Köçəryanın zühuru və Paşinyanın gecikmiş qərarı - TƏHLİL

Rəsmi İrəvanın konstitusiya dəyişikliyi və təhlükəsizlik konsepsiyasının yenilənməsinə getməsi Ermənistanın mövcudluq məsələsidir. Paşinyanın ötən illər ərzində bunu dərk etmədiyini düşünmək sadəlövhlük olardı.
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın geniş mətbuat konfransı keçirərək ənənəvi revanşist mövqedən bəyanatlar verməsi və Nikol Paşinyanı tənqid atəşinə tutması 2026-cı ilə gözlənilən parlament seçkiləri kampaniyasına start verildiyini göstərir. “Qarabağ klanı”nın aktivliyi ilə Rusiya-Ukrayna müharibəsinin bitməsi barədə proqnozların zamanla üst-üstə düşməsi Moskvanın Ermənistanda yenə də ənənəvi qüvvələrə ümid etdiyinin əlamətidir. Rusiyanın son üç il ərzində Ermənistanda yumşaq siyasətə üstünlük verməsi onun Ukrayna ilə müharibə və Qərblə konfrontasiya şəraitində İrəvanı əldən buraxmamaq istəyindən irəli gəlirdi. Üstəlik, Kremlin Paşinyandan müəyyən asılılığı da var idi - Rusiyaya idxalı qadağan olunmuş bir sıra hərbi xarakterli məhsulların tranziti, həmçinin Moskvanın strateji ixracatının bir hissəsi Ermənistan üzərindən həyata keçirilirdi.
Köçəryanın zühuru və revanşistlərin ümidləri
İrəvanın Moskvanın orbitindən çıxa bilməməsini tək hazırki iqtisadi münasibətlər təsdiq etmir. Son bir il ərzində qarşılıqlı ticarət dövriyyəsinin 3-4 dəfəlik artım göstərməsi formal müttəfiqliyin hələ də qaldığına dair yeganə sübut deyil. İlin əvvəlində Ermənistanın kəşfiyyat xidməti ictimailəşdirdiyi proqnoz-hesabatında Paşinyana Moskva ilə əlaqələri tam qırmamağı tövsiyə edirdi. Şübhə yoxdur ki, hesabatın bu istiqamətdə hazırlanmasında Rusiyanın Ukrayna cəbhəsindəki üstünlüyü və ABŞ-də Tramp hakimiyyətinin Kiyevə dəstək verməkdə maraqlı olmamasının ciddi rolu var. Bir müddət sonra Vaşinqtona səfər etmiş baş nazirin ABŞ-nin rəsmi strukturları tərəfindən ənənəvi “qonaqpərvərlik”lə qarşılanmaması və yenidən Avropaya qayıdıb Makrona sığınması da buna dəlalət edir ki, qarşıdakı seçkilərdə Rusiyanın çəkisi prioritet amil olacaq.
Görünür, Köçəryanın da aktivlik göstərməsi və mübarizə meydanına atılması Kremldən gələn komanda ilə baş verir. Eks-prezidentin bəyanatlarının böyük hissəsinin Paşinyanın Azərbaycanla qarşıdurmada aldığı məğlubiyyətə və baş nazirin “yarıtmaz fəaliyyət”inə həsr olunması belə qənaətə gəlməyə əsas verir ki, müxalifətin prioritet seçki kartı yenə də müharibə mövzusu olacaq. Qarşıdakı aylarda Köçəryan pərakəndə halda olan bütün revanşist qüvvələri öz ətrafına və dolaysı ilə Rusiyanın qanadı altına yığmağa çalışacaq.
Köçəryan -Sarqsyan qarşıdurması
“Qarabağ klanı”nın seçkilərə ənənəvi gündəmlə daxil olmasının Ermənistan əhalisi tərəfindən necə qarşılanacağını zaman göstərəcək. Amma revanşistlərin vahid cəbhədən çıxış edib-etməyəcəkləri də sual altındadır. Çünki Köçəryanla klanın digər lideri - Serjik Sarqsyanın münasibətləri soyuqdur və bəzi məqamlarda ziddiyyət təşkil edir. Məsələn, Köçəryan Sarqsyanı zəiflik göstərməkdə və hakimiyyəti Paşinyana verməkdə, hətta 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycanla sülhə meyillənməkdə suçlayır. Ancaq onlar ötən seçkilərdə olduğu kimi yenidən situativ müttəfiqliyə dair razılıq da əldə edə bilərlər.
Paşinyan təzyiqlərin artacağını bilir
Əgər qarşıdakı dövr ərzində müxalifət Paşinyanı üstələyərsə, bu, şübhəsiz ki, onun öz səhvi olacaq. Çünki ötən dörd il ərzində Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmamasının əsas baiskarı məhz özüdür. Danışıqları uzadaraq Fransanın silah tədarükü hesabına revanşa nail ola biləcəyinə ümid edən Paşinyan Rusiyanın Qərblə qarşıdurmada üstünlüyə yiyələnməsi ssenarisini nəzərə almayıb. Moskva Ukrayna cəbhəsində qalib çıxsa, İrəvana təzyiqlərini artıracaq.
Geridə qalan həftə Ermənistanın siyasi həyatına iki mühüm məsələnin damğa vurması ilə yadda qaldı. Birincisi, Paşinyan xalqa müraciət edərək konstitusiyanı dəyişdirməyin vacibliyinə çağırış etdi, ikincisi isə Ermənistanın təhlükəsizlik konsepsiyasının yenidən işlənilməsi üçün yüksək rütbəli məmurlardan ibarət komissiyanın yaradılması qərarına gəldi. Eyni anda atılan bu iki addım Azərbaycanın son dörd ildə irəli sürdüyü başlıca tələblər deyilmi? Əgər Paşinyan bu qərarları qəbul edəcəkdisə, nədən bu qədər müddət ərzində hadisələri uzadırdı? Belə görünür ki, o, yeni konstitusiyanın qəbuluna dair referendumu parlament seçkiləri ilə eyni vaxta salmaq niyyətindədir. Vaxtı çatacaqmı?
Rəsmi İrəvanın konstitusiya dəyişikliyi və təhlükəsizlik konsepsiyasının yenilənməsinə getməsi Ermənistanın mövcudluq məsələsidir. Paşinyanın ötən illər ərzində bunu dərk etmədiyini düşünmək sadəlöhvlük olardı. Görünür, Qərb erməni liderə bəlağətli vədlər verirdi deyə, o, bu addımları atmaqdan vaz keçirdi. İndi Rusiyanın ABŞ ilə dil tapması fonunda Avropanın qol-qanadının sınması Paşinyanın Azərbaycanla sülh görüntüsü yaratmasına səbəb olub.
Ümid Bakıyadır
Hadisələrin gedişatı Paşinyan hökumətinin xilas yolunu Qərbdə deyil, Azərbaycan və Türkiyə ilə normal qonşuluqda axtarmalı olduğunu göstərir. Moskva ilə körpülər yanıb və Rusiyanın Ermənistandakı antirus atmosferinə rəğmən İrəvanın başını sığallaması keçid xarakterli siyasətin tərkib hissəsidir. Paşinyanın vaxtında nail ola biləcəyi sülh Ermənistanın Türkiyə və Azərbaycanın iştirakçısı olduqları qlobal iqtisadi layihələrə qoşulmasına imkan yarada bilərdi. Sərhədlər və kommunikasiyalar açılardı. Bundan sonra buraxılmış imkanların arxasınca qaçmaq nə qədər rentabelli olacaq, bunu qarşıdakı bir il ərzində görəcəyik.
Ermənistanın bir dövlət kimi mövcudluğu bu gün birbaşa olaraq Azərbaycandan asılı məsələdir. Rəsmi Bakı istənilən revanşizm təzahürlərini dərhal və qısa zaman ərzində məhv ediləcəyi qətiyyətini nümayiş etdirib. Bu baxımdan, Ermənistan dövlətinin müqəddəratı Paşinyanın erməni xalqını sülhə inandırıb-inandıra bilməməsindən asılı olacaq. Ermənilər yenidən “Qarabağ klanı”nın arxasına düşəcəklərsə, mövcud kövrək dövlətçilik təcrübəsini əldən vermiş olacaqlar.
Proseslər göstərir ki, Qərb növbəti dəfə erməni xalqını uçurum astanasına çatdırıb tərk edir.
Rüstəm Qaraxanlı
