• şənbə, 23 Noyabr, 17:48
  • Baku Bakı 14°C

Məkrli planları pozan görüş 

04.03.23 04:00 2499
Məkrli planları pozan görüş 

Azərbaycanın Qarabağ bölgəsində məskunlaşmış erməni əsilli sakinlərin nümayəndələri ilə ilk rəsmi təmas reallaşdı. Ekspertlər də bu qənaətdədir ki, məlum görüş rəsmi Bakının öz vətəndaşlarından heç vaxt imtina etmədiyi anlamına gəlir.

44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Azərbaycan bölgədə sülh və sabitliyin təmin edilməsi, təhlükəsizliyimizə təhdid yaradan məqamların sıradan çıxarılması istiqamətində hədəflərinə doğru qətiyyətlə addımlayır. Artıq Azərbaycanın müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətindəki ərazilərində suveren hüquqlarımızın təmin edilməsinə, burada məskunlaşmış erməni sakinlərinin reinteqrasiya prosesinə rəsmən start verilib. Hətta Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. O, martın 1-də Xocalı şəhərində, Rusiya sülhməramlılarının müvəqqəti qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Ekspertlər də bu qənaətdədir ki, məlum görüş rəsmi Bakının öz vətəndaşlarından heç vaxt imtina etmədiyi anlamına gəlir. 

“Suverenliyimizi tam təmin etməyə çox yaxınıq”

Milli Məclisin deputatı Elşad Mirbəşir “Kaspi”yə açıqlamasında bildirdi ki, ərazimizdə yaşayan ermənilər yalnız Konstitusiyamıza tabe olaraq Azərbaycan vətəndaşları statusunda mövcudluqlarını davam etdirə bilərlər: “Cənab Prezidentin də hər zaman xüsusi vurğuladığı kimi,  Azərbaycanın Qarabağ ərazisindəki ermənilərin gələcək hüquqi vəziyyəti, təhlükəsizliyi məsələsi daxili işimizdir və bunu digər subyektlərlə müzakirə etmək fikrində deyilik. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində də dövlət başçısı Azərbaycan ərazisində yaşayan ermənilərlə müzakirələrin aparılmasının mümkünlüyünü bildirmişdi. Lakin cənab Prezident orada bir məqamı xüsusilə qeyd etdi: Biz bu müzakirələri Azərbaycanın ermənilər yaşayan ərazisinə göndərilən kənar şəxslə, yəni Vardanyanla deyil, Qarabağda doğulmuş, orada yaşayan, şəxslərlə apara bilərik. Dövlət başçısının bu mövqeyindən bir neçə gün sonra Vardanyan separatçı rejimindəki “vəzifə”sindən uzaqlaşdırıldı. Bu, bizim ermənilərin yaşadığı Azərbaycan əraziləri üzərində suverenliyimizi tam təmin etməyə çox yaxın olduğumuzu göstərir. Proseslər dövlətimizin siyasi rəhbərliyinin iradəsi altında cərəyan etməkdədir. Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərlə müəyyən təmaslar təcrübəsi artıq mövcuddur”. 

Rəsmi Bakının mövqeyi dəyişməzdir

Deputat hesab edir ki, Qarabağ ərazisində yaşayan erməni sakinləri ilə müzakirənin aparılması bir neçə mühüm məqamdan xəbər verir: “Birinci məqam ondan ibarətdir ki, ermənilər artıq Azərbaycanın tələblərinə uyğun şəkildə ölkə ərazisində mövcudluqlarını davam etdirə biləcəklərini anlayırlar. Bu tələb Konstitusiyamıza, qanunlarımıza tabe olaraq Azərbaycan vətəndaşlığını qəbul etməkdən ibarətdir. Eyni zamanda, rəsmi Bakının hər zamankı mövqeyi də dəyişməz olaraq qalır. Separatçılarla heç bir halda hansısa məsələ müzakirə edilmir. Danışıqlar yalnız Azərbaycan ərazisində yaşayan erməni sakinlərin təmsilçiləri ilə aparılır. Yəni ərazimizdə separatizmi körükləyən, əli azərbaycanlı qanına bulaşmış şəxslər danışıqlarda tərəf müqabilimiz ola bilməz. Martın 1-də reallaşan görüş zamanı Azərbaycan ərazisində yaşayan ermənilərin reinteqrasiya məsələləri ətrafında da müzakirələrin aparıldığı bildirilir. Hesab edirəm bu, bütövlükdə bizim haqlı mövqedən çıxış etdiyimizi bir daha nümayiş etdirir”. 

“Separatizmə son qoyacağıq”

E.Mirbəşir vurğuladı ki, azərbaycanlı ekofəalların ermənilərin yaşadığı ərazilərdə təbii sərvətlərimizin qeyri-qanuni istismarına son qoyulması məqsədilə Laçın yolunda ötən il dekabr ayının 12-dən başlatdığı, bu gün də davam edən aksiyaları öz nəticəsini verib: “Bununla da həmin ərazilərdə faydalı qazıntıların çıxarıldığı mədənlərin monitorinqinin həyata keçirilməsi imkanı təmin olunur. Ən başlıca məqam isə bu görüşlərin bizim gələcək təhlükəsizliyimizin təmin olunması baxımından mühüm əhəmiyyət daşımasıdır. Artıq Azərbaycan ərazisində separatizmin sonunun yaxınlaşdığının əlamətləri görünməkdədir. Separatizmin mövcudluğu təhlükəsizliyimizə təhdiddir. Əgər Azərbaycan ərazisində yaşayan ermənilərin reinteqrasiyası istiqamətində müzakirələr gedirsə, deməli, erməni separatizminə də son qoyacağıq. Bu görüşlər bir daha ona dəlalət edir ki, Azərbaycan ərazisində ermənilərin təhlükəsiz, dinc şəraitdə mövcudluqlarını davam etdirməsi üçün bütün imkanlar yaradılır. Azərbaycan ərazisində müxtəlif xalqların nümayəndələri tam təhlükəsiz şəraitdə yaşayırlar, ölkəmizdə etnomilli zəmində heç vaxt diskriminasiya halı müşahidə edilməyib. Bu müzakirələr əsnasında belə məqamların diqqətə çatdırılması da əhəmiyyətli olacaq”.

“Bu görüş məkrli planları pozdu”

Millət vəkili Ceyhun Məmmədovun da qənaətincə, belə görüşün keçirilməsi Azərbaycanın növbəti uğurudur: “Məlum danışıqlar ayrı-ayrı dövlətlərin Azərbaycanla bağlı məkrli planlarının pozulmasıdır. Bu görüş bütövlükdə Azərbaycanın inkişafına ciddi və müsbət təsirini göstərəcək. Çünki rəsmi Bakı bu məsələlərə yanaşmada prinsipial və qətiyyətli mövqe ortaya qoyub. Hər zaman müəyyənləşdirdiyi hədəflərə çatıb, məqsədinə nail olub. Artıq prosesə başlanılıb. Görünən odur ki,  danışıqlar davam edəcək. Bu danışıqlar nəticəsində biz yolunu azmış erməni vətəndaşlarımızı yenidən Azərbaycana reinteqrasiya edə biləcəyik”.

Bəxtiyar Məmmədli

banner

Oxşar Xəbərlər