• cümə, 27 Dekabr, 05:52
  • Baku Bakı 9°C

Ədəbiyyatda gizli reklam 

11.06.22 05:30 7177
Ədəbiyyatda gizli reklam 

“Belə şeylər əvvəllər də olub, elə indi də var.  Mən heç vaxt pisi tərifləmərəm. Yazıramsa, deməli, yaxşıdır. Məndən çox adam xahiş edir, amma yaxşı olmayan haqda yazmıram. Və qeyd edim ki, bundan ötrü indiyə kimi heç vaxt pul almamışam”

Son zamanlarda reklam bazarı müxtəlif sahələrdə özünü fərqli formalarda göstərir. Maraqlısı budur ki, reklam işləri artıq ədəbiyyata da yol tapıb və bədii əsərlərdə özünü büruzə verməyi bacarıb. Dünya ədəbiyyatında xeyli əsərlər var ki, onlarda gizli reklama rast gəlmək mümkündür. Amma ədəbiyyatda reklam digər sahələrdəkindən fərqlidir. Daha doğrusu, onu qəbul edib-etməmək məsələsi fərqlidir. Axı ədəbiyyat intellektual bir sahədir. Və bir çoxları bədii əsər oxuyarkən, orada reklam brendi ilə rastlaşanda bəzən qıcıqlanır. Bəzən isə buna xüsusi diqqət ayırmadan oxuyub keçir. Təbii ki, oxucu buna xüsusi diqqət ayırmasa belə, istər-istəməz şüuraltısında həmin o brend qalır. Yəni reklam bununla da öz işini görmüş olur. 

Bazarda qızıl orta

Dünyada bədii ədəbiyyatda reklam yerləşdirməyin qəbul olunmuş, amma yazılmamış bir neçə qanunu var. Birincisi odur ki, reklam həddini aşmamalı və kitab reklam jurnalına dönməməlidir. Buna görə də bir əsərdə maksimum dörd brenddən istifadə etmək olar. Əks halda oxucu əsərdən heç bir zövq almayacaq. Bu gizli reklamların da hər bir ölkənin kitab bazarına uyğun qiymətləri var. Qiymət həm də brendin əsərdəki mövqeyindən asılıdır. Məsələn, brendin kitabda ancaq adı gedə, süjet xəttinin bir hissəsi ola, əsərin adına bağlana və bununla da, təbii ki, kitabın üzündə görünə, hətta brendin adı əsərin baş qəhrəmanının adı da ola bilər və s. Brendin adı əsərdə nə qədər geniş formatda əksini tapırsa, qiyməti də bir o qədər baha olur. Və əslində, bununla da oxucuya daha çox təsir etmiş olur. Amma bayaq da dediyim kimi,  bunun özü də normanı aşmamalıdır. Necə deyərlər, bu işdə də qızıl ortanı itirmək olmaz. 

Marketoloqlar və ədəbiyyat

Ümumiyyətlə, ədəbiyyatda gizli reklamın yaşı cavandır. Amma bəzi mənbələrdə qeyd olunur ki, hətta Jül Vern də “80 gün dünya ətrafında” əsərində gəmi kirayə verən nəqliyyat şirkətlərinin adlarını çəkdiyinə görə onlardan ödəniş alıb. Yeni dövrə gəlsək, bu işin favoriti Stiven Kinqdir. O, əsərlərinə çoxsaylı brendlər daxil etməyin ustası sayılır. Marketoloqlar kitablarda brendlərin reklamının məqsədəuyğun olduğunu hesab edir və bu işi uğurla inkişaf etdirirlər. Azərbaycan ədəbiyyatında da gizli reklam varmı? Və ümumiyyətlə, bizim yazıçılar buna necə baxırlar? Xalq yazıçısı Çingiz Abdullayev və yazıçı Varislə bu barədə söhbətləşdim.

Yaxşı olmayanı yazmıram

Çingiz Abdullayev  dünya ədəbiyyatında gizli reklamın olduğunu deyir: “Belə bir şey var. Və niyə də olmasın ki? Bəlkə, bir yazıçı əsərində, məsələn, doğrudan da, yaxşı bir maşını tərifləyir, reklam edir. Yalan demir ki! Düzünü deyir də. Pis deyil axı bu. Keyfiyyətli bir məhsulu, brendi tərifləyirsə, bu, əlbəttə ki, yaxşıdır. Yox, əgər keyfiyyətsiz malı tərifləyirsə, çox pisdir. Və bu zaman yalnız pulu fikirləşirsə, bu lap pisdir. Belə şeylər əvvəllər də olub, elə indi də var.  Mən heç vaxt pisi tərifləmərəm. Yazıramsa, deməli, yaxşıdır. Məndən çox adam xahiş edir, amma yaxşı olmayan haqda yazmıram. Və qeyd edim ki, bundan ötrü indiyə kimi heç vaxt pul almamışam”. 

Bədii əsərə kəsər verən reklam

Yazıçı Varisin fikrincə, belə tendensiya dünya ədəbiyyatında olub və bu gün də var: “Məsələn, Poulo Koelyo, Con Maksvell Kutzee çox istifadə edir. Orxan Pamukun əsərlərində çox müşahidə olunur bu. Əsərləri elə bil sənədli prozadır. Nə qədər yer, dükan, brend adları çəkilir. Mən deyərdim ki, bu iş reklamdan başqa, bədii əsərə həm də bir kəsər verir. Məsələn, deyək ki, oxucu əsərdə oxuyur ki, qəhrəman çay içdi. Bir də var yazıçı onu xırdalayıb yazır ki, qəhrəman çox gözəl yerli Lənkəran çayından içdi. İlk dəfə “Sonuncu ölən ümidlərdir” romanımda “Sirab” şirkəti ilə heç bir anlaşmam olmadan, sadəcə romanın xaricə də gedəcəyini bildiyimdən bu suyun adını çəkmişəm. Yəni bunu öz təşəbbüsümlə etmişəm ki, dünyaya çıxanda bilsinlər ki, Azərbaycanda belə bir mineral su var. Amma sonrakı yaradıcılığımda “Əzilmiş fotoşəkillər”,  Türkiyədə çap olunan “Son məktub” romanımda  artıq anlaşma ilə reklam vermişəm. Mən buna çox müsbət baxıram. Bu da ədəbiyyatın tərkib hissəsidir. Ədəbiyyatda gizli reklam olmalıdır”.

Qənaətim

Düşünürəm ki, marketoloqlar ədəbiyyata reklam gətirməyin xeyrini son dərəcə dəqiq fikirləşiblər. Baxın, televiziya verilişlərində çox vaxt reklam başlayanda əksər tamaşaçı kanalı dəyişməyə üstünlük verir, yaxud da ki, durub başqa işlərini görüb qayıdır ekran qarşısına. Və beləliklə reklamçı uduzmuş olur. Amma kitab bir ayrıca dünyadır, ətraf-aləmdən ayrılıb əsərə dalmaqdır, xüsusi diqqətdir. Oxucu kitabla bir vəhdət halına gəlir oxu zamanı. Reklamın hansı səhifədə, hansı cümlədə gələcəyini bilmir. Və rastlaşanda belə onu adlayıb keçə bilmir. Çünki bu, TV reklamı deyil. Burda bir sözü buraxmaqla əsərin məğzini, mənasını itirmək olar. Ona görə də, oxucu istər-istəməz əsəri söz-söz oxuyur və bununla da reklamı qəbul etmiş olur. 

Hazırladı: Xanım Aydın

 

banner

Oxşar Xəbərlər