şənbə, 13 Avqust, 20:28

Baku Bakı 33°C

Qulaq çöplərindən mütəmadi istifadə etmək ziyandır

icon 86 icon 29 iyun 2022 | 09:30 Qulaq çöplərindən mütəmadi istifadə etmək ziyandır

Həkimlər qulaq çöplərini ən təhlükəli təmizlik vasitəsi hesab edirlər, çünki ehtiyatsız davranıldığı halda çöplər qulaq kanalının divarını zədələyərək iltihab yarada bilər. Əslində çirk adlandırılan maddə qulağı quruluq və göbələk xəstəliklərindən qoruyur. Eyni zamanda xaricdən qulağa toz və maye daxil olmasının da qarşısını alır. Həmin maddə eşitmə orqanında yerləşən piy vəzləri tərəfindən ifraz olunur.

AZƏRTAC xəbər verir ki, həkim-otalorinqoloq Nigar Muradova deyib: “Qulaq kirini qulaq çöpü ilə təmizləyən zaman xarici qulaq keçəcəyində mikrocızıqlar əmələ gəlir. Qulağı təmizlədikdən sonra hamama və ya dənizə girərkən orada olan mikroblar xarici otit yarada bilər. Yaxud qulağı, xüsusilə də uşaqların qulağını təmizləyərkən çox ehtiyatlı olmaq lazımdır, çünki çox dərindən təmizləmək qulağın təbil pərdəsini zədələyir və bundan sonra daha ciddi problemlər əmələ gəlir”.

Onun dediyinə görə, qulaq çöplərindən mütəmadi istifadə olunması eşitmə qabiliyyətinin azalması ilə nəticələnə bilər: “Qulağı təmizləyərkən istifadə edilən qulaq çöpləri əslində xarici qulağı təmizləmək üçün istifadə edilməlidir. Onun daxilə müdaxiləsi isə heç bir şəkildə məqsədəuyğun hesab olunmur. Hamamdan və ya dənizdən çıxandan sonra qulaq təmizliyində quru salfetlərdən barmaq çatan yerə qədər təmizləmək kifayətdir”.

Patoloji hallarda qulaq çirki bərkiyir və xarici qulaq keçəcəyində tıxac yaranır. Bu zaman qulaqda sızıltı və ağrı əlamətləri özünü göstərir. Belə halda vaxt itirmədən həkimə müraciət etmək lazımdır.