• çərşənbə axşamı, 10 dekabr, 16:29
  • Baku Bakı 7°C

Müşfiqin Şuşa səfərləri

15.06.22 10:45 6807
Müşfiqin Şuşa səfərləri

Şuşada heç olmamışdı Müşfiq. Vur-tut bircə dəfə ayaq basmışdı Qarabağ torpağına. 1930-cu ilin payızında. Özü də pambıq mövsümündə. Yüzlərlə ali məktəb tələbəsi kimi Aşağı Qarabağa “ağ qızıl” yığmağa getmişdi. Gənc yazıçı dostları Süleyman Rəhimov və Əlyar Qarabağlı da onunla birlikdə idilər. Ay yarıma qədər burada qalan dostlar imkanlaşdırıb, heç olmasa, bir şənbə-bazar günü Şuşaya qalxmaq, aranın cəhənnəm istisindən bir qədər uzaqlaşıb, havalarını dəyişmək fikrinə düşsələr də, sosializm yarışının qanun-qaydaları onların bu istəklərinin qarşısına sədd çəkirdi. Nəhayət, üzərlərinə götürdükləri öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirərək planı artıqlaması ilə dolduran tələbələri geri döndərdilər. Şuşanı görmək arzusu, Zakirin, Nəvvabın, Üzeyir bəyin müqəddəs vətənini ziyarət etmək istəyi isə o vaxt şairin ürəyində qaldı…

Tədqiqatçı-jurnalist Vasif Quliyevin “Müşfiqin Şuşa səfəri” məqaləsində bu barədə söhbət açılır. Kaspi.az həmin məqaləni təqdim edir.

Otuzuncu illərin mürəkkəb və çətin poeziya pillələri ilə sürətlə qalxan və respublikada artıq istedadlı bir şair kimi tanınan Mikayıl Müşfiq zamanın tələblərinə cavab verən mövzulardan yazmağa daha çox üstünlük verirdi. Onun daimi şeir deyən şaqraq və gur səsi gah Bakının neft rayonlarının, fəhlə qəsəbələrinin iri tamaşa salonlarından, gah zavod, fabrik, məktəb klublarından eşidilir, gah da qonşu respublikalardakı sənət dostlarının ədəbi məclislərindən gəlirdi. Geniş tamaşaçı və dinləyici auditoriyalarında çıxış etməyi xoşlayan alovlu şair Azərbaycan Proletar Yazıçılar Assosiasiyasının (indiki Azərbaycan Yazıçılar Birliyi) üzvü kimi vaxtaşırı fəhlələr, kolxozçular, tələbələr, məktəblilər, ziyalılar qarşısına müasir həyatdan bəhs edən əsərləri ilə çıxır, gəncləri təzə həyata, yeni quruculuq işlərinə səsləyir, dinləyiciləri ruhlandıraraq onlarda daha xoşbəxt gələcəyə inam yaradırdı. Ona görə də ədəbiyyata yenicə qədəm qoyan istedadlı gənc şairlərdən söhbət düşəndə Mikayıl Müşfiqin də adı birincilər sırasında çəkilirdi.

Şairin Şuşaya ilk gəlişi

Azərbaycan Proletar Yazıçılar Assosiasiyasının xətti ilə budəfəki yaradıcılıq ezamiyyəti lap yerinə düşdü, Müşfiqin ürəyincə oldu. Bir neçə yazıçı və şairlə Dağlıq Qarabağa yola düşdü və öz Xızısı qədər ona doğma, əziz sandığı Şuşanı görmək arzusu birdəfəlik ürəyindən silindi.

Mikayıl Müşfiqin Şuşaya gəlişi ildırım sürəti ilə şəhərə yayıldı. Ədəbi ictimaiyyət arasında söhbət gəzməyə başladı ki, məktəblərdə və digər mədəni-maarif müəssisələrində onunla görüşlər keçiriləcək. Şəhər orta məktəbinin ədəbiyyat müəllimi Əyyub Musayev də şagirdlərinə muştuluq verirmiş kimi, şairin Şuşaya gəldiyini bildirdi və həmin gün dərsdən əlavə, Mikayıl Müşfiqin həyat və yaradıcılığından da danışdı, onun haqqında uşaqlara geniş məlumat verdi. Dedi ki, sabah onları şairin görüşünə aparacaq. Görüşün rayon qəzeti redaksiyasında olacağını da bildirdi.

Ertəsi gün səhər saat 10-11 radələrində Əyyub müəllim rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin üzvlərini də götürüb, redaksiyaya yollandı. Öz şeirləri ilə artıq Şuşanın hüdularından kənarda tanınan yerli yazıçı Novruz Heyrani, şairin yaxın tanışı, pedaqoji məktəbin ədəbiyyat müəllimi İsaq Məmmədov və tələbələri Həbib Allahverdiyev, Yaqub Musayev, Kamal Yusifov da burada idilər. İyirmi yeddi-iyirmi səkkiz yaşlarında, ortaboylu, enlikürək, qıvrımsaç, qaraqaş, qaragöz, itibaxışlı cavan bir oğlan gənclərə ədəbi məsləhət verirdi. Onun əynində düz qoysan, düz duran qəhvəyi rəngli kostyum vardı və ona uyğun da köynək, ayaqqabı geyinmiş, qalstuk taxmışdı. Qəzetin redaktoru bu səliqəli oğlanı Əyyub müəllimə və gənc poeziya həvəskarlarına təqdim edib: “Tanış olun, şair Mikayıl Müşfiqdir!”- dedi və uşaqları da qonaqla tanış etdi. Ədəbiyyat həvəskarları Müşfiqin başına toplaşdılar, ona müxtəlif suallar verməyə başladılar. Şair gənc dostlarının suallarına nəzakət və ehtiramla cavab verirdi. Həmin görüşün şahidi olmuş mərhum müəllim Mustafa Fətəliyev 1968-ci ildə Mikayıl Müşfiqin anadan olmasının 60 illiyi münasibətilə qələmə aldığı xatirələrində yazırdı: “Görkəmli şairimiz, sən demə, bizdən əvvəl qəzetin səhifələrini bir-bir nəzərdən keçirmiş, çap olunmuş şeirləri oxumuş və cib dəftərçəsində qeydlər etmişdi. O, adımızı çağırır, biz ehtiramla ayağa qalxırdıq.

-Əyləşin, lazım deyil, amma dediklərimə yaxşı fikir verin, gələcəkdə belə nöqsanlara yol verməyin.

Şeirlərimizin bütün qüsurlarını bir-bir dedi, hansı sözün yerinə düşmədiyini, dil və üslub xətalarını, forma aludəçiliyini göstərdi, şeiri necə yazmaq haqqında öz məsləhətlərini verdi, sonra bizə müraciətlə:

-Hə, indi hərəniz də təzə şeirinizdən birini oxuyun, qulaq asaq, - dedi. Şairin qarşısında heç kəs şeirini söyləməyə cəsarət etmirdi. Bunu özü də hiss etdiyindən “belə olmaz, növbə ilə başlayın”, - dedi.

Nə demək olardı, başladıq. Bir, iki, üç, dörd, beş… Növbə mənə çatdı. Mən şeirimi əzbərdən söylədim. Şeirin birinci bəndi belə idi:

Bir şair könlümün gen damarından

Daşqın ümman kimi söz gəlib-gedir.

Əyilmək bilməyən polad məqsədim

Ellərin eşqiylə düz gəlib-gedir.

Şair məni saxladı və gülümsəyərək dedi:

-Ay bala, könlün gen damarı olmaz! Onu dəyişdir, belə elə: Bu şair könlümün təmtarağından.

Müəllimlərimiz xahiş etdilər ki, şair öz yeni şeirlərini oxusun. Bu, bizim də ürəyimizdən oldu. Onun şeirlərinin təsir gücü, həyatiliyi, xüsusilə də, özünün şeir oxumaq qabiliyyəti bizi valeh etdi.

Axırda şair bizə bildirdi ki, meşəni, çayı, bir sözlə, təbiəti seyr eləyib hərəmiz bir şeir yazaq. Sonralar mənə aydın oldu ki, Mikayıl Müşfiq həqiqətən, təbiətin vurğunudur. O, gözəl təbiət lövhələri yaradan şairdir.

Söz yox ki, biz onun tapşırığına əməl etdik. Hərəmiz bir şeir yazıb şairə göstərdik və görüşdə oxuduq”.

Mikayıl Müşfiqlə ilk tanışlıq şuşalı şeir həvəskarlarında poeziyaya, ümumiyyətlə, ədəbiyyata maraq və həvəsi daha da artırdı.

Şuşaya ikinci gəliş

Aradan bir müddət keçəndən sonra Mikayıl Müşfiq yenə də Şuşaya gəlmişdi. İlin ən gözəl çağı, may ayı idi. Şuşa Pedaqoji Məktəbində şairin pərəstişkarları onunla təntənəli görüş təşkil etmişdilər. Həm müəllimlərin, həm tələbələrin, həm şəhər ictimaiyyəti nümayəndələrinin, elə hamının sevincinin həddi-hüdudu yox idi. Niyə də sevinməyəydilər? Axı, adını yalnız ədəbiyyat müəllimlərinin dilindən eşitdikləri və bir dəfə də üzünü görmədikləri Müşfiqi çoxları bu gün canlı, üzbəsurət görəcək, onun şeirlərini dinləyəcək, suallar verəcəkdilər…

Pedaqoji məktəbin foyesində böyük canlanma vardı. Ətraf yerlərdən də şairi görmək arzusunda olanlar Şuşaya gəlmişdilər. Görüşün başlanmasına lap az qalırdı. Kimisi foyedə gəzişir, kimisi pəncərə qarşısında dayanıb, söhbət edir, kimisi də bir küncə çəkilib, siqaretə dəm vururdu. Yazı-pozu adamlarını çox sevən, onlarla görüşü keçirməkdən, əsərlərini müzakirə etməkdən, lazım gəlsə, polemikaya girişməkdən zövq alan, şeirdən, sənətdən doymayan şuşalı ədəbiyyat həvəskarları vaxtaşırı qocaman və cavan ədiblərlə müxtəlif müəssisələrdə və mədəniyyət ocaqlarında ədəbi-bədii gecələr keçirsələr də, budəfəki görüş onlar üçün daha əziz, daha maraqlı idi. Ona görə də Müşfiq şeirinin pərəstişkarları qonağı səbirsizliklə gözləyirdilər.

Rayon rəhbərliyinin və şəhər ictimaiyyətinin nümayəndələri foyeyə daxil olarkən qabaqda gələn və çoxlarının hələ tanımadığı qarabuğdayı bir gənc əllərini iç-içə alaraq hamıya ümumi salam verib, yanındakılarla birlikdə içəri adladı. Foyedəkilər qonağın Müşfiq olduğunu bilib, dərhal onların ardınca salona daxil oldular. Bir dənə də boş yer qalmadı. Sair səhnəyə çıxanda tamaşaçılardan hamısı bir nəfər kimi ayağa qalxıb, onu uzun sürən alqışlara qərq etdilər. Görüşün aparıcısı coşqun və canlı bir həyat yolu keçmiş böyük ilham və istedad sahibi Müşfiqi dinləyicilərə təqdim edəndən sonra sözü ona verdi.

Şair müşviqsevərlərə səmimi təşəkkürünü və minnətdarlığını bildirib, sözə başladı. Azərbaycan şeirinin bugünkü məziyyətindən danışaraq ədəbiyyatın son illərdəki nailiyyətlərini xüsusi vurğuladı, müasir poeziyanın yükünü çiyinlərində daşıyan gənc şairlərin adlarını çəkdi…

Sonra öz şeirlərini sinədən söyləməyə başladı. Alovlu, coşqun təbiətli şairin ürəyi vəcdə gəldi, şair qəlbi aşıb-daşdı, ilhamı çağladı, nə çağladı. Ahəngdar, yumşaq, məlahətli, eyni zamanda, da gur və şaqraq səsi bütün salon boyu yayıldı. Müşfiq qəlbinin ən incə, ən kövrək tellərindən qopub gələn dadlı-duzlu, ləzzətli şeirlər oxuyurdu. Şair arabir əlini oxuduğu şeirin ahənginə uyğun qaldırıb-endirir, alnının üstünə düşən qara, gur saçlarını əlilə tez-tez arxaya atırdı. Şeirlərinin məlahətlə, ahənglə səslənməsi, əllərinin misralara uyğun hərəkəti tamaşaçıları heyran eləmişdi. Ona görə də müşfiq poeziyasının vurğunları şairi səhnədən buraxmaq istəmir, dönə-dönə şeir oxutdururdular…

Müşfiq tamaşaçıların tələbi ilə şeirlərini söylədikdən sonra aparıcı görüşün birinci hissəsinin başa çatdığını bildirdi… Şairlə sual-cavab başladı.

Pərəstişkarlarının bütün suallarına Müşfiq qaneedici cavalandırdı və ikinci hissə ilə görüş başa çatdı. Sonra isə şairin şərəfinə böyük konsert verildi. Mikayıl Müşfiqlə bu tarixi musiqili-ədəbi görüş o dövrün tamaşaçılarının yaddaşına əbədi yazıldı. Həmin gecənin iştirakçısı Mustafa Fətəliyev xatirələrini belə davam etdirir: “Mikayıl Müşfiqi ikinci dəfə də görmək xoşbəxtliyi mənə nəsib oldu. Bu zaman mən artıq pedaqoji məktəbin tələbəsi idim. Şair məktəbə gəlmişdi…

Mikayıl Müşfiqin çox iti yaddaşı vardı. Konsertdən sonra ona yaxınlaşıb. Görüşmək istəyərkən dərhal məni tanıdı. “Könlümün gen kanalı” deyib zarafatla güldü. Texnikumda oxumağım münasibətilə məni təbrik etdi, gələcəkdə yaxşı müəllim olmağımı arzuladı”.

Malıbəyli kəndində şairlə növbəti görüş

Ertəsi gün Mikayıl Müşfiqlə Qarabağa yaradıcılıq ezamiyyətinə gəlmiş şair Q. Samvel Şuşanın ən iri və ziyalı kəndi olan Malıbəyli məktəbinə görüşə getdilər. Bu görüş həm Müşfiqin, həm də malıbəylilərin yaddaşına tarixi bir gün kimi həkk olundu. Səfər yoldaşı şair haqqındakı xatirələrində yazırdı: “Müşfiqin Malıbəyli məktəbliləri ilə görüşü xüsusilə təsirli oldu. Ora biz ikimiz –mən və Müşfiq getmişdik.

Kənddə bizi ilk qarşılayan balaca bir uşaq oldu. Müşfiq onu saxlayıb:

-Oğlum, məktəb hansı tərəfdədir?-deyə soruşdu.

Oğlan əlilə kəndin kənarındakı ikimərtəbəli binanı göstərib:

-Məktəb bax, odur!- dedi.

-Sən də orda oxuyursan?

-Bəli, orda oxuyuram, beşinci sinifdə.

-Bəs Mikayıl Müşfiqi tanıyırsan?- deyə mən soruşdum.

–Müşfiqi?! Əlbəttə, tanıyıram!

-Onun şeirlərindən hansını əzbər bilirsən?

-Şəngül, Şüngül, Məngülü!

-Əzbər deyə bilərsən?!

-Deyərəm! İstəyirsiz?!

-İstəyirik! Məmnuniyyətlə qulaq asarıq!

Oğlan şeiri əzbərdən deməyə başladı:

Ana keçi, hallı keçi,

Məmələri ballı keçi.

O dağlardan, bu dağlardan,

Durna gözlü bulaqlardan,

Yeyib, içib, ətə dolur,

Məmələri südlə dolur.

Ana keçi, ana keçi,

Qurban olum sana keçi!

Səni gözlər Şəngül, Şüngül,

Yuxa tüklü gözəl Məngül…

Müşfiqin sevincinin həddi-hüdudu yox idi. O, elə təsirlənmişdi ki, oğlanı qucaqlayıb üz-gözündən öpdü.

-Bilirsən səni kim öpür?-Mən oğlandan soruşdum.

-Xeyr, bilmirəm!

-Elə o Müşfiqin özüdür də!

Mənim sözümdən oğlanın gözləri dörd oldu, Müşfiqi başdan-ayağa süzüb, birdən götürülərək məktəbə sarı qaçdı.

Bir neçə dəqiqədən sonra isə məktəbin bütün müəllim heyəti və şagirdləri küçəyə çıxdılar. Qonşuluqdakı evlərin sakinləri də məktəblilərə və müəllimlərə qoşuldular”.

Elə bu vaxt Müşfiqgilə bir maşın yaxınlaşdı. Maşında olanlar düşüb, salamlaşaraq onlarla birlikdə məktəbə tərəf getdilər. Sən demə, Mikayıl Müşfiqin Malıbəyliyə gedəcəyini əvvəlcədən bilən Şuşa rayon Milis Şöbəsinin əməliyyat müvəkkili, ədəbiyyat və incəsənət vurğunu olan Məmmədəli Novruzov görüşün daha gözəl, daha maraqlı və təmtəraqlı keçməsi xatirinə Xan Şuşinskinin də bu tədbirdə iştirakını lazım bilərək cəld dostunun dalınca Ağdama yollanıb. Görkəmli xanəndə sonralar həmin tarixi günü belə xatırlayırdı: “ Bir dəfə Ağdamda Malıbəyli balası, dostum Məmmədəli Novruzov gəldi ki, dəstəni götür, gedəcəyik Malıbəyliyə, Bakıdan qonaqlarımız var. Malıbəyli kənd məktəbində musiqili, sözlü, söhbətli gözəl bir tədbir keçirilirdi. Biz də həmin tədbirə qoşulduq. Qonaqların arasında çox yaraşıqlı, gözəl simalı bir oğlan vardı. Gözəl sözləri ilə, şeirləri ilə hamını heyran etmişdi. Məmmədəli bizi tanış elədi, dedi ki, Mikayıl Müşfiqdir…”

Görüş məktəbdə salon rolunu oynayan böyük və geniş dəhlizdə keçirilirdi. Hərə öz yerini tutmuşdu. Budur, görüşün ilk dəqiqələridir. Gəlin yenə Q. Samveli dinləyək: “Hamılıqla məktəbə getdik. Bu görüş mənim qəlbimdə böyük izlər buraxdı. Müşfiqin ünvanına çoxlu sözlər deyildi, onun neçə-neçə şeirini uşaqlar əzbərdən söylədilər. Sonra şair özü çıxış etdi:

-Mən yaxşı natiq deyiləm!-deyə başladı. Lakin kimsə dedi:

-Amma yaxşı şairsən!

-Onda icazə verin, ürəyimdə olan şeirlərdən deyim.

O, şeir deməyə başladı. Bu şeirlərdə o qədər hiss, həyəcan, duyğu, hərarət vardı ki… İstər-istəməz özü də bu şeirləri elə həyəcanla söyləyirdi ki, çoxlarının gözlərində yaz gülləri görünürdü. Müşfiqin özü də bərk həyəcanlıydı. O öz aləmində idi. Mümkün olsaydı, mən deyərdim ki, o gecə yarısına qədər şeir deyərdi. Hamı da onu məmnuniyyətlə dinləyirdi.. Lakin dərsə mane olmamaq üçün Müşfiq hamıya öz təşəkkürünü və minnətdarlığını bildirdi…

Ayrılıq dəmi çatdı…

Məktəbdən çıxdıq. Onu buraxmaq istəmirdilər, bizdən qalmağı xahiş edirdilər. Bəziləri bizi evinə qonaq dəvət edirdi. Lakin biz razılıq verə bilmirdik, çünki vaxtımız az idi, getmək lazım idi. Məktəbin bütün şagirdləri, müəllimləri və kənd sakinləri bizi yola salmağa gəlmişdi. Uşaqların yolun hər iki tərəfində cərgəyə düzüldüyünü görmək həyəcanlı və təsirliydi. Cərgədə duranlar dəsmallarını yelləyərək bizimlə vidalaşırdılar.. Müşfiq tez-tez geri çevrilərək mütəəssircəsinə göz yaşlarını silirdi, sanki ən yaxın adamlarından ayrılırdı. Elə bil ürəyinə dammışdı ki, onları bir daha görə bilməyəcək.

Malıbəylilərdən ayrılarkən Mikayıl Müşfiq bayaq onlara “bələdçilik eləyən” oğlanı yanına çağırıb:

-Oğlum, sənin gözəl şeir demək qabiliyyətin var. Səndən yaxşı ədəbiyyatçı olar. De görüm məktəbi bitirəndən sonra hansı sənət dalınca gedəcəksən?-deyə soruşdu.

-Ədəbiyyatçı olacağam!-deyə bəstəboy oğlan şəstlə cavab verdi”.

Həqiqətən də həmin oğlan sonralar özünə müəllimlik peşəsi seçdi, ədəbiyyatçı oldu. Malıbəyli kənd məktəbinin pedaqoji kollektivinə uzun illər rəhbərlik etdi, ədəbiyyat fənnindən dərs dedi. Yeri gələndə şagirdlərinə Mikayıl Müşfiqlə o unudulmaz görüşündən xatirələr danışdı, şairi uşaqlara daha da sevdirdi…

Mikayıl Müşfiqlə həmsöhbət olan həmin o bəstəboy oğlan Şahin Əliyev idi.

… Malıbəyli gəncləri qonaqları kəndin ən səfalı guşələrindən olan Ceyran bulağına apardılar. Təbiət qoynunda oturmaq, çalıb-oxumağı, şadlanmağı, əylənməyi sevən Müşfiqin də, digər qonaqların da ürəyincə oldu.

Həmin gün Ceyran bulağının başqa hüsnü, özgə gözəlliyi vardı. Axı, onun qonaqları adicə adamlar deyildilər. İki böyük düha, iki böyük sənət nəhəngi idi. Xanın və Müşfiqin bura təşrif buyurması sanki bulağın hüsnünü daha da gözəlləşdirirdi.

Bir tərəfdə samovar tüstülənir, bir tərəfdə şişlər manqal üzərinə düzülür, bir tərəfdə isə… Hamı artıq süfrə başındaydı. Müşfiq xəyala dalaraq qarşıda ucalan əzəmətli, “ağ çalmalı” Qırxqızı, Dəlidağı, Kirsi, Sarıbabanı seyr edirdi. Masabəyi Məmmədəli Novruzovun “Xoş gəlmisiniz, həmişə Siz gələsiniz” sözləri ilə başlanan ilk sağlığı şairi dərin xəyallardan ayırdı. Qədəhlər cingildədi, məclis axarına düşməyə başladı. Tarzən tarını köklədi, özü də Müşfiqin də, Xanın da ən çox sevdiyi “Mirzə Hüseyn Segahı” üstündə. Tar dilə gəldi. Xanın şaqraq səsi göylərə yüksəldi, cingiltili zəngulələrlə muğamı başa vurarkən artıq musiqi dəryasına qərq olan Müşfiqin işarəsi ilə Allahyarın mizrabı “Bayatı-Şiraza”a keçdi. Müşfiqin şair xəyalı coşdu, ürəklərin tellərini dilləndirən sənət incisi, Müşfiq incəliklərinin bütün gözəlliyini əks etdirən “Oxu tar”ı söyləməyə başladı:

Oxu tar, oxu tar!...

Səsindən ən lətif şeir dinləyim.

Oxu tar, bir qədər

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu tar!

Səni kim unudar?

Ey geniş kütlənin acısı, şərbəti

Alovlu sənəti!..

Oxu tar, fikrimdə oyansın

Baharın, Seyidin qəzəli,

Oxu tar, ruhlansın

Şirvanın, Gəncənin mehriban gözəli!..

Şeir misra-misra səsləndikcə Müşfiqin şair nəfəsi, Xanın ürəkaçan səsi məclisə başqa təravət gətirirdi. Günortadan başlanan ziyafət artıq gün qüruba enəndə başa çatdı. Həmin gün Müşfiqlə Xan poeziyadan və musiqidən gözəl bir çələng hördülər, yaddaşlarda qalan, heç vaxt unudulmayan bir çələng. Şair təzə dostları ilə olan bu görüşdə sözü, söhbəti ilə onların qəlbinə yol tapa və özünü onlara daha çox sevdirə bildi.

Artıq ayrılıq dəmi çatmışdı. Müşfiq hamı ilə sağollaşdı, halallaşdı. Uzun illərin dostları kimi Xanla mehribancasına qucaqlaşdılar, görüşüb-öpüşdülər. “sağlıq olsun, mütləq biz yenə də görüşəcəyik!”,-dedi Müşfiq. Amma heç kəsin ağlına gəlməzdi ki, bugünkü məclis onların Müşfiqlə ilk və sonuncu görüşüdür. Şairin də ürəyinə dammışdı ki, bir də bu yerlərə ayağı dəyməyəcək, bir də təzə dostları ilə görüşməyəcək...

banner

Oxşar Xəbərlər