• cümə, 29 Mart, 09:32
  • Baku Bakı 5°C

Miasteniya ciddi və hərtərəfli müalicə tələb edir

06.08.22 00:15 419
Miasteniya ciddi və hərtərəfli müalicə tələb edir

Elə xəstəliklər var ki, müasir tibb hələ də səbəbini tam müəyyən edə bilmir. Əzələ zəifliyi adlanan miasteniya xəstəliyi XVII əsrdən bəri insanları narahat edir. Dörd əsrdir ki, təbiblər onun səbəbini tapa bilmirlər.

AZƏRTAC xəbər verir ki, həmin xəstəlik zamanı orqanizmdə baş verənlər haqqında həkim-nevroloq Aygün Məmmədova deyib: “Əlini qatlamaq, barmağını açmaq barədə beyindən impuls gəlir, əzələyə keçən yerdə ötürücülük pozulur. İmpuls axıra qədər əzələyə çatmadığı üçün həmin xəstə hər hansı hərəkəti on dəfə edəndən sonra gücü qalmır, yorulur və təkrarlaya bilmir. Göz qapaqları tədricən sallanmış olur, bəzən də bir göz qapağı tamam örtülür. Bəzi xəstələrdə udma prosesi pozulur”.

Miasteniya xəstəliyi zamanı əzələlərin tez bir zamanda yorulması da xarakterikdir. Məlum olduğu qədər xəstəlik stres və soyuqdəymədən sonra inkişaf etməyə başlayır. Lakin bəzi hallarda heç bir səbəb olmadan da inkişaf edə bilər.

Xəstəliyin müalicəsi barədə məlumat verən həkim-nevroloq deyib: “Mütləq döş qəfəsi kompüter tomoqrafiyası edilməlidir, divar aralığında timus vəzində şiş varsa, mütləq əməliyyat olunmalıdır. Əməliyyat vaxtında olunarsa, ondan sonra xəstənin vəziyyəti tam normallaşa bilər. Etiologiyası məlum olmayan hallarda xəstələrə hormonal müalicələr tərtib olunur və ömrün axırına qədər həmin müalicələr davam edir”.

Adi halda ağır fiziki işdən sonra miasteniya güclənə, istirahətdən sonra isə əzələ zəifliyi azala bilər. Statistikaya görə, bu xəstəliyə tutulan qadınların sayı kişilərdən üç dəfə çoxdur. Miasteniyanın müəyyən edilməsi üçün dəqiq testlər mövcuddur. Miasteniya xroniki xəstəlikdir, ciddi və hərtərəfli müalicə tələb edir.

banner

Oxşar Xəbərlər