şənbə, 02 Iyul, 00:22

Baku Bakı 22°C

Sarkisyanın cəhdləri heç bir nəticə verməyəcək

icon 1474 icon 29 aprel 2016 | 11:40 Sarkisyanın cəhdləri heç bir nəticə verməyəcək

Ermənistan silahlı qüvvələrinin aprel ayının əvvəllərindən başlayaraq iri çaplı silahlardan intensiv atəşləri nəticəsində Azərbaycanın çoxlu sayda yaşayış məntəqəsinə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan vurulub, dinc sakinlər həlak olub və ya yaralanıb. Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının qoşunların təmas xəttində yerləşən yaşayış məntəqələri istiqamətində əkin sahələrinə, həmçinin kommunal obyektlərə - elektrik, su, yol, rabitə təsərrüfatına, qaz xətlərinə də ciddi zərər vurulub. Cəbhə xəttində atəşkəsin yenidən pozulması və bundan irəli gələn məsələlərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc cavablandırır.
- Zahid müəllim, aprel ayının əvvəlində cəbhə xəttində yaşanan hadisələrdən sonra Ermənistan daxilində cərəyan edən proseslər nədən xəbər verir?
- Ermənistan prezidenti Serj Sarkisyan "4 günlük müharibə”də məğlub olduğunu bilirdi. O, bu barədə operativ məlumatlara malik idi. Sonradan erməni cəmiyyətinin müxtəlif təbəqələrində, xüsusən də parlament, siyasi qüvvələr, hərəkatlar və keçmiş Qarabağ veteranlarının bu həqiqətlərin bilinməsi fonunda Ermənistanda bir hərəkətlənmə baş verdi. Sadəcə Ermənistan ordusu deyil, erməni cəmiyyətinin bütün təbəqələri "4 günlük müharibə”dən böyük sarsıntı keçiriblər. Onlar Azərbaycan Ordusunun real gücünü hiss edib, gördülər. Hətta erməni cəmiyyətində Azərbaycan Ordusunun cavab zərbələrindən sonra bir ayılma prosesi baş verib və buna görə onlar hərbçilərimizə təşəkkür də edirlər. Bu səbəbdən Ermənistanın siyasi hakimiyyətində, ordu birləşmələrində həlledici məqamda dayanan insanlara qarşı mediadan və cəmiyyətdən ittihamlar səsləndirilməkdədir. Sarkisyan məhz bunu nəzərə alaraq generallarını ayaqları altına qoydu, məsuliyyəti yüksək rütbəli zabitlərin üstünə yıxmaqla onları qurban verdi. Bununla o, Ermənistandakı ictimai qəzəbi yatırtmaq məqsədi güdürdü. Bununla paralel olaraq, ölkədə Rusiya əleyhinə kampaniyanın aparılması da Sarkisyan hakimiyyətinin özünü hədəfdən yayındırması niyyəti güdür. Bu adamlar vaxtilə Azərbaycan ərazilərini işğal etdiyindən, Ermənistanda onlar barəsində əsatirlər uydurulmuşdu, bu işğalçılara geniş imtiyazlar verilmişdi. Sarkisyan və əhatəsində olan hərbi cinayətkarlar ötən 10 il ərzində bu imtiyaz və toxunulmazlıqlardan maksimum səviyyədə yararlanmaq, xalqı sümürmək, varlanmaq üçün istifadə ediblər. Amma "4 günlük müharibə”dən sonra erməni cəmiyyəti ayılıb və çox kəskin şəkildə soruşur ki, nə üçün səngərdə dayanan erməni əsgərinin sursatı tez qurtarıb, nə üçün gecəgörmə cihazları yoxdur, niyə hərbi texnika 80-ci illərin metallomunu xatırladır və sair. Ermənistanın hərbi-siyasi meydanda nə üçün tək qalması da erməni cəmiyyətinin narahatlıqla Sarkisyana ünvanladığı suallar içərisindədir.
- 5 aprel razılaşmasından sonra Ermənistan tərəfinin davamlı şəkildə yenidən atəşkəsi pozması, mülki vətəndaşlarımızı hədəfə alması Sarkisyanın bu suallardan yayınması üçündürmü?
- Bu suallardan yayınmaq üçün Serj Sarkisyanın məsləhətçiləri ona 3 yol göstəriblər. Birincisi bu idi ki, Azərbaycana simmetrik zərbə vursunlar. Yəni, Gədəbəy, Qazax və digər cinahlardan əhalinin kütləvi qətlinə səbəb olacaq xüsusi zəhərli bombalarla Azərbaycanı vurmaq, əhalimizi qorxutmaq, əldən gedən mövqeləri geri qaytarmaq. İkinci yol, antiRusiya əhval-ruhiyyəsi yaradılmaqla, Rusiyadan üzülüşmək görüntüsü yaradıb bu ölkəni şantaj etməklə əlavə silah-sursat yardımı almaq, Azərbaycan qarşısında hərbi balansı bərpa etmək idi. Üçüncü yol isə ikili oyunlarla Qərbin dəstəyini qazanmaq, NATO ölkələrinin "forpostu” statusunu əldə etmək, Rusiyadan uzaqlaşmaq görüntüsü yaratmaqla, ölkədə, regionda guya siyasi dəyişikliklər etməkdir. Hazırda da təxminən bu üç istiqamətdə fəaliyyət aparılmaqdadır. Lakin bütün bu cəhdlərin uğursuzluğu göz önündədir. Azərbaycan Ordusunun cəmi iki hərbi-hissəsinin döyüşçüləri çox məhdud sayda silahlarla 4 günlük döyüşdə düşmənə sarsıdıcı zərbə vurdular. Bu mənada, silahlı qüvvələrimiz hərbi arsenalının cəmi 50 faizi Dağlıq Qarabağdakı separatçılara tətbiq etsə, onlar gerçəkdən darmadağın olacaqlar. Sadəcə, biz indiki halda regional və beynəlxalq miqyasda siyasəti formalaşdıran qüvvələrin də siyasi və diplomatik səngərdə yanımızda olmalarını istəyirik. Azərbaycan Prezidenti, Ali Baş Komandan, milli lider kimi həm səngərdə əsgər və zabitlərimizin fəaliyyəti barədə qərarlar verir, həm də siyasi savaşda mövqeyimizi uğurla müdafiə edir. Hazırda Ermənistan hakimiyyəti cəbhədə və siyasi sferada itirdiyi mövqeləri geri qaytarmaq üçün çabalar göstərir. Amma bu çabalar heç bir nəticə vermir. Onlar öz vətəndaşlarını aldadırlar. Azərbaycan əsgərinin mənəvi ruhu, maddi təchizatı, texnoloji gücü bütün parametrlər üzrə ermənilərdən üstündür. Azərbaycan əsgəri komandirinə yalvarır ki, əmr verin irəli gedək, işğal altındakı torpaqlarımızı azad edək, düşməni süpürüb ataq. Ermənistanın, o cümlədən cəbhə xəttindəki erməni birləşmələrinin elə bir köklü gücü yoxdur ki, Azərbaycanın atdığı addımlar qarşısında davam gətirsin.
- ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon əlaqəsi saxlayıb, Dağlıq Qarabağ problemi ətrafında müzakirə aparıb, eyni zamanda Dövlət Departamentinin rəsmisi Mark Toner bəyan edib ki, Amerika münaqişənin hərbi yolla həllini görmür, sülh prosesinin bərpası zəruridir. Göründüyü kimi, sülh danışıqlarının aparılması barədə tələblər var, amma nədənsə heç bir həmsədr dövlət işğalçıya təzyiq göstərmir ki, danışıqlar nəticə versin. Bu, nə ilə əlaqədardır?
- ABŞ-ın son bir ay ərzindəki davranışları kifayət qədər obyektivdir, həssas durumu nəzərə almaq çərçivəsindədir. Həmçinin Con Kerrinin iki dəfə telefonla prezidentlərə zəng vurması sübut edir ki, Dağlıq Qarabağ məsələsi fəal şəkildə beynəlxalq dairələrin gündəminə çıxıb. Uzun illər bu problemi müxtəlif məsələlərdən sonraya saxlayanlar, bölgənin təhlükəsizliyi üçün münaqişənin əhəmiyyətini qiymətləndirməyənlər, Qarabağı ayrı-ayrı dairələrin davasının əsas nüvə mərkəzində görməyənlər anlayıblar ki, regionda uzun onilliklər boyu qurulmuş transmilli layihələrin, bütövlükdə regionun, Qafqazın taleyi "Lələtəpə”də, Dağlıq Qarabağda müəyyənləşir. Con Kerri və ABŞ Dövlət Departamenti öz çağırışları ilə göstərməyə çalışırlar ki, Amerika hərbi qarşıdurmada maraqlı deyil. Çünki burada dağıdıcılıq potensialı böyükdür. Qafqazdakı təhlükəsizlik Azərbaycanın durumu ilə birbaşa bağlıdır. Bu səbəbdən Amerikanın neytral mövqeyi bizim tərəfdən yüksək qiymətləndirilir. Çünki Ermənistan hazırda Amerikadan Azərbaycanın mühakiməsinin aparılmasını istəyir. Qərb dövlətləri isə çalışırlar ki, tərəfləri müəyyən qədər ağır döyüşlərdən çəkindirsinlər, danışıqlar yenidən bərpa edilsin. Ona görə ki, Suriya cəbhəsində, Yaxın Şərqdəki problemlər çözülmədən, İranın beynəlxalq siyasətə aktiv şəkildə qayıtdığı dönəmlərdə Qərb növbəti üçüncü məkana hərbi qüvvə yeritməyə hazır deyil, Dağlıq Qarabağ münaqişəsinə qoşulmaq da istəmir. Belə olan halda isə bölgədə əsas təsiredici qüvvə rolunda Kreml çıxış edir. "Dörd günlük müharibə”dən sonra bir çoxları belə düşünürdü ki, rəsmi Moskva ATƏT-in Minsk qrupunun üzərindən xətt çəkir, bu müharibə yeni geopolitik reallıqlar meydana çıxardı, Qərb oyundan kənarlaşdı, Rusiya maksimum səviyyədə prosesi öz nəzarətinə götürüb, irəli sürdüyü Kazan prinsipi və onun təkmilləşdirilmiş variantı ilə məsələni bitirəcək. Amma nəticə Azərbaycan və Ermənistan arasında münaqişənin yekunlaşması ilə deyil, daha çox Rusiyanın maraqlarının bərqərar olması ilə qurtaracaqdır. Bu isə avtomatik olaraq Qərbin, Avropa İttifaqının və ABŞ-ın Qafqazla vidalaşması deməkdir. Çoxları bu cür düşünürdü. Lakin Amerika siyasi elitası fəal şəkildə bölgədəki proseslərdən kənarda qalmadığını nümayiş etdirməyə çalışır.
- Azərbaycan və Ermənistan müdafiə nazirliklərinin baş qərargah idarəsi rəisləri aprelin 5-də Moskvada atəşkəs haqqında razılıq əldə etdilər. Bir qrup ekspert hesab edirlər ki, bu razılıq 1994-cü ildə imzalanan atəşkəs razılaşmasını qüvvədən salır. Siz necə düşünürsünüz, yeni razılaşma hüquqi baxımdan hansı situasiyanı yaradır?
- Ümummilli lider Heydər Əliyev uzun illər Qarabağla bağlı sirləri içində daşıdı. Həmin sirlərin bir çoxunun açılmasının milli təhlükələrini görürdü. Amma həmin sirlərin bir qismini 1997-ci ilin Amerika səfəri zamanı gündəmə gətirildi. Ulu öndər o zaman söyləmişdi ki, 1993-cü illər ərzində hərbi əməliyyatların davam etdiyi, torpaqlarımızın işğal olunduğu vaxtlarda Moskvaya, Boris Yeltsinə nə qədər müraciətlər göndərilsə də, onlar tərəfindən atəşkəs əldə olunması istiqamətində hər hansı addımlar atılmayıb. Ancaq1994-cü ilin yanvarında uğurlu Horadiz əməliyyatı və Füzuli rayonunun 22 kəndi azad edilən kimi, Kazimirov vasitəsi ilə Heydər Əliyev dərhal axtarılıb, sonra da Qraçov ulu öndərə zəng vurub. Bu xatirələri ümummilli lider Amerika səfəri zamanı bölüşmüşdü və qeyd etmişdi ki, həmin vaxt başqa bir təxribata da əl atılaraq Dağlıq Qarabağ separatçılarının "müdafiə naziri”nin Bişkekə danışıqlara göndərilməsinə çalışılıb. Azərbaycan tərəfdən Afiyəddin Cəlilov danışıqlarda iştirak edib, atəşkəs haqqında sənəd imzalanıb. Kazimirov sonradan öz saytında qeyd edirdi ki, 1994-cü ildə atəşkəs müqaviləsi imzalanan zaman Heydər Əliyev növbəti manevrlərə əl atdı, sülh naminə tərəfdaşlıq proqramında iştirak etmək üçün Belçikaya getdi və biz Azərbaycan nümayəndələrinin imzasını almaq üçün əməliyyat keçirməyə məcbur olduq. Yəni, Rusiya o zaman istədiyi kimi tərəfləri bir otağa yığıb atəşkəs müqaviləsinin imzalanmasına nail olmayıb. 1994-cü ildə tərəflərin imzaladığı nə müqavilədir, nə də sazişdir. Bişkek protokolu sadəcə razılaşma sənədidir. Hansı ki, 4 gün ərzində, yəni 6-dan 10-a qədər əvvəlcə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin, Kazimirovun tələbi ilə Qarabağ separatçılarından bir nəfərin və Nizami Bəhmənovun imzası alınmışdı. Bu sənəd parlamentdən keçmiş, ratifikasiya olunmuş sənəd olsaydı, bəlkə də onun hüquqi qüvvəsindən danışmaq olardı. Lakin ermənilər uzun illər həmin kağız parçasından Dağlıq Qarabağın "müstəqilliyinin” tanıdılması üçün istifadə edə bilmədilər. Ulu öndərin böyüklüyü ondan ibarət idi ki, o zaman cəbhədə yaşanan uğursuzluqları sənədə köçürmək istəyən qüvvələrin qarşısını aldı. Ona görə də 2016-cı ilin 5 aprel tarixində baş qərargah rəislərinin Moskvada imzaladıqları sənəd 1994-cü ilin atəşkəs razılaşmasını tamamilə qüvvədən salır. Bununla belə, Rusiya ilə münasibətlərimizi yüksək səviyyədə saxlamağı davam etdirməklə bərabər, region ətrafında baş verən prosesləri, siyasi dəyişiklikləri ciddi şəkildə izləməliyik. Xüsusilə onu da qeyd etmək yerinə düşər ki, 1990-cı illərdən fərqli olaraq, hazırda Azərbaycandakı siyasi partiyalar, digər qüvvələr dövlətin mərkəzindən fərqli siyasət yürütmürlər. Azərbaycanda Ali Baş Komandanına hər bir vətəndaşın güvənci və mütləq inamı var. Ordumuz ilə xalq arasındakı birlik, Silahlı Qüvvələrimizin öz gücünə inamı, düşmən cəbhəsində isə böyük narahatlıqların, xaos və panikanın yaşanması bizi Qarabağ üzərində uzun illərdir arzuladığımız reallığa, perspektivə gətirəcəkdir. Bu da ilk dövrdə bütün ərazilərimizin azad edilməsi ilə müşayiət olunmasa da, hər halda, qazanılan uğurlar arxa cəbhədəki ermənilərə sosial, iqtisadi, mənəvi, demoqrafik zərbələri vurduqca, biz görəcəyik ki, proses irəliyə doğru gedir.
Rufik İSMAYILOV