• cümə, 24 May, 09:12
  • Baku Bakı 13°C

Öz bataqlığında çabalayan Fransa - TƏHLİL

02.03.24 06:10 3701
Öz bataqlığında çabalayan Fransa - TƏHLİL

Azərbaycanın ali rəhbərliyinin istənilən bəyanatı hər zaman tutarlı faktlara və arqumentlərə əsaslanıb. Hər bir açıqlamanın arxasında təkzibolunmaz sübutların dayandığını elə bu oyunları quranların özləri də yaxşı bilirlər. Bu dəfə də fərqli deyil.

Son aylarda Qərbdə Azərbaycana qarşı qərəz və böhtana əsaslanan siyasi şantaj və təzyiqlərin yeni dalğasını müşahidə edirik. Ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdikdən sonra bu çirkin kampaniya daha geniş vüsət alıb. Xüsusilə də Makron Fransasının "öndərliyi" ilə gerçəkləşdirilən məlum olaylar Cənubi Qafqazı yenidən qaynar qazana çevirmək məqsədi daşıyır. Rəsmi Bakı sülhü əngəlləyən, Azərbaycanın milli maraqlarını, haqlı mövqeyini şübhə altına almağı hədəfləyən bu kampaniyanın əsas "dayaqları"nın kimliyini konkret adı ilə qeyd edir. 

Digər ölkələrdən fərqli addımlar atmırıq

Prezident İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə vurğu etdiyi məqamlar bu baxımdan xüsusilə ilə diqqət çəkir. “Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib:

"Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir". 

Bakı hər şeyin fərqindədir

Prezidentin açıqlamalarından da göründüyü kimi, rəsmi Bakı hər şeyin fərqindədir. Özünə qarşı yönələn zəhərli fransız oxlarının hədəfə dəyməməsi üçün önləyici tədbirlər görür. Hər şeyin və hər kəsin adını, məqsədlərini açıq şəkildə dilə gətirməklə, anti-Azərbaycan planları barədə məlumatlı olduğunu, Qərbdəki digər tərəfdaşlarımızın Fransanın onsuz da uğursuzluğa məhkum olan oyunlarına qoşulmasının onlara da zərər verəcəyini diplomatik yollarla diqqətə çatdırır. Reallıq isə bəllidir. Cənubi Qafqazda əsas söz sahibi Azərbaycandır. Bölgənin həm iqtisadi, həm də siyasi mərkəzi Bakıdır. Azərbaycanın geosiyasi və coğrafi mövqeyi, müstəqil siyasi kursu, reallaşdırılan enerji və nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də əsas bəndi qismində çıxış etməsi onun tələblərinin yerinə yetirilməsinin zəruriliyini ortaya qoyur. Bu tələblər isə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Daxili işlərimizə qarışmamaq, əməkdaşlıqda bərabərhüquqlu, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətin sərgilənməsi, milli maraqlarımızın nəzərə alınması, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı təhdidlərə son qoyulması Bakının tərəfdaşlarından əsas tələbləridir.     

İkili standart, yoxsa bizimlə aparılan bir oyun?!

Qeyd olunan məqamların hədəf halına gətirilməsi Qərbin ikili standartlı siyasətinin əsas konturlarını təşkil edir. Biz bunu Avropa Şurası Parlament Assambleyasının son sessiyasında ölkəmizə qarşı qəbul edilən əsassız və məntiqsiz qərarlarda bir daha müşahidə etdik.  
Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük: "Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir. Mən demirəm ki, bu mənim şəxsi fikrimdir, insanların çoxu belə düşünür. Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?!" Prezident İlham Əliyev bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. 

Göründüyü kimi, Bakının ona qarşı yönələn təhdidlərə cavab reaksiyası hər zaman hazırdır. AŞPA-da hazırda cəmi iki müsəlman ölkəsi var. Bunlardan birinin üzvlüyünün dayandırılması isə qurumun özünün insan hüquqları, din azadlığı, tolerantlıq kimi dəyərlərini tapdaladığını bütün dünyaya əyani şəkildə göstərmiş olacaq. Burada uduzan Azərbaycan yox, elə bu oyunu quran Fransa və onun maşası halına gələn Avropa strukturları olacaq. Bakının gələcək əməkdaşlıq və beynəlxalq inteqrasiya ilə bağlı xarici siyasət kursunun əsas istiqamətləri bir müddət öncə ən ali səviyyədə bəyan edilib. Bu səbəbdən, indi Qərbdə Bakını hədəf alanlar özləri yaratdıqları bataqlıqda çabalayırlar. 

Anşlaq alınmayacaq

Azərbaycanın ali rəhbərliyinin istənilən bəyanatı hər zaman tutarlı faktlar və arqumentlərə əsaslanıb. Hər bir açıqlamanın arxasında təkzibolunmaz sübutların dayandığını elə bu oyunları quranların özləri də yaxşı bilirlər. Bu dəfə də fərqli deyil. Məsələn, Bakı bir müddət əvvəl Fransanın ölkəmizdə fəaliyyət göstərən casus şəbəkəsini ifşa etdi. Bu addım Fransa hakimiyyəti daxilində ciddi rezonans doğurdu. İndi isə Paris aldığı bu zərbənin şokunu üzərindən atmaq üçün Ermənistan üzərindən eyni oyunları davam etdirir. İşğalçı dövləti silahlandırmaqla yanaşı, baş nazir Nikol Paşinyanın Parisə son səfəri zamanı Fransa ilə Ermənistan kəşfiyyatları arasındakı gizli razılaşma da bu planın tərkib hissəsidir. Ancaq dəyişməyən bir reallıq var. Ssenarisində Azərbaycan hədəfə alınmaqla qurulan istənilən tamaşada baş rol ifaçısının və yardımçılarının kim olmasından asılı olmayaraq, anşlaq alınmayacaq.  

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər