Səsin də, sözün də, oyunun da gözəl olduğu yer - REPORTAJ
O da danışır, Afaq xanım kimi danışır. Üzümə təbəssüm gəlir. Sanki hamısını eşidirəm. Bura, doğrudan da, sirli-sehrli yerdir. Kaş imkanım ola, gecə gələm, astaca qapını aralayıb burdakı səsləri dinləyəm...
“Bəli, bəli, Bəxtiyar Muradovdur... Neft çıxdı... Şokolad kimi...” Teatrdan reportajımın “Bəxtiyar” filmindən bu məşhur ifadə ilə nə əlaqəsi var? Söhbətləşək, biləcəksiniz. Nizami, el arasında “Torqovıy” adlanan küçədə insanların görüşdüyü, şəkil çəkdirdiyi, nahar etdiyi, ya elə-belə xoş əhvalda gəzişdiyi yerdən ayrılıb Hacı Zeynalabdin Tağıyev (Bu böyük kişinin adını qısa yazanda xoşuma gəlmir) küçəsi ilə üzü bulvara doğru gedirəm. Yavaş-yavaş Xəzərin ilıq yaz mehi də vurur, neftin qoxusu da öz yerində. Sevirəm bu mehi də, bu qoxunu da. Köhnə Bakıdan qalan sağ-solumdakı tarixi binalardı, bir də bunlar. Əlimi divarlardakı daşlara toxundururam. Tarixə toxunuram, hiss edirəm.
Həmişə teatrdan nigarandır
Tindən də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının binası gözümə görünür. Mən də ona toxunmaq istəyirəm. Burada Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına Bakıda ilk teatr binası tikilib və ilk tamaşalar da məhz burda səhnəyə qoyulub. Fotoqrafımız da özünü yetirir. Teatra daxil oluruq. Tam sakitlikdi, hazırda bayaq sitat çəkdiyim “Bəxtiyar” filminin məşqi gedir. Sakitcə zala keçirik. Buranın dəbdəbəsi, kübarlığı, ali bir ab-havada olması həmişə məni valeh edib. “Həmin o Saşasan ki, mən... Sus Bəxtiyar!..” Elə zalda oturub məşqi izləyənlər də susur. Teatrın direktoru, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və teatrın baş rejissoru və eyni zamanda da tamaşanın quruluşçu rejissoru Cavid İmamverdiyev xüsusi diqqətlə izləyirlər məşqi. Nədənsə mənə elə gəlir ki, lap birinci sırada tən ortada Üzeyir Hacıbəyli də əyləşib. Niyə? Ona görə ki, Musiqili Komediya Teatrının əsası onun “Ər və arvad” tamaşası ilə qoyulub. Hiss edirəm ki, Üzeyir bəyin ruhu həm burada, həm də Opera və Balet Teatrında həmişə dolaşır. Həmişə teatrdan nigarandır və həmişə də yaxşı əsərlər, yaxşı tamaşalar görəndə ruhu şad olur.
Az qalıram durub ayaq üstdə alqışlayam
Bəxtiyar rolunun ifaçısı, beynəlxalq müsabiqələr laureatı İbrahim Əlizadə Saşa – Mehriban Zalıyeva üçün oxuyur: “Nə gözəlsən, nə qəşəngsən...” İlahi, nə gözəl, nə qəşəng bir səs açılır səhnədən və açıldıqca da sanki pərdələrlə, lojalarla həmin səs yüksək sürətlə tavana doğru yeriyir, tam mərkəzdə böyük çilçırağa sarılır və oradan da gözəgörünməz hava axını kimi ətrafa yayılır. Səs açıldıqca açılır, rəngləndikcə rənglənir, bir çalardan başqa çalara keçir və mən bundan ancaq zövq alıram. Az qalıram durub ayaq üstdə alqışlayam. Arada Əliqismət müəllimin cizgilərinə baxıram. Sanki gözləri tamaşanın rəngini alır, ürəyi tamaşanın ahəngində döyünür. Və eyni vaxtda da səhnə dəyişir. Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Əkbər Əlizadə, Şövqi Hüseynov, Ələkbər Əliyev, Nahidə Orucova, həmçinin Nigar Qarayeva, Ülviyyə Əliyeva səhnədə xüsusi diqqətimi çəkir. Hamısı, doğrudan da, son dərəcə gözəl oynayırlar. “Rza kimi qohumun başına daş düşsün...” Elə zaldan çıxmaq istəyirdim ki, “Bəxtiyarın” səsi rəngbərəng lent kimi əlimi-qolumu bağladı, geri çevirdi. Səs yenə də açılmağa başladı. Dayanıb ifaya valeh olmaqdan başqa əlimdən bir şey gəlmədi.
Danışan qiyafələr diyarı
Fikrim səhnədə qalsa da, sakitcə zaldan çıxdıq. Dəhlizlərdə qəribə qədimi ab-hava var. Addımladıqca, ruha sirayət edir. Gəlirik geyim otağına. Birinci onu deyim ki, burada bu qədər fərqli və yaşı müxtəlif olan geyimlərin olmasına baxmayaraq, zərrə qədər də toz və qoxu yoxdur. Varsa da ancaq gül ətridir. Diqqət yetirdim ki, pəncərəsi yoxdur, amma havalandırması çox yaxşıdır. Paltarların hamısı tərtəmiz, ütülü, səliqə-sahman içində. Baxıram, toxunuram, sanki obrazlara toxunuram. Qəribə bir təəssürat yarandı məndə. Elə bil teatrın səhnəsində gördüyüm bütün obrazlar burda mənimlə pıçıldaşmağa başladılar. Hansını asılqandan ayırıb özümə sarı tutdumsa, dilə gəldi, danışdı o obrazın səsi, sözü, nidası, ədası ilə... Hətta hər birinin fonunda həmin tamaşanın musiqisinin də canlandığını duydum. Yanımdakılar nə gördü, nə duydu bilmirəm, amma mən hər bir qiyafədə canlı bir ruh gördüm, canlı bir insan gördüm. Onların istiliyi də, nəfəsi də vardı. Qəribə yerdir. Nə düşündüm, bilirsiniz? Görəsən, hamı dağılışandan, gün batıb şər qarışandan sonra burda geyimlər canlanırmı? Bir-birlərilə söhbət edirlərmi? Maraqlıdır, yəqin hərəsi öz xarakterinə uyğun günün xronikasına nəzər yetirir, fikir bildirir. Emosional olanlar tez müdaxilə edir, coşub-daşır, sakit olanlar bir kəlmə deyib susurlar. Ya da acıdil olanlar dərhal tuluqlarından bir qaşıq zəhər tökür, şirindil, gülərüz olanlar dillərindən bal süzürlər. Elə bunlar gözümdə qaynaşırdı ki, geyim sexinin müdiri, gözəl və kübar bir xanım – Məmmədova Aynişanın Afaq Bəşirqızının səhnə geyimlərindən birini mənə tərəf tutduğunu gördüm. Qəribədir. Hamısını da səhnədə o gözəl aktyorların əynində görmüşəm. Elə bunu da. İndi isə əlimdə tutub baxıram. O da danışır, Afaq xanım kimi danışır. Üzümə təbəssüm gəlir. Sanki hamısını eşidirəm. Bura, doğrudan da, sirli-sehrli yerdir. Kaş imkanım ola, gecə gələm, astaca qapını aralayıb burdakı səsləri dinləyəm. Nə isə... buradan da çıxırıq...
Xeyirxah pərini xatırladan “bibi”
Qrim otaqlarında aktyorlar növbəti səhnəyə hazırlaşırlar. Nahidə xanımı görürəm, tələsik güzgüyə boylanır, üz-gözünə əl gəzdirir. Saşanın bibisi Natalya Alekseyevnanı canlandıran Nahidə xanımın həmişəki heyranedici təbəssümü də üzündədir. Nədənsə mənə xeyirxah pərini xatırladır. Yan otaqda Fatma Mahmudova və Nigar Qarayeva da hazırlaşırlar. Onlarla da ayaqüstü danışıb səhnəyə yola salıram. Güzgülərdə təbəssüm, otaqda səslərimiz qalır, dəhliz boyu gedirəm. Pəncərələrdəki bitkilər də fikrimi özünə çəkir. Teatr canlı sənətdir, bu çiçəklər də bu cana can qatır. Burada hər şey gözəldir, səs də, söz də, oyun da. Bir də bizə bütün reportaj boyu bələdçilik edən teatrın mətbuat katibi Fəridə xanım da...
Xanım Aydın