Rəqəmsallaşan siyasətin gətirdiyi təhlükələr
Siyasətin rəqəmsallaşması müasir çağırışlara adekvat reaksiyadır, təbliğatda, təşviqatda, kampaniyalarda yüksək intellekt nümunələrinin nəticə hasil etməsinə yardımçı olur. Lakin üstün siyasi zəkanı müşayiət edən rəqəmsal və virtual dünyadan başqa ölkələrin suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini təhdid edən vasitə kimi də istifadə cəhdləri az deyil.
Beynəlxalq siyasi nizamın format olunmasının ağrılı əməliyyata çevrilməsi köhnə münaqişələri qızışdırır, yeniləri üçün yelkən açır.
Supergüclər ərazi nailiyyətlərinə, zəngin təbii resurslara çıxışa və onun idarə olunmasına, qlobal bazarlarda dominant mövqelərə sahiblənmək üçün bir-birlərini “al qana” qərq edirlər.
Supergüclərin öz keçmişlərindən güc alaraq hərisliklərini artırması onların nostalji prioritetlərinin dəyişmədiyini göstərir. Yenilik odur ki, onlar mübarizə üsullarında xeyli təkmil tətbiqlərdən istifadə edirlər.
“Telegram”, “Facebook”, “WhatsApp”, “Tik-Tok”, “Twitter”
Güc vitrinlərini öz məhsulları ilə doldurmaq istəyən qüvvələrin metodologiyasında süni intellektdən, rəqəmsal həmlələrdən, sosial şəbəkələrin rəy yaratma qabiliyyətindən gen-bol yararlanılır.
Rəqəmsallıq artıq texnoloji yenilik anlayışının sərhədlərini keçərək, siyasətə, təhlükəsizliyə sirayət edir və təhdidlər sferasında həlledici pay sahibinə çevrilir.
Siyasətin rəqəmsallaşması müasir çağırışlara adekvat reaksiyadır, təbliğatda, təşviqatda, kampaniyalarda yüksək intellekt nümunələrinin nəticə hasil etməsinə yardımçı olur.
Lakin üstün siyasi zəkanı müşayiət edən rəqəmsal və virtual dünyadan başqa ölkələrin suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini təhdid edən vasitə kimi də istifadə cəhdləri az deyil.
Ən maraqlısı da budur ki, siyasi, kəşfiyyat laboratoriyalarında hazırlanan reseptlərin beyinlərə yeridilməsi üçün rəqəmsal sistemlərin və sosial şəbəkələrin alqoritmlərinə müraciət edilir.
Dezinformasiyalar, üsyankar virtual platformaların planlaşdırılması, siyasi rəqiblərə qarşı amansız təbliğatın əsas mühərrikləri sırasında “Telegram”, “Facebook”, “WhatsApp”, “Tik-Tok”, “Twitter” xüsusi yerə malikdir.
Sosial şəbəkələr üzərindən manipulyasiyaların şiddətlənməsi virtual ekstremizmdir, bunlarla cəmiyyətlər nələrəsə təhrik edilir, diqqət taleyüklü məsələlərdən yayındırılır və gündəmdə at oynadan ucuz fenomenlər meydana çıxır.
Taleyüklü məsələlərdən diqqət yayındırılır
Dünyadakı virtual müharibələr Azərbaycana da təsirsiz ötüşmür, ölkəmizdə də dezinformasiyalardan və ya sosial şəbəkələr vasitəsilə rəylərin yönləndirilməsi tendensiyaları mövcuddur.
Azərbaycana, regional təhlükəsizliyə təhdidlərin çoxaldığı bir zamanda müxtəlif alqoritmlərlə taleyüklü məsələlərə cəmiyyət olaraq vahid yanaşmanın sərgilənməməsi üçün ortaya cürbəcür şayiələr atılır.
Sosial şəbəkələrin funksiyalarından istifadə edilərək hətta vaxtı keçmiş söhbətlər yeni imiş kimi təqdim olunur və cəmiyyət fikrən parçalanır.
Biz baxırıq, lağ edirik, “bu, ciddi söhbətlər deyil” deyib keçirik, ancaq hesablamırıq ki, həmin ucuz variantlar kimlərinsə bahalı məqsədlərə çatmasında nə qədər böyük rol oynayır.
Burada konkret bir fərdi və ya fərdləri təqsirləndirmək olmaz, onlar böyük oyunlarda özləri də bilmədən istifadə edilən alət olduqlarını başa düşmürlər. Onsuz da indi üzdəki ucuz fenomenlər olmasa belə, onların yerini dolduran tapılar. Sosial şəbəkələrin şirnikləndirmələri, məsələn, “şir atılsa, yaxşı pul qazanacaqsan” təşviqi nəhəng maraqların təminində sadəcə bir elementdir.
Dezinformasiyalara gəlincə, onlar elə bir sürətlə yayılır və cəmiyyətin şüuruna oturur ki, ortaya atılan iddianın yoxlanılması və ya onun qarşısına daha tutarlı məzmun qoymaq vəziyyəti kökündən dəyişmir.
“Tik-Tok” fenomenləri leksikonlarını sərtləşdirdikcə...
Hazırda ən təhlükəli kontent “Tik-Tok”dadır, hərçənd ki, bu sosial şəbəkədə daha ciddi məzmunlar da mövcuddur. ABŞ, Hindistan kimi ölkələr bu şəbəkəyə qarşı təbdir görürlər və onun fəaliyyətini məhdudlaşdırırlar.
Çünki “Tik-Tok” milli təhlükəsizliyə xələl gətirə biləcək nəhəng dalğadır. İnformasiya axınlarında “Tik-Tok”un ölkə gündəminə daha çox mənfi təsirlər etdiyini müşahidə edirik.
Fikir verək, ölkə gündəmində oturan informasiyaların mənbəyində “Tik-Tok” çəki qazanır, xüsusilə də söyüşlər, qarğışlar, hətta şəhidləri belə təhqir edən sərsəmləmələrlə süni gündəmlər yaradılır.
Kütlə də bunun arxasınca getməyə məcburdur, axı mənəvi prinsiplərin aşınmasının sərhəd tanımaması ölkəni və cəmiyyəti düşündürən ağrılı məsələdir. Ancaq cəmiyyət və onu ayağa qaldıran “Tik-Tok” fenomenləri bir-birinə qarşı leksikonunu sərtləşdirdikcə, taleyüklü məsələlərə diqqət də azalır.
Digər təhdidlərdən biri də kiberhücumlardır, məqsəd ölkə təhlükəsizliyinin onurğa sütununu təşkil edən məxfi sənədləri oğurlamaq, rəqəmsal infrastrukturu çökdürməkdir. Azərbaycan bu sahədə ciddi mübarizə tədbirləri həyata keçirir və öz tərəfdaşlarının imkanlarından yararlanır.
Beləliklə, Azərbaycan yerləşdiyi coğrafiyanın həssaslığını nəzərə alaraq rəqəmsal, sosial şəbəkə güclərinə nəzarət üçün getdikcə daha çılğın axtarışlara başlamaq çağırışları ilə qarşı-qarşıyadır.
Yəqin ki, təhdidlərin miqyası nəzərə alınaraq yeni tənzimləmə üsulları axtarılacaq və müvafiq qərarlar çıxarılacaq.
Aqşin Kərimov