Paşinyanı gözləyən təhlükə - ŞƏRH
Ekspertin fikrincə, terror hadisəsi istisna olmaqla, indiki etiraz aksiyaları ilə Ermənistanda hökuməti devirmək mümkün olmayacaq. Etirazların bütün Ermənistana sirayət etməməyi müxalif elektoratın nə qədər zəif olduğunu göstərir.
Vətən müharibəsindən sonra bir müddət sülh danışıqlarını yubatmağa nail olan məğlub Ermənistan, nəhayət ki, reallığı qəbul etməli oldu. Amma Paşinyan hökumətinin reallığı qəbul etməsindən revanşist qüvvələr yararlanmağa çalışırlar. Onlar hər vəchlə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər. Son günlər Ermənistanın mərkəzində etiraz aksiyaları keçirilir. “Ermənistan” müxalifət fraksiyasının nümayəndəsi İşxan Saqatelyan ölkə vətəndaşlarını yenidən etiraz aksiyalarına və itaətsizliyə - yolları, küçələri bağlamağa çağırıb. Maraqlı məqam ondan ibarətdir ki, hər dəfə Azərbaycanla sülh müqaviləsi məsələsi gündəmə gəldikdə Ermənistandakı revanşist qüvvələr “hərəkətə” gəlir. Təbii ki, onların məqsədi prosesi tormozlamaq və Paşinyanı devirməkdir. Görəsən, indiki şəraitdə Paşinyan təhlükəni adlada biləcəkmi?
“İstədiyini Ermənistandan ala bilməyən Rusiya...”
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Natiq Miri bildirdi ki, İrəvandakı etiraz aksiyaları heç də revanşist qüvvələrin, xüsusilə “Qarabağ klanı”nın iradəsi ilə baş vermir: “Bu məsələ Rusiyanın birbaşa göstərişi və maliyyə dəstəyi ilə gerçəkləşir. Əlbəttə ki, bu etiraz aksiyaları, sadəcə Paşinyana təzyiq xarakteri daşımır. Çünki Paşinyanın son Moskva səfərində Kreml anladı ki, istədiyini ala bilməyəcək. Doğrudur, Ermənistanın xeyrinə olmayan bəzi məsələlərlə bağlı Paşinyana imza atdıra bildilər. Xüsusilə də, Rusiyaya tətbiq olunan sanksiyaların doğru olmaması ilə bağlı Paşinyan məcburi şəkildə sənədlərə qol çəkdi. Hər bir halda, düşünürəm ki, Ermənistan rəhbərliyi qərb dünyasını anlada bilib ki, sənədlərə məcburi şəkildə imza atıb. Bütövlükdə Ermənistandan istədiyini ala bilməyən Rusiya bu dəfə etiraz aksiyaları ilə Paşinyan hökumətini devirmək istəyir. Ancaq paralel olaraq rəsmi İrəvan ictimai-siyasi gərginlik fonunda da Azərbaycan və Türkiyə ilə danışıqları davam etdirir. Bilirik ki, Brüsseldə və Vyanada həm Azərbaycan, həm də Türkiyə nümayəndələri ilə Ermənistanın hökumət üzvləri arasında görüş keçirildi. Paralel olaraq xarici işlər naziri Ararat Mirzoyan ABŞ-a göndərildi. Düşünürəm ki, bütün bu məsələlər müzakirə predmeti olub”.
Bütün ermənilər gördülər ki...
Politoloq qeyd etdi ki, Ermənistan indiki etiraz aksiyaları fonunda ABŞ-dan təhlükəsizlik zəmanəti istəyibsə, Azərbaycan və Türkiyədən də həssas yanaşma istəyib: “Çünki indiki vəziyyətdə bəzi strateji qərarların verilməsinin hökumətin devrilməsinə səbəb ola biləcəyi ilə bağlı fikirlər var. Digər yandan, bu etiraz aksiyalarının artan xətlə davam etməməsi göstərir ki, onların elektoratı çox məhdud saydadır. Əslində, bu aksiyaları Koçaryan və Sarkisyana bağlamaq da olmaz. Bunun arxasında ciddi maliyyə durur. Ancaq bu maliyyə ilə də ancaq bu qədər etirazçı çıxara bilirlər. Çox maraqlıdır ki, erməni xalqının böyük əksəriyyəti bu etirazlara qoşulmur. Ona görə ki, revanşist qüvvələr erməni xalqına konkret konseptual proqramlar təqdim etməyib. Yəni sabah alternativ hökumətin Ermənistanı hara aparacağı ilə bağlı müəyyənlik mövcud deyil. Eyni zamanda qeyd edim ki, bu etiraz aksiyalarında Qarabağın “qaytarılması”, “müstəqilliyi” kimi populist şüarlar səsləndirilir. Ancaq bunun mümkün olmayacağını 44 günlük müharibədən ötən bir ildən çox müddətdə bütün ermənilər gördülər. Çünki hər hərbi qarşıdurmada Azərbaycan Ordusu tərəfindən ağır zərbə aldılar, itkilərə məruz qaldılar. Buna görə də yeni müharibənin olmaması üçün erməni xalqı pislərin içərisində Paşinyanın rəhbərlik etdiyi siyasi mərkəzə səs vermək məcburiyyətində qaldı. Çünki ermənilər sülh istəyir. Eləcə də Paşinyan hökuməti qonşu dövlətlərlə inteqrasiya, Türkiyə ilə sərhədlərin açılmasını vəd edir. Bu da erməni xalqına uyğun bir siyasətdir”.
ABŞ və Avropa İttifaqı kimi güclərin müdaxiləsi ilə...
N.Miri terror hadisəsi istisna olmaqla, bu etiraz aksiyaları ilə Paşinyan hökumətini devirməyin mümkün olmayacağı qənaətindədir: “Çünki kütləvilik hiss olunmur. 2018-ci ildə etiraz aksiyaları artan xətlə davam edirdi. Bu gün eyni siyasi texnologiya Paşinyan hökumətinə tətbiq olunsa da, ancaq kütləvilik hiss olunmur. Eləcə də, bu etirazlar bütün Ermənistan ərazisinə də sirayət etmir. Bu da müxalif elektoratın nə qədər zəif olduğunu göstərir. Hesab edirəm ki, ABŞ və Avropa İttifaqı kimi güclərin bu məsələyə müdaxiləsi ilə Paşinyan hökumətinə qarşı təhlükənin qarşısı alına bilər. Həm ABŞ, həm də Avropa İttifaqı sülh müqaviləsinin imzalanmasında maraqlı olduqlarını bəyan edirlər. Yaxın perspektivdə etiraz aksiyaları tamamilə yatırılacağı təqdirdə, güclənən Paşinyan hökuməti sülh müqaviləsinin imzalanması yönündə ciddi addımlar ata biləcək”.
Bəxtiyar Məmmədli