• cümə, 26 Aprel, 16:28
  • Baku Bakı 23°C

Rusiya Belarusu da müharibəyə qoşmaq istəyir

15.10.22 00:00 1276
Rusiya Belarusu da müharibəyə qoşmaq istəyir

Rusiyanın Ukrayna şəhərlərinə raket zərbələri endirməsindən sonra G7 qrupunun Ukraynaya birmənalı və tam dəstəyi ifadə olunub. Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinə hərbi yardımın daha da artırılacağını bəyan ediblər.  

Səkkiz aydan artıqdır ki davam edən Rusiya-Ukrayna müharibəsi özünün yeni mərhələsinə daxil olur. Hərbi əməliyyatlar nəinki səngiyir, əksinə, daha da güclənir və kəskin forma alır. Ukraynaya təcavüz səbəbindən artıq səkkizinci sanksiya paketi ilə üzləşən Rusiya geri çəkilmək fikrində deyil. Əksinə, hücum əməliyyatlarını genişləndirir. Qismən səfərbərlik barədə qərar ölkə daxilində ciddi narazılıq yaratsa da, Kreml işğal planını reallaşdırmaqda israrlıdır. 

“Qazprom” şirkətinin səhmləri 29.7 faiz ucuzlaşıb

Rusiyaya qarşı sonuncu qadağalar paketinə gəldikdə, Avropa İttifaqı ölkələri tərəfindən yekdilliklə qəbul olunan qərar Moskvanı milyardlarla dollar gəlirdən məhrum etməyə yönəlib. Sənəddə Rusiyadan polad və polad məmulatlarının, oduncaq və kağızın, maşınqayırma dəzgahlarının idxalına qadağa var. Bu isə Moskvanı ümumilikdə 7 milyard dollar gəlirdən məhrum edəcək. Yeni sanksiyalar habelə Rusiyadan kimya xammalının, plastikin və siqaretlərin idxalını qadağan edir. Amma Qərb hələ də Kremlin əsas gəlir mənbəyi olan neft və qaz satışına qadağa qoymağa cürət etmir. Rusiya özü Avropa İttifaqının bir sıra ölkələrinə qaz verilməsini dayandırıb. Bəzi Aİ üzvləri də fərdi şəkildə Rusiya qazından imtina ediblər. “Qazprom” “Şimal Axını 1” kəməri ilə Avropaya verilən qazın həcmlərini əhəmiyyətli dərəcədə azaldıb. Moskva səbəbin sanksiyalara görə texniki çətinliklər olduğunu bildirib. Aİ üzvləri Rusiyanı qazdan siyasi təzyiq aləti kimi istifadə etməkdə ittiham edirlər. Rusiyanın “Qazprom” şirkətinin səhmləri 29.7 faiz ucuzlaşıb. Moskva birjasının indeksi 8.7 faizə enib. Bu, fevral ayında Rusiyanın Ukraynaya müdaxiləsinin başlanmasından sonra ən aşağı həddir.

Ən diqqət çəkən məqamlardan biri də Rusiyanın Kiyevi bombalamasından sonra Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkəsinin müharibəyə qoşula biləcəyinin anonsunu verməsidir. Onun sözlərindən bəlli olur ki, Kiyevə qarşı ikinci cəbhənin açılması planı da hazırdır. Birgə qoşunun təşkili barədə qərar MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində qəbul edilib. 

Ukraynaya beynəlxalq dəstək yetərlidirmi?

Rusiyanın Ukrayna şəhərlərinə raket zərbələri endirməsindən sonra G7 ("Böyük Yeddilik") qrupunun virtual görüşündə Kiyevə birmənalı və tam dəstək ifadə olunub. "Biz maliyyə, humanitar, hərbi, diplomatik və hüquqi dəstəyi davam etdirəcəyik və lazım olduğu müddətdə Ukraynanın yanında möhkəm dayanacağıq", - deyə qrupun yaydığı birgə bəyanatda deyilir.

G7 ölkələri (ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada) kütləvi qırğın silahından istifadənin Rusiya üçün ən ağır nəticələrə səbəb olacağı barədə xəbərdarlıq da ediblər. Qrup həmçinin Belarus hakimiyyətini Rusiyanın təcavüzkar müharibəsinə dəstəyi dayandırmağa çağırıb. İclasda iştirak edən Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna-Belarus sərhədində beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə çağırıb. Onun sözlərinə görə, Belarus bir bəhanə ilə müharibəyə cəlb oluna bilər. 

Almaniya Ukraynaya yeni müdafiə sistemləri göndərir

V.Zelenski Co Baydenlə söhbətində hava hücumundan müdafiəni ABŞ-la müdafiə sahəsində əməkdaşlıqda "bir nömrəli prioritet" adlandırıb. Birləşmiş Ştatlar da Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib və Rusiyanın Ukrayna ərazisinə çoxsaylı insan tələfatı və dağıntılarla nəticələnən raket hücumlarını pisləyib. TASS agentliyi Ağ Evin bəyanatına istinadən yazır ki, "Prezident Bayden Ukraynaya müdafiə üçün lazım olan dəstəyin, o cümlədən müasir hava hücumundan müdafiə sistemləri ilə təminatın davam edəcəyinə söz verib". Almaniya hakimiyyəti də Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri göndərmək niyyətində olduğunu açıqlayıb. IRIS-TSLM kompleksləri "əhalini, mühüm binaları, obyektləri və quru qoşunlarını hava zərbələrindən qorumaq" üçün nəzərdə tutulub. Bu, məhz o sistemlərdir ki, Ukrayna münaqişənin əvvəlindən ona verilməsini xahiş edir. Məlumatlara görə, bu il Böyük Britaniya Ukraynaya hərbi dəstək üçün 2,3 milyard funt sterlinq ayırıb. Aİ isə 2027-ci ilə kimi Ukraynaya 10-12 milyard avroluq hərbi yardım ayırmağı müzakirə edir. 

Qismən səfərbərlik Rusiyanı xilas edəcəkmi?

Mütəxəssislərin fikrincə, Rusiya ordusu hərbi texnika, cəbhə və strateji aviasiya, dəniz qüvvələri baxımından kəmiyyət üstünlüyünə malikdir, lakin əsgər çatışmazlığı var. Ümumi qiymətləndirməyə görə, Ukrayna Silahlı Qüvvələri rabitə, yüksək dəqiqlikli taktiki silahlar, kəşfiyyat texnikası və ümumi təşkilatlanma baxımından Rusiya qoşunlarından üstündür.  Rusiya regionlarda könüllülər cəlb etməklə və hətta Federal Penitensiar Xidmətin koloniyalarında məhbusları “Vaqner” özəl hərbi şirkətinə təşviq etməklə əsgər çatışmazlığının öhdəsindən gəlməyə çalışsa da, hələlik problemi kökündən həll etməyə nail ola bilməyib. İsrailli hərbi ekspert David Gendelmanın BBC-yə verdiyi müsahibədə izah etdiyi kimi, elan edilən səfərbərlik təkcə cəbhə xəttində əsgər çatışmazlığı ilə bağlı problemin təcili həlli deyil, həm də daha uzun müddət üçün hesablamadır. "Hərbi planda səfərbərliyin əsas üstünlüyü, əlbəttə ki, şəxsi heyətin sayının artmasıdır. Həm dərhal, həm də müəyyən edilmiş plana uyğun olaraq sonrakı əlavəedilmələr yaxın və uzaq planda qüvvələr balansını dəyişdirə və beləliklə, müharibənin gedişatına təsir edə bilər", – deyə ekspert bildirib. 

Azər NURİYEV

banner

Oxşar Xəbərlər