• şənbə, 27 Iyul, 03:25
  • Baku Bakı 27°C

Qəzza üçün “Marşal planı”

28.10.23 06:00 2120
Qəzza üçün “Marşal planı”

Bir çoxları hesab edir ki, belə getsə, müharibəyə qonşu dövlətlər – Misir, Livan da qoşula bilər. Hətta gələcəkdə digər ərəb dövlətlərinin də müharibəyə qoşulması nəzəri cəhətdən mümkündür. Əksəriyyət onu da vurğulayır ki, regiondakı gərginlik beynəlxalq təhlükəsizliyə də təsir edə bilər. 


Oktyabrın 7-dən start götürən İsrail-HƏMAS müharibəsi bir qədər səngisə də, hərbi əməliyyatların hələ bir neçə ay çəkə biləcəyi istisna edilmir. Bu qarşıdurma Ukrayna ilə Rusiya arasında gedən qanlı müharibədən sonra ən çox müzakirə olunan məsələlərdən biridir. Yaxın vaxtlarda tərəflər arasında sülhün əldə olunma şanslarına gəldikdə, bu ehtimalın sıfıra bərabər olduğu vurğulanır. 

Regional müharibəyə çevrilmək təhlükəsi

Bəs Fələstin-İsrail münaqişəsi regional müharibəyə çevrilə bilərmi? Proseslərin gedişi göstərir ki, bu, tam mümkündür. Bir çoxları hesab edir ki, belə getsə, müharibəyə qonşu dövlətlər – Misir, Livan da qoşula bilər. Hətta gələcəkdə digər ərəb dövlətlərinin də müharibəyə qoşulması nəzəri cəhətdən mümkündür. Əksəriyyət onu da vurğulayır ki, regiondakı gərginlik beynəlxalq təhlükəsizliyə də təsir edə bilər. 
Mövcud durum yalnız HƏMAS-la İsrail arasında qarşıdurma deyil. Bir çox dünya gücü, o cümlədən ABŞ, Rusiya və İran Qəzzadakı proseslərdə birbaşa maraqlıdır. Onlar da Yaxın Şərqdəki müharibənin öz maraqlarına uyğun nəticələnməsi üçün əllərindən gələni edirlər. Müharibənin daha çox ABŞ-nin öz strateji maraqlarını həyata keçirməsi üçün zəruri olduğu vurğulanır. 

HƏMAS-ın İsrailə qarşı qəfil hücumunun səbəbi

Münaqişə ilə bağlı dünyaca məşhur RAND beyin mərkəzi maraqlı analiz ortaya qoyub. ABŞ-də yerləşən mərkəzin analizində əvvəlcə etiraf edilib ki, HƏMAS-ın İsrailə qarşı qəfil hücumunun səbəbi fələstinlilərə qarşı sərt iqtisadi siyasətlə bağlıdır. Müşahidəçilər hesab edirlər ki, əgər İsrail hakimiyyət orqanları Fələstinə qarşı ənənəvi yanaşmanı dəyişməsə, o zaman yeni hücumlar baş verə bilər. İsrailin Qəzza bölgəsinə iqtisadi rifah, hətta çiçəklənmə vəd verməsi istənilir. Lakin digər bir qrup hesab edir ki, müstəqil Fələstin dövləti qurulmadan belə yanaşmanın uğurlu olacağı mümkünsüzdür. Müharibə həm də İsrailin özündə iqtisadi itkilərə səbəb olur. Oktyabrın 7-də HƏMAS-ın başlatdığı münaqişə İsraili tənəzzülə sürükləyir və onun pul vahidi şekelin zəifləməsinə gətirib çıxarıb: iki həftədən az müddətdə şekel 4,8 faiz ucuzlaşıb. Düşüşün qarşısını almaq üçün İsrail Mərkəzi Bankı ehtiyatından 30 milyard sərf edib, lakin bu da kömək etməyib. Bununla bağlı “Fitch” agentliyi ölkənin kredit reytinqinin aşağı salınması riskini qeyd edib.
İsrail iqtisadiyyatının qeyri-sabitliyinə səbəb 300 min insanın hərbiyə çağırılması da ola bilər. İsrailin əhalisi cəmi 9 milyon nəfərdir və orduya çağırılanların çoxunun yaşı 40-dan azdır. Onlar ölkənin texnologiya sektorunda əsas işçi qüvvəsini təşkil edir ki, bu da ÜDM-nin təxminən beşdə biri deməkdir. 

ABŞ-nin səyləri

O da qeyd edilir ki, ABŞ diplomatiyası İsrailin imicini yaxşılaşdırmaq üçün səylər göstərir. Ağ Evdən xəbər verildiyi kimi, prezident Cozef Bayden regiona son səfəri zamanı İsraili münaqişəni tez bir zamanda həll etməyə inandırıb. Məlumatları dəfələrlə ABŞ hakimiyyət orqanlarının strateji qərarlarının əsasına çevrilmiş analitik mərkəz - Rand Korporasiyası isə hesab edir ki, İsrailin sərt strategiyadan əl çəkərək iqtisadi əsaslar formalaşdırılmasına keçməyinin vaxtı çatıb. Qəzzada təxminən Filadelfiya böyüklüyündə bir əraziyə yığılmış iki milyon sakin var, onların 80%-i yoxsul və 46%-i işsizdir. 108 min kubmetrə yaxın təmizlənməmiş kanalizasiya hər gün sektordan Aralıq dənizinə axır və içməli suyun əldə edilməsi çətinləşib. Rand layihəsinin Strategiya və Doktrina Proqramının direktoru Rahael Cohen yazır ki, “anklav dövlətindən məyus olan fələstinlilər İsraildən qisas almaq üçün HƏMAS kimi təşkilatlara üz tuturlar. İsrail təhlükəsizlik narahatlıqlarını əsas gətirərək Qəzzanın blokadası kimi məhdudiyyətlər tətbiq edir və orada yaşayış şəraiti daha da pisləşir və narazılıq artır. HƏMAS və buna bənzər təşkilatlar narazılıqdan istifadə edərək İsrailə hücum edir. İsrail də buna sərt formada cavab verir və ən yaxşı halda cəmi bir neçə illik nisbi sülhü “satın alır”. Lakin bununla daha uzunmüddətli radikallaşmaya təkan verir”. Tədqiqat müəllifi yazır ki, “təhlükəsizlik klapanı” olmadan Qəzza partlamağa məhkumdur. İsrail növbəti müharibənin qarşısını almaq ümidinə malik olsa, daha çətin bir şey etməli olacaq: Qəzzanı daha yaxşı bir şeyə çevirməli, qəzzalılara iqtisadi rifah şansı verməlidir. Koen hesab edir ki, bu, Qəzzanın sosial strukturunun yenidən qurulması deməkdir. 

 Qəzza zolağı yeni Honq-Konq olmayacaq 

Ali İqtisadiyyat Məktəbinin Beynəlxalq Münasibətlər kafedrasının dosenti Andrey Suzdaltsev hesab edir ki, “amerikalı ekspertlərin Qəzza zolağı üçün təklif etdikləri “Marşal planı”nın remeyki hesab oluna bilər”. “Marşal planı” İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropa ölkələrində ödəmə qabiliyyətinə malik bazar yaratmağı nəzərdə tuturdu. Həm də Avropada solçu və kommunist hərəkatını zəiflətməli idi. Hədəfə də çatdı. Yeni plan da Qəzza zolağı sakinlərinin həyat səviyyəsinin yüksəldilməsi yolu ilə nəzəri olaraq terror strukturlarının, o cümlədən HƏMAS-ın kütləvi bazasını azaltmalıdır. Lakin Suzdaltsev hesab edir ki, Qəzza zolağından yeni Honq-Konq yaratmaq mümkün olmayacaq: “Sektor böyük ölçüdə beynəlxalq yardım hesabına yaşayır və insanlar buna öyrəşiblər. Yaxınlıqda nəhəng bazarı və investoru olan Çin də yoxdur. Qəzzaya sərmayə qoymaq, yəni müasir texnologiyalardan istifadə edən yeni müəssisələr açmaq üçün çox şey lazımdır - su və fasiləsiz enerji təchizatından tutmuş yüksək ixtisaslı işçi qüvvəsinə qədər. Bu problem dərhal olmasa da, qismən həll oluna bilər”.

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər