“Qanlı cümə”nin hədəfi
Rusiya ərazisində Mərkəzi Asiyadan olan miqrantların sıxışdırılması halları yaşanır. Vəziyyət o qədər mürəkkəbdir ki, Tacikistan səfirliyi Rusiyadakı vətəndaşlarına evlərindən çıxmamaqla bağlı xəbərdarlıq edib.
Rusiya tarixinə “qanlı cümə” kimi düşən “Crocus City Hall”da törədilən terror dünyanın diqqət mərkəzindədir. Xüsusi qəddarlıqla törədilən terror qurbanlarının sayı 140-ı keçib. Terrorla bağlı təfərrüatlardan çox danışılıb, ən müxtəlif ehtimallar səslənib. Təsdiqini tapan tək fakt odur ki, terroru həyata keçirən şəxslər həbs olunub və onlar hazırda istintaq tərəfindən dindirilirlər. İndi əsas məsələ sifarişin təşkilatçılarının müəyyən olunmasıdır. İcraçılar ilkin ifadələrində sifarişin sadəcə naməlum şəxslər tərəfindən verildiyini, tapşırıq və silahları onlardan aldıqlarını vurğulayıblar. Bütün bunlar onu deməyə əsas verir ki, sifarişçilərin kimliyi sirr olaraq qalacaq.
Digər bir məsələ terror aktının mümkün hədəfləri ilə bağlıdır. Burada müxtəlif versiyalar - iqtisadiyyata zərbə vurulmasından tutmuş, ölkədə xaos yaratmaq, diqqəti daxili təhlükəsizlik məsələlərinə yönəltmək, Rusiya vətəndaşlarının təhlükəsizliyinin daim təhdid altında olduğunu isbatlamaq və sair var. Eləcə də, “Crocus City Hall”a hücumda rus olmayan etnik qrupun, taciklərin adının hallanması Rusiyada etnik qarşıdurmanın yaranmasına zəmin hazırlaya bilər. İstənilən halda, baş verənlər yaxşı heç nə vəd etmir. Müəyyən qüvvələr ən təhlükəli ssenariləri işə salıb və bu, faktdır.
Putin “hə”, Kiyev “yox” deyir
Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin hücumu Ukrayna ilə bağlasa da, etiraf edib ki, istintaqın bu versiyanın sübut edən dəlilləri yoxdur. Putin deyib ki, bu cinayət radikal islamçıların əli ilə törədilib: “Biz Rusiyaya və onun xalqına qarşı bu şər əməlin kimin əlləri ilə törədildiyini bilirik. Bizi sifarişçi maraqlandırır”. Putinin sözlərinə görə, bu, Rusiyaya qarşı “neonasist Kiyev rejiminin əlləri ilə” mübarizə aparanların silsilə hücumunun zəncirində yalnız bir həlqə ola bilər. Rusiya Prezidenti bu sözləri ilə kimi nəzərdə tutduğunu açıqlamayıb.
Öz növbəsində Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak hesab edir ki, “Crocus City Hall”dakı terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmayacaq. O xatırladıb ki, hələ 2016-2018-ci illərdə Rusiya təbliğat maşını Ukraynanı bir sıra terror təşkilatlarıyla əlaqələndirməyə çalışıb: “Bu, Ukraynanın belə yaraqlılara sığınacaq verdiyini göstərmək üçün genişmiqyaslı təbliğat kampaniyası idi. Lakin Ukrayna qlobal terrordan mümkün qədər uzaqdır - HƏMAS və “Taliban”ı sözün əsl mənasında maliyyələşdirmiş və onların qlobal bazarda mövcudluğunu qanuniləşdirmiş Rusiyadan fərqli olaraq...”.
Mərkəzi Asiya miqrantları hədəfə alınır
Ən təhlükəlisi odur ki, artıq Rusiya ərazisində Mərkəzi Asiyadan olan miqrantların sıxışdırılmasına yönələn insidentlər baş verir. Məsələn, Rusiyanın Uzaq Şərqindəki Blaqoveşşensk şəhərində mərkəzi asiyalı şəxsin sahib olduğu kafenin yandırıldığı xəbər verilib. Rusiyanın qərbindəki Kaluqa şəhərində üç tacik miqranta hücum edilib. Onlardan biri xəstəxanaya yerləşdirlib. Moskva regionunda bir qrup gənc dörd tacik mirqrantı döyərək sərnişin qatarından atıb. Rusiyanın “Baza” teleqram kanalı yazır ki, DİN-in bir sıra regional idarələri miqrantların sənədlərinin və onların qaldıqları yataqxanaların yoxlanması üçün xüsusi briqadalar yaradıblar.
Vəziyyət o qədər mürəkkəbdir ki, Tacikistanın Moskvadakı səfirliyi Rusiyadakı vətəndaşlarına evlərindən çıxmamaqla bağlı xəbərdarlıq edib. Səfirlik vurğulayır ki, vətəndaşlar qisas insidentlərinin qurbanı ola bilərlər.
Tacikistanın Demokratik Partiyası və Tacikistan parlamentinin bəzi deputatları Rusiya Prezidenti Vladimir Putini ksenofobiya zəminli bu tipli zorakılıqların qarşısını almağa çağırıblar.
Miqrantların deportasiyası faktları artır
Qırğızıstan da öz vətəndaşlarını Rusiyaya səfərlərdən çəkindirən bəyanatla çıxış edib. Rusiya insan haqları müdafiəçisi Valentina Çupik deyib ki, Qırğızıstan, Tacikistan və Özbəkistan vətəndaşlarından polis tərəfindən “qanunsuz saxlanılmaları” ilə bağlı bir neçə gün ərzində 1018 şikayət daxil olub. Çupik bildirib ki, onlardan bəziləri polis tərəfindən döyülüb, bəziləri isə Rusiyadan deportasiya ediliblər. Bişkekdə yaşayan insan haqları müdafiəçisi Aziza Abdirasulova bildirib ki, son hücumlardan sonra Mərkəzi Asiyadan olan miqrantlar daha çox məhdudiyyət və yoxlamalarla üzləşirlər.
Ən təhlükəli ssenari
Qeyd olunur ki, Rusiyada bundan sonra iki mövzu gündəmə gətirilə bilər. Birincisi, Rusiya ərazisinə daxil olan Mərkəzi Asiya ölkələrinin vətəndaşlarına qarşı viza rejiminin tətbiqi və ya onların xüsusi qaydada yoxlanılması tələb ediləcək. İkincisi, başda paytaxt Moskva olmaqla Rusiyanın şəhərlərində çalışan Mərkəzi Asiya vətəndaşlarının bir qisminin deportasiyası tələb olunacaq. Lakin Rusiyanın müttəfiq ölkələrin vətəndaşlarına qarşı viza rejiminin tətbiqi Mərkəzi Asiyada mənfi qarşılana bilər. Miqrasiya qaydalarının sərtləşdirilməsi isə Rusiyanın özünə əlavə problemlər yaradacaq. Çünki Rusiyanın miqrant işçilərə ehtiyacı var.
Azər Nuriyev