• cümə, 19 Aprel, 19:03
  • Baku Bakı 24°C

Oruc tutmaq istəyən onkoloji xəstələr həkimlə məsləhətləşməlidir

27.03.23 15:50 1323
Oruc tutmaq istəyən onkoloji xəstələr həkimlə məsləhətləşməlidir

Onkoloji xəstələrin müalicəsi və sağalmasında qida ilə su qəbulu, hətta qida qəbulunun qaydası böyük əhəmiyyət kəsb edir. Belə xəstələr oruc tutmaq qərarı verməzdən öncə həkimlə məsləhətləşməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının mammoloq-radioloqu Günel Qəmbərova deyib.

Onun sözlərinə görə, kimya terapiyası və şüa terapiyası alan dövrdə pasiyentlər daha diqqətli olmalıdır: “Xəstəliyin aktiv dövründə onlara oruc tutmaq qətiyyən məsləhət deyil. Bu, hətta böyük riskdir. Çünki belə müalicə zamanı ürəkbulanma, qusma, halsızlıq, diareya və qəbzlik yarana bilər. Oruc tutmaq həmin xəstələrin immun sistemini tam zəiflədir. Çünki bu dövrdə iştaha azalacaq, su-duz mübadiləsi tam pozulacaq. Halbuki aktiv dövrdə olan onkoloji xəstələr su və kalori rasionuna tam ehtiyacı olan pasiyentlərdir. Nəzərə alsaq ki, xəstələrin qəbul etdikləri dərmanlar qaraciyər və böyrəkdən xaric olur, onda su və qida qəbulunun onlar üçün nə qədər vacib olduğunu anlamaq mümkündür”.

Həkim qeyd edib ki, sahur yeməyi üçün rejimə uyğun olmayan vaxtda yuxudan durmaq, yuxu balansı ilə yanaşı qida balansını da pozmaq immun sisteminə mənfi təsir edir.

“Müalicə alan, reaksiya dövründə olan xəstələr də oruc tutmaq istəsələr, öncə həkimlə məsləhətləşməlidir. Xəstəliyin lokalizasiyası, hansı mərhələdə olması çox önəmlidir",– deyə radioloq bildirib.

banner

Oxşar Xəbərlər