• çərşənbə, 24 Iyul, 20:03
  • Baku Bakı 30°C

Menisk yırtıqlarının müalicəsində kök hüceyrə tətbiqi effektiv üsuldur

03.05.23 18:00 649
Menisk yırtıqlarının müalicəsində kök hüceyrə tətbiqi effektiv üsuldur

Ürək və digər yanaşı patologiyaları olan xəstələrə həkimlər çox gəzməyi məsləhət görsələr də diz oynağı ağrıyan və menisk yırtığından əziyyət çəkən xəstələrdə bu, problem yarada bilər.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloqu Murad Bağırlı deyib. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının protokolunda bu cür xəstələrə çox gəzmək və ayaq üstə qalmaq, ağır fiziki işlər tövsiyə edilmədiyi qeyd olunub: “Həmin xəstələr gün ərzində 10 dəqiqə fasilə ilə 1 kilometr gəzə bilər. Menisk yırtıqlarının növlərinə görə əlamətləri fərdi xarakter daşıyır. Diz oynağında yüngül formada şişkinlik və ağrı ilə müşahidə olunur. Risk qrupunda olanlar isə daha çox aktiv idmanla məşğul olanlardır”.

Xəstəliyin müalicə üsulları barədə danışan həkim qeyd edib ki, 1 və 2-ci dərəcə menisk yırtıqlarında konservativ üsullardan istifadə edilir: “Üçüncü dərəcə zədələnmələrdə əməliyyatlara müraciət edilə bilər. Cərrahi üsulla müalicələr iki növ olur və çox ciddi zədələnmələrdə bu üsula müraciət edilir. Əməliyyatdan sonra xəstələrin tam bərpa olması 4-6 həftə çəkir. Menisk yırtıqlarının müalicəsində kök hüceyrə tətbiqi effektiv üsul hesab olunur. Menisklərin çox ağır olmayan - 1 və 2-ci dərəcələrində bu müalicə üsulundan istifadə edilir və kifayət qədər də effektivdir. Uşaqlarda menisk yırtıqları böyüklərlə müqayisədə çox nadir hallarda rast gəlinir. Uşaqlarda qığırdaqlar özünü zamanla bərpa etdiyi üçün əgər belə bir problem yaranarsa, əməliyyata müraciət edilmir”, - deyə həkim bildirib.

banner

Oxşar Xəbərlər