Rusiya iqtisadiyyatını çökdürəcək sanksiya
Embarqo tam qüvvəyə minəndən sonra Rusiyanın neft ixracı gündəlik 7 milyon bareldən 3 milyona düşəcək. İqtisadçıların Rusiya ilə bağlı proqnozları bədbindir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına istinadən bildirirlər ki, Rusiyada ÜDM cari ildə 8 faiz, 2023-cü ildə 2 faiz azalacaq. Ölkənin dərin iqtisadi böhranla qarşılaşacağı təxmin edilir.
Ukraynaya müdaxilə səbəbindən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ardı-arası kəsilmir. Daha radikal olacaq növbəti, altıncı qadağalar paketi də Rusiya iqtisadiyyatını çökdürməyi planlayır. Artıq iqtisadçılar Rusiyaya dəyəcək ziyanın məbləğini də hesablayıblar – təqribən 100 milyard dollar. Kreml ideoloqları və mediası sanksiyalara baxmayaraq rublun möhkəmləndiyini iddia etməkdə davam edirlər. Rublun dollar qarşısında sabitləşdiyini vurğulasalar da, alqı-satqı faktiki olaraq yoxdur. Növbəti sanksiyalardan söz düşmüşkən, artıq "Böyük yeddilik" liderləri Rusiya neftinə embarqonun tətbiqinə razılıq veriblər. ABŞ, Böyük Britaniya və Kanada bu qadağanı bir neçə gün əvvəl tətbiq edib. İndi isə Yaponiya və Avropanın bir çox ölkələri də embarqoya razıdır. Son günlərə qədər sərt qərarların qəbul ediləcəyi o qədər də inandırıcı görünmürdü. Lakin mövcud atmosfer dəyişir və Qərbin Rusiya neftindən imtinası, böyük ehtimalla təsdiqlənəcək. 100 faizlik embarqo il yarım sonra reallaşacaq.
Neft ixracı 3 milyon barelə düşəcək
Rusiya qazından imtinaya gəldikdə isə, ondan iki il ərzində qurtulmaq mümkün olacaq. 2021-ci ildə Rusiyada neft və neft məhsullarının ixracından xalis gəlir ən yüksək həddə (gün ərzində 7 mln. barel, təxminən 110 mlrd. dollar) olub. Əgər embarqo tam şəkildə qüvvəyə minərsə, o zaman Rusiyanın neft ixracı 7 mln. bareldən 3 mln-a düşəcək. İqtisadçıların Rusiya ilə bağlı proqnozları bədbindir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına istinadən bildirirlər ki, Rusiyada ÜDM cari ildə 8 faiz, 2023-cü ildə 2 faiz azalacaq. ÜDM-in azalması adambaşına düşən milli gəlirin azalması, işsizliyin artması mənasına gəlir. İqtisadçıların proqnozuna görə, ÜDM-nin azalması ilə paralel şəkildə Rusiya qarşıdakı vaxtlarda çox ciddi iqtisadi problemlərlə üzləşməli olacaq. Aparılan araşdırmalara görə, Rusiyanın bu il və gələn il dərin iqtisadi böhranla qarşılaşacağı təxmin edilir.
24 faizlik inflyasiya gözlənilir
Rusiya iqtisadiyyatı 2021-ci ilin sonunda 1 trilyon 775 milyard dollar civarında dəyərləndirilib. Bu rəqəm 2023-cü ildə təxminən 1 trilyon 600 milyard dollara qədər geriləyəcək. Bu, Rusiya iqtisadiyyatının nəzərəçarpacaq şəkildə kiçiləcəyindən xəbər verir. İnflyasiya ilə bağlı ən önəmli faktorlardan biri istehlakçı qiymətləri indeksidir. İstehlakçı qiymətləndirmə indeksinə görə, Rusiyada 24 faizlik inflyasiya gözlənilir. Aparılan hesablamalara görə, 2022-2024-cü illər arasında Rusiyada investisiya qoyuluşu ÜDM-in 18 faizinə bərabər olacaq. Ekspertlər son günlərdə rublun dollar qarşısında qismən güclənməsinin də hələ heç nəyi ifadə etmədiyi qənaətindədirlər. Onların qənaətincə, rublun bahalaşması inzibati amillərlə bağlıdır. İxracat azaldıqca, valyuta daxilolması da azalacaq və bu, rubla ciddi təsir göstərəcək. Qeyd edək ki, bu, Rusiyanın enerji resurslarına sanksiyaların nəzərə alınmadığı rəqəmlərdir. Əgər Rusiyanın neft və qazından ilin sonuna qədər imtina olunsa, onda rus iqtisadiyyatı ən ağır zərbəni almış olacaq.
Macarıstan neft embarqosuna qarşı
Lakin məsələ ondadır ki, Avropa İttifaqının ümumi qərarını neçə gündür ki, Macarıstan bloklayıb. Çox güman ki, onu da bir neçə gün ərzində yola gətirəcəklər. Qeyd etdiyimiz kimi, altıncı sanksiya paketinə Rusiya neftinə qadağa da daxildir. Ancaq Macarıstan, eləcə də Slovakiya və Çex Respublikası bu plana ehtiyatlı yanaşma sərgiləyiblər. Aİ-nin altıncı sanksiya paketində Rusiya neftinin alınması və daşınmasına qadağa nəzərdə tutulsa da, 2024-cü ilə qədər Rusiya yanacağından asılı olan bu üç ölkə üçün istisna nəzərdə tutulub. Macarıstan hökuməti isə bu yumşalmanı yetərli saymır, digər ölkələrdən təchizata yönəlmə xərclərinin kompensasiya olunmasını tələb edir.
Almaniya imtina edəcək
Aİ ölkələri növbəti sanksiya paketində yanacaq idxalına qadağa üzrə razılığa gələ bilməsələr belə, Almaniya ilin sonunadək Rusiyadan neft idxalından imtina edəcək. Mənbələrin dediyinə görə, Almaniya hökuməti altı-yeddi ay ərzində problemi alternativ mənbələr hesabına həll edə biləcəyini düşünür. Ancaq neft defisitini hansı ölkələrin doldura biləcəyi açıqlanmır. Almaniya İqtisadiyyat Nazirliyinin məlumatına görə, Rusiya fevralın sonunda Ukraynada müharibəyə başlayandan Almaniyaya Rusiya neftinin tədarükü 35 faizdən 12 faizə düşüb. Məlumata görə, artıq Rusiya neftini əvəz etmək üçün alternativ təchizatçılar axtarılır. Almaniya hökuməti Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində öz milli planını işə salmaq niyyətində olsa da, kəsirin hansı ölkələr hesabına bağlanacağı barədə vahid fikrə malik deyil.
Azərbaycan alternativ mənbələr sırasında
Bu arada Avropa üçün alternativ mənbələr də nəzərdən keçirilir. Məsələn, Azərbaycan Aİ-yə qaz ixracını bu il 2 milyard kubmetr artıra, kəmərin gücünə uyğun olaraq, dekadanın sonuna ixracı daha da genişləndirə bilər. Azərbaycan qazını Avropaya nəql edən Trans Adriatik kəmərinin gücünü isə bir neçə il ərzində mərhələlərlə 20 milyard kubmetrə çatdırmaq mümkündür. Avropa İttifaqı da Azərbaycan qazını qısa zamanda Bolqarıstana ötürməyə nail olacağına ümid edir. Bolqarıstanın qazını kəsən Rusiya buna səbəb kimi bu ölkənin rublla ödəniş etmək istəmədiyini göstərib. Hazırda Azərbaycan Bolqarıstana illik 300 milyon kubmetrə qədər qaz verir. Beləliklə, ölkəmiz tək regional deyil, beynəlxalq miqyasda da rolunu artırmış olur. Azərbaycan etibarlı tərəfdaş olduğunu təsdiqləyib, enerji satışını heç zaman siyasi təzyiq alətinə çevirməyib. Faktlar da kifayət qədərdir. Əksər ölkələr buna getdiyi halda, Azərbaycan mavi qaza tələbatın artdığı zaman fürsətdən istifadə edib qiymət artımı ilə sazişlərin yenilənməsini də tələb etməyib. Buna görə də Azərbaycan Avropa üçün cəlbedici ölkələrdən birincilər sırasındadır.
Azər NURİYEV