• cümə axşamı, 26 dekabr, 00:03
  • Baku Bakı 7°C

Mərkəzi Asiyanı Ukraynaya çevirmək cəhdi

24.09.22 00:00 1593
Mərkəzi Asiyanı Ukraynaya çevirmək cəhdi

Qırğız-tacik qarşıdurmasında narkotik ticarəti izi də var. Gərginlik qanunsuz narkotik tranzitinin keçdiyi məntəqələr və sərhəd postlarının olduğu sahələrdə baş verib. Qırğız ekspert iddia edir ki, Qırğızıstan-Tacikistan sərhədindəki qanlı toqquşmalar hər iki tərəfdən maraqlı şəxslər tərəfindən məhz böyük narkotik partiyalarının ötürülməsi üçün qəsdən alovlandırılıb.

Mərkəzi Asiyanın iki qonşu dövləti - Qırğızıstan və Tacikistan arasında son vaxtlar yaşananlar diqqəti yenidən bu bölgəyə yönəldib. 30 ildən artıqdır ki, iki ölkə arasındakı sərhəd ərazisində qanlı toqquşmalar yaşanır, insanlar həlak olur, problemlər isə həllini tapmır ki, tapmır. Son iki ildə artıq ikinci dəfədir ki, iki ölkə arasında Batken vilayətində su və otlaq ərazilər uğrunda silahlı qarşıdurma yaşanır. Artıq tərəflər arasında atəşkəs əldə olunsa da, vəziyyətin yenidən gərginləşəcəyi istisna edilmir. Sentyabrın 14-də başlayan sərhəd münaqişəsi zamanı Qırğızıstan tərəfdən 59, taciklərdən isə 60-dan artıq ölü var. Ən maraqlısı da odur ki, münaqişə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti zamanı - prezidentlər Sadır Japarov və Emoməli Rəhmonun atəşkəs elan etmək barədə razılaşmasından sonra qızışıb.

Narkotik bazarı uğrunda mübarizə?

Qırğızıstanın ictimai xadimi Toktaim Umetaliyeva baş verənlərlə bağlı maraqlı bir versiya səsləndirib. O, silahlı münaqişənin səbəblərindən biri kimi narkotik ticarəti bazarının yenidən bölüşdürülməsini göstərib. “Qırğızıstanda hakimiyyət dəyişikliyindən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi marşrutlarına nəzarətin yenidən bölüşdürülməsi prosesi gedir. Xəritəyə baxsanız, gərginlik narkotikin qanunsuz ticarətinin aparıldığı məntəqələr və postların olduğu sahələrdə baş verib. Bu münaqişə hər iki tərəfdən maraqlı şəxslər tərəfindən məhz böyük partiyanın ötürülməsi üçün təhrik edilib”, - deyə Umetaliyeva bildirib. Onun fikrincə, sərhəddəki toqquşmalar məqsədli şəkildə siyasiləşdirilir və torpaq, su, indi də etnik mənsubiyyət faktorundan istifadə olunur. “Bu sxem bir dəfədən çox sınaqdan keçirilib. Keçən yazda, guya, yerli sakinlər suyu paylaşa bilməmişdilər. Nəticədə, pulemyotlardan, minaatanlardan və döyüş helikopterlərindən istifadə edilmişdi. 36 nəfər həlak olmuş, onlarla ev yandırılmış, minlərlə insan təxliyə edilmişdi. Amma əsl səbəb yenə də narkotik alveri, müxtəlif qaçaqmalçılıq cəhdlərinə dəstək vermək idi. Diqqət edin, yük keçən kimi tərəflər dərhal atəşkəs haqqında razılığa gəlirlər. Təəssüflər olsun ki, istər müxalifətdə, istərsə də iqtidarda olan siyasi elita, ən azı biz tərəfdən bu proseslərə qarışır”, - deyə ekspert bildirib. O hesab edir ki, sərhəd münaqişələrinin həllinə qaçaqmalçılığın qarşısının alınması və narkotik mafiyası ilə mübarizə istiqamətindən yanaşmaq lazımdır.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə mane olmaq cəhdi?  

Qərb mediası münaqişənin qızışmasında birinci versiya kimi Rusiya amilini göstərir. Onların qənaətincə, rəsmi Moskvaya Mərkəzi Asiyada qeyri-sabitlik lazımdır ki, regionda ən mühüm lider olsun.

Moskva hazırda da bu regionda çoxqütblü geosiyasəti həyata keçirmək üçün böyük resurslara və təsirə malikdir. Maraqlı olan Rusiya mediasının mövqeyidir. Onlar diqqəti ona yönəldir ki, Rusiya iki ölkə arasındakı problemin həllində ən yaxşı vasitəçi ola bilər, çünki həm Tacikistan, həm də Qırğızıstan KTMT və Aİİ-nin üzvləridir. Hər iki ölkədə Rusiya hərbi bazaları var. Xüsusilə iddia edirlər ki, Moskvanın heç bir tərəfə açıq-aşkar simpatiyası yoxdur. Diqqəti də ona yönəldirlər ki, son gərginlikdə məhz KTMT baş katibinin müdaxiləsi sayəsində atəşkəs elan olunub. Rusiya mediası Əfqanıstandakı radikal ünsürlərin bu ölkələrə mümkün müdaxilə təhlükəsini də qabardır. Diqqəti həm də ona yönəldirlər ki, Qırğızıstan və Tacikistan Rusiya ilə xüsusi münasibətlərdən yararlanmalı və onu sərhədlərin demarkasiyasına müşahidəçi və vasitəçi kimi dəvət etməlidirlər. İkinci versiya kimi hər iki ölkədəki klanlararası mübarizə, üçüncü variant kimi isə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi göstərilir.

Rusiya Mərkəzi Asiyadakı əsgərlərini Ukraynaya göndərir?

Qırğız-tacik gərginliyilə bağlı başqa bir maraqlı versiya Ukraynadan səsləndirilib. Ukrayna hakimiyyəti hesab edir ki, Rusiya Mərkəzi Asiya ölkələrindəki, xüsusən də Tacikistandakı silah ehtiyatlarından Ukrayna müharibəsində istifadə etmək və bölgədəki hərbi bazalarındakı hərbçiləri Ukrayna müharibəsinə yönləndirmək niyyətindədir. Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin Baş İdarəsi özünün Telegram səhifəsində yazıb ki, aldıqları məlumata görə, Kreml Mərkəzi Asiya ölkələrinin resurslarından müharibədə istifadə etməyə çalışır. 

KTMT nəyə lazımdır?

Maraqlıdır ki, rusiyalı bloger İlya Varlamov Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşmalara görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ittiham edib. Onun sözlərinə görə, təşkilat yalnız atəşkəs çağırışı ilə kifayətlənib. O, KTMT-nin hərbi-iqtisadi birliyinin effektivliyinə şübhə ilə yanaşdığını bildirib. "Hər şey yavaş-yavaş dağılmağa başlayır" deyən Varlamov əlavə edib ki, 6 ölkə KTMT-nin üzvüdür. Hazırda onlardan yalnız biri müharibə şəraitində deyil - Qazaxıstan. KTMT-nin iki üzvü Qırğızıstan və Tacikistan bir-birinə atəş açır. Tacikistan Qırğızıstanı atəşə tutursa, heç kim heç nə demirsə, heç nə etmək mümkün deyilsə, KTMT niyə lazımdır? Yaşanan münaqişələr yenidən alovlanmağa başlayır. Rusiyanın rolu zəifləyib. Hamı başa düşür ki, o, köməyə gəlməyəcək, ciddi müdaxilə etməyəcək. Uzun müddətdir dondurulmuş münaqişələr yaşayan və onları həll etmək istəyənlər indi bundan istifadə etməyə çalışırlar. Bu, qorxuludur. On minlərlə qaçqın, dağılmış evlər. İnsanlar ölür. Bəs bundan sonra nə olacaq?” - deyə bloger vurğulayıb.

Ekspertlərin yekun fikri odur ki, KTMT bu cür problemlərin qarşısında acizdir. NATO ölkələri arasında oxşar hadisənin baş verməsini təsəvvür etmək belə mümkün deyil. Məsələn, Türkiyə və Yunanıstan NATO üzvüdür və münasibətləri gərgindir. Lakin orada toqquşma ehtimalı artan zaman NATO və Amerika dərhal bunun qarşısını almağa çalışır. Rusiya isə KTMT çərçivəsində baş verən münaqişələrə müdaxilə etmir. Çünki düşünür ki, müdaxilə etsə belə, məsələni həll edə bilməyəcək. 

Azər NURİYEV

 

banner

Oxşar Xəbərlər