Sənətdə qalmağımın əsas səbəbindən biri də tamaşaçı sevgisidir
Mustafa Mustafayev: "Elə bir xanəndə yoxdur ki,
sənətə gələndə ifaları az da olsa kiminsə oxularına bənzəməsin”
Mustafa
Mustafayev "Muğam müsabiqəsi – 2011”-dən tanınan xanəndələrdəndir. Həmin
müsabiqə bir xanəndə kimi onun da həyatında ciddi rol oynayıb. Gənc xanəndənin
dəsti-xətti Xalq artisti, mərhum sənətkar Qədir Rüstəmova bənzəsə də, bu
oxşarlıq ona həm rəğbət gətirib, həm də tənqidlərə məruz qoyub. Amma M.Mustafayev
nə tənqidlərdən sınıb, nə də rəğbətdən başı gicəllənib. O, "şöhrət tərəzisi”nin
əyilməsinə imkan verməyən, təvazökar və öz gücünü dəyərləndirə bilən gənc xanəndədir. Onunla söhbəti təqdim
edirəm:
– Sizə yaxınlar, simsarlar, bəzən ərk edərək "Bala Qədir” deyirlər. Əlbəttə, bu təyin səsinizin görkəmli xanəndə Qədir Rüstəmova bənzəməsinə görədir. İstərdim söhbətimizə bu məsələdən başlayaq.
– Mənim sənətə gəlməyimin səbəbi Qədir Rüstəmov səsinə, ifasına olan sevgimlə bağlıdır. 5-6 yaşlarımdan onun ifalarına qulaq asıb, onun sayaq zümzümə etməyə çalışmışam. Əlbəttə, mənə "Bala Qədir” söyləyənlər o sözləri layiq bilib deyirlərsə, sağ olsunlar. Amma mənim fikrimcə, Q.Rüstəmovun sənəti elə bir sənətdir ki, onun "balası”, yaxud” nəvəsi” olmaq mümkünsüzdür. Əgər səsinin onu ifalarına bir balaca təbii oxşarlığı varsa, deməli, bu yaxşı əlamətdir.
– Siz
muğam müsabiqəsində "Sona bülbüllər”i oxuyandan sonra XalqartistiƏlibabaMəmmədovüzünümünsiflərheyətinətutub dedi: "ya bu uşağa
çıxarmaq lazımdır müsabiqədən, ya da buna əla qiymət vermək lazımdır ki, gəlib
birinci yeri tutsun”. Bu fikri o zaman necə
qarşıladınız?
– Əlibaba müəllimi müsabiqədən
əvvəl tanıyırdım. 2006-cı ildə Bakıya gələndə Musiqi Gimnaziyasında təhsil
alırdım, amma "Asəf Zeynallı”da bəzi dərslərdə otururdum. Onda Əlibaba
müəllimin muğam sinfində də otururdum. O, iki-üç dərsdən bir imkan yaradırdı
ki, mən də nəsə oxuyum. Qulaq asırdı, fikirlərini bildirirdi. Həmin dövrdən
Əlibaba müəllim səsimə qiymət verirdi, hətta qapıçıya tapşırmışdı ki, məni
içəri buraxsın, dərslərə qulaq asım. O vaxtdan mənə deyirdi ki, sənin səsinin
fərqli oxumağın üçün kifayət qədər imkanları
var, Qədir Rüstəmovu yamsılama. O, mənə kin bəsləmədiyinə görə bilirdim ki,
qərəzsiz insandır, müsabiqədə də haqlı iradlarını bildirirdi. Amma bir dəfə
Əlibaba müəllim dedi ki, qəzəli bilmirsən, amma, həqiqətən, yaxşı öyrənmişdim.
Onda fikrimi bildirdim ki, qəzəli bilirəm. Seçim turunda da Əlibaba müəllim
münsiflərə demişdi ki, bu oğlanı tanıyıram, yaxşı səsi var. Müsabiqədə mənim
razılaşmadığım məqam o idi ki, bəzən münsiflər başqasının ifasındakı səhvlərin
üstündən yüngül keçib, kiminsə qüsurunu qabardırdılar. Qalan hər şey gözəl idi.
Ümumiyyətlə, ustadlar nə deyirlərsə, hansı iradları göstərirlərsə, biz onlarla
razılaşmalı və vurğulanan qüsurları aradan qaldırmalıyıq. – "İzi
ilə gedəninin izi qalmaz” tənqidi ilə cavan yaşda üzləşmisiniz. Bu cür fikirlər
sizə nə öyrədib, yaxud həvəsdən salıbmı?
– Xeyr, o cür fikirlərdən həvəsdən düşmədim. Oxumaq hansısa işi görmək
kimi deyil, gərək təbin gələ ki, ürəkaçan ifalar meydana çıxa. Təb gələndə
gözəl oxuyursan, ürəksiz yanaşanda isə yaxşı alınmır. Heç zaman tənqidlərə bənd
olub həvəsdən düşməmişəm. "İzlə gedənin izi qalmaz” fikrində böyük həqiqət var,
amma o həqiqət 19-20 yaşlı xanəndəyə aid deyil. Sənət yolunun başlanğıcında
yamsılama, oxşatma çoxlarında olur. İllər keçdikcə, oxumağın yollarını
öyrəndikcə, başqa sənətkarların ifalarına qulaq asdıqca, özünə uyğun bir ifa yolun
yaranır. Nəticədə, öz ahəngin, səsinin fərqli ətri olur. Elə bir xanəndə yoxdur
ki, sənətə gələndə ifaları az da olsa kiminsə oxularına bənzəməsin. Sadəcə
mənim ifamdakı oxşarlıq ona görə diqqət çəkdi ki, digər xanəndələrin
yaradıcılıq yolu haradasa bir-birinə yaxındır deyə onları yamsılayanda çox da
seçilmirsən, amma Qədir Rüstəmova bənzəyəndə o dəqiqə nəzərə çarpırsan, çünki
onun sənəti, səsi tamam başqadır. – Arif Babayev, Firuz Səxavət və
Alim Qasımovdan muğam dərsləri almısan. Üç ayrı-ayrı muğam üslubunu, dəsti-xəttini
yaradıcılığınızda necə sintez edə bilmisiniz?
– Səs öz yerini tutana qədər müəllim dəyişmək
ifaçıya çox travmalar yaşadır. Ən yaxşısı odur ki, bir müəllimdən dərs alasan.
Hər müəllimdən ayrı nəfəslər duyanda səs bilmir hansı tərəfə dönsün. Amma hər
bir ifaçıdan nəsə əxz edirsən, yaxşı mənada yararlanırsan. – Q.Rüstəmovun "Sona bülbüllər”ini
dinləyən maestro Niyazi demişdi ki, "bu mahnını anlamağa bir ömür azdır”. Siz
6-7 yaşından "Sona bülbülləri” zümzümə edən, sonra oxuyan ifaçı kimi onun
fəlsəfəsinə, mahiyyətinə nə qədər bələd ola bilirsiniz?
– "Sona bülbülləri” hər dəfə oxuyanda tamam ayrı mənaları dərk edirəm.
Musiqi anı hiss etməkdir. Hər anda musiqi başqa mənaları ifadə edir. Həm də maestro
Nizami o fikri ilə demək istəyib ki, sənətkarın ömründən sənətin ömrü daha uzundur,
yaranan əsəri başa düşməyə bəzən insanın ömrü çatmır. Mən Qədir Rüstəmovun oğlu
Rüstəmin toyunda oxuyanda, böyük sənətkarı çağırdıq ki, o da "Sona Bülbüllər”i bizimlə
bərabər oxusun. O muğam hissəsində elə ürəkdən oxudu ki, məhz onda onun
səsindəki yanğının gücünü tam mənada anladım. Biz onda Elnarə Abdullayeva ilə
oxuyurduq, o da Qədir müəllimi
dinləyəndə göz yaşlarını saxlaya bilmədi. Sanki bir anda hər yanı bir ətir
bürüdü. Musiqinin gücü ondadır ki, dinləyicini alıb aparsın. Hər gözəl ifa
dinləyicini fərqli bir auraya salır, ona görə musiqi hər dəfə sanki başqa
mənanı ifadə edir. – Muğam
müsabiqəsi başa çatandan sonra sizə demişdilər ki, 3 illik müqavilə var, həmin müddətdə heç yerdə oxumamalısınız. Amma
siz bu şərtə əməl etmədiniz – Qədir Rüstəmovun oğlunun toyunda oxudunuz. Bu qadağanı
pozmağın sizə nə kimi təsiri oldu?
– Həmin gün mənə Nadir Axundov zəng
elədi ki, sizinlə müqavilə vardı axı, şərtimizi niyə pozdunuz? Ona dedim ki,
mənim heç bir şərti pozmaq məqsədim olmayıb, sadəcə ustad çağırıb deyə gedib
oxumuşam. O vaxt mənim solist olmaq məsələm vardı, amma alınmadı. Bilmirəm ona
görəmi belə oldu, yoxsa başqa səbəb vardı? – Xalq
artisti Ağaxan Abdullayev sizə olan tamaşaçı rəğbəti barədə demişdi ki: "Sənə çalınan alqışlar sənə yox,
Qədirə çalınır”. Siz
oxuyursunuz, amma çoxları Qədir Rüstəmovun ifalarını xatırlayırlar. Qəribə
sənətçi taledir. Amma aradan illər keçir, yeni-yeni
ifalarınız olur, bu gün artıq öz ifalarınıza görə tamaşaçı alqışları
qazanırsınızmı?
– Bəli, artıq deyirlər ki,
Mustafanın öz ifadə tərzi, musiqiyə fərqli yanaşması var. Amma bu o demək deyil
ki, mən ustadın sənətindən uzaqlaşıram. Xanəndənin öz yolu 30 yaşdan sonra
yaranır. Yaş ötdükcə öz xarakterini ortaya qoymağa başlayırsan, bu məsələ həm
də ifaçılığa da aiddir. Gənc ifaçıları sığışdırmaq olmaz, onlarda sərbəstlik vermək
lazımdır ki, özlərini rahat şəkildə ifadə edə bilsinlər. Beləliklə də, öz sənət
yollarını tapsınlar. – Muğam müsabiqəsində sizə
"Tamaşaçı rəğbəti” mükafatı verildi. Sonrakı fəaliyyətinizdə də tamaşaçıların rəğbətini
doğrulda bildinizmi?
– O müsabiqədə mənim əsas dayaqlarımdan biri
tamaşaçılar idi. O vaxt tələbə idim, səs sözümə baxmırdı, bəzən ora-bura gedib
soyuqlayırdım. Amma tamaşaçıların sevgisi bəzi qüsurları gözardı edirdi.
Sənətdə qalmağımın əsas səbəbindən biri də tamaşaçı sevgisidir. – Bəzən
olur ki, bir şairin bir şeiri daha çox sevilir, amma onun şair kimi gücü başqa
şeirlərindədir. Sizi çoxları "Sona bülbüllər”lə sevirlər, bəs sizcə, əsas gücünüz
hansı ifadadır, yaxud o ifa varmı?
– Məncə, öz möhürümlə yadda
qalacağım ifalarım qabaqdadır. O cür ifaları özümdən gözləyirəm. Hər şeyi
gələcək göstərəcək.Söhbətləşdi: Fərid Hüseyn