• cümə axşamı, 26 dekabr, 14:20
  • Baku Bakı 10°C

İstanbulun bukinist mağazasında söhbət: Türkiyədə bu kitabdan 10-11 nəfərdə var

27.11.21 11:30 6059
İstanbulun bukinist mağazasında söhbət: Türkiyədə bu kitabdan 10-11 nəfərdə var
Sener Köksümer: "Mağazanın qarşı tərəfinə bahalı kitab qoymuram. Bəzən görürəm ki, bir tələbə kitabı götürüb çantasına qoyur. Onda başımı aşağı salıram. On yox, bir kitab götürür. Deməli, pulu olsa, götürməz”.
İstanbulda – İstiqlal küçəsində "Aslıhan pasajı, sahaflar çarşısı” deyilən yer var. Burada çoxlu kitabçılar var ki, onlar ikinci əl, yaxud da köhnə kitablar satırlar. Bizdəki bukinistləri xatırladan bu sahaflarda çox gözəl kitablar tapmaq mümkündür. Türkiyədə ikinci əl kitabların, tarixi nəşrlərin vəziyyəti ilə bağlı adıçəkilən sahafda kitab mağazası olan Sener Köksümerlə söhbətləşdik:
– Məncə, köhnə kitablar satmaq, sadəcə, iş deyil, həm də fanatiklikdir. Bu barədə siz nə düşünürsünüz?
– 26 ildir sahaf – köhnə, ikinci əl kitablar satmaq işi ilə məşğulam. Fikrimcə, insanlıq tarixinin ən böyük kəşfi hərfin, yazının kəşfidir. Əgər hərf kəşf olunmasaydı, insanlar heç bir uğur əldə edə bilməzdilər. Bütün inkişaflara görə yazıya borcluyuq. Buna görə də, kitab mənim üçün çox önəmlidir.


– Göz önünüzə 20-25 il əvvəlki və müasir oxucuları gətirin. Sizcə, onlar arasında əsas fərq nədən ibarətdir?
– Deməli, burada sizin düşündüyünüz kimi, fərqlər nəsillərlə bağlı deyil. 100 il əvvəl də mütaliəni sevən, yaxud oxumaqla arası olmayanlar vardı. Yenə də mənzərə eynidir. Oxumayan yenə də oxumur. Amma məncə, son illərdə Türkiyədə oxucu sayı xeyli artıb. Yeni nəsil daha çox kitab oxuyur. Bu məsələdə qocaların deyinməsinə fikir verməyin, mən sizə reallığı deyirəm.

– Bəs oxucuların daha çox hansı nəşrlərə marağı böyükdür?
– Bütün dünyada olduğu kimi Türkiyədə də ən çox oxunan detektiv əsərlər, melodramatik romanlardır. Yaxud da piarı təşkil edilmiş kitablar.


– Elə kitabınız varmı ki, satmağa əliniz gəlmir?
– Evdə şəxsi kitabxanam var. Mənə bağışlanan çoxsaylı imzalı kitablar var ki, onları satmıram, həmin kitabxanada qoruyuram. Onları heç zaman sata bilmərəm, çünki o kitabların müəlliflərinin əksərini yaxından tanımışam, bəziləri ilə dost olmuşuq.

– Sizə avtoqrafla kitab verən hansı məşhurun adını çəkə bilərsiniz?
– Məndə Yaşar Kamal, Əziz Nesin, Mina Urqan, Duyqu Asena və sair yazarların imzalı kitabları var. Bu siyahı o qədər uzundur ki...

– Kitabları daha çox haradan, yaxud kimlərdən əldə edirsiniz?
– Bəzən bir evdə ata çox kitab oxuyur, amma oğlunun heç bir nəşrə marağı olmur. Və həmin oğul bizə deyir ki, gəlin kitablara baxın və neçəyə istəyirsinizsə götürün. Yaxud başqa birisi kitabları qapıçıya verir ki, götür bunları sat, necə edirsən et, təki evdə yer tutmasın. Qapıçı da gətirib dəyər-dəyməzinə bizə satır.Bəzən də kimsə maddi səbəblərə görə kitablarını satır. Onlar kitabın həqiqi qiymətini yaxşı bilirlər, sadəcə, əlacsızlıqdan satmaq məcburiyyətində qalırlar. Yaxud da kimsə İstanbula işləməyə gəlir, üç-beş il məmurluq edib ölkəsinə qayıdanda yanımıza gəlir ki, ölkəmə qayıdıram, ona görə də, kitablarımı satmaq istəyirəm. O günlərdə yanıma bir ingilis gəlmişdi ki, sənətlə bağlı xeyli maraqlı kitablarım var, ölkəmə qayıdıram, aparmaq istəmirəm, satıram. Mən də hamısını uyğun qiymətə aldım.


– Əgər siz haçansa harasa köçəsi olsanız, özünüzlə kitabları aparardınız, yoxsa dəyər-dəyməzinə satardınız?
– Çamadanımdan əvvəl kitablarımı yığar və hamısını apararam.

– Bu tipli kitab mağazalarına üz tutanların çox olması yeni çıxan kitabların baha olması ilə bağlıdır, yoxsa...
– Bukinistlər təkcə ucuz kitabların satıldığı yer deyil. Elə kitab var ki, onun yenisinin qiyməti 40 türk lirəsidir, amma məndə olan ilk nəşrinin dəyəri 440 türk lirəsidir. Kitab kolleksiyaçıları qədim kitablara çox pul xərcləyirlər. Amma əlbəttə ki, əksər kitabların yeni nəşrləri bizim satdıqlarımızla müqayisədə çox bahadır.

– Kitab mağazanızda ən bahalı kitablar hansılardır?
– Özdemir Asafın şeir kitabların ilk nəşrləri 400 lirədir. Yaxud Nazim Hikmətin şeir kitablarının ilk nəşrinin qiyməti 2000-2500 lirədir. Məndə ilk əlifbamız qəbul ediləndən sonra çap olunan "Millet mektebleri” adlı əlifba kitabı var. Onun qiyməti də bahadır. Sayla basılan nömrəli kitablar var ki, onların da qiyməti bahadır. 1945-ci ildə Asef Halet Çelebinin "Lamelif” adlı kitabı 465 ədəb yayımlanıb. Biri də məndədir. Ona "Naime Halit alfabesi” deyirlər. Qiyməti 3000 lirədir. Nihal Adsızın "Dalkavuklar gecesi” kitabı 1941-ci ildə çapdan çıxıb, qiyməti 3000 lirədir. Bu kitabda o, İsmət İnönünü təhqir edib. Ona görə, bu kitab çap olunan kimi yığışdırılıb, amma mən hələ də saxlayıram. Türkiyədə bu kitabdan ancaq 10-11 adamda var.


– Kitab oğurlayan olanda necə reaksiya verirsiniz?
– Mağazanın qarşı tərəfinə bahalı kitab qoymuram. Bəzən görürəm ki, bir tələbə bir kitab götürüb çantasına qoyur. Onda başımı aşağı salıram. Onsuz da, on yox, bir kitab götürür. Deməli, pulu olsa, götürməz.

– Dil bilgiləri ilə bağlı kitablar hədsiz dərəcədə çox satılır. Bunun səbəbi nədir?
– Çünki gənclər Türkiyədən razı deyillər. Ona görə də, xaricə getmək üçün ciddi şəkildə hazırlaşırlar, əcnəbi dilləri öyrənirlər.

– Satıb sonra peşman olduğunuz kitablar olubmu?
– Çox olub. Məsələn, "Millət mektebleri” kitabını da satanda çox pis olacağam. Amma nə edək, insan hər şeyə sahib ola bilmir. Məşğul olduğum işin mahiyyətində satmaq var, əgər hər dəyərli kitabı satmayıb toplasam, bu işlə məşğul ola bilmərəm.

– Elektron kitablar çap kitablarının gələcəyi üçün təhlükə sayıla bilərmi?
– Xeyr, çünki elektron kitab heç zaman çap kitabının yerini verə bilməz. 300 səhifə kitabı pdf variantında oxumaq olarmı? Ona insanın gözü tablayarmı? Gündə beş qəzet oxusan, 30 lirə edir. Ona görə gündəlik hər qəzeti almaq olmur, bu səbəbdən qəzetləri elektron oxuyuram, amma kitabı hər gün elektron şəkildə oxumaq mümkün deyil.
Söhbətləşdi: Fərid Hüseyn

banner

Oxşar Xəbərlər