Dəhşətləri yazmağa gücüm çatmadı - MÜSAHİBƏ
Ülviyyə Tahir: "O zaman dərk etdim ki, Şükriyyə elə
mənəm"
Yazıçı
Ülviyyət Tahir 1980-ci ildə Göyçay şəhərində dünyaya gəlib. Orta təhsilini
bitirəndən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.
İllər sonra isə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini
bitirib. Daha sonra Amerikada şüuraltı, altşüur nəzəriyyəsi ilə bağlı təhsilini
distant şəkildə davam etdirib.
Onun
"Şeytanın missiyası”, "Üzü cəhənnəmə”, "Buqələmun”, "Ortaq şəhər”, "ALJİR” adlı nəsr əsərləri işıq üzü görüb. Ü.Tahirin son iki əsəri - "ALJİR” və
"Şükriyyə taleyim” nəfis tərtibatda çap olunub və oxucular tərəfindən böyük
rəğbətlə qarşılanıb. Oxucu marağını nəzərə alaraq Əhməd Cavadın həyat yoldaşı
Şükriyyə xanıma həsr etdiyi "Şükriyyə taleyim” adlı əsəri barədə
Ü.Tahir ilə ətraflı söhbət etdik:
– "Şükriyyə taleyim” əsərində bir neçə zaman
eyni süjet məcrasında kəsişir. Sizcə, çoxsaylı hadisələr, tarixi reallıqlar,
fərqli obrazlar qalereyası olan bu əsərdə zamanın çoxvariantlılığı oxucunun
süjeti izləməsi, hadisələri qavraması üçün müəyyən çətinliklər yaratmırmı?
– Son illərdə
texnologiyanın inkişafı insanların diqqətini həddindən artıq azaldıb.
Pandemiyadan öncə TRT-nin ölkəmizdə keçirdiyi təlimdə iştirak edirdim. Orada
mütəxəssislər bildirdilər ki, bütün işlərimizi insan diqqəti üzərindən
reallaşdırırıq. Məhz orda müasir insanın diqqətinin 8 saniyəyə qədər azaldığını
öyrəndim. Yəni siz müasir insanın diqqətini 8 saniyəyə cəlb etdinizsə, loru
dildə desək, o adam sizindir, əks halda, deməli, məqsədinizə çata bilmədiniz.
Müasir romançılıq, yəni proza köhnə ləngər yerişindən asta-asta sıyrılaraq daha
lakonik, daha "texnoloji” hal almağa başlayıb. Bu baxımdan olmayan yazı
masamda, daha doğrusu, xəyali məkanımda oturarkən oxucunun "mən səni niyə
oxumalıyam?” sualına cavab verərək yazıram. Bu an etiraz edə bilərsiniz, deyə
bilərsiniz ki, ədəbiyyat fövqəl incəsənətdir, yazıçı oxucunu düşünərkən zəif
əsər yazmaq ehtimalı artır. Bəli, biz illərdir ədəbiyyatda hakim olan
müqəddəslər və əjdahalar fenomeninin dağıldığını görürük. Mən
müqəddəsləşdirməyin və ali səviyyəyə daşımağın əleyhdarıyam. Bu baxımdan, iddia
etmirəm ki, hamı Borxesi oxuyub anlamalı, ya da "Aeneas”ı mütaliə etməlidir.
Sadəcə olaraq yazı, mətn hər kəs üçün anlaşıqlı olmalıdır. Daha bu mətndən hər
kəs hansı nəticəni çıxardır, bu, ayrı bir məsələdir. Bu baxımdan, bütün
yazılarımda epizodları, zamanları tez-tez dəyişməklə oxucunu əsərə bağlamaq
cəhdim, deyəsən, boşa getmir. Oxucu oxuyur, saysız rəylər, təəssüratlar var.
Artıq illərdir elə gün yoxdur ki, əsərlərim barədə oxucu rəyi almayım.
Düşünürəm ki, biz yazıçıların illərdir məhz buna ehtiyacımız vardı. Azərbaycan
ədəbiyyatı, nəsri adına buna ciddi ehtiyacımız var. Öz milli koloritində yazmağa,
öz qəhrəmanı ilə öyünməyə, öz kədərinə üzülməyə bu millətin haqqı var. Bu baxımdan, çoxvariantlılıq və süjet xəttini
tez-tez dəyişməyim, deyə bildiyim və deyə bilmədiyim bütün üsullar əsəri
oxucuya oxutdurmağa hesablanan metodlardır.
– Romanda zamanların qarışıq olması oxucuda elə
təəssürat yaradır ki, Əhməd Cavad həm ölüb, həm də sağdır, Şükriyyə həm dustaq,
həm də azaddır...
– Bəli. Elə
istəyim bu idi. Dalğalanan zaman və o zamanda həm azad, həm dustaq, həm sağ,
həm də dünyasını dəyişmiş Cavad olsun. Çünki Cavad Şükriyyə üçün heç vaxt
həyatdan köçmədi. Onun yanında oldu. O,
heç vaxt buna inanmadı. Onun sağ olmasına inam Şükriyyəni yaşatdı, diri tutdu. Hətta
onun paltarlarını yığışdıranda belə inanırdı ki, o, gələcək, deyilənlər hamısı
yalandı. Çünki Şükriyyə inana bilmirdi, inana bilmirdi ki, heç bir cinayət törətməmiş
bir insanı necə öldürmək olar.
– Xanım olduğunuzu nəzərə alaraq bilmək istərdim,
bu əsəri yazarkən baş qəhrəmanın – Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın
keçirdiyi hansı hisslər sizə müəllif kimi daha doğma, yaxud təsirli gəlirdi?
– Məhəbbətin
ülviliyinə inanıram. Mənim üçün məhəbbətin ilk baxışdan yaranmasından daha çox,
illərin sınağından çıxmasının daha böyük əhəmiyyət(əhəmiyyəti) var. Məhəbbət
məişət zəminində ərimirsə, məişət o məhəbbəti siçan kimi gəmirmirsə, deməli, o
ali bir hiss kimi ucalığını qoruyub saxlayıb. Şükriyyə və Cavad eşqində məni ən
çox təsirləndirən bu oldu. Meşşanlaşmamış, adiləşməmiş hisslər qərinələr ötsə
də, Şükriyyənin dilindən yanğı ilə "O elə bir insan idi ki...” deyə ifadə
olunanda, qəlbim titrədi. O zaman anladım ki, bu, mənim ifadə etmək istədiyim,
yazmaq istədiyim əsərdir. Bu, illərin küləyinin yonub, öz formasına sala
bilmədiyi möhtəşəm bir dastandır. O zaman dərk elədim ki, Şükriyyə elə mənəm.
Bu doğmalıq o qədər əziz gəldi ki, sanki biz hər zaman birlikdə olmuşuq. Qəribə
də olsa, bir faktı deyəcəyəm. Yazıçılıq həyat tərzim olmazdan öncə "qızım olsa,
adını Şükriyyə qoyacağam” deyirdim. Bu, nəsib olmadı. Amma roman olaraq, kitab
olaraq Şükriyyə yarandı. Mənim qızım: "Şükriyyə taleyim”. Bununla sanki bu
romanla daha bir mənəvi bağım da oldu.
– Şükriyyə xanım haqqında faktlara əsaslanan
materiallar azdır. Necə oldu ki, bu qədər az materialdan bu qədər informasiyalı
roman yaza bildiniz və ən əsası, ömrü boyu susmuş, yaşadıqlarını taleyi kimi
qəbul edərək danışmamış bir qadının dilini necə aça bildiniz?
– Keçən il
bütün materialları götürüb Bakıdan ayrıldım. Yol boyu və getdiyim məkanda
günlərlə materiallara baxaraq fikrə qərq oldum. Bu yazı necə yazılmalı idi? Axı
kifayət qədər yazılıb-pozulmuş, oxunmuş və deyilmiş bir mövzuda əsər yazmaq
həddindən artıq risklidir. Bir gün noutbuk və materiallar qarşımda dağınıq
halda Şükriyyəni çağırdım. Ondan icazə istədim. Tanrının izni ilə, deyəsən, bu
ritualım işə yaradı. Hər halda, iki ay sonra roman artıq hazır idi. Şükriyyə
mənimlə danışdı, hər şeyi söylədi, bəlkə də, mənə elə gəldi.
– Romanda Şükriyyə xanımla bağlı hadisələr
çoxaldıqca, genişləndikcə, sanki Əhməd Cavadın obrazı arxa plana keçir, qismən
zəifləyir. Bu, baş qəhrəmanın obrazını daha qabarıq canlandırmaq üçün
seçdiyiniz üsuldur, yoxsa əsərin təbii axarı?
– Əvvəl
yalnız Şükriyyə barədə yazmağı düşünürdüm. Tamamilə qadın romanı olacaqdı.
Sonra düşündüm ki, bu bir vəhdətdir, komanda oyunudur. Kişi yaxşı olmalıdır ki,
qadın yaxşı olsun və ya əksinə. Yəni bu, tərəzidir. Cavadın şəxsiyyəti elə
açılmalı idi ki, onunla ailə həyatı quran knyaz qızını oxucu ona layiq bilməli
idi. Təbii ki, bu, həyatda belə olmuşdu. Romanda da ifadə edilməli idi. Ona
görə, romanı Cavadla başladım. Sonra
Cavadın yaratdığı Şükriyyə ilə "qarşılaşdıq”. Bu, həm onlar arasında tarazlıq
naminə, həm də Cavadın ruhu qarşısında mənəvi borcum idi. Knyaz qızı şairə aşiq
oldu, amma hansı şairə? Roman boyunca Cavadın şəxsiyyətini bu yöndə açmağa
çalışmışam. Buna nə qədər nail olmuşam, artıq oxucu deyə bilər.
– Siz həm də şüuraltı, altşüur nəzəriyyəsi ilə
bağlı distant təhsil alıbsınız. İxtisas bilikləriniz bu romanın hansı məqamında
köməyinizə gəldi?
– Təhsilin
sonsuzluğuna inanıram. Yəni nə qədər təhsil alsaq, mütaliə etsək, yenə yarımçıq
nələrsə var. Şüuraltı ilə bağlı təhsilim mənə insanın o biri üzünü göstərdi.
Cəmiyyətdə olan sosial "mən” və görünməyən əsl "mən”. İnsanlar aramızda, əsasən
birinci ilədir. Sosial "mən” sərhəd anlarında iflas edir və əsl "mən” üzə
çıxır. Bunu daha çox insanın qəzəb və kəskin dəyişiklik dönəmlərində müşahidə
etmək olur. Məsələn, deyirlər bir insanın əsl siması qəzəblənəndə açılır. Ya da
belə deyək, uçuruma düşəndə bizə kimlər əl uzadır? Sosial "mən” olaraq
yanımızda olanlar yoxa çıxırlar, əsl "mən” sahibləri isə qalır. Düşünürəm ki,
bu, yəni şüuraltı ilə bağlı bildiklərim mənə Şükriyyəni kəşf və hiss etməyimə
kömək etdi. Mən onların cəmiyyətə görünən simaları ilə gizlin qalmışlarını
müqayisə etdirməli idim. Bu da təbii
olaraq öz nəticəsini verdi. Şükriyyə ən kritik anda seçim etdi. Bu seçimlə,
sosial "mən”i cəmiyyətlə hesablaşmadı. Uçurumdakına əl uzatdı.
– Əhməd Cavad obrazını həddən artıq çəkingən
yaradıbsınız. Bunun səbəbi nədir, şeirlərindən "qan iyi gələn” birinin real
obrazı ilə sizin qəhrəmanınız nə dərəcədə uzlaşır?
– Əhməd
Cavadın Yazıçılar İttifaqında söylədiyi nitqlərinin stenoqramı ilə tanış olanda
heyrətləndim. Bu stenoqramlarda onun necə lətif bir ruha sahib olduğunu
aşkarladım. Onu təhqir edirdilər, hədələyirdilər, o isə onlara çox yumşaq cavab
verirdi, sanki böyüklük edirdi. Ətrafında səs-küy salan uşaq-muşaq idi və o,
onlara baş qoşmurdu. Onu çilədən çıxarmaq çətin olub. Siz bunu çəkingənlik
olaraq qiymətləndirirsiniz, amma mən belə baxmıram. Bu, alilik idi.
– Romanda Əhməd Cavadın həyatının daha çox
hansısa məclislərdə, iclaslarda, görüşlərdə təsvir edilməsi, dönə-dönə bu
metoddan istifadə nə ilə bağlıdır, məgər onun şəxsi həyatı yoxdur?
– Bu məsələ
ilə Məhəmməd Əmin Rəsulzadənin həyatı haqqında yazanda da üzləşdim. Bu insanlar
fasiləsiz olaraq işləyiblər. Zamanın qədrini biliblər. Üzeyir bəylərin, Əhməd
Cavadların, Rəsulzadələrin çox bərəkətli ömürləri olub. Onların şəxsi həyatı
da, ictimai həyatı da bir olub. Əgər belə olmasaydı, gürcü dilini 8 aya öyrənib və paralel olaraq Şota Rustaveli kimi bir
dahini tərcümə etmək iddiasına heç kəs düşə bilməzdi. Romanda onların bağ
mövsümündə Rəsul Rza, Mikayıl Müşfiqlə görüşlərini, Şükriyyə ilə eşq
səhnələrini də yazmışam. Düşünürəm ki, hər romanda onun həyatı tərəfli əks olunub.
Bir daha qeyd edim ki, obyekt Əhməd Cavad deyildi, roman Şükriyyə haqqında
yazılıb.
– Romanın sonunda Niyazi bir sıra sual
doğuran məsələləri Şükriyyədən soruşur. Amma Şükriyyə xanım, demək olar ki,
ancaq ümumi sözlərlə danışır...
– Bu suala elə romandan bir parça ilə cavab verim: "Oğluna insan
ömrünü nəhəng bir yer təsəvvür etdiyini
deyə bilmədi. Düzənliyində qollarını açıb yüyürə bildiyini, meşələrinin
qaranlığında azdığını, quyularında cadugərlərə, divlərə rast gəldiyini, cəngəlliklərində
övladlarını itirdiyini, buzlu çöllərində dişlərinin şaqqıldadığını, nəcasət
qoxusu verən soyuq hücrələrində yatdığını, gecələr səhərə qədər zəif lampa
işıqlarında barmaqlarını yara edən millərlə toxuculuq etdiyini və bu məkanların
hərəsində bir az itirdiyi qadınlığından danışa bilmədi”. Romanda başqa bir yerdə sanki bu suala birbaşa
cavab verilib: "Ona yaşadıqlarımı necə danışa bilərdim?! Təcavüz olunmuş
qadınlar, təcavüzdən doğulmuş uşağına sahib çıxan qadınlar, ya da elə körpəni o
anda öldürmüş qadınlar, dəli olmuş qadınlar, şaxta vurmuş qadınlar, düşərgədən
qaçmaq istəyərkən öldürülmüş qadınlar, intihar etmiş qadınlar, qadınlar,
qadınlar, qadınlar...”
– Əsərdə repressiya dönəmi ilə bağlı NKVD-dəki
dindirilmələr prosesi, sadəcə stenoqramı xatırladır. Bu cəhət sizin yazıçı kimi
dindirilməni, sadəcə protokol kimi dərk etmənizdən irəli gəlir, yoxsa başqa
səbəbdən dərinə getmək istəməyibsiniz?
– Repressiya
qurbanları haqqında araşdırmalar edib, bu haqda ilk romanımı - "ALJİR”i yazanda
dəhşətli faktlarla üzləşdim. Kütləvi zorlamalar, əcaib işgəncə metodları.
Dəhşətləri yazmağa gücüm çatmadı. Yaza bilməzdim. Hələ yaza bildiklərim bu
qədər dəhşət doğurdu. İnsanlar bu dəhşətləri oxudular və xəbər tutdular ki,
nələr və necə baş verib. O ki qaldı protokol məsələsinə, Sovet quruluşu elə
protokoldan ibarət idi. Protokoldan azca kənara sızanları nə gözləyirdi, hər
kəs bilirdi.
– Əsərin, bir zamanlar Əhməd Cavadın tərcümə etdiyi
"Pələng dərisi geyinmiş qəhrəman”ın qonorarının illər sonra onun oğlunun toy
tədarükü kimi xərclənməsi detalı ilə tamamlanması hər kəsin öz haqqının həm
maddi, həm də mənəvi formada bərpa olunacağına işarədir, yoxsa bu, sadəcə real
bir detaldır?
– Real faktdır. Ümumiyyətlə, roman real faktlara
əsasən yazılıb. Bu real faktların zamanla hesablaşması isə məsələnin metafizik
tərəfidir. Yəni insanı fiziki şəkildə yox edə bilərlər, amma insan bundan heç
nə itirmir.
Söhbətləşdi: Fərid Hüseyn
Tapdıq Abdullayev/ Global Media Group