmat sualı arasında qalırsan. Bacımla paralel yarışırdıq, amma o, məndən dörd yaş kiçik idi. Mən 11-ci sinifdə oxuyanda, o hələ yeddinci sinifdə idi. Universitetə hazırlaşmaq üçün şahmatdan bir il uzaqlaşmalı oldum. Təkrar qayıdanda isə hiss etdim ki, performansım əvvəlki kimi deyil. Beynəlxalq reytinqim – “Elo” göstəricim aşağı düşdü. Şahmat beynin idmanıdır. İdman isə fasilə qəbul etmir. Daim məşq və davamlılıq tələb edir. Şahmatda da dayandınsa, geriləyirsən.
- Hazırda şahmatçı uşaqlar yetişdirirsiniz. Şahmatın uşaqların inkişafında verdiyi faydalar nədən ibarətdir və neçə yaşdan başlaya bilərlər?
- Əgər valideynin istəyi və uşağın da marağı varsa, şahmata dörd yaşından başlamaq mümkündür. Bu yaşdan etibarən uşaq artıq fiqurları tanıyır, gedişləri başa düşür və oyunu sona qədər oynamağı bacarır. Yəni 4-5 yaş uşağın beyni buna açıq olur. Təbii ki, nə qədər erkən başlanılsa, inkişaf da bir o qədər güclü olur. Məsələn, 10 yaşlı uşaq şahmata yeni başlayıb bir ay məşğul olduqdan sonra yarışa qatılırsa, onunla beş yaşından bəri beş ildir bu sahədə olan uşağın arasında təbii ki, fərq olur. Həm təcrübə, həm də nəticə baxımından üstünlük erkən başlayanlardadır. Amma hər uşaq buna hazır olmur. Bəzən altı yaşlı uşaq şahmatı qavramaqda çətinlik çəkə bilər. Hər uşaq şahmatçı ola bilməz və bu, tam normaldır. İstedad məsələsinə gəldikdə isə, istedad əsasən birinci və ikinci dərəcə səviyyəsinə gəldikdən sonra özünü göstərməyə başlayır. O mərhələyə qədər uşağın sağlam psixologiyası, normal qavrama bacarığı və ailənin dəstəyi ilə yaxşı nəticələr əldə etmək mümkündür. Amma daha yüksək nəticələr üçün artıq istedad və fərdi bacarıq ön plana çıxır. Eyni zamanda, bəzən uşaqlar uğursuz başlanğıc səbəbilə şahmatdan soyuyurlar. Bu səbəbdən valideynlər ilk mərhələdə çox həssas və diqqətli yanaşmalıdırlar. Məqsəd uşağın çempion olması yox, bu oyunu sevərək öyrənməsidir. Çünki şahmat əvvəlcə oyun kimi başlayır, amma dərinə getdikcə rəqabət və çətinliklər artır. Bu isə davamlı məşq və motivasiya tələb edir.
- Şahmat insan beynini ən çox inkişaf etdirən sahələrdən sayılır. Hətta “şahmat oynayan insanların intuisiyası güclü olur”, - deyirlər. Maraqlıdır, şahmat xarakterinizə və gündəlik həyatınıza necə təsir edib?
- Bəli, şahmatdan sonrakı inkişafı hiss etmişəm. Orta məktəbdə əlaçı deyildim, 4-5-lə oxuyan orta səviyyəli şagird idim. Şahmata başladıqdan sonra yarışlar, intensiv məşqlər səbəbilə məktəbə ara verir, dərsləri buraxırdım. Bu da təhsilimə mənfi təsir edirdi. Qiymətlərim aşağı düşmüşdü. 11-ci sinfə başlayanda artıq universitetə hazırlaşmaq lazım idi. Amma çox geridə idim. Hamı illər əvvəl hazırlaşmağa başlamışdı, mənim isə cəmi bir il vaxtım var idi. Mən deyəndə ki, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə qəbul olmaq istəyirəm, heç kim inanmırdı. Hətta bir müəllimim məni hazırlaşdırmaqdan imtina etdi. Amma qəbul oldum. Mən vunderkind deyildim, sadəcə o vaxt anladım ki, beynim çox yaxşı işləyir. Bir materialı bir dəfə oxumaqla qavrayırdım. Şahmatdan əvvəl bu cür deyildi. Demək ki, şahmat beynimi ciddi şəkildə inkişaf etdirmişdi. İntuisiyaya gəlincə, mən onu aysberqə bənzədirəm. Altında dərin bilik və təcrübə dayanır. Şahmatda da bu belədir. Peşəkar olanda bəzi gedişləri intuitiv edirsən, amma bu, arxasında dayanan biliklərə əsaslanır. Bir neçə saniyə sonranı əvvəlcədən hiss edə bilirsən və bu da səni fərqləndirir.
“Bu, təkcə Azərbaycana aid məsələ deyil”
- Ülkər xanım, sizcə nə üçün şahmata qızların marağı istənilən səviyyədə deyil?
- Dünya Şahmat Federasiyasında (FIDE) Qadınlar Komissiyasının üzvüyəm və bu məsələ ilə yaxından tanışam. Məşqçi kimi fəaliyyət göstərdiyim məktəbdə də şahmata yazılanların 70 faizi oğlanlar, 30 faizi qızlardır. Qadınların şahmata marağının kişilərə nisbətən az olması təkcə Azərbaycana aid məsələ deyil, bu, qlobal tendensiyadır. Təəssüf ki, dünya şahmatında qadın şahmatçılar kişilərlə müqayisədə hələ də daha zəif mövqedədir. Top səviyyəli oyunçular arasında yalnız 1-2 qadın şahmatçı var ki, kişi şahmatçılara yaxın səviyyədə çıxış edir. Bu da ümumi balansın qeyri-bərabər olduğunu göstərir. Amma onu da qeyd etməliyəm ki, Azərbaycan bu baxımdan bir çox ölkədən irəlidədir. Bizdə qadınlar arasında şahmata maraq daha çoxdur. Elə ölkələr var ki, qadın şahmatı demək olar ki, yoxdur. Məsələn, olimpiadalarda 200-dən çox ölkə kişi komandası ilə iştirak edir, amma qadın komandaları yalnız 140-150 ölkədən gəlir. 30-40 ölkə ümumiyyətlə qadın komanda göndərmir. Bu səbəbdən də FIDE səviyyəsində qadın şahmatının inkişafı və təbliği üçün xüsusi layihələr həyata keçirilir. Məqsəd xanımların bu idman növünə cəlb olunması və onlara bərabər imkanların yaradılmasıdır.
- Siz dünyanın ən gənc şahmat hakimlərindən biri və eyni zamanda beynəlxalq dərəcəli ilk azərbaycanlı qadın hakim kimi tarixə düşmüsünüz. Bu titula sahib olmağın məsuliyyəti nədir? Geriyə dönüb başladığınız nöqtəyə baxanda nə düşünürsünüz?
- Bu həm qürurverici, həm də böyük məsuliyyətdir. Hakimliyə gəlişim isə bir seçim nəticəsində baş verdi. Əvvəlcə lokal yarışlarda könüllü kimi iştirak edirdim və bu prosesdən zövq almağa başladım. Tədricən rəsmi hakim kimi fəaliyyətə başladım. Beynəlxalq dərəcəli hakim olmaq isə o vaxtlar mənə əlçatmaz bir xəyal kimi gəlirdi. Amma məqsəd qoydum və addım-addım irəlilədim. Bu arada paralel şəkildə məşqçilik fəaliyyətinə də başladım. Yəni həm şahmatı təbliğ edir, həm də təşkilati və idarəçilik tərəfdə yer alırdım. Geriyə baxanda düşünürəm ki, bacılarımla birlikdə şahmata başlamağım, sonra da bu yola davam etməyim təsadüfi deyilmiş. Hər mərhələnin öz rolu olub və bu günə qədər formalaşmağımda böyük payı var.
- Hakimlik sizin üçün bir məqsəd idi, amma məşqçilik ilkin planda yox idi. Bəs bu sahəyə necə başladınız?
- Doğrudur, məşqçilik heç vaxt əsas planlarımda olmayıb. Amma hər şey təsadüfən başladı. Bir yarışda hakimlik edirdim. O vaxt bir nəfər yaxınlaşıb dedi ki, övladımızla məşğul olmağa müəllim axtarırıq. Uşaq Cənubi Afrika Respublikasının vətəndaşı idi və yalnız ingiliscə danışırdı. Azərbaycan dilini bilmirdi. Əksər məşqçilər isə ingilis dilində dərs keçə bilmirdilər. Sonda mənə təklif olundu ki, bəlkə sən cəhd edəsən. Mən də razılaşdım. Uşaqla ilk dərsdən sonra aramızda çox yaxşı əlaqə yarandı. Mənim 18 yaşım var idi, onun isə 13. Yaş fərqi çox deyildi və dərslərimiz qarşılıqlı maraqla keçirdi. Sonra ətrafımda olanlar eşitdi ki, mən dərs keçirəm və yavaş-yavaş hamı uşaqlarını mənim yanıma gətirməyə başladı. Beləcə, məşqçilik fəaliyyətim də həmin dövrdən başladı, planlaşdırmadığım, amma sevərək davam etdirdiyim bir yol oldu.
“Atam bizə gələcək verdi”
- Uğur qazanan idmançıların arxasında bir çox hallarda ailə dəstəyi dayanır. Sizdə bu necə olub?
- Bəli, ailə dəstəyi çox önəmlidir. Atam incəsənət adamı olsa da, eyni zamanda uzun illər pedaqoji təcrübəyə malik bir müəllim idi. Onun bu təcrübəsi bizim şahmata yönəlməyimizdə böyük rol oynadı. Şahmat elə bir sahədir ki, burada psixoloji faktorlar çox önəmlidir. Bəzən aylarla hazırlaşırsan, amma yarışda yarım xala görə uduzursan. Bu isə insana ciddi mənəvi təsir edir, ruh düşkünlüyü və stress yaradır. Belə anlar bacılarımla mənim həyatımızda çox olub. Dəfələrlə şahmatla vidalaşmaq qərarına gəlmişik. Amma atam bizə motivasiya verirdi. Biz üç bacı da şahmatla məşğul olurduq. Onun bizə yanaşması təzyiq deyildi, daha çox yönləndirmə idi. O deyirdi ki, bu dəfə alınmadısa, gələn dəfə alınacaq. Əsas odur ki, səhvlərinizdən nəticə çıxarasınız. Uşaq yaşlarımızdan biz şahmat karyeramız üçün ciddi məşqlərə başlamışdıq. Gün ərzində 5-6 saat məşğul olurduq. Düzdür, o vaxtlar atama etiraz edirdik ki, uşaqlığımızı əlimizdən alırsan, biz digər uşaqlar kimi oynaya bilmirik. İndi isə deyirik ki, atam uşaqlığımızı məhdudlaşdırsa da, əvəzində bizə gələcək verdi. O, bizim uğurumuz üçün öz karyerasına 10 il fasilə verdi. Bizi şahmat dərslərimizə aparıb-gətirir, yarışlarda yanımızda olurdu. Bu fədakarlıq olmasaydı, yəqin ki, bu qədər irəliləyə bilməzdik. Hazırda ikinci bacım Günay Umudova da şahmatçıdır. Üçüncü bacım Nərgiz Umudova isə beynəlxalq qrossmeysterdir. Uzun illərdir Niderlandda yaşasa da, hələ də Azərbaycan Şahmat Federasiyasının oyunçusudur. Bu gün qazandığımız hər şeyin təməlində ailəmizin dəstəyi dayanır.
Prinsipiallıq, soyuqqanlılıq və məqsədyönlülük
- “Yumşaq qəlblisinizsə, şahmat oynaya bilməzsiniz” – bu fransız atalar sözü ilə razısınızmı?
- Bəli, bu söz müəyyən mənada doğrudur. “Hücum etməsən, qalib gələ bilməzsən” kimi deyilənlər də bu qəbildəndir. Şahmat yalnız taktika və strategiya deyil, həm də xarakter oyunudur. Oyunda insanın xarakteri birbaşa görünür. Əgər bir oyunçunun məqsədi qalib gəlməkdirsə, o, bunu açıq şəkildə göstərir. Amma elə uşaqlar da olur ki, deyirlər, uduzsam da olar. Bu cür yanaşma ilə, təəssüf ki, ciddi şahmatçı olmaq mümkün deyil. Bəli, lazım gəldikdə şahmatda amansız olmaq da tələb olunur. Məsələn, bəzən uşaqlar yarış zamanı rəqib ağlayanda ona xal verirlər, razılaşırlar. Bu, çox insani bir davranışdır, amma şahmat səviyyəsində belə emosional yanaşma bəzən mane olur. Belə həssas uşaqlar adətən bu yolda davam edə bilmirlər. Şahmatda prinsipiallıq, soyuqqanlılıq və məqsədyönlülük çox önəmlidir. Əgər bu keyfiyyətlər yoxdursa, uşaq zamanla ya motivasiyasını itirir, ya da başqa sahəyə yönəlir.
- Sizcə, bu sahədə uğurun əsas sirri nədir?
- Heç bir uğur asanlıqla əldə olunmur. İnsan gördüyü işi sevməlidir. İş insanın sadəcə vəzifəsi yox, həyat tərzi olmalıdır.
- Fəaliyyətiniz boyunca heç vaxt unutmadığınız bir an varmı? Sizə dərs verən bir hadisə...
- Bəli. Yeniyetmə vaxtlarımda, təxminən 14-15 yaşım olanda Şəkidə beynəlxalq turnirdə iştirak edirdim. Medala çox yaxın idim, amma son anda uduzdum. Bu, məni çox sarsıtdı. Zalda ağlamağa utandım, çölə çıxdım ki, valideynlər görməsin. Binanın arxasında tək qalıb hönkür-hönkür ağladım. Atam məni o vəziyyətdə gördü və dedi ki, rahat-rahat ağla, içini boşalt, bu, normaldır. Amma sonra özünü toparla, evə gedirik. Sadəcə bu anı heç vaxt unutma. Gələcəkdə tənbəllik edəndə, məşq etmək istəməyəndə bu hissəni xatırla. Bu an mənim üçün bir növ travma idi, amma motivasiya rolunu oynadı. Hər dəfə yorulanda, ruhdan düşəndə o gün gözümün önünə gəlirdi. Özümə “daha çox çalışmalıyam” deyirdim. Belə də etdim. Bu hadisə məni formalaşdıran əsas dönüm nöqtələrindən biri oldu.
- Uduzmaqdan qorxmusunuz?
-Açığı, uduzmaqdan qorxmamışam. Çünki atam bizə heç vaxt nəticə üzərindən yanaşmırdı. Uduzanda da, udanda da alnımızdan öpərdi. Heç vaxt deməzdi ki, Ülkər udub, yaxud uduzub. Sadəcə qalib gələndə “afərin”, uduzanda isə “heç nə olmaz, gələn dəfə udarsan”, - deyirdi. Bu yanaşma bizdə sağlam psixologiyanın formalaşmasına kömək etdi.
Aygün Əziz
