• cümə, 29 Mart, 05:15
  • Baku Bakı 7°C

Əliyev-Paşinyan görüşünün gözlənilən yeni raundu - TƏHLİL

31.05.23 18:15 1411
Əliyev-Paşinyan görüşünün gözlənilən yeni raundu - TƏHLİL

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcəyi gözlənilir.

Görüşün formatı yenidir, ənənəvi etibarlı moderator olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səylərini Fransa lideri Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolts müşayiət edəcəklər.

Diqqət ediləcək detal:

Avropa İttifaqına daxil olan Fransa və Almaniya Qərbin rəqibi olan Rusiya ilə kəskin münasibətlərdə maraqlı deyillər, elə bütövlükdə Avropa İttifaqında da aşağı-yuxarı eyni kurs görünür – bəzi ölkələri çıxmaq şərtilə.

Fransa ümumilikdə Cənubi Qafqazı müstəmləkə dairəsinə daxil etmək cəhdinin uğursuzluq zolağına girdiyini görəndən sonra Rusiya ilə gizli əməkdaşlıqda maraqlıdır, təki Paris regionda rıçaq əldə etsin.

Paris bu ambisiyası üzrə uğur qazana bilmir, çünki onun gizli rəqibləri - ABŞ-Britaniya ikilisi - onu sıxışdırıb kənara atır, Rusiya isə əməkdaşlığı Fransanın regionda qol-qanad açmaması prinsipi ilə məhdudlaşdırırlar.

Almaniyanın danışıqlardakı iştirakı Avropa İttifaqının üzünü qara edən Fransanın iddialı gündəliyini neytrallaşdırmaq üçün verilən fondur.

Budəfəki danışıqlar ABŞ-nin vasitəçiliyi ilə baş tutan müzakirələrdə əldə edilmiş razılıqların Ağ Ev gündəminə uyğun davamını gətirmək üçün təşkil olunur.

Lakin danışıqların kənar iştirakçılarının Rusiya ilə gərgin münasibətlərin tərəfdarı olmadığını nəzərə almaq lazımdır, deməli, görüşdə əldə edilə biləcək razılıqlar, əsasən, Qərbin maraqlarına uyğunlaşdırıla bilər, lakin geniş miqyasda anti-Rusiya ovqatına köklənməz.

Azərbaycan-Ermənistan münasibətlərindəki danışıqlaröncəsi mənzərəyə də göz atmaq lazımdır, İrəvan hələ götürdüyü öhdəlikləri rəsmiləşdirən qərarlar verməyib, Bakı isə sərhəddə genişmiqyaslı, Qarabağda isə antiterror əməliyyatlarının anonsunu verir.

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf edir, hətta ərazilərin ölçüsünü də göstərir, ancaq bu, İrəvanın sərhəddəki təhlükəsizlik zonası tələblərini geniş miqyasda qarşılamır.

Azərbaycan üçün vacibdir ki:

1. Sərhədlərin delimitasiyası üzrə işlər başlasın və bu, Zəngəzur dəhlizi kontekstində baş tutsun;

2. Ermənistan hərbiləşməyə getməkdən imtina etdiyini rəsmiləşdirsin;

3. Sərhəddə təhlükəsizlik zonası yaradılsın və bu, həm Zəngəzur dəhlizi, həm də delimitasiya üzrə Bakının vahid yanaşmasını əks etdirsin.

Ermənistanın bütün bunlarla Kişineuda razılaşacağını demək çətindir, çünki İrəvan hələ də “sülh”lə “müharibə” arasında var-gəl edərək nala-mıxa vurur.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki vəziyyətə dair isə Ermənistanın məsuliyyət payı sıfırlanıb, yəni onun tənzimləmə mexanizmlərində rolu yoxdur. Tənzimləmə meyarları Azərbaycanın daxili işidir, xüsusilə, Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra Bakı əlini “daxili güc”lə bərkidib.

Bu, beynəlxalq oyunçuların Ermənistanın Qarabağ üzrə iddiasını tanımaması üçün son hədd kimi başa düşülə bilər.

Ermənistan belə məqamda Rusiyanın ənənəvi-tarixi rolundan yapışaraq nələrsə əldə etməyə çalışır. İrəvan maksimal hədd kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının regiona gəlişi üçün vurnuxur, bununla belə, Moskva da ambisiyalarını İrəvanın lehinə çevirmir.

Ukraynadakı müharibə səbəbilə Rusiyanın təsirinin azaldığını düşünən Qərb liderləri sülh prosesində daha çox rol oynamağa və regionda diplomatik-siyasi iştiraklarını artırmağa can atırlar. Ancaq dediyimiz kimi, Fransa və Almaniya anti-Rusiya əhval-ruhiyyəsinə köklənmirlər. Kişineu görüşünün mahiyyətini açmaq üçün qeyd edilən detalları göz önündə saxlamaq lazımdır.

Qlobal güc mərkəzlərindəki mübahisəli məqamların Cənubi Qafqazda təzahürləri, mürəkkəb regional atmosfer, Azərbaycan-Ermənistan gündəliyindəki hələ qatı açılmamış səhifələrdən belə ehtimal çıxara bilərik ki, Kişineuda həlledici bir sənəd imzalanması gözlənilmir.

Uzağı, ərazi bütövlüklərinin qarşılıqlı tanınmasını özündə əks etdirən sənəd hazırlana bilər, lakin bu, geniş planda hərtərəfli sülh tezislərinin qəbulu anlamını vermir.

Aqşin Kərimov

banner

Oxşar Xəbərlər