“Qara cümə”nin real üzü - ARAŞDIRMA
Həmin gün bizim mağazalarda, alış-veriş mərkəzlərində, restoranlarda da endirim kampaniyaları olur. Bəzən isə hətta 50-70 faiz endirimlərin ediləcəyi barədə elanları da görmək mümkündür. Bəs əslində, bu endirimlər realdırmı?
25 noyabr dünyada və Azərbaycanda “Black Friday”, yəni “Qara cümə” endirim festivalı kimi qeyd olunur. “Black Friday” ABŞ-da noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan Şükranlıq bayramından sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən həmin günü Yeni il üçün alış-veriş mövsümünün başlanğıcı olaraq qəbul edirlər. Lakin bu günə "Black Friday” adı ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən qoyulub. Səbəb kimi həmin gün Filadelfiyada alış-verişə görə nəqliyyatda yaranan tıxaclar və digər çətinliklər göstərilib. "Qara cümə", əsasən, 1970-1990-cı illərdə ticarət mərkəzləri böyüyərkən populyarlaşıb. 1975-ci ildən Filadelfiyanın hüdudlarını aşıb. "Qara cümə" son illər Azərbaycanda da reallaşdırılır. Həmin gün mağazalarda, alış-veriş mərkəzlərində, restoranlarda endirim kampaniyaları olur. Bəzən isə hətta 50-70 faiz endirimlərin ediləcəyi barədə elanları da görmək mümkündür. Bəs əslində, bu endirimlər realdırmı?
Azərbaycanda 20-30, maksimum 40 faizlik endirimlər ola bilər
Marketoloq Seymur Quliyev bildirdi ki, digər ölkələrdə 70-80-90 faizlik böyük endirimlər, həqiqətən də, olur, lakin Azərbaycanda belə deyil: “Azərbaycandakı “Qara cümə”də 20-30, maksimum 40 faizlik endirimlər ola bilər. Lakin 70-80-90 faizlik endirimlərin mümkün olmasını düşünmürəm. Çünki bizim ölkədə satılan idxal malları, əsasən, başqa ölkələrdən gətirilir, yerli istehsal deyil. Burada gömrük rüsumu, daşınma xərcləri, icarə qiymətlərinin yüksək olması, işçi xərcləri və s. var. Bu da məhsulların qiymətinin yüksək olmasına gətirib çıxarır. Ona görə Azərbaycanda qiymətləri süni şəkildə qaldırıb, daha sonra əvvəlki qiymətinə endirib, fürsət adı ilə müştərilərə təqdim edirlər”.
İstehlak bazarında qiymətlərin "sabun köpüyü" elementi
İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, məhsullarda birdən-birə bu qədər böyük endirimlər şübhələr yaradır: “Mağazanın qarşısından keçəndə görürük ki, 50-70 faiz endirim yazılıb. Faiz yerinə elə rəqəmlər qeyd edilir ki, istehlakçı üçün sual yaranmalıdır. Bu qədər məhsulun birdən-birə 50-70 faiz endirimi nə deməkdir? Bəs onun maya, istehsal dəyəri, ticarət xərcləri? Əgər mağaza müflis olub, bağlanmaq üzrədirsə, bu, başqa məsələ. Mağaza məhsulun qiymətinə bu qədər dəyişiklik edirsə, deməli, burada “sabun köpüyü” elementi, yəni şişirtmə var. Müəyyən brend məhsullar üzrə ölkəmizdə satış məntəqələrində qiymətlərin şişirdilməsi amili mövcuddur. Ümumiyyətlə, istehlak bazarımızda qiymətlərin formalaşması prosesində "sabun köpüyü" elementinin rolu böyükdür”.
Mağazalar qiymətləri qaldırıb, sonra...
Marketinq və biznesin idarə edilməsi üzrə mütəxəssis Elxan Mərdanlının fikrincə, əvvəllər mağazalar insanları aldatsa da, hazırda belə hallar azdır: “Bir neçə il bundan öncə feyk fəaliyyət göstərən şirkətlər, mağazalar qiymətləri qaldırıb, sonra satış qiymətinə salırdılar. Bazarımızda da getdikcə markalaşma formalaşdığına, real, şəffaf fəaliyyət göstərən şirkətlər artdığına görə bu tipli fəaliyyətlər artıq yığışdırılıb. Ola bilər ki, çox cüzi qalar”.
Satılmayan məhsulları əldən çıxarmaq üçün fənd
Ekspert dedi ki, məhsullarda endirim maksimum 70 faiz ola bilər: “70 faiz endirim edildikdə bu, maya dəyərinin özü olur. 70 faizdən yuxarı endirim malın maya dəyərindən də aşağı qiymət formalaşdırır. Təbii ki, hər hansı malın maya dəyərindən aşağı qiymət formalaşırsa, bu, sahibkarı kifayət qədər ziyana aparır. 70 faiz endirimi 2-3, hətta 4 mövsüm əvvəldən anbarlarda qalan, trenddən düşən, müştərilərin almadığı, bəyənmədiyi məhsullara tətbiq edib, satılmayan məhsulların hamısını əldən çıxarırlar”.
Yüksək endirimləri daha çox köhnə məhsullara tətbiq edirlər
E.Mərdanlı bildirdi ki, sahibkarlar hazırda trend olan yeni kolleksiyalardansa, alınmayan məhsulları satmağa daha çox üstünlük verirlər: “Çünki yüksək endirimləri daha çox köhnə məhsullara tətbiq edirlər. Yeni mövsüm məhsullarında endirimlər maksimum 30-35 faiz ola bilər. Çünki yeni kolleksiyalara çəkilən xərci, vergi və rüsumları geri qaytarmadan məhsulları yüksək endirimlə satmaq sahibkarlara sərf etmir”.
Mütəxəssisin sözlərinə görə, insanlar özləri də mağazalarda monitorinq apara bilərlər: “Müştərilər sevdikləri mağazalardakı qiymətləri əvvəldən özləri üçün qeyd edib, festival zamanı yenidən yaxınlaşıb baxa bilərlər ki, tətbiq olunan endirimlər realdır, ya yox? Real deyilsə, aidiyyəti qurumlara şikayət edib, sahibkarların düzgün qiymət təyin etməsinə nail ola bilərlər”.
Zərif Salmanlı