Separatizmin bütün təzahürləri qəbuledilməzdir - TƏHLİL
Bölgədəki proseslərin yönləndirilməsi və bütün tərəfin maraqlarının uzlaşdırılmasında, Cənubi Qafqazda separatizmin kökünün kəsilməsində əsas oyunçu Bakıdır. Bu mövqe Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinken arasındakı son telefon danışığı zamanı bir daha Vaşinqtonun diqqətinə çatdırılıb.
Hazırda Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında yenidən fasilə yaranıb. Əsas səbəb isə İrəvanın Laçın yolu qarşısında düzənlədiyi “humanitar yardım şousu”nu bəhanə edərək əvvəlki müzakirələrdə əldə olunmuş razılaşmalardan və mövqeyindən imtina etməsidir. Qeyd edək ki, danışıqlar üç mərkəzdə aparılır – Vaşinqton, Moskva və Brüssel.
ABŞ-nin mövqeyindəki ikili standartlar
Rusiya ilə Ermənistan arasında yaşanan gərginlik, Fransanın Brüssel formatına qərəzli müdaxiləsi fonunda danışıqlar prosesində əsas moderator kimi yenidən ABŞ önə çıxıb. Lakin əvvəlki müzakirələrdən fərqli olaraq son dönəmlərdə ABŞ-nin də mövqeyində ikili standartlar müşahidə edilməkdədir. Hadisələrin xronikası və səsləndirilən bəyanatların mahiyyəti onu deməyə əsas verir ki, bu dəyişikliyin əsas səbəbi Ağ Ev uğrunda yaxınlaşan mübarizədə erməni lobbisinin dəstəyini qazanmaq istəyidir.
Regiondakı əsas oyunçu Azırbaycandır
Lakin dəyişməyən bir reallıq var ki, bütün siyasi mərkəzlər, o cümlədən ABŞ tərəfindən də qəbul edilir. Azərbaycan ərazi bütövlüyünə təhdid yarada biləcək hansısa “həll yolunu” qəbul etməyəcək. Bölgədəki proseslərin yönləndirilməsi və hər bir tərəfin maraqlarının uzlaşdırılmasında, Cənubi Qafqazda separatizmin kökünün kəsilməsində əsas oyunçu Bakıdır. Bu siyasətin konturları isə Azərbaycanın dəstəklədiyi və qəbul etdiyi şərtlərdən kənara çıxa bilməz. Bu mövqe Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinken arasındakı son telefon danışığı zamanı bir daha Vaşinqtonun diqqətinə çatdırılıb. Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Siyasi manipulyasiya cəhdləri
Prezident İlham Əliyev bildirib ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır. Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. Prezident İlham Əliyev vurğulayıb ki, dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi daxili işlərimizə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib.
Bakının cavabı ən sərt formada olacaq
Azərbaycan Prezidentinin açıqlamalarından da göründüyü kimi, rəsmi Bakı növbəti dəfə danışıqlarda siyasi manipulyasiyaya, Qarabağdakı erməniəsilli sakinlərin reinteqrasiya proseslərinə kənar müdaxiləyə imkan verməyəcək, sülh prosesini əngəlləyən hansısa əsası olmayan şantaj və təhdidlərə qarşı cavab isə ən sərt formada olacaq.
İstər ABŞ, istərsə də Ermənistan hakimiyyəti və separatizmə dəstək verən kənar qüvvələr Azərbaycanın bu xəbərdarlığının sadəcə sözdə deyil, əməldə də reallaşa biləcəyini çox gözəl anlayırlar. Ən azından, ortada 2020-ci ilin cəmi 44 gün davam edən və 30 il ərzində məhz ikili yanaşmalar nəticəsində formalaşmış ədalətsiz reallığı darmadağın edən hərbi əməliyyatlar təcrübəsi var.
Ukraynada separatizmə sanksiya tətbiqi, Qarabağda isə...
İkili standartları xatırladarkən, bu günlərdə Vaşinqtonun keçmiş postsovet ölkələrinin ərazisindəki separatçı rejimlərə və meyllərə fərqli yanaşma sərgilədiyini göstərən daha bir proses yaşandı. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının əsas vasitəçilərindən sayılan Blinkenin Ukraynanın Rusiya tərəfindən işğal edilmiş ərazilərində keçirməyi planlaşdırılan “seçkilər”lə bağlı bəyanatı bir daha bizləri düşünməyə vadar edir. “Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın psevdoseçkilərində iştirak edənlər ABŞ-nin sanksiyaları altına düşmək riski daşıyır”, - ABŞ-nin dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir. O, psevdoseçkiləri Kremlin işğal olunmuş ərazilərə qarşı qeyri-qanuni iddialarını gücləndirmək istədiyi “təbliğat tədbiri” adlandırıb.
Hərbi-siyasi təzyiq mexanizmləri
Xatırladaq ki, bu günlərdə Azərbaycanın Qarabağ bölgəsində rus sülhməramlılarının himayəsində məskunlaşmış separatçı rejimin qalıqları da “prezident seçkisi”nə hazırlaşırlar. Nədənsə Azərbaycanın ərazi bütövlüyünü təhdid edən, Cənubi Qafqazda separatizm meyllərini atəşləyən bu “seçki”ni təşkil edənlərə Vaşinqton tərəfindən hansısa sanksiyaların tətbiqi xəbərdarlığını eşitmirik. Əslində eşitməyəcəyimizi də bilirik. Səbəb ikili standartlar və fərqli maraqlar olsa da, əsas bəhanə kimi “bitərəflilik prinsipinə riayət” göstəriləcək. Bu səbəbdən, son günlərdə bölgədə sülh prosesini canlandırmaq və ölkəmizə qarşı diplomatik təhdidləri zərərsizləşdirmək istiqamətində Bakının fəallığı mövcud reallıqlar çərçivəsində əlavə tədbirlər görülməsini də zəruri edir. Əlavə tədbirlər dedikdə isə, yenidən hərbi-siyasi təzyiq mexanizmləri nəzərdə tutulur.
Azad Əliyev