• cümə, 29 Mart, 17:19
  • Baku Bakı 14°C

Orqanizmdə başqa problemlərin yaranmaması üçün normal yuxu çox vacibdir

18.03.23 14:15 345
Orqanizmdə başqa problemlərin yaranmaması üçün normal yuxu çox vacibdir

Yuxu rejimini düzgün tənzimləmək olduqca vacibdir, çünki yuxusuzluq bir çox xəstəliklərin yaranmasında bilavasitə rol oynayır.

AZƏRTAC xəbər verir ki, həkim–nevropatoloq Ülviyyə Səlimova deyib: “Yuxu normal olduqda insan beyni artıq informasiyalardan təmizlənir. Normal yata bilməyən, çox gec yuxuya gedən kəs mütləq səhər oyananda əzgin olur, sinir sistemi gərginləşir, hipertoniyası olan xəstələrin təzyiqi yüksəlir. Hər kəs sutka ərzində 7-8 saat yuxu yatmalıdır”.

Yuxusuzluqdan əziyyət çəkənlərin əksəriyyəti yaşlılardır, onların çoxunda yuxusuzluq halı müşahidə olunur: “Əslində, yaşlılarda yuxu daha az olur, çünki orqanizmin fizioloji prosesləri ilə əlaqədar olaraq yaşlandıqca istər-istəməz təzyiq, şəkərli diabet, laxtalanma problemləri yaranır. Yaşlı adamın yuxudan oyanan kimi dərhal yatağından qalxması bir çox ciddi fəsadlara, o cümlədən beyin qan dövranının pozulmasına, damar patologiyalarının yaranmasına, insulta və s. səbəb ola bilər”.

Həkim-nevropatoloqun dediyinə görə, az yatmaq sağlamlıq üçün zərərlidir: “Orqanizmdə başqa problemlərin yaranmaması üçün normal yuxu yatmaq çox vacibdir. Gün ərzində beyin xeyli lazımsız informasiyalarla yüklənir. Beynin təmizlənməsi, yəni detoks olunması yalnız yuxu vaxtı müşahidə edilir. Yuxuda olarkən çox vacib maddə olan melotonin hormonunun sintez olunması yuxuya getməni yaxşılaşdırır”.

Yuxu prosesinə etinasız yanaşmaq olmaz. Gənclik illərində ona çox əhəmiyyət verilməsə də, yaşlandıqca fəsadlar özünü büruzə verir. Hər yaşda sağlam olmaq üçün yuxunun normal olmasına diqqət yetirmək çox vacib məsələdir.

banner

Oxşar Xəbərlər