• bazar ertəsi, 16 dekabr, 12:31
  • Baku Bakı 9°C

Qlobal düşünüb, lokal yaşamalıyıq - PEŞƏKAR

28.09.24 02:08 3146
Qlobal düşünüb, lokal yaşamalıyıq - PEŞƏKAR

Arzu Sərdarlı: “Zərdab rayonundan bir tələbəm var idi, ona evdən bir qəpik də kömək olunmurdu. O, burada fəlsəfə doktoru oldu. Ümumiyyətlə, mənim burada tanıdığım bütün azərbaycanlı gənclər çox aktiv, savadlı, zəhmətkeşdirlər”.

Gənc vaxtı eşitdiyi “heç azərbaycanlıların fizika ilə məşğul olduğunu görməmişdim” cümləsi karyera yolunda ən böyük silahı olub. Məhz bu cümlədən aldığı güclə millətlər içində özünü sübut edib, hətta yaşadığı ölkədə fizika sahəsində ilk azərbaycanlı professor adını alıb. 
Müsahibimiz Kanadada professor adını alan ilk azərbaycanlı Arzu Sərdarlıdır.

Goranboy rayonunda anadan olub və orta təhsilini də burada alıb. Ali təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsində davam etdirib. Bir müddət Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda işlədikdən sonra 1993-cü ildə Ukraynaya köçüb. Ukrayna Elmlər Akademiyasının Yarımkeçiricilər Fizikası İnstitutunda fəaliyyət göstərib, burada gənc alimlər üçün prezident təqaüdünə layiq görülüb. 1999-cu ildən Kanadada yaşamağa başlayıb. Kanadanın Alberta Universitetində riyaziyyat və fizikanı tədris edib. 2007-ci ildən müəllimlik fəaliyyətini Kanada Birinci Millətlər Universitetində (Firts Nations Univercity of Canada) davam etdirir. O, həmçinin, 2016-cı ildə Kanadada Tam Professor (Full Professor) akademik rütbəsini alaraq ilkə imza atır. Həmsöhbətimiz müxtəlif elmi nailiyyətlər və mükafatlar sahibdir. 

Gen, məktəb və mühit...

- Arzu bəy, Ukraynada və Kanadada riyazi biliklərinizlə seçilmisiniz. Elmə olan maraq və riyazi istedad sizcə, haradan qaynaqlanıb?

- Nəslimizdə məşhur riyaziyyatçı, fiziklər olub. Məsələn, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin yaradıcılarından biri və ilk dekanı Mədət Sərdarlı bizim nəsildəndir. Valideynlərimin ali təhsili olmayıb, amma bizi təhsilə yönəldiblər. Peşəmlə bağlı uğurlarımda müəllimlərimin fəaliyyəti danılmazdır. Gen, məktəb və mühit məni fizik və riyaziyyatçı kimi yetişdirib. Ən əsası, sevdiyim sahə olduğu üçün uğur qazanmışam. Məsələn, yadımdadır ki, valideynlərim həkim olmağımı istəyirdilər. Amma onlar gördülər ki, bu sahəni sevmirəm, mənə mane olmadılar. Uşaqlıqdan marağım hansı sahəyə olubsa, o istiqamətdə də üzərimdə çalışmışam.

- İllərdir vətəndən kənarda yaşasanız da azərbaycançılıq məfkurəsinə bağlı olduğunuzu, övladlarınızı da bu ruhda böyütdüyünüzü bildirirsiniz. Onları böyüdərkən nələrə diqqət edirdiniz?

- Burada ancaq öz xidmətim olmayıb. Həyat yoldaşım və yaşadığımız mühit də buna imkan yaradıb. Kanada mühacirlər ölkəsidir və dövlətin siyasəti yeni gələnləri assimilyasiya etməyə yönəlməyib. Nəzərə alın ki, uşaq vaxtının çox hissəsini məktəbdə, bağçada keçirir. Övladlarım öz məktəblərində Azərbaycanla bağlı təqdimatlar hazırlayırdılar. Biz də valideynləri olaraq ölkəmizlə bağlı danışır, onları azərbaycanlı kimi böyütməyə çalışırdıq. Amma bunu qadağalar və ya məcburiyyətlə deyil, sevgi ilə edirdik. Sonradan uşaqlarımın da özlərini azərbaycanlı kimi hiss etdiklərini gördüm. Məsələn, ölkəmizə səfər edərkən oradan nə gətirim deyəndə, qızım kəlağayı, oğlum isə işlədiyi məktəbdə tədbirdə geyinmək üçün milli geyim istəmişdi. 

“İnsanlar sosial mediaya inanırsa, elm adamları bunu öyrənməlidirlər”

- Aktiv sosial şəbəkə istifadəçisi deyilsiniz. Sizcə, sosial şəbəkələr inkişafa mane olur, yoxsa əksinə?

- Bu suala birmənalı cavab vermək mümkün deyil. Sosial şəbəkələri pisləyənlər də var, tərifləyənlər də. Mənə elə gəlir ki, həqiqət haradasa, ortadadır. Sosial şəbəkələr yenilikdir. Tarixən hər bir yeniliyə qarşı həmişə hərəkət olub, qarşısını da almaq mümkün olmayıb. Sosial mediadan həm mənfi, həm də müsbət şəkildə istifadə etmək mümkündür. Mən müsbət tərəfləri daha çoxdur deyərdim. Amma sosial şəbəkələrdə hazırda bir məqam məni narahat edir. Məsələn, ömrünün 45 ilini fizikaya sərf etmiş bir müəllim və tədqiqatçı olaraq, Nyutonun fizika qanunlarını izah etmək üçün təxminən, dörd ay mühazirə oxuyuram ki, tələbələr anlasın. Amma təhsili, savadı məlum olmayan bir sosial şəbəkə istifadəçisi öz səhifəsində yazır ki, Nyutonun bütün qanunları yalandır, qravitasiya yoxdur, yer planeti yuvarlaq deyil, müstəvidir və s. Təəssüfləndirici məqam odur ki, əksəriyyət ona inanır. Ola bilər ki, professorun danışığı insanlara yorucu gəlir, sosial şəbəkədə bunu yazan onları daha yaxşı maraqlandıra bilir. Təbii ki, bunun qarşısını qadağa ilə almaq olmaz. Düşünürəm ki, Nyutonun qanunlarını daha cəlbedici şəkildə izah etməliyəm. İndi biz iş yoldaşlarımızla elmi sosial şəbəkədə təbliğ etməklə bağlı insanları maraqlandıran layihə üzərində işləməyi planlayırıq. İnsanlar sosial mediaya inanırsa, elm adamları da bu platformadan istifadə etməyi öyrənməlidirlər.

“Gənc nəsil bir çox parametrlərinə görə bizdən daha üstündür”

- Adətən, yaşlı nəsil müasir gənclikdən tez-tez şikayətlənir. Uzun illər tələbələrlə işləyən müəllim kimi gəncliyi necə qiymətləndirirsiniz? 

- İnkişaf dialektikası inkarı inkarın üzərində qurulur. Bizim nəsil də özümüzdən əvvəlki nəsli müəyyən mənada inkar etmişik. Bu, elmdə də belədir. Məsələn, Eynşteyn fizikası Nyuton fizikasının fundamentallığını müəyyən mənada inkar edib. Amma hesab edirəm ki, gənc nəsil bir çox parametrlərinə görə bizdən daha üstündür. Gəlin, etiraf edək ki, məndən əvvəlki və qismən də mənim mənsub olduğum nəsil Azərbaycanın ərazi bütövlüyünü bərpa edə bilmədik. Buna məhz indiki gənc nəsil nail oldu. Mənə elə gəlir ki, düzgün istiqamət seçilsə, bu qələbə ruhu indiki gənc nəslin başqa sahələrdə də uğur qazanmasının zəmini ola bilər. Mən gənclərlə işləyirəm və bunu müşahidə edirəm. Əksər sahələrdə bizim nəsildən irəlidə gedirlər, daha çox iş görürlər. Gənclərlə bağlı ümidlərim böyükdür. Təbii ki, təkcə yaşlı nəsil gəncləri inkar etmir, gənclər də bizim nəsildə bəzi şeyləri mənfi hesab edirlər. Məsələn, məndən yuxarı nəsillər mobil telefondan istifadə etməyin əleyhinə idilər. Amma bu, yenilik idi. Bəlkə bizdən sonrakı nəsil elə bir şey icad edəcək ki, telefona mənfi baxacaqlar. Bu, təbii prosesdir. Mənim gənclərlə bağlı, xüsusilə də Kanadada tanıdığım azərbaycanlı gənclərlə bağlı fikirlərim müsbətdir və əksəriyyəti ilə fəxr edirəm. Həmyerlilərimiz heç bir ölkə nümayəndəsindən geri qalmırlar, əksinə, irəli gedirlər. Elə bir azərbaycanlı gənc tanımıram ki, buraya gəlsin və özünə yer edə bilməsin. Təbii ki, problemlərlə də üzləşirlər,  amma öhdəsindən gəlirlər, mübarizə aparırlar.

“Azərbaycanlı gənclər çox aktiv, savadlı, zəhmətkeşdirlər”

- Kanadada professor adı verilərkən “sən bu adı alan ilk azərbaycanlısan” fikrini eşidəndə çox qürurlandım deyirsiniz. İlk olmaq necə hissdir?

- 1987-88-ci ildə Moskvada Bərk Cisimlər Fizikası İnstitutunda təcrübə keçirdim. Ezamiyyət vərəqəsini kadrlar şöbəsinə aparanda mənə dedilər ki, sən Azərbaycandan gəlmisən? Dedim “bəli, azərbaycanlıyam”. İndiyə kimi unutmadığım ifadə ilə mənə dedi ki, “heç azərbaycanlıların fizika ilə məşğul olmasını görməmişəm”. Bu söz mənə pis təsir etdi. Ondan sonra işimlə bağlı hara gedirdimsə, hansı uğurum olurdusa, mütləq azərbaycanlı olduğumu vurğulayırdım. Kanadada professor olmaq mənim üçün xüsusi bir məna kəsb etmir. Amma Kanadada ilk azərbaycanlı professor olmaq, məhz azərbaycanlı sözünün qeyd edilməsi mənim üçün daha əhəmiyyətlidir. Burada çox adam özünə professor deyir, amma professor olmaq üçün üç səviyyəni keçməlisən və bu, çox ağır prosesdir. Bu ad mənə veriləndə sənədi təsdiq edən dedi ki, biz araşdırdıq, sən Kanadada ilk azərbaycanlı “full professor” adını almış insansan. Azərbaycanlı adımın hallanması mənə çox xoş təsir etdi. Məni ən çox xoşbəxt edən məqam isə odur ki, xaricdə qazandığım bütün nailiyyətlərin arxasında Azərbaycanda aldığım təhsil dayanır. Azərbaycan çox unikal bir coğrafiyada, Qərblə Şərqin qovşağında yerləşir. Mən bilərəkdən "sərhəd" sözünü işlətmirəm. Məhz qovşağında. Bu coğrafi mövqeyimiz bizə imkan verir ki, həm Qərbdən, həm də Şərqdən ən yaxşı olanı götürək. 

- Bəzi tələbələr tək Azərbaycan təhsili ilə xaricdə uğur qazanmağın mümkün olmayacağını, yaxşı təhsilin yaxşı puldan keçdiyini düşünürlər. 

- Bu düşüncəni düzgün hesab etmirəm. Kanadaya xaricdən çox tələbə gəlir. Məsələn, burada bir azərbaycanlı ailə tanıyıram, əvvəlcə qadın oxudu, kişi işlədi, sonra kişi oxudu, qadın işlədi. Bakalavr təhsilini Azərbaycanda almışdılar. Zərdab rayonundan bir tələbəm var idi, ona evdən bir qəpik də kömək olunmurdu. O, burada fəlsəfə doktoru oldu. Ümumiyyətlə, mənim burada tanıdığım bütün azərbaycanlı gənclər çox aktiv, savadlı, zəhmətkeşdirlər.

“Ən yaxşı təbliğat şəxsi nümunəndə göstərməkdir”

- Vətəndən kənarda yaşayan hər bir soydaşımız Azərbaycanın könüllü elçisidir deyirsiniz. Sizcə, soydaşlarımız Azərbaycanı xaricdə necə təmsil etməlidir?

- Ən yaxşı təbliğat şəxsi nümunəndə göstərməkdir. Məsələn, iki saat Azərbaycanın elmindən, təhsilindən danışa bilərik, amma bir azərbaycanlının uğurları ən yaxşı təbliğatdır. Yəni danışmaq deyil, göstərmək əsasdır. Mən müşahidə edirəm, bəzi xalqlar burada 10 illərlə yaşasalar da, nə dil öyrənirlər, nə cəmiyyətə qarışırlar. Bizim gənclər belə deyillər. Millət vəkilləri ilə görüşür, milli bayramlarımızı təşkil edirlər. Bu gün mən bizim gənclərdən öyrənirəm. Onların təcrübəsi, ideyaları, ölkəni tanıtmaq üçün gördüyü işləri müşahidə etmək və öyrənmək mənim üçün də faydalıdır. 

- Sizcə, xaricdə uğur qazanmaq ancaq təhsillə olur?

- Mən düşünmürəm ki, hər kəs mütləq şəkildə ali təhsil almalıdır. İnsan nə işlə məşğul olur olsun, peşəkar olmaq üçün çalışmalıdır. Kanadada şəxsən tanıdığım peşəkar bağban var. Hesab edirəm ki, o, öz sahəsində məndən daha çox irəli gedib. Kanadanın sərt şəraitində tropik meyvələri yetişdirir və işinin peşəkarıdır. Eləcə də digər peşə sahibləri. Mənim üçün ən vacibi peşəkarlıqdır. İndi elə bir dövrdür ki, ali təhsilə bir növ informasiya kimi baxıram. Əvvəl hamı çalışırdı ki, informasiya toplasın. İndi informasiya o qədərdir ki, sənə lazım olanı seçməlisən. Lazım olanı da seçmək üçün müəyyən bir baza lazımdır. Mənə elə gəlir ki, ali təhsil həmin bazanı bizə verir ki, istədiyimiz informasiyanı araşdıra bilək. Yəni hər hansı peşə ilə məşğul olanda istədiyi yaşda təhsil ala bilər. 

- Kifayət qədər nailiyyətləri olan alimsiniz, amma valideyn üçün ən önəmli nailiyyət övladdır deyirsiniz. Hazırda bəzi gənclər karyeranın ailədən önəmli olduğunu düşünür, hətta son zamanlar ailə qurmaq istəyənlərin sayı azalır. Buna münasibətiniz necədir?

- Mənim ailə institutuna münasibətim dini əqidəmlə şərtlənir. Ailə qurmaq, dünyaya övlad gətirmək insan üçün borcdur. Karyeranın ailəyə mane olduğu fikri ilə razı deyiləm. Mən ailə qurduqdan sonra və hər övladım dünyaya gəldikcə karyeramda bir az da qabağa getmişəm. Çünki ailəm, övladlarım fəaliyyətimi daha da stimullaşdırıb və mənə motivasiya verib. Ola bilər ki, bu, kimdəsə fərqlidir. O ailə ki, sənin fəaliyyətini dəstəkləmir, karyerana mane olur, deməli, seçimində səhvə yol vermisən. Yaxud kimisi də ancaq öz işinə bağlanır, ailəsini unudur. Bu zaman da deməli, işində səhv var. Hər şeydə qızıl orta var və ona əməl etməlisən. Qızıl ortanı saxlamaq həm karyera üçün sərfəlidir, həm də ailə üçün. Digər problem odur ki, bizdə çox vaxt ailə quranda, kənar təzyiqlər çox olur. Məsələn, iki gəncdir, bir-birini tanımırlar, görmürlər, ailə təzyiq göstərir və bunlar evlənirlər. Sonra ayrılırlar, səbəbləri də karyera olur. Əslində bu, bəhanədir. Səbəb odur ki, bu adamlar bir-birinə uyğun deyil. Mənə elə gəlir ki, ailəli şəxslərin karyera inkişafında cəmiyyət də öz müsbət rolunu oynamalıdır. Məsələn, mənim iki aspirantım gənc ana idi. Çox vaxt mən onlarla layihə görüşlərini Zoom vasitəsi ilə təşkil edirdim, özü də axşam saat 8-dən, yəni onların körpələri yuxuya getdikdən sonra. Yəni, mən onları seçim qarşısında qoymadım: ya diplom, ya ailə. Nəticədə hər ikisinə nail oldular.

- Azərbaycanla bağlı hansı layihələrdə iştirak edir, əməkdaşlıq edirsiniz?

- Mən Kanadaya köçdükdən sonra Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlığımı davam etdirmişəm. Bir necə məqalələrimiz də çıxıb. Bir filosofun sözü var: “Qlobal düşün, lokal yaşa”. İnternet dünyanı o qədər əlçatan edib ki, biz onlayn şəkildə olduğumuz yerdən istənilən layihəyə qoşulub, əməkdaşlıq edə bilirik. Bu yaxınlarda İspaniyada elmi konfransda seksiyalardan birinin rəhbəri idim. Demək olar ki, bütün qitələrdən alimlər iştirak edirdilər. Bundan əlavə, xaricdə yaşayan elm adamlarının forumu keçiriləcək, qeydiyyatdan keçmişəm və ölkəmi təmsil edəcəyəm. İndi elə bir dövrdür ki, ən güclü ölkə belə, elmi təkbaşına irəli apara bilməz. Biz də bu proseslərdə iştirak etməli, Azərbaycanın potensialı və töhfəsini göstərməliyik. Qlobal düşünüb, lokal yaşamalıyıq. Azərbaycanlı alimlərin beynəlxalq miqyasda arenaya çıxması vacibdir. Çünki elə gənclərimiz var ki, böyük nailiyyətlər əldə edirlər və Azərbaycanın potensialı əksər ölkələrdən yüksəkdir.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər