• çərşənbə, 04 Dekabr, 04:49
  • Baku Bakı 6°C

Mənəvi dünyamıza işıq saçan mütəfəkkir 

30.11.24 02:36 478
Mənəvi dünyamıza işıq saçan mütəfəkkir 

Həsən bəy Zərdabinin vəfatından 117 il ötür. Onun Azərbaycan xalqının işıqlı gələcəyi naminə göstərmiş olduğu tarixi xidmətlər, qoymuş olduğu dəyərli irs tarixin yaddaşında əbədi qalacaq.

Milli mətbuatımızın, teatrımızın banisi, Azərbaycanın ilk ali təhsilli müəllimi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının yaradıcısı, müsəlman dünyasının ilk təbiətşünas alimi, ictimai-siyasi xadim Həsən bəy Zərdabinin vəfatından 117 il ötür. 
1907-ci ilin noyabrında sonuncu dəfə yatağa düşən Həsən bəy övladlarını oxudub arzusuna çatmışdı. Onlardan razı idi. Böyük oğlu Midhəd bəy Almaniyada ali təhsil alıb qayıtmışdı, Səffət Realni gimnaziyada oxuyurdu. Qızı Qəribsoltan təhsilini davam etdirirdi, ərə getmiş Pəri xanım atasının yanında idi. Lakin Həsən bəyin bir dərdi vardı. O, bu dünyadan xalqının savadlanmasını görmədən köç edirdi. Həyatının son anında da xalqa sonsuz məhəbbətini ifadə edərək belə demişdi: “Sizdən xahiş edirəm ki, təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar”. 

Həmin gün Bakıda həyat dayanır

1907-ci ilin noyabrın 28-də səhər saat 11-də millət fədaisi Həsən bəy Məlikov Zərdabi Bakıda əbədiyyətə qovuşur. Noyabrın 30-u - onun dəfn günü millətin birləşdiyi gün olur. Həmin gün Bakıda bütün zavod, fabriklər işi dayandırır, məktəblər bağlanır. Hamı birlikdə dahi şəxsiyyəti son mənzilə yola salır. Dahi mütəfəkkirin dəfn mərasiminə Əlimərdan bəyin ən yaxın dostu olan Əhməd bəy Ağayev rəhbərlik edir. Mərasimdə Azərbaycanın bir çox görkəmli ziyalıları - Məhəmməd Əmin Rəsulzadə, Qara bəy Qarabəyov, Nazim bəy Vəzirov və başqaları geniş nitq söyləyirlər. Bakının keçmiş başçısı Rayevski də dahi mütəfəkkirin millətinin işıqlı gələcəyi yolunda misilsiz xidmətlərini diqqətə çatdırıb: “Dumanın iclaslarında Həsən bəyin nitqləri və qeydləri olmasaydı, mən Bakının özünüidarəsi işlərini yoluna qoya bilməzdim”.
Həsən bəy xalq arasında böyük nüfuz sahibi idi. Vəfatından sonra - 1907-ci ilin dekabrında şəhər Duması Bakı şəhər 2 nömrəli Rus-Azərbaycan məktəbinə onun adının verilməsi və Moskva Universitetində onun adına təqaüdün təsis olunması barədə qərar qəbul etmişdi.
Azərbaycan ziyalılarının mənəvi ata saydıqları Həsən bəyin vəfatı xalqı hədsiz dərəcədə kədərləndirir. O dövrdə Bakıda çıxan qəzetlər onun haqqında nekroloqlar dərc edir. Dəfn mərasimində iştirak edən “Kaspi” qəzeti əməkdaşlarının göndərdikləri əklilə bağlanmış lentin üzərində bu sözlər həkk olunur: “Mütəfəkkir işçiyə” “Kaspi” mətbəəsinin fəhlələri tərəfindən. Cismən öldünsə, fikrən yaşayırsan”.

Qəbrinin yeri üç dəfə dəyişdirilir

Bütün bunlara baxmayaraq, vətəninə, xalqına misilsiz tarixi xidmətləri olan Zərdabi şəxsiyyəti layiqli qiymətini almayıb. Onun qəbrinin yeri 3 dəfə dəyişdirilib və nəhayət, nəşi layiq olduğu yerdə - Fəxri Xiyabanda torpağa tapşırılıb.

1937-ci ildə xəbər yayılır ki, yeni çəkilən Bakı-Salyan yolu Şıx kəndindəki Bibiheybət məscidinin ətrafında yerləşən qəbiristanlıqdan keçəcək. Kim istəyir doğmalarının, yaxınlarının məzarını köçürə bilər. O zaman Həsən bəyin ailəsindən yalnız evin sonbeşiyi Qəribsoltan xanım qalmışdı. O, bu xəbəri eşidəndə təlaş içində nə edəcəyini bilmir. Ən əlverişli yol kimi fəhlə tapıb nəşi tez bir zamanda qəbirdən çıxarmaqda görür. Mərhumun cəsədinin qalıqları bir yeşiyə yığılır və iki fəhlə tərəfindən Bayıla gətirilir və Qəribsoltan xanıma təhvil verilir.

Harada olduğu bilinməyən məzar

 Həsən bəyin vəfatının 50 ili tamam olanda dahi mütəfəkkirin xatirə gününün qeyd olunması məsələsi günədəmə gəlir. Tanınmış ədəbiyyatçı alim Abbas Zamanov Mərkəzi Komitə qarşısında bununla bağlı məsələ qaldırır. Mərkəzi Komitənin şöbə müdiri Şıxəli Qurbanov məsələyə qarışır və yubiley komissiyası təşkil olunur. Tədbirlər çərçivəsində qəbrin abadlaşdırılması məsələsinə baxılan zaman məzarın harada olması sualı ortaya çıxır və onun yerini heç kəs bilmir.

 Bu zaman Həsən bəyin Bakıda yaşayan yeganə varisi Qəribsoltan xanım yada düşür və ona müraciət edilir. Abbas Zamanov, tanınmış bioloq alim Mirəli Axundov və bir neçə filosof alimlə birlikdə Qəribsoltan xanımın yaşadığı mənzilə gəlir. Qəribsoltan xanım əvvəlcə gələnləri əsəbi qarşılasa da, sonradan atasının 1937-ci ildə anası Hənifə xanımın yanında basdırıldığını bildirir. A.Zamanov tələbələri ilə birlikdə şəhər qəbiristanlığına üz tutur, Hənifə xanımın məzarı açılır, Həsən bəyin qutuya yığılan, xanımının ayaqları altında basdırılan sümükləri qəbirdən çıxarılır. Beləliklə, Həsən bəy 1957-ci ildə üçüncü dəfə - bu dəfə Fəxri Xiyabanda dəfn olunur.

İndi adına parklar, küçələr salınıb

 Bu gün Zərdabinin arxivi AMEA-nin Əlyazmalar Fondunda, Dövlət Tarix Arxivində və Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır. AMEA-nın Təbiət-Tarix muzeyi onun adını daşıyır.

Quba rayonundakı Zərdabi qəsəbəsi Həsən bəyin şərəfinə adlandırılıb, 2022-ci ildə orada onun büstü qoyulub. Bakıda dahi mütəfəkkirin adına prospekt var. 

Doğma yurdu Zərdabda Həsən bəyin yaratmış olduğu “Əkinçi” qəzeti və onun adına muzey, park, orta məktəb fəaliyyət göstərir. Həsən bəyin arzu etdiyi yerdə - ona məxsus bağ sahəsində daş qranit abidəsi qoyulub.

Azərbaycan müstəqillik qazanandan sonra xalq Həsən bəy Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərindən anladı. 
Ümummilli Lider Heydər Əliyevin 27 mart 2000-ci il tarixli fərmanı ilə “Əkinçi”nin 125 illiyi və eyni zamanda Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Azərbaycan Milli Mətbuatının 130, 135, 140 və 145 illiyi dövlət səviyyəsində qeyd edilib. Prezidentin 4 iyun 2012-ci il tarixli sərəncamına əsasən, Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi də tarixi əhəmiyyət kəsb edir. 

Mənəvi dünyamıza işıq saçan ömrün - həyatını millət yolunda fəda etmiş Həsən bəy Məlikov Zərdabinin Azərbaycan xalqının işıqlı gələcəyi naminə göstərmiş olduğu tarixi xidmətləri, onun qoymuş olduğu maraqlı və dəyərli iz-irs tarixin yaddaşında əbədi qalacaq.
Ruhun şad olsun, ey millətinin fədaisi, mənəvi atası dahi Həsən bəy! 

Eldəniz Həsənov, 

Zərdabişünas, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Azərbaycan Kooperasiya Universitetinin Baş müəllimi.

 

 

banner

Oxşar Xəbərlər