cümə, 07 Oktyabr, 09:06

Baku Bakı 19°C

Növbədə Almaniya kansleridir?

icon 497 icon 16 iyul 2022 | 00:00 Növbədə Almaniya kansleridir?

Boris Consonun ardınca Almaniya kansleri Olaf Şols da  istefaya gedə bilər. Almanları onun xarici siyasətdəki qərarsızlığı qıcıqlandırır. Gah Ukraynaya kömək edir, gah da ehtiyatlı davranır.  Kiyevə piyada döyüş maşınları və tanklar vermir, daha sonra razılaşır. 

Ukraynadakı müharibə Rusiya ilə Qərb arasında iqtisadi və siyasi böhranı günbəgün dərinləşdirməkdədir. Aramsız sanksiyalar qəbul edilir, lakin Rusiyanı çökdürmək siyasəti nəticə vermir. Məsələn, Qərb Rusiya neftinin satışına  sanksiya tətbiq etdi – nəticədə qiymət artdı. Bu gün  Rusiya neftini Hindistana və Çinə satır. Ucuz satsa da, amma ən azı bir barreldən 80-90 dollar götürə bilir. Məlumat üçün bildirək ki, Rusiyanın bir barrel neftinin maya dəyəri 14 dollara yaxındır. Eləcə də, qaza sanksiya qoyuldu –qiyməti yüksəldi. Üstəlik, bu sanksiyalar Qərb ölkələrinə də iqtisadi ziyan vurur.  Bu səbəbdən də Avropa ölkələri daxilində bir süstlük hiss olunmaqdadır. Əhali günbəgün artan qiymətlərdən narazıdır və bu amil də qitəyə daxili ölkələrdə ciddi problem yaradır. 

Avropa daha tez ağ bayraq qaldıracaq?

Fransadkı seçkilərdə Emmanuel Makron az qala kreslosunu itirəcəkdi. Böyük Britaniyanın baş nazir Boris Conson istefa vermək məcburiyyətində qaldı. Bəs növbədə kimdir? Növbədə anti-Rusiya fikirləri ilə seçilən Almaniya kanslerinin olduğu bildirilir. Avropa İttifaqı ölkələri arasında belə bir fikir formalaşır ki, sanksiyalar avropalılara Rusiyadan az ziyan vurmur. Qiymətlər durmadan artır: benzinin, elektrik enerjisinin, qidanın. Maddi rifahın pisləşməsi insanların təbii narazılığına səbəb olur və məsuliyyət də rəhbərlərin üzərinə düşür. Böyük Britaniyanın baş naziri Boris Conson iki qalmaqala görə getsə də, iqtisadi amillərin də təsiri olub. Axı yüksək enerji qiymətləri və Britaniyanın da qoşulduğu sanksiyalar enerji, ərzaq və maliyyə böhranı təhlükəsi yaradıb.

Beləliklə, eyni problemlər tələm-tələsik Rusiyanın enerji mənbələrindən imtina siyasətinə başlayan və indi qarşıdan gələn qışda evlərini necə qızdıracağını bilməyən Avropanın qalan hissəsini də təhdid edir. Uzanan müharibə və artan sanksiyalar qarşılığında kim daha çox ziyan görəcək, Qərb, yoxsa Rusiya? İndiki reallıqlar onu göstərir ki, Avropa daha tez ağ bayraq qaldıracaq. “Köhnə qitə” parçalanmamaq üçün buna məcburdur.

Böhran hiss edildikcə... 

Düzdür, Avropada Rusiyanı dəstəkləyən ölkələr də var. Bəziləri isə anti-Rusiya kampaniyasına inadla müqavimət göstərir. Məsələn, Macarıstanın baş naziri Viktor Orban. O, ölkəsinin neft embarqosundan azad olmasını tələb etməklə yanaşı, Avropada qaz paylanması ideyasını rədd edib. Bu yanaşmasına görə vətəndaşlar onu parlament seçkilərində qələbə ilə mükafatlandırdılar. Sərtlik və inamın başqa bir nümunəsi var. Fransa prezidenti Emmanuel Makron özünü lider və “Rusiya təcavüzü”nə qarşı mübariz kimi təqdim etməyə çalışdı və sonda prezident seçkilərində qalib gəldi. Həmin vaxt Makron üçün qələbə qazanmaq asan idi, çünki Fransa hələ böhranı hiss etmirdi. Böhran hiss edildikdə isə parlament seçkilərində Makronun partiyası inamlı qələbə qazana bilmədi.

Almaniya gizli sövdələşməyə gedir?

O ki qaldı Almaniyaya, hökumət bir aydan çoxdur ki, Aİ-nin Ukraynaya 9 milyard avroluq yardım paketini əngəlləyir. Bu barədə İtaliya nəşrlərindən biri məlumat yayıb. İddia olunur ki, Berlin “Şimal axını” qaz kəmərləri ilə Rusiya qazının nəqlini bərpa etmək üçün Moskvaya qarşı hansısa sanksiyaları pozmağa hazırlaşır. İtaliya mediası yazır ki, belə situasiya Ukrayna hökumətini narahat edir, lakin həll yolu görünmür.

Kanslerdən “bəd xəbər”

Almaniya kansleri Olaf Şolsun Sosial Demokrat Partiyası seçkilərdə inamlı qələbə qazanıb. Lakin iqtisadi problemlər və kanslerin qətiyyətsizliyi ona az problem yaratmır. Gəlin faktlara nəzər salaq: Almaniya 55 faiz Rusiya qazından asılıdır. Çətin vəziyyətə baxmayaraq, yaxın illərdə Rusiya qazını mərhələli şəkildə dayandırmaqda qərarlıdır. Enerji böhranı hər şeyin qiymətini artırır. May ayında Almaniyada inflyasiya 8 faiz təşkil edib. Sonuncu dəfə belə səviyyə 1974-cü ildə Ərəb-İsrail müharibəsi zamanı qeydə alınıb. Almaniya vətəndaşları qəzəblidirlər. Onların fikirlərini bu yaxınlarda kiçik bir çörək sexinin sahibi olan cütlük dilə gətirib. Onlar canlı efirdə açıq bəyan ediblər ki, çörək zavodları enerji qiymətlərinin artması səbəbindən bağlana bilər. Kansler məsuliyyəti NATO və Aİ-nin üzərinə ataraq, sanksiyalarla bağlı qərarları bütün Avropanın qəbul etdiyini, Rusiyaya dəyən ziyanın Avropadan daha çox olduğunu deyib. “Forsa”nın son sorğularına görə, kanslerin reytinqi 3 faiz, partiyasının reytinqi isə 11 faiz aşağı düşüb. Yəni sabah seçki olsa, SPD müxalifətə keçə bilər. Ən maraqlısı odur ki, vətəndaşların 50 faizi partiyaların heç birinə etibar etmir. Ukraynaya gəlincə, sorğulara görə, alman xalqı bu müharibəyə çox az maraq göstərir və ən aktual problemlər siyahısında səkkizinci yerdə qeyd edir. Olaf Şols isə çıxışlarının birində vətəndaşlara bəd xəbər verib, bildirib ki, iqtisadi durumun daha da pisləşəcəyinə hazır olmaq lazımdır.  

Kanslerin qərarsızlığı da qıcıq yaradır

Almanları Şolsun xarici siyasətdəki qərarsızlığı da qıcıqlandırır. Gah Ukraynaya kömək edir, gah da ehtiyatlı davranır.  Kiyevə piyada döyüş maşınları və tanklar vermir, sonra razılaşır. Bu qeyri-müəyyənliyi kanslerin təhlükəsizlik təminatları haqqında dediyi sözlərlə yekunlaşdırmaq olar. Almaniyanın Ukraynaya bu cür zəmanətlər verməyə hazır olub-olmaması ilə bağlı suala kansler təbəssümlə “hə” cavabı verir və uzun fasilədən sonra “hamısı budur” deyir. Bu cür siyasətin isə sonu yoxdur. Belə davam edərsə, yaxın vaxtlarda kansler ciddi problemlərlə üzləşə bilər.

Azər NURİYEV