• şənbə, 18 May, 14:43
  • Baku Bakı 19°C

Şamil Sabiroğlu: Əsl həqiqətin xalqdan gizlədilməsinə imkan vermədik

25.02.23 01:45 1109
Şamil Sabiroğlu: Əsl həqiqətin xalqdan gizlədilməsinə imkan vermədik

Müsahibimiz “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, Birinci Qarabağ müharibəsi veteranı Şamil Sabiroğludur.

-Şamil müəllim, Xocalı soyqırımının növbəti ildönümü yaxınlaşır. Xocalıda xalqımızın başına gətirilən faciənin dünyaya çatdırılması ilə bağlı rəhbərlik etdiyiniz qurum tərəfindən hansı işlər görülüb?

-İstərdim bu sualla bir qədər geniş cavab verim. Əvvəlcə onu deməliyəm ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunub, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildən Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə-Böyük Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bu məqamda ermənilərin Xocalı şəhərini hədəfə almalarının məqsədini qısa da olsa açıqlamaq istərdim. Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdilər. Xocalı soyqırımı zamanı 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə ödürüldü, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 155-nin taleyi indi də məlum deyil.

17 il bundan əvvəl İctimai Birliyi yaratmaqda əsas məqsədim də Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımını dünyaya çatdırmaq və törədilən faciənin unudulmamasına çalışmaqdır. Biz, xarici ölkələrdə bu mövzu ilə əlaqədar tədbirlər keçirir və Xocalıya həsr olunmuş toplantılarda fəal iştirak edirik. Son illər ərzində bu istiqamətdə çoxsaylı tədbirlər keçirmişik. 2015-ci ilin dekabrında Təşkilatımızın 2 fəal üzvü Türkiyədə səfərdə oldu. Onlar İzmir şəhərinin bələdiyyə başçısı ilə görüşmüşdülər. Görüşdə qərara alınmışdı ki, İzmirdə Azərbaycan-Türkiyə parkı açılsın və orada Xocalı qurbanlarının şərəfinə abidə qoyulsun. 2016-cı il fevralın 27-də həmin abidə açıldı. İddia etmək olmaz ki, Türkiyədə hamının Xocalı soyqırımı ilə bağlı məlumatı var. Uşak şəhərində bizim Xocalı hadisələri ilə bağlı çıxışlarımızdan sonra çox böyük ajiotaj yarandı və qısa bir müddət sonra Xocalı qurbanlarına abidə qoyuldu. Xocalıda xalqımızın başına gətirilən müsibətlərin dünyaya çatdırılması istiqamətinə yorulmadan iş aparırıq.

-İstərdik 31 il əvvəl Xocalıda baş verənlərə qayıdaq. Faciə barədə ilk dəfə dəqiq informasiyanı mediaya siz çatdırmısınız. O barədə danışardınız...

– 1990-cı ilin mart ayında Xocalıya rayon-şəhər statusu verildi. Respublika Nazirlər Soveti əhalinin sosial-inkişafı üçün zəruri addımlar atmağa başladı. Belə bir ərəfədə məlumat daxil olurdu ki, Xocalıda vəziyyət pisdir, kömək lazımdır. Biz bir dəstə yaratdıq adını da “Şah İsmayıl Xətai adına könüllülər dəstəsi” qoyduq və beləcə yollandıq Xocalıya. Söhbət 1990-cı ilin yazından gedir. Azərbaycan o zaman hələ müstəqil deyildi. Orada SSRİ Daxili İşlər Nazirliyinin xüsusi qüvvələri var idi. Hərəkət etmək çox çətin idi. Amma hər halda Xocalıda həm tikinti-abadlıq işlərində, həm də müdafiə məsələlərində yerli əhaliyə kömək etməyə çalışırdıq. İş elə gətirdi ki, mən 1991-ci ildən həm də “Səhər” gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri vəzifəsinə təyin edildim və başladım redaksiyaya materiallar göndərməyə. Mənə maaş veriləcəyini gözləmirdim. Hətta bir illik maaşımı yığıb saxlamışdılar.

1990-cı ildə baş vermiş 20 Yanvar hadisələrindən sonra Xocalıda insanlar arasında bir ruh düşkünlüyü var idi. Ona görə də Xocalı təhsil şöbəsinin müdiri Murad Şükürovla görüşdüm, dedim ki, tikinti-müdafiə işləri öz yerində, amma istəyirəm kömək edəsiniz ki, 28 May bayramını qeyd edək. Bayramın keçirilməsi üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsindən də razılıq ala bildim. Xan Şuşinski adına Ağdam Muğam Musiqi məktəbinin direktoru Rafiq Rüstəmovla görüşdüm, tədbirin birgə keçirilməsinə razılıq verdi. Biz, Rafiq müəllimin rəhbərlik etdiyi ansamblla Ağdam-Əsgəran yolu ilə Xocalıya qayıtdıq. O vaxt bu yolla hərəkət etmək çox riskli idi, ermənilər tərəfindən yolla gedən maşınlar daş-qalaq edilirdi. Çətinliklə Xocalıya çatdıq və tədbiri keçirdik. O çətin vaxtlarda, çətin anlarda Xocalıda ruh yüksəkliyinin qalxmasına müəyyən kömək göstərə bildim. Sonra bir müddət Xocalı rayonunun Cəmilli kəndində də oldum, müəllim kimi işlədim. Cəmilli kəndi Xankəndi şəhərinə yaxın bir ərazidə yerləşirdi. Kənd işğal olunandan sonra yenə Xocalıya qayıtdım. Həmişə yazılarımda qeyd edirdim ki, Xocalıya kömək göstərilməsə, işğal olunacaq. Amma təəssüflər olsun ki, mənim yazılarıma, insanların hayqırtısına fikir verilmədi...

Fevralın 26-da Xocalı işğal olundu. Mən bu barədə məlumatı 26-da axşam saatlarında “Azərbaycan” nəşriyyatında yerləşən “Səhər” gündəlik informasiya qəzeti redaksiyasına xəbər verəndə qəzetin baş redaktor müavini Hidayət Elvüsal dedi ki, Şamil, bizdə rəsmi məlumat var ki, cəmi iki nəfər adam ölüb. Ağladım, dedim ki, Hidayət müəllim, mənə bölgə müxbiri kimi inanmırsınız? Əlif Haciyev, Tofiq Hüseynov, Şöhrət Həsənov, Aqil Quliyev, Rövşən Həsənov, Ələsgər Novruzov və digər şəxslər (yüzlərlə adam) həlak olub.

Bundan sonra “Səhər” qəzetinin birinci səhifəsində mənim göndərdiyim material qoyulmuşdu. Bununla bağlı bir maraqlı hadisə də olmuşdu. Bir yandan mən yazmışam ki, yüzlərlə insan həlak olub, digər tərəfdən də yalnız 2 nəfərin ölməsi ilə bağlı rəsmi məlumat yayılıb və Azərbaycan Televiziyası da həmin məlumata istinad edib. Fevralın 27-28-də rəsmi dairələr 200-300 nəfər insanı yığıblar “Azərbaycan” nəşriyyatının qabağına. Onlar da qışqırırlar ki, yüzlərlə insanın həlak olması haqqında məlumatı yayanlar erməniləşiblər, çıxıb üzr istəsinlər. “Səhər” qəzetinin baş redaktoru, bu yaxınlarda dünyasını dəyişmiş Məzahir Süleymanzadə (ruhu şad olsun) də çıxıb insanların qarşısına deyib ki, əgər belə bir yanlışlıq olsa, mən sizdən üzr istəyərəm, amma bölgə müxbirimiz Şamil Sabiroğlu hadisə yerindədir, məlumat ondan alınıb.

Mən Ağdamdan olan, lakin Bakıda yaşayan dəyərli ziyalı Misir Rəhimov (ruhu şad olsun) vasitəsilə fotoşəkilləri göndərəndən sonra gördülər ki, doğrudan da Xocalı işğal olunub. Xocalıda 8 ailənin nəsli kəsilib, körpələr, uşaqlar, qadınlar, qocalar öldürülüb. Amma insanlar Xocalıda belə bil vəhşilik törədilə biləcəyinə inanmırdılar. O zaman obyektiv məlumat verdiyimə görə qürur duyuram, çünki heç olmasa faciənin xalqdan gizlədilməsinə imkan verilmədi.

-Zəhmət olmasa bir qədər də “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi haqqında məlumat verərdiniz. Rəhbərlik etdiyiniz İctimai Birliyin nə qədər üzv var və hansı layihələr üzərində çalışırsınız?

- 1992-2007-ci illərdə Xocalı ilə bağlı mətbuatda yazılarım gedirdi və Xocalı soyqırımının ildönümlərində tez-tez televiziyalara, tədbirlərə dəvət olunurdum. Bir dəfə dostumdan biri mənə dedi ki, Şamil, sən onsuz da bu işləri görürsən, amma pərakəndə halda, bəlkə bir təşkilat yaradasan. Baxdım ki, çox maraqlı fikirdir, ideyadır. 2007-ci ildə təşkilatı yaratdım və həmin ilin noyabr ayının 16-da təşkilat Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. Hətta təşkilatın adındakı “soyqırımı” sözünə görə bir balaca problem yarandı, dedilər ki, bəlkə “faciəsi” edəsən. İmtina etdim. İctimai birlik qeydiyyatdan keçdikdən sonra mütəmadi olaraq həm Azərbaycanda, həm də ölkə xaricində tədbirlər keçirmişik.

Hazırda təşkilatımızın 1500 üzvü var. Təəssüf ki, dəfələrlə aidiyyəti orqanların rəhbərlərinə müraciət etsək də birlik Bakı şəhərində ofislə təmin edilməyib. Ofis problemini həll edə bilsək yəqin ki, üzvlərimizin sayı da artacaq. 2017-ci ildə Respublika Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqədə qalıb gəldik. “Biz, soyqırımı və terrora yox deyirik!” adlı layihə çərçivəsində sənədli film çəkdik. Filmdə Xocalı soyqırımı zamanı düşmənlər tərəfindən əsir götürülmüş, əsirlikdə min bir əziyyət görmüş şəxslərin də müsahibələri yer alıb. Filmin təqdimatı Bakıda, daha sonra isə Türkiyənin Ankara, Bolu və İzmir şəhərlərində, habelə Aksaray və Amasya universitetlərində təşkil olundu. 2022-ci ildə “Şuşa İli” çərçivəsində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qədim Şuşa” sənədli filmini istehsal etdik. Bundan başqa, mütəmadi olaraq Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi hissə və taborların şəxsi heyətləri qarşısında milli vətənpərvərlik ruhunda tədbirlər keçiririk. Eyni zamanda, Xocalı soyqırımının unudulmaması üçün yeni layihələr üzərində işləmişik və yaxın vaxtlarda bu barədə geniş məlumat verəcəyik.

banner

Oxşar Xəbərlər