• şənbə, 27 Sentyabr, 19:21
  • Baku Bakı 16°C

“Dərsliklər tez-tez dəyişməməlidir” - MÜSAHİBƏ

27.09.25 01:49 263
“Dərsliklər tez-tez dəyişməməlidir” - MÜSAHİBƏ

Professor Bədirxan Əhmədli: “Orta məktəb dərsliklərinə bu qədər xərc çəkilir, amma ali məktəb dərsliklərinə bir manat da xərclənmir. Təkcə dərslik deyil, dərs vəsaitləri, metodik vəsaitlər, proqramlar da həmçinin...”

Yeni tədris ili başladı. Özü ilə bərabər ənənəvi və hazırkı dövrdən doğan çoxlu suallar da gətirdi. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Xəzər Universiteti Dillər və Ədəbiyyatlar Departamentinin müəllimi, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli ilə müsahibəmizdə hazırkı orta və ali təhsil, o cümlədən elm mühitimizə nəzər salmağa çalışdıq:

“Uşaqları bir az çox yükləyirik” 

- Bədirxan müəllim, yeni tədris ili başlayıb. Müsahibəmizə ibtidai siniflərdən başlayaq: tez-tez valideynlərin şikayətləri eşidilir. Uşaqlar bel çantasının yükü altında əzilir, onların bu qədər dərsliyi daşımasına ehtiyac yoxdur. Sizin yanaşmanız necədir?

- Məncə də uşaqları bir az çox yükləyirik. Həm qohumlardan, həm tanışlardan bu barədə eşidirəm. Nəvəm Avropada yaşayır, onlar dərsə çox kitab aparmırlar. Uşaqlar məktəbə gedirlər, məşğul olurlar, heç nəyi evə gətirmirlər. Biz həm orta, həm ali məktəblərdə Avropa üsullu tədrisə keçmişik. Əgər keçmişiksə, buna azərbaycansayağı yox, avropasayağı keçmək yaxşı olar. Biz isə bir hissəsini keçirik, bir hissəsini sonraya saxlayırıq. Nəticədə hər hansı həqiqətə 50 ildən sonra gəlib çatırıq, halbuki ona daha tez çata bilərik. 

“Tələbələr dərsliklərin surətini çıxarıb oxuyurlar”

- Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirdiyi brifinqdə “oturub uşaqlara normal dərslik yazmaq lazımdır”, - deyib. 

- Mən naziri müxtəlif tədbirlərdə dinləmişəm. Çıxışlarında çox gözəl məsələlər qaldırır. Amma problem ondadır ki, bu məsələlərin heç biri həyata keçmir. Hər il yeni dərsliklər yazılır. Bilinmir o dərsliklər necə ortaya çıxır. Dərsliklərə böyük pullar xərclənir, müəlliflərə qonorarlar verilir. Niyə sonunda ortaya pis dərsliklər çıxır? Məncə, bu barədə düşünmək lazımdır. Görünür, doğru müəllif seçilmir. Tələbələrim olmuş, indi isə orta məktəblərdə işləyən ədəbiyyat müəllimləri ilə söhbət edirəm, onların hamısı dərsliklərdən narazıdır. Ədəbiyyat dərsliklərinin yazılmasında heç vaxt AMEA-nın Ədəbiyyat İnstitutu iştirak etməyib. Orta məktəb dərsliklərinə bu qədər xərc çəkilir, amma ali məktəb dərsliklərinə bir manat da xərclənmir. Təkcə dərslik deyil, dərs vəsaitləri, metodik vəsaitlər, proqramlar da həmçinin... Bu, çox düşündürücü məsələdir. Təhsil təhsildir. Mənə elə gəlir ki, ali təhsil nazirliyin marağında deyil. 25-30 ildir ki, ali məktəbdə dərs deyirəm, mühazirə oxuyuram, eləcə də magistraturada dərs deyirəm. Belə görürəm ki, nazirlik ali məktəblərdə təhsillə ya maraqlanmır, ya da az maraqlanır. Və yaxud ali məktəblərlə maraqlansa da, dərsliklərlə maraqlanmır. Kim nə istəyir yazır. Yaxşı dərsliklərə nə universitet rəhbərləri, nə QHT Agentliyi tərəfindən dəstək verilir. Bir dərsliyin yazılması dəstək tələb edir. Ayrı-ayrı müəlliflər dərslik yazır, 100-200 nüsxə çap edirlər. O dərsliklər bir-iki ilə bitir, sonrakı nəsillər də ondan xəbərsiz olurlar. Tələbələr dərsliklərin surətini çıxarıb oxuyurlar. Onlar çox zaman ali təhsili kitabsız başa vururlar. Həmişə tələbələrə məsləhət görürəm ki, öz kitabxananız olsun, surət çıxarmayın. Bu mənada hesab edirəm ki, ali məktəblərdə proqramların yazılmasına nazirlik, universitet rəhbərliyi dəstək olsun. Dünyanın tanınmış universitetlərində kitab çatışmazlığı yoxdur. Bizim universitetlərdə isə tələbələr dərslik sarıdan çox əziyyət çəkirlər. Həmişə də bununla bağlı şikayətlənirlər. Kitab yoxdursa, məcbur qalıb məlumatları “Vikipediya”dan götürəcəklər. Orada da əsasən ümumi məlumatlardır. Beləliklə, tələbələrin təsəvvürü orta məktəbdə öyrəndikləri olacaq, təfəkkürləri inkişaf etməyəcək. 

- Tələbələr dərsə kitab əvəzinə mobil telefonla gedirlər. “Dəftər-kitabın hanı?” soruşanda “hamısı buradadır”, - deyə telefona işarə edirlər. Doğrudanmı, məlumatların hamısı bir tətbiqdədir?

- Yox, hamısı bir tətbiqdə deyil. Orada o zaman olar ki, onların hamısını yerləşdirəsən. Bütün Azərbaycan ədəbiyyatının xəzinəsi orada necə ola bilər? Onu kim, nə vaxt yerləşdirib? Bunun üçün fundamental iş görülməlidir. Azərbaycanın həm elmi, həm bədii ədəbiyyatı hələlik tam olaraq internetdə yoxdur. Bu materialların tam elektron bazasını yaratmaq üçün uzun zaman və çalışma lazımdır.

“Öz pulumuzla kitab çap etdiririk” 

- Əslində sovet dövründə də ali təhsil müəssisələrində dərslik, metodik vəsait çatışmazlığı olub. Sizcə, bu məsələ niyə köklü həllini tapa bilmir?

- Mən Azərbaycan Dövlət Pedaqoji Universitetində oxumuşam. O vaxt müəllimimiz akademik Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabı çap olunmuşdu. Biz 250 tələbə idik. Hamımız onun kitabını aldıq. Kitab təxminən 20 min tirajla çap olunmuşdu. O, uzun müddət işləməsəydi də, həmin kitabın qonorarı ilə dolana bilərdi. Biz isə heç bir qonorar almırıq, aldığımız cüzi maaşı isə proqram, dərs vəsaiti və dərsiliklərə xərcləyirik.

- Demək, motivasiya da yoxdur…

- Heç bir motivasiya yoxdur. Öz pulumuzla kitab çap etdiririk. Ondan sonra tələbələri dərsliklə tanış etmək lazımdır. Amma bizim belə imkanımız yoxdur. Tələbəyə kitab satmaq olmaz, universitetlər, kitabxanalar, Elm və Təhsil Nazirliyi də dərslikləri almır. Sən də düşünürsən ki, kimin üçün, nə üçün yazırsan? Əgər səndə motivasiya olsa, onu yenidən işləyər, təkmilləşdirər, 5-10 ildən bir yenidən çap etdirərsən. Dərslik ayrıca bir janrdır, monoqrafiya deyil. Mən üç cildlik “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” nəşrində dərsliklə monoqrafiyanı birləşdirmişəm. Bu, həm də magistrantlar üçündür. Kitabı məndən doktorantlar, tədqiqatçılar da istəyir. Bu da onu göstərir ki, cəmiyyətin bu cür dərsliklərə ehtiyacı var.

- Sizcə, dərsliklər neçə ildən bir yazılmalıdır?

- Məncə, dərsliklər tez-tez dəyişməməlidir. Heç olmasa 10-15 ildən bir yazılsa, yaxşı olar. Çünki müəyyən bir nəsil gəlir. O nəsil eyni təfəkkürlə böyüməlidir. Bizdə isə hər yeni nazir gəldikdə dərsliklər də dəyişir. Bu, bəzən hər il, bəzən də 2-3 ildən bir olur. Hər il test kitabları yenilənir. Bunun nə mənası var? Kimlərsə bunda maraqlıdır, yeni bir şeyi testə əlavə edir, köhnələr atılır, yenisi çap edilir. Hamısı kağız və vaxt itirməkdən və xərcdən başqa bir şey deyil.

- Müəlliflər və sifarişçilər bunu adətən tez-tez dəyişən hadisələr, dünyadakı qlobal yeniliklərlə və s. izah edirlər…

Ədəbiyyatda hansı qlobal dəyişikliklər baş verib ki? Baş versə, o hadisələr əvvəlcə ədəbiyyata daxil olmalı, öz təsdiqini tapmalı, sonra onu dərsliyə və ya testə daxil etməliyik. 

“Tələbələr universitetlərdə kitabla görüşə bilmir”

- Qeyd etmisiniz ki, “bir çox fənlər üzrə dərslik yazılmır”. Bunlar əsasən hansı fənlərdir? O fənlərin diqqətdən kənarda qalmasını nə ilə əlaqələndirirsiniz? 

- Bütün universitetlərdə filologiya fakültələrində tələbələr “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi”ni Feyzulla Qasımzadənin kitabından oxuyurlar. Bu kitab bizim tələbə olduğumuz dövrdə - 1970-ci illərdə yazılıb. O vaxt Azərbaycanda ictimai-siyasi vəziyyət, ideoloji sistem başqa idi. Feyzulla müəllim böyük tədqiqatçı idi. Amma yazıldığı dövr ideoloji idi, bu üzdən kitab da başdan-ayağa ideologiya idi. O vaxtdan 50 il keçib. Bu müddətdə nə qədər ədəbi hadisələr, şəxsiyyətlər, faktlar üzə çıxıb. İndiki tələbələr həmin dərsliyi oxuyarkən yeni ədəbi hadisə və faktlardan xəbərləri olmur. Bu, çox pis tendensiyadır. Bəs niyə yazılmır? Çünki kimsə fikirləşir ki, gecəsini gündüzünə qatıb yazacaq, sonra öz hesabına çap etdirəcək, sonra da kitab əlində qalacaq. İndi tələbələr universitetlərdə kitabla görüşə bilmir. Bu görüşü təşkil etmək lazımdır. Universitet deyəndə bizdə bir bina tapıb içərisinə tələbə doldurmaq başa düşülür. Onun maddi-texniki bazası və s. heç kimə maraqlı deyil. Əslində universitet işlək bir orqanizm olmalıdır. Tələbələri təkcə auditoriyaya salmaq yox, daim yeniliklərlə, müəlliflərlə, alimlərlə, Nobel mükafatçıları ilə görüşdürmək lazımdır. Klassik üslubda mühazirə demək dövrü çoxdan keçib. Mən Türkiyədə - Qars Qafqaz Universitetində dərs deyəndə orada mühazirə-seminar anlayışı yox idi, ancaq dərs var idi. Dərsdə də yaxşı müzakirələr gedirdi. 

“Gənclərin elmə marağı çox azdır”

- Müasir tələbələrin kitabxana ilə münasibətləri necədir?

- Çox yaxşıdır. Elmi-tədqiqat işimlə bağlı bəzən Milli Kitabxanaya gedirəm. Axtarış aparan tələbələr görürəm. O gün kitablarımın hərəsindən bir nüsxə kitabxanaya verdim. Düşünürəm ki, kitab universitet kitabxanalarında olmalıdır. Nə üçün universitet kitabxanası ola-ola tələbə vaxt itirib Milli Kitabxanaya getməlidir? Bizdə hələ də dünya ədəbiyyatı dərsliyi yoxdur. Dünya ədəbiyyatı anlayışı özü dağınıqdır, sistemli bir dərslik yazılmayıb. Kimsə bu işin altına girib onu sistemli şəkildə tələbələrə təqdim etməlidir.

- Bəs gənclərin elmə marağı nə qədərdir?

- Gənclərin elmə marağı çox azdır. Çünki hamı nəticəni fikirləşir. Düşünürlər ki, müdafiə edəndən sonra kim olacağam, harada işləyəcəyəm və nə qədər maaş alacağam? Ona görə gənclər bu sahəyə az maraq göstərirlər. Gələnlərin də 95 faizi xanımlardır. Elmi təfəkkürün formalaşması üçün yeni bir yol xəritəsi hazırlanmalıdır. 


“Biz hər şeyin günahını ədəbiyyatda görürük”

- Yenə də nazirin brifinqdəki fikirlərinə qayıdıram. O qeyd etdi ki, müəllimlər ənənəvi tədris sistemini dəyişməlidir. Açıq şəkildə bildirdi ki, “müəllim şagirdə şeiri əzbərlətməklə onu əmək bazarına hazırlamır”. Əmək bazarına daxil olmaq üçün lazım olan fənlər sırasında ədəbiyyatın adı çəkilmir…

- Mənə elə gəlir ki, son 20 ildə indiki dərsliklərin yazılmasında elə məhz bu yönləndirmə əsas tutulub: orda nə şeir, nə bədii düşüncə var. Kim deyir ki, kompüteri öyrənən adam şeir bilməməli və ya əzbərləməməlidir? Bu, bədii-estetik zövqdür. İnsanın formalaşmasında ədəbiyyatın çox böyük rolu var. Dünyada başqa xalqların orta məktəb dərsliklərinə nəzər salanda orada da şairlər, şeirlər görürsən. Elə bilirik ki, şeirləri ancaq biz öyrədirik. Bəzən hər şeyin günahını ədəbiyyatda görürük. Qətiyyən elə deyil. Ədəbiyyat həmişə olmalıdır. Ədəbiyyat insan, vətəndaş formalaşdırır. Biz tədrisdəki səhvlərimizi ədəbiyyatın boynuna qoya bilmərik. 

- Çağdaş, müasir dünya ilə, süni intellektlə ayaqlaşmağa nə qədər hazırıq?

- Ayrı-ayrı fərdlər hazırdır, ancaq bütövlükdə cəmiyyət hələ hazır deyil. Çox istedadlı gənclərimiz var. Azərbaycandan kənarda istənilən universitetə daxil olur, hətta həmin ölkənin vətəndaşlarından da böyük uğurlar əldə edirlər. Çatışmayan odur ki, o istedadlar üçün vətəndə şərait yarada bilmirik. Çoxunun ixtisası üzrə ölkədə iş yoxdur. Orada öyrəndikləri təcrübəni gətirə bilərlər. Mənim ümidim onlaradır. 

- Təcrübəli alim kimi sadalanan problemlərdən çıxış yolunu nədə görürsünüz?

- Universitetlərə kompleks münasibət dəyişməli, müəllimlərə sərbəstlik verilməli, dərs vəsaitləri, dərsliklər, proqramlar nazirlik və ya universitetlər hesabına çap edilməlidir. Vəsaitlər çox ciddi şəkildə oxunmalı, keyfiyyət tələb olunmalıdır. Dərsliklər, vəsaitlər tələbələr üçün əlçatan olmalıdır. Tələbələrlə müəllimlərin münasibətində yeni bir mərhələ yaşanmalıdır.

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər