Prezident Kəlbəcər və Şuşada
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna və Şuşaya səfər ediblər. Səfər zamanı dövlət başçısı bir sıra açılışlar edib, tapşırıqlarını verib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar. Qeyd edək ki, işğal dövründə ermənilər növbəti vandallıq aktı nümayiş etdirərək, azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən lövhə düzəltmişdilər. Prezident İlham Əliyev lövhənin sökülməsi ilə bağlı tapşırıq verib.
23 binadan ibarət yaşayış kompleksi ilə tanışlıq
Prezident və birinci xanım daha sonra Şuşaya gəliblər. Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazır mənzillərdə yaradılan şəraitlə tanış oldular.
Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq. Qeyd edilib ki, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Prezident və birinci xanım “Qızlar gimnaziyası”nda
Prezident və birinci xanım Şuşa şəhərində “Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə də tanış olublar.
Bildirilib ki, Şuşada müstəqil qız məktəbi 1875-ci il oktyabrın 26-da Şuşa əhalisinin təşkil etdiyi “Xeyriyyə cəmiyyəti” tərəfindən təsis olunub. Dini etiqadından və mənşəyindən asılı olmayaraq, bütün qızlara burada təhsil almaq imkanı yaradılmışdı. Tədris planına rus dili, hesab, ana dilində oxuma, yazma, hüsnxət, rəsm, rəsmxət, ümumi coğrafiya, tarix, ölkəşünaslıq daxil idi. Eyni zamanda, məktəbdə milli mahnılar öyrədilir, təbiət, tarix və fizikadan dərs verilirdi. Məktəbdə təhsil ödənişli olsa da, kasıb ailələrin övladları təhsil haqqından azad idilər. Əlavə təhsil haqqı verənlərə fransız və alman dilləri də tədris edilir, musiqi öyrədilirdi. Qızların rus dilində təhsilinə diqqəti artırmaq və xərcin bir qismini xəzinədən ödəmək şərti ilə Şuşa qız məktəbi 1894-cü ildə Şuşa Marinski qız məktəbi adını aldı və dördsinifli məktəbə çevrildi. Məktəb 120 şagirdlə fəaliyyətə başladı. Artıq 1895-1896-cı tədris ilində burada 147 qız təhsil alırdı. Bu məktəbin təşkili azərbaycanlı qızların da rus dilində təhsilinə şərait yaratmışdı. Şuşa Marinski qız məktəbi qadınların təhsili sahəsində, azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol oynayıb. 1894-cü ildə Şuşada iki şəxsi qız məktəbinin əsasında Müqəddəs Mariya qız məktəbi yaradılmış, bununla da azərbaycanlı qızların Avropa təhsilinə yolları açılmışdı.
Qeyd edildi ki, bina sovet dövründə internat məktəbi kimi də fəaliyyət göstərib. Gələcəkdə buranın dekorativ tətbiqi sənət mərkəzi və mədəni sahələr üzrə inzibati bina kimi istifadə olunması planlaşdırılır.
Qala üzərindəki Şuşa yazısı bərpa edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Qala divarına və ətraf əraziyə də baxış keçiriblər.
Bildirilib ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri ilk dövrlərdə Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad da adlandırılırdı. Sonrakı dövrdə şəhər sadəcə Qala adlandırılıb. Bir müddət sonra xalq qalanı Şuşa qalası, sonrakı dövrdə isə sadəcə Şuşa adlandırıb. Şuşa qalasının üç əsas qapısı var idi: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün Baş planlarında qeyd edilir. Şəhər işğaldan azad edildikdən dərhal sonra tarixi Şuşa qalasında bərpa işləri görülüb. Qala üzərindəki Şuşa yazısı bərpa edilib.
Şuşada 1 nömrəli tam orta məktəbin açılışı olub
Prezident və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Şuşada Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda həyata keçiriləcək bərpa və yenidənqurma layihələri ilə tanış olublar.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verib.
Bildirilib ki, Pənahəli xan küçəsindəki bir sıra binaların bərpası və yenidən qurulması yüksək səviyyədə həyata keçiriləcək.
Prezident və birinci xanım həmçinin Şuşa şəhərində peşə məktəbinin və kollecin binasına baxıblar, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri ilə tanış olublar. Həmçinin, İsa bulağına da baş çəkiblər.