• bazar, 24 Noyabr, 23:51
  • Baku Bakı 14°C

Qardaşlıq ruhunda keçən səfər 

25.06.22 01:30 1416
Qardaşlıq ruhunda keçən səfər 

Bu həftə Prezident İlham Əliyevin Özbəkistana çox uğurlu və yaddaqalan dövlət səfəri reallaşıb. Səfər çərçivəsində imzalanan “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin əhəmiyyəti xüsusi qiymətləndirilir

Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb.

İkitərəfli münasibətlərin inkişafında prezidentlərin rolu

Bu gün on minlərlə azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Təsadüfi deyil ki, 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər. İki ölkə arasında diplomatik əlaqələr isə 1995-ci oktyabrın 2-də qurulub. 1996-cı ilin ortalarında Azərbaycanın Daşkənddə, 1998-ci ilin may ayında Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Özbəkistanın eks-prezidenti İslam Kərimovun, hazırkı Prezident Şavkat Mirziyoyevin Azərbaycana, ümummilli lider Heydər Əliyevin, həmçinin Prezident İlham Əliyevin Özbəkistana səfərləri xüsusi qeyd olunmalıdır.

Varislik prinsipləri əsasında həyata keçirilən siyasət

Ulu öndər Heydər Əliyev Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmağın əhəmiyyətinə diqqət çəkərək bildirib ki, Azərbaycan bu münasibətlərin qurulması və inkişaf edib möhkəmlənməsi üçün hər şeyi edəcək. Ata vəsiyyətini yerinə yetirərək Şuşada Azərbaycan bayrağı dalğalandıran Prezident İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi siyasət nəticəsində iki ölkə arasında münasibətlər daha da genişlənib, ümummilli liderin hələ illər öncə arzuladığı səviyyəyə çatıb. Cari il 21-22 iyun tarixlərində Azərbaycan Prezidentinin Özbəkistanda dövlət səfərində olması da iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Səfərin ilk günündə Prezident İlham Əliyev Müstəqillik abidəsini ziyarət edib, özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə Daşkənddə Heydər Əliyev Meydanının açılışına qatılıb. Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimindən sonra prezidentlərin məhdud və geniş tərkibdə görüşləri olub. Bunun ardınca iki ölkənin həyat fəaliyyətinin, demək olar ki, bütün mühüm sahələrini əhatə edən 20-ə yaxın sənəd imzalanıb. Onlar arasında Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı istiqamətini əvvəlcədən müəyyən edən siyasi sənəd - birgə Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Prezidentlər “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub, “Kuksaroy” dövlət iqamətgahında Fəxri qonaqlar xiyabanında ağac da əkiblər. Günün sonunda “Kuksaroy” dövlət iqamətgahında Azərbaycan Prezidentinin şərəfinə rəsmi ziyafət verilib. Səfərin ikinci günü isə dövlət başçısı İlham Əliyev Ürgənc şəhərində olub, özbəkistanlı həmkarı ilə Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyinə, “Nurullaboy” saray kompleksinə baş çəkib. Həmin günün sonunda Azərbaycan Prezidentinin şərəfinə qəbul təşkil edilib və bununla da dövlət səfəri başa çatıb.

Strateji tərəfdaşlığın dərinləşdirilməsi

Qeyd edək ki, Daşkənddə sənədlərin imzalanmasından sonra mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamənin çox qlobal xarakter daşıdığını vurğulayıb. Bildirib ki, bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Dövlət başçısının sözlərinə görə, orada hər iki ölkənin xarici siyasətinin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə öz növbəsində qeyd edib ki, ölkə rəhbərlərinin ümumi səyləri və daha yaxınlaşma istəyi sayəsində Özbəkistanla Azərbaycan arasında münasibətlər açıq, geniş əhatəli xarakter kəsb edib, ticari-iqtisadi, parlamentlərarası, mədəni-humanitar və regionlararası əməkdaşlıq fəallaşıb. Onun sözlərinə görə, prezidentlər hər iki xalqın mənafeyi naminə qarşılıqlı fəaliyyəti bundan sonra da hərtərəfli möhkəmləndirməyə hazırdır. Prezident Şavkat Mirziyoyev “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin ikitərəfli münasibətlərdə yeni mərhələ açdığını xüsusilə diqqətə çatdırıb.

Cənubi Qafqaz regionunda əsas tərəfdaş

Sonda xatırladaq ki, Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşına çevrilib. Bunun nəticəsidir ki, hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT, EKO, MDB və Türkdilli Dövlətlər Başçılarının Forumu çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub. Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü, ədalətli mövqeyini dəstəkləyib. Şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin dost və qardaş Özbəkistana budəfəki səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcək, əlaqələrimizi daha da genişləndirəcək.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər