PUA-ların istifadəsində yeni qaydalar
Avtonom pilotsuz uçuş aparatı insan tərəfindən birbaşa idarə olunmadan, əvvəlcədən proqramlaşdırılmış marşrut üzrə hərəkət edən hava nəqliyyatı vasitəsi hesab ediləcək.
Azərbaycanda pilotsuz uçuş aparatlarının istifadəsində yeni mərhələ başlayır. Milli Məclisdə müzakirə olunan "Aviasiya haqqında" qanuna dəyişikliklər avtonom pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətini ilk dəfə geniş şəkildə tənzimləməyi nəzərdə tutur. Layihə qəbul edilərsə, mülki təyinatlı avtonom dronların uçuşları daha ciddi nəzarət altında olacaq, onların fəaliyyəti üçün yeni icazə və təhlükəsizlik mexanizmləri tətbiq ediləcək.
Uçuşlar real vaxt rejimində izlənəcək
Qanun layihəsinə əsasən, avtonom pilotsuz uçuş aparatı insan tərəfindən birbaşa idarə olunmadan, əvvəlcədən proqramlaşdırılmış marşrut üzrə hərəkət edən hava nəqliyyatı vasitəsi hesab ediləcək. Bununla belə, sistem tamamilə nəzarətsiz olmayacaq. Hər bir avtonom dronun fəaliyyətinə xüsusi şəhadətnaməyə malik operator nəzarət etməlidir. Operatorun vəzifəsi sistemin işini izləmək, təhlükə yarandıqda müdaxilə etmək və zərurət olduqda uçuşu dayandırmaq olacaq.
Yeni qaydalara görə, avtonom dronlar istədikləri ərazidə fəaliyyət göstərə bilməyəcəklər. Uçuşlar yalnız dövlət qurumlarının müəyyən etdiyi xüsusi coğrafi zonalarda həyata keçiriləcək. Bu zonalar interaktiv xəritədə göstəriləcək və operatorlar həmin məlumatları davamlı izləməli olacaqlar.
Layihənin ən diqqətçəkən məqamlarından biri də uçuş məlumatlarının real vaxt rejimində dövlətin informasiya sisteminə ötürülməsi tələbidir. Operatorlar dronun hərəkəti və fəaliyyəti ilə bağlı məlumatları aidiyyəti qurumlara təqdim etməli, eyni zamanda bu məlumatları ən azı altı ay müddətində saxlamalı olacaqlar.
İcazə, qeydiyyat və nəzarət
Qanun layihəsində kibertəhlükəsizlik məsələlərinə də xüsusi yer ayrılıb. Sənədə görə, dronların proqram təminatı kənar müdaxilələrə qarşı dayanıqlı olmalı, sistemlərdə nasazlıq yarandıqda belə təhlükəsiz idarəetmə imkanları qorunmalıdır. Bundan başqa, məsafədən idarəetmə mərkəzlərinin proqram təminatının mütəmadi yenilənməsi, təhlükəsizlik auditlərinin keçirilməsi və mümkün kiberhücumlara qarşı müdafiə tədbirlərinin görülməsi tələb olunur.
Yeni qaydalar uçuş icazələri ilə bağlı prosedurları da müəyyənləşdirir. Nəzarət olunan hava məkanında və aerodromların yaxınlığında uçuş həyata keçirmək istəyən operatorlar əvvəlcədən xüsusi icazə almalıdırlar. Bunun üçün uçuşdan azı üç saat əvvəl müvafiq sənədlər və məlumatlar təqdim edilməlidir.
Layihədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan dron operatorlarına nəzarət mexanizmləri də nəzərdə tutulub. Müvafiq sertifikat almış şirkətlərin qanunvericiliyin tələblərinə əməl edib-etmədiyi yoxlanılacaq. Beləliklə, kommersiya məqsədilə istifadə olunan avtonom dronların fəaliyyəti də daha şəffaf və nəzarətli olacaq.
Avtonom gəmilər fəaliyyətə başlayacaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qanuna təklif edilən dəyişiklikləri “Kaspi”yə şərh edərək bildirib ki, yeni tənzimləmələr yalnız pilotsuz uçuş aparatlarını deyil, eyni zamanda avtonom gəmilərin istifadəsini də əhatə edəcək geniş hüquqi çərçivənin formalaşmasına xidmət edir. Onun sözlərinə görə, Azərbaycanda kənardan idarə olunan, yəni avtonom gəmilərin istifadəyə verilməsi gözlənilir ki, bu da ümumilikdə avtonom nəqliyyat vasitələrinin sayının artmasına imkan yaradacaq.
Deputat qeyd edib ki, artıq 50-dən çox ölkədə avtonom nəqliyyat vasitələrindən istifadə olunur və Azərbaycan da bu praktikaya uyğun olaraq həm bu texnologiyaların tətbiqini genişləndirir, həm də paralel olaraq nəzarət mexanizmlərini gücləndirir. Dəyişikliklərin əsas mahiyyəti məsuliyyət bölgüsünün dəqiq müəyyənləşdirilməsi və nəzarət sisteminin gücləndirilməsidir.
Yeni qaydalar hazırlanacaq
V. Bayramov vurğulayıb ki, bu sahədə dövlətlə yanaşı özəl sektor da aktiv iştirak edir və pilotlar, operatorlar, eləcə də şirkətlərin məsuliyyəti hüquqi çərçivədə dəqiq müəyyən edilməlidir. Onun fikrincə, qanun layihəsi məhz bu tələbləri sistemləşdirir. “Bununla yanaşı, dəyişikliklərdən sonra əlavə qaydaların hazırlanması da nəzərdə tutulur. Hazırlanacaq qaydalarla biz bu sahədə nəzarətin daha da güclənməsini və məsuliyyətin artmasını müşahidə edəcəyik”, – deyə o əlavə edib.
Deputat bildirib ki, ümumi tendensiya avtonom nəqliyyat vasitələrinə tələbin artmasıdır. Xüsusilə inkişaf etmiş ölkələrdə bu sahə artıq geniş tətbiq olunur və biznes baxımından cəlbedici istiqamət hesab edilir. Özəl sektor da bu sahəyə investisiya yatırmaqda maraqlıdır.
İnnovativ mühitin qorunması vacib sayılır
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın sədr müavini Qalib Qurbanov da bu addımı həm təhlükəsizlik, həm də texnoloji inkişaf baxımından əhəmiyyətli hesab edir. Onun fikrincə, müasir dövrdə PUA-ların rolu sürətlə artır və bu texnologiyalar artıq təkcə mülki sahədə deyil, həm də hərbi və strateji istiqamətlərdə ciddi təsir gücünə malikdir. “Son konfliktlərin təhlili göstərir ki, bir çox ənənəvi silah sistemləri artıq əvvəlki effektivliyini itirir. PUA-lar daha ucuz başa gəlməklə yanaşı, yüksək dəyərə malik hədəflərə ciddi zərər yetirir. Bu səbəbdən sözügedən sahəyə nəzarətin gücləndirilməsi obyektiv zərurətdir”, – deyə o bildirib.
Ekspert dəyişiklikləri təhlükəsizlik risklərinin idarə olunması baxımından düzgün yanaşma kimi qiymətləndirsə də, paralel olaraq innovasiya mühitinin qorunmasının vacibliyini də xüsusi vurğulayıb. Onun sözlərinə görə, tənzimləmələr elə olmalıdır ki, həm dövlət təhlükəsizliyi təmin olunsun, həm də startaplar və gənc mühəndislər üçün inkişaf imkanları məhdudlaşmasın.
Q. Qurbanov hesab edir ki, düzgün tətbiq olunacağı təqdirdə bu dəyişikliklər həm təhlükəsizlik sistemini gücləndirəcək, həm də ölkədə avtonom texnologiyaların inkişafına təkan verəcək.
Sevinc Abbasova